31-01-2023, 23:08
Ukrayna və Macarıstan arasında münasibətlər gərginləşdiMacarıstanın baş naziri Viktor Orbanın bəyanatlarından sonra bu ölkənin Kiyevdəki səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Macarıstanın Ukraynadakı səfiri İştvan İjarto Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb və ona Macarıstanın baş naziri Viktor Orbanın Ukraynaya qarşı son təhqiredici bəyanatları ilə əlaqədar kəskin etiraz bildirilib”, - deyə məlumatda vurğulanıb. Diplomata Ukrayna əleyhinə ritorikanın qətiyyən yolverilməz olduğu və Ukrayna-Macarıstan münasibətlərinə ciddi ziyan vurduğu xatırladılıb. Qeyd edək ki, Orban Kiyevin qələbəsinə inanmadığını və Ukraynanın tədricən idarəolunmaz xarabalığa çevrildiyinə inandığını söyləyib.
31-01-2023, 23:01
Ceyhun Bayramov rusiyalı həmkarı ilə telefonda danışdı31 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli məsələlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub. Nazir Ceyhun Bayramov Üçtərəfli Bəyanata zidd olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və Laçın yolundan sui-istifadənin dayandırılması barədə etirazçıların tələblərinin hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib. Blokada və humanitar vəziyyət barədə iddiaların heç bir əsasının olmadığını xatırladıb. Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamasına baxmayaraq, müharibədən dərhal sonra Azərbaycanın Ermənistanla münasibətlərin qurulması və normallaşma istiqamətində təkliflərlə çıxış etdiyi, Ermənistanla delimitasiya, nəqliyyat-kommunikasiya xətlərinin açılması, sülh sazişi istiqamətində qısa müddətdə razılıq əldə edilməsi istiqamətində səy göstərdiyini diqqətə çatdırıb. Buna baxmayaraq, Ermənistan tərəfinin təxribatlarının prosesə maneçilik törətdiyini bildirib. Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
31-01-2023, 22:57
İsrail Ukraynaya gülləkeçirməz təcili yardım maşınları göndərdiİsrail Ukraynaya gülləkeçirməz təcili yardım maşınları təhvil verib. Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, maşınlar xilasetmə qrupları tərəfindən istifadə olunacaq. “İsrail Müdafiə Nazirliyi ukraynalı xilasedicilərə 3 gülləkeçirməz sanitar maşın verib”, - məlumatda deyilir. Qeyd olunub ki, maşınlar İsrailin “Plasan Reem” şirkəti tərəfindən istehsal edilib. Maşınlar lazımi tibbi avadanlıqlarla təchiz edilib.
31-01-2023, 22:48
Türkiyəylə Suriya danışıqlarında İran da iştirak etməlidir - LavrovRusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə və Suriya arasında danışıqlarda İranın da iştirak etməli olduğunu bildirib. Bu barədə Lavrov misirli həmkarı Sameh Şukri ilə Moskvada keçirilən görüşdən sonra danışıb. Onun sözlərinə görə, İranın danışıqlara cəlb edilməsi ilə bağlı razılıq əldə olunub. “Təbii ki, hazırda İran İslam Respublikasının bu işə cəlb olunması ilə bağlı prinsipial razılıq əldə olunub”, - deyə Lavrov bildirib. O xatırladıb ki, Rusiya, İran və Türkiyə Suriya məsələsi ilə məşğul olan Astana “üçlüyünün” bir hissəsidir.
31-01-2023, 22:42
Fransadan Ukraynaya növbəti hərbi dəstəkFransa Ukraynaya daha 12 ədəd "Sezar" özüyeriyən artilleriya qurğusu verəcək. Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekorn məlumat verib. O bildirib ki, Fransa hökuməti Ukrayna əsgərlərinə təlim keçmək üçün 150 əsgərini Polşaya göndərəcək. Onlar Ukrayna hərbçilərinə hava hücumundan müdafiə sistemləri ilə işləməyi öyrədəcəklər. Nazir xatırladıb ki, Fransa artıq Ukraynaya 18 ədəd "Sezar" silahı təqdim edib.
31-01-2023, 17:23
Avtobus və metro üzrə gedişhaqqı artırıldıTarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Müraciətlərdə sonuncu tənzimləmədən ötən müddətdə ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artmasının sərnişindaşımada maya dəyərinə ciddi təsiri, daşıyıcı şirkətlərin maliyyə vəziyyəti, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi ilə bağlı məsələlərin tarif tənzimlənməsinə zərurət yaratdığı bildirilir. Məlumat üçün qeyd edək ki, şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası, həmçinin şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin yuxarı həddi və metroda sərnişindaşıma xidmətinin tarifi ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında qüvvəyə minib. Tarif (qiymət) Şurasının iclasında təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilmiş, dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal variant seçilib. Təkliflərin dəyərləndirilməsi zamanı xidmətin dayanıqlılığının təmin olunması, istehlakçı ilə xidmət göstərənin maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, müştəri məmnuniyyəti, xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülüb. Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik).
