1-03-2023, 20:50
İrəvan rəsmi Bakının cavabını gözləyir - Paşinyan"İrəvan sülh müqaviləsi layihəsi və sərhədlərin delimitasiyası və demarkasiyası komissiyasının işinin reqlamenti ilə bağlı təkliflərinə rəsmi Bakının cavabını gözləyir". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib. Bildirilib ki, Ermənistan tərəfi müqavilənin mətni ilə bağlı təklifləri fevralda təqdim edib: "Hələ ki cavab yoxdur. Amma bunu normal hesab edirəm, çünki cavab hazırlamaq üçün vaxt lazımdır. Müqavilə üzərində iş gedir və bu, şəxsi görüşlərdən asılı olmayaraq davam edir. Lazımi sənədlər hazırlanır və bunun üçün şəxsi danışıqlara ehtiyac yoxdur". "Regional kommunikasiyalar və sərhəddə təhlükəsizliyin təmin edilməsi ilə bağlı təkliflər qüvvədə qalır", - deyə Paşinyan əlavə edib.
1-03-2023, 20:31
İraq prezidenti Azərbaycana səfərə gəlibİraq Respublikasının Prezidenti Əbdül Lətif Camal Rəşid martın 1-də Azərbaycana səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İraq Prezidentini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
1-03-2023, 20:26
İlham Əliyev onu mədəniyyət nazirinin müavini təyin etdiPrezident İlham Əliyevin sərəncamı ilə Səadət Vidadi qızı Yusifova mədəniyyət nazirinin müavini təyin olunub.
Butov.az yeni təyin olunan nazir müavini haqqında məlumatları təqdim edir. S.Yusifova 1974-cü ildə anadan olub. 1998-ci ildə “Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Hüquq üzrə fəlsəfə doktorudur. Səadət Yusifova Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində də çalışıb. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının müəllimi, Azərbaycan Hüquqşünaslari Konfederasiyasinin İdarə Heyətinin üzvüdür. S.Yusifova 2013-cü ildə dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə medalla təltif olunub. O, Prezidentin 27 iyun 2013-cü il tarixli fərmanı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.
1-03-2023, 20:16
Blinken G20 çərçivəsində rus və çinli həmkarları ilə görüşməyəcəkABŞ dövlət katibi Entoni Blinken G20 xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Hindistanın paytaxtı Yeni Dehliyə səfər edəcək. Görüşdə Rusiya və Çin xarici işlər nazirləri də iştirak edəcək. Məlumata görə, Blinken G20 çərçivəsində rus və ya çinli həmkarları ilə görüşməyi planlaşdırmır.
1-03-2023, 20:12
Azərbaycan XİN Yunanıstana başsağlığı veribAzərbaycan XİN qatar qəzası ilə bağlı Yunanıstana başsağlığı verib. Bu barədə XİN-in "Twitter" hesabında bildirilib. “Yunanıstanda Larissa yaxınlığında onlarla insanın həyatını itirməsi ilə nəticələnən dəhşətli dəmir yolu qəzasına görə dərindən kədərləndik. Bütün qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk və yaralıların tezliklə sağalmasını diləyirik. Fikirlərimiz Yunanıstan xalqı və hökuməti ilədir”, - paylaşımda deyilir. Qeyd edək ki, Yunanıstanda iki qatarın toqquşması nəticəsində 32 nəfər həlak olub, 85 nəfər xəsarət alıb.
1-03-2023, 20:09
Rusiya Ukraynanın Krıma PUA-larla hücum etdiyi açıqlayıbRusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Krıma PUA-larla hücum etdiyini açıqlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-leytenant İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, hücumun qarşısı alınıb, ümumilikdə 10 PUA məhv edilib. Qeyd edək ki, bu gün Krımda güclü partlayışların olması haqda xəbərlər yayılmışdı.
1-03-2023, 20:05
ABŞ artıq Çinə qara yaxa bilməyəcək - Rəsmi PekinÇin koronavirusun mənşəyi ilə bağlı istənilən siyasi manipulyasiyanın əleyhinədir. Bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Nin deyib. Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Reyin bəyanatını şərh edən XİN rəsmisi ABŞ-ı elmə və faktlara hörmətlə yanaşmağa, bu məsələni siyasiləşdirməməyə çağırıb. "Xüsusi xidmət orqanlarının elmi məsələlərlə məşğul olması özlüyündə koronavirusun mənşəyi məsələsinin siyasiləşməsidir. Laboratoriya sızması fərziyyəsini növbəti dəfə ortaya atan ABŞ artıq Çinə qara yaxa bilməyəcək və öz reputasiyasını daha da korlayacaq", - deyə Pekinin cavabında vurğulanıb. Qeyd edək ki, Kristofer Rey Vaşinqtonun pandemiyaya Uxan şəhərindəki laboratoriyadan sızmanın səbəb olduğunu daha inandırıcı hesab etdiyini bildirmişdi.
1-03-2023, 20:01
Ərdəbildə məktəbli qızlar arasında kütləvi zəhərlənmə baş veribBu gün 2 saat ərzində İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Ərdəbil şəhərində qızların təhsil aldığı 7 orta məktəbdə 108 şagird zəhərlənib. Bunu Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Əli Məhəmmədian Ərdi deyib. Onun sözlərinə görə, orta məktəblərdə şagirdlər qaz və yaxud ona bənzər iy hiss edib və tənəffüs sistemində problem yaşandığına görə xəstəxanalara köçürülüblər. Hazırda şagirlərin vəziyyəti qənaətbəxşdir.
1-03-2023, 16:02
Çavuşoğlu rusiyalı həmkarı ilə Hindistanda görüşübTürkiyənin XİN başçısı Mövlud Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova "Telegram" kanalında məlumat yayıb. Görüş Hindistanda keçirilib. Detallar barədə məlumat verilməyib. Qeyd edək ki, hər iki nazir Hindistanın Yeni Dehli şəhərində səfərdədir.
1-03-2023, 16:00
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbPrezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.