Milli Məclisdən Prezident və xanımına təbrik məktubu
Milli Məclis 15 iyun Milli Qurtuluş Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təbrik məktubu ünvanlayıb. Spiker Sahibə Qafarova Milli Məclisin Azərbaycan xalqının böyük siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclasında bununla bağlı təkliflə çıxış edib. Deputatlar təklifi alqışlarla dəstəkləyiblər.
Kəlbəcər və Laçında bu radiolara tezliklər ayrıldı
Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda bir sıra məsələlər müzakirə olunub. Şuradan verilən məlumata görə, ilk olaraq yeni lisenziyaların alınması üçün Şuraya təqdim olunan müraciətlər müzakirə olunub. Şuranın hüquq xidməti tərəfindən bu ilin aprel və may ayları ərzində lisenziya alınması məqsədilə daxil olan müraciətlər və sənəd topluları araşdırılıb və Şura üzvlərinin müzakirəsinə təqdim olunub. Keçirilmiş müzakirələrdən sonra "Neftçi Media" MMC-yə (televiziya redaksiya adı "Neftçi TV"), "TVNET Telecom" MMC-yə (televiziya redaksiya adları "TVNET Kino" və "TVNET Sport") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunub. Həmçinin Şuranın müvafiq qərarları ilə "AzəriGlobalServis" QSC-yə (xidmət adı "AGS TV") və "A2Z Technologies" QSC-yə (xidmət adı "AzNet") universal platforma operatoru lisenziyaları verilib. Bundan sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində radio və televiziya yayımının təmin olunması və inkişaf etdirilməsi məsələsinə baxılıb. Həmin bölgədə FM yerüstü radio yayımının əhatə zonasının genişləndirilməsi məqsədilə, habelə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dən və "İctimai Televiziya və Radio Yayımları Şirkəti"ndən Şuraya daxil olan müraciətləri nəzərə alaraq Laçın rayonu ərazisində yerləşən radio-televiziya yayım stansiyasından (RTYS) "Azərbaycan Radiosu" üçün 105.0 MHs, "İctimai Radio" üçün 90.0 MHs, Kəlbəcər rayonu ərazisində yerləşən "Kəlbəcər" RTYS-dan "İctimai Radio" üçün 90.0 MHs radiotezliklərinin ayrılması barədə qərar qəbul olunub. Həmçinin Laçın rayonu ərazisində yerləşən RTYS-dan ümumölkə televiziya kanallarının açıq yerüstü rəqəmsal yayımını həyata keçirmək üçün 27-ci TV yayım kanalı ayrılıb. Daha sonra iclasda Bakı şəhəri ərazisində televiziya yayımı üçün radiotezliklərin səmərərli istifadəsi məsələsinə baxılıb, Dövlət Radiotezliklər İdarəsindən Şuraya daxil olan məlumatlar əsasında "Bakı Teleqüllə Kompleksi"ndən 33-cü və 36-cı TV yayım kanallarının boş və istifadəyə yararlı olması məsələsi müzakirə olunub. Şura "Media haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci, 50.5-ci, 51.1-ci maddələrini rəhbər tutaraq həmin TV yayım kanallarının ödənişli rəqəmsal yerüstü televiziya retranslyasiya xidməti həyata keçirən multipleks operatorlarının istifadəsinə verilməsi üçün müsabiqə elan etmək barədə qərar qəbul edib.
Azərbaycanda iyunun 15-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacaq.
Rusiya Prezidenti Vladimir Putin Mixail Yevdokimovu Azərbaycana səfir təyin edib. Bu barədə TASS agentliyi məlumat yayıb. Putinin digər qərarı ilə səfir Mixail Boçarnikov vəzifəsindən azad edilib. Qeyd edək ki, yeni təyinatdan öncə Rusiyanın Azərbaycandakı səfiri vəzifəsində Mixail Boçarnikov çalışıb. Onun diplomatik fəaliyyət müddəti başa çatıb.