31-01-2023, 17:15
Qərb hərbi güc tətbiqinə keçməyə üstünlük verir - Rusiya XİN"Rusiya Federasiyasının silahlı qüvvələri bütün tədbirləri görür ki, Qərbin Ukraynadakı planları baş tutmasın". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov misirli həmkarı Sami Şükrü ilə birgə mətbuat konfransında deyib. "Rusiya Ukraynanı ölkənin təhlükəsizliyi üçün daha böyük təhlükəyə çevirmək cəhdlərinin qarşısını almaq üçün lazımi tədbirlər görür. Qərb BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tüpürməyə və hərbi güc tətbiqinə keçməyə üstünlük verir. NATO uzun müddətdir ki, Rusiyaya qarşı hibrid müharibədə birbaşa iştirak edir", - deyə XİN başçısı bildirib. "Biz İranın Türkiyə ilə Suriya arasında nizamlanma üzrə yeni təmaslarda iştirakını məntiqli hesab edirik. Suriya ilə Türkiyə arasında nizamlanma üçün yeni təmasların səviyyəsi və formatı hazırlanır, addım-addım irəliləməliyik. Rusiya İran ətrafında yaranmış gərginlikdən narahatdır", - deyə nazir əlavə edib. Bundan əlavə, Rusiya və Misir Fələstin-İsrail danışıqlarının yenidən başlamasının zəruriliyinə çağırıblar.
31-01-2023, 17:11
Saakaşvilinin vəziyyəti kritikdirGürcüstanın sabiq prezidenti Mixail Saakaşvili müalicə olunduğu "Vivamed" klinikasında reanimasiya şöbəsinə köçürülüb. Bu barədə Gürcüstanın "Vahid Milli Hərəkat" partiyasının üzvü, keçmiş dövlət başçısının ailə dostu Georgi Çaladze deyib. "Hazırda Saakaşvili reanimasiyaya köçürülür", - o bildirib. Gürcüstanın keçmiş prezidentinin səhhətinin vəziyyətini şərh edən Çaladze siyasətçinin kritik vəziyyətdə olduğunu söyləyib.
31-01-2023, 17:04
İsveç və Finlandiyanın NATO-ya üzvlüyü hal-hazırda mümkün deyil - ÇavuşoğluTürkiyənin xarici işlər naziri İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulması məsələsinə münasibət bildirib. Türkiyə parlamenti hazırkı şəraitdə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu ratifikasiya etmir, bu, mümkün deyil. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. "İsveç hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri bizə səfərə gəldi. O, parlamentdə idi, partiyaların nümayəndələri ilə görüşdü. Bütün tərəflər yekdilliklə bəyan etdilər ki, öhdəliklər yerinə yetirilmədən protokolun ratifikasiyası mümkün deyil. Ona görə də indiki şəraitdə bu sənədin təsdiqindən danışmaq mümkün deyil”, - Çavuşoğlu bildirib. Finlandiya və İsveç Rusiyanın Ukraynada apardığı müharibə fonunda 2022-ci il mayın 18-də alyansa qoşulmaq üçün NATO-nun baş katibinə müraciət edib. Bu günə qədər ərizələr 30 ölkədən yalnız 2-si tərəfindən ratifikasiya olunmayıb - bunlar Macarıstan və Türkiyədir. İsveçin xarici işlər naziri Tobias Billström bir müddət əvvəl Quranın yandırılması ilə bağlı aksiyalar fonunda Krallığın NATO-ya daxil olması prosesinin dayandırıldığını, lakin Ankara ilə Xarici İşlər nazirliklərinin iyulda Vilnüsdə keçiriləcək sammitində razılığın əldə olunacağına ümid etdiyini bildirib. Öz növbəsində, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ölkənin Şimali Atlantika Alyansına müraciətinin İsveçdən ayrı ratifikasiya prosedurunun davam etdirilməsinin mümkünlüyünü etiraf edib, lakin sonra öz sözlərini geri götürüb.
31-01-2023, 16:56
Minatəmizləmə prosesi 30 ilə qədər davam edə bilərAzərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi 30 ilə qədər çəkə bilər. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə çıxışı zamanı deyib. “2021-ci ilin oktyabrında məhkəməyə məlumat vermişdik ki, təcili müdaxilə olmadıqda azərbaycanlı məcburi köçkünlərin əksəriyyətinin evlərinə qayıtması üçün ərazilərin minalardan təmizləmə əməliyyatını başa çatdırmaq üçün 10 ilə qədər vaxt lazım olacaq. İndi minlərlə yeni mina və partlayıcı qurğunun aşkar edildiyini nəzərə alsaq, yeni hesablamalara əsasən, bu, 30 ilə qədər çəkə bilər”, - nazir müavini çıxışında bildirib.