İran Naxçıvanla sərhədində hərbi təlimə start verir
İran Naxçıvan sərhədi yaxınlığında yeni hərbi təlim keçirməyə hazırlaşır. Bu barədə SEPAH-a yaxın "Telegram" kanalında məlumat yayılıb. Bölgəyə 300-dən çox hərbi texnika və tankın göndərildiyi bildirilib.
Erməni silahlı qüvvələri mövqelərimizi atəşə tutdu
Martın 24-ü axşam saatlarında Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri bir neçə dəfə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutub. Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə məruz qalıb. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Rusiya İrəvanın mövqeyi ilə bağlı hələ də izahat almayıb - Peskov
Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun öhdəliklərini tanıdıqdan sonra Rusiya İrəvanın mövqeyi ilə bağlı hələ də izahat almayıb. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Biz bunu tərəfdaşlarımızla müzakirə edəcəyik”, - deyə Dmitri Peskov vurğulayıb. Xatırladaq ki, bu gün Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.
Cüdoçumuz Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb. 60 kq çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı Giorgi Sardalaşvilini məğlub edib. Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva bürünc medal uğrunda qarşılaşmada çinli Yeqing Zhu ilə üz-üzə gələcək.
Sülh müqaviləsində Qərb və ya Rusiya variantından söhbət getmir - Mirzoyan
Sülh müqaviləsində Qərb və ya Rusiya variantından söhbət getmir. Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib. O qeyd edib ki, Ermənistan və Azərbaycan birbaşa olaraq məsələləri müzakirə edirlər. Mirzoyan vurğulayıb ki, sənəd iki ölkə arasında imzalanacaq. Erməni nazir vurğulayıb ki, Ermənistan və Azərbaycan bir sıra məsələlərdə ideal olmasa da, məqbul həll yolunu tapıblar.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib. Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməklə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozması, eləcə də sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin artmasına zəmin yaradır. Bildiririk ki, bu kimi təxribatlar və qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ermənistan da Putinin həbsiylə bağlı hüquqa malik oldu
Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin qərarında bildirilib. Qeyd edilib ki, Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit edilmiş öhdəliklərin konstitusiyaya uyğun olduğunu tanıyıb. Beynəlxalq Cinayət Məhkəməsi 1998-ci il Roma Nizamnaməsinə əsasən təşkil olunub və 123 ölkə tərəfindən imzalanıb. Avropa İttifaqının 27 üzvünün hamısı nizamnaməni imzalayıb. Məhkəmənin yurisdiksiyası Rusiya, eləcə də ABŞ və Çin tərəfindən tanınmır. Roma Statutunun 63-cü maddəsinə əsasən, qiyabi məhkəmə prosesi mümkün deyil. Oderlərin icrası Roma Statutunun üzvü olan dövlətlərin üzərinə düşür. Ermənistan 1999-cu ildə Roma Statutunu imzalayıb, lakin BCM-nin nizamnamə sazişlərini hələ də ratifikasiya etməyib. Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.
1 milyona yaxın azərbaycanlı etnik təmizlənməyə məruz qalıb - XİN
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenə yalan məlumat yayır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə twitterdə yazıb. "Deyəsən Ermənistan XİN-nin tarix dərslərinə ehtiyacı var. Avropanın təhlükəsizliyinə ilk təhdidlərdən biri Ermənistanın hərbi təcavüzü və Azərbaycanın suveren ərazilərinin təxminən 20%-nin işğalı olub. Ermənistanın “məhbus” adlandırdığı şəxslər üçtərəfli bəyanatdan 2 həftə sonra Ermənistan tərəfindən Azərbaycana göndərilən cinayətkarlardır. Beynəlxalq məhkəmələr onların azad edilməsi üçün Ermənistanın tələb etdiyi tədbirləri rədd edib". O bildirib ki, Ermənistan hələ də 3800 itkin düşmüş şəxslə bağlı məlumat vermir: “Ermənistan 1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Ermənistan qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmalarına mane olur”. Sözçü bildirib ki, Ermənistan regionda sülh quruculuğu səylərinə xələl gətirən aqressiv ritorikadan əl çəkməlidir.
Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib. Bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld twitterdə yazıb. O qeyd edib ki, praktiki təlimlər BMT-nin nizamnaməsinə uyğun davranış qaydaları və silahlı münaqişə hüququ kimi mövzuları əhatə edib. Diplomatın sözlərinə görə, 4 həftəlik Çoxmillətli Sülhü Dəstək Əməliyyatları Kursu martın 24-də başa çatıb.
Türkiyədə zəlzələdən təsirlənən 1.3 milyon seçici səs verə bilməyəcək
Türkiyədə ötən ay baş verən zəlzələnin təsir etdiyi vilayətlərdə yaşayan seçicilərin səsvermə hüquqlarından istifadə etmələri üçün şərait yaradılıb. Bu barədə "Milliyet" qəzetində məqalə dərc olunub. Bildirilir ki, AKP və MHP-nin apardığı araşdırmaya görə, zəlzələdən təsirlənən 1.3 milyon seçicinin səs verə bilməyəcəyi ehtimal edilir. Araşdırmalar nəticəsində məlum olub ki, 2 milyon seçici vilayətlərini tərk edib, onlardan 20 faizi geri qayıdıb. Geri qayıtmayanlardan isə yalnız 250 min nəfərin səs verəcəyi güman edilir.