Türkiyə-Suriya normallaşması ilə bağlı yol xəritəsi yekunlaşdı
Rusiyanın Türkiyə və Suriya arasında normallaşma prosesi ilə bağlı vasitəçiliyində yenilik var. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya tərəfinin Türkiyə-Suriya normallaşması ilə bağlı hazırladığı yol xəritəsi layihəsi artıq tam yekunlaşıb. Layihənin detalları barədə məlumat verilməyib.
Erməni silahlı qüvvələri Naxçıvanı intensiv atəşə tutdular
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Güclü yağışlar Göygöl və Gəncədə fəsadlara səbəb oldu
Ötən gündən başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə intensiv yağıntılar müşahidə olunub və güclü yağışlar bir sıra ərazilərdə fəsadlara səbəb olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, “112” qaynar telefon xəttinə intensiv yağıntılarla əlaqədar Göygöl rayonunun Xaqani kəndində və Gəncə şəhərinin Yeni Gəncə və Sadıllı qəsəbələrində bir sıra fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması, həmçinin Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin artması ilə ətraf ərazilərə təhlükə yaranması barədə məlumatlar daxil olub. Bununla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazilərə cəlb olunub, müvafiq qurumlar məlumatlandırılıb. Gecə saatlarında görülmüş operativ tədbirlərlə Göygöl rayonunun Xaqani kəndində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilib, digər istiqamətlərdə isə suçəkmə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir. Həmçinin, Yeni Gəncə qəsəbəsində subasma ilə əlaqədar köməksiz vəziyyətdə qalmış vətəndaş Nazirliyin əməkdaşları tərəfindən təxliyə olunub.
2022-ci ilin dekabrında Rusiya iki ildən sonra Şimali Koreyaya neft tədarükünü bərpa edib. Bu barədə BMT-nin hesabatında bildirilib. Məlumata görə, 2022-ci ilin dekabrından bu ilin aprel ayına qədər Rusiya KXDR-ə təxminən 67 min barel neft tədarük edib. Rusiya 2020-ci ilin oktyabrında KXDR-ə neft tədarükünü dayandırıb. Bir neçə il əvvəl Rusiya Federasiyası və Şimali Koreya dəmir yolu xətti ilə ticarəti bərpa ediblər.
ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım edəcək
ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni silah və hərbi texnikalar verəcək. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib. Söhbət “kritik” hava hücumundan müdafiə sistemlərindən, HIMARS reaktiv yaylım atəş sistemləri üçün əlavə sursatlardan, artilleriya mərmilərindən, tank əleyhinə sistemlərdən və zirehli texnikadan getdiyi aydınlaşır. Bundan əvvəl Kanadanın Baş naziri Castin Trüdo Kiyevə 500 milyon Kanada dolları (375 milyon dollar) məbləğində hərbi yardım göstəriləcəyini açıqlayıb. Trüdo Kanadanın Ukrayna qırıcı pilotlarının hazırlanmasında iştirak edəcəyini bildirib.
Putin Rusiyanın “Taxıl sazişi”ndən çıxacağını vurğuladı
Rusiya “Taxıl sazişi”ndən çıxmağı düşünür. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Bizi növbəti dəfə aldatdılar, taxılımızın tədarükünün liberallaşdırılması baxımından heç bir iş görülməyib”, - deyə Rusiya lideri bildirib. Putin vurğulayıb ki, Rusiya “Taxıl sazişi”ndən çıxacağı təqdirdə ən kasıb ölkələrə Ukraynadan gələn taxılın həcmini pulsuz verməyə hazır olacaq. O, həmçinin bildirib ki, Ukrayna “Taxıl sazişi”nin dəhlizlərindən PUA-larını işə salmaq üçün istifadə edir. "Ötən gün Rusiya gəmisinə edilən hücumda dörd dəniz PUA-sıı iştirak edib, onlar məhv edilib", - deyə Putin qeyd edib. Rusiya prezidenti əlavə edib ki, Amerika PUA-sı Ukrayna PUA-larının Rusiya gəmisinə hücumunu korrektə edib.