Əli Əsədov türkiyəli nazirlə bir sıra məsələləri müzakirə etdi"Su ehtiyatlarının həm transsərhəd, həm də yerli miqyasda qorunması Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir".
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhasekinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Görüşdə Bakıda keçirilən Türk Dünyası II Meteorologiya Forumunun önəmi vurğulanıb. Forumun meteorologiya sahəsində türkdilli dövlətlər arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə geniş imkanlar yaradacağına əminlik ifadə olunub.
2021-ci ildə Ankarada keçirilən I Meteorologiya Forumu çərçivəsində Türk Dünyası Meteorologiya Birliyinin yaradılması haqqında qəbul edilən qərarın önəmi qeyd edilib. Birliyin yaradılmasının bölgədə iqlim dəyişmələrinə qarşı kollektiv mübarizənin əlaqələndirilməsi baxımından böyük əhəmiyyət daşıdığı bildirilib.
Tərəflər qlobal iqlim dəyişmələri çağırışlarına cavab vermək üçün türk dövlətləri meteorologiya xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsinin, bu istiqamətdə səylərin birləşdirilməsinin önəmini qeyd ediblər.
Azərbaycanda meteorologiya sahəsinin modernləşdirilməsi üçün dövlətimiz tərəfindən həyata keçirilən işlər barədə məlumat verilib. Azərbaycanda Milli Hidrometeorologiya Xidmətinin fəaliyyətinin Ümumdünya Meteorologiya Təşkilatının standartlarına uyğun təkmilləşdirilməsi sahəsində davamlı tədbirlərin görüldüyü diqqətə çatdırılıb.
Hidrometeoroloji hadisələrin proqnozlaşdırılması ilə bağlı müasir standartlara cavab verən yeni erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində hazırlıq işlərinin davam etdirildiyi qeyd edilib.
Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti ilə Türkiyənin Baş Meteorologiya İdarəsi arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib. İki qurum arasında mütəmadi qaydada təcrübə mübadiləsinin həyata keçirildiyi bildirilib.