Unudulmayan tarix, Xocalı soyqırımı...Dünyada ən böyük, ən dəhşətli faciəvi hadisələr yaşanmışdır ki, tarixin yaddaşından heç vaxt silinmir. Belə dəhşətli hadisələrdən biri də Azəebaycanın payına düşmüş, Azərbaycan xalqının başına gəlmiş Xocalı faciəsidir, Xocalı soyqırımıdır ki, ömür boyu nə xalqın, nə də ki, tarixin yaddaşından silinməyəcək. Xocalı faciəsi erməni vəhşiliyinin ən bariz nümunəsidir. Çünki onlar Azərbaycanın qədimliyini, zənginliyini, yer altı, yer üstü sərvətlərini, birliyini, gücünü və güclü iradəsini heç vaxt həzm edə bilməyiblər.
Torpaqlarımızdan pay verdik, çörək verdik özlərini ev yiyəsi kimi hiss edib bir az da irəliyə keçdilər. Öz millətimizi öz doğma torpaqlarımızdan qovdular. Saysız soyqırımlar törətdilər. Xocalı soyqırımı müasir dövrümüzün ən dəhşətlilərindən idi. Qışın soyuğunda əliyalın camaatı qovmaq, dağa-daşa salmaq, uşaqlara, qocalara, qadınlara və yaralılara işgəncə vermək, sözün əsl mənasında ən dəhşətli terror hadisəsidir, vəhşilikdir.
Ermənilər xalqımıza qarşı saysız soyqırımlar törədiblər hansı ki, tarix boyu unudulmur, gələcək nəsillər bunu bilməli və unutmamalıdır. Bu millət 1918-1920, 1937-1940, 1948-1953-cü illərdə də Bakıda, Şamaxıda və Zəngəzurda kütləvi soyqırımlar törətmişlər.
(Təkcə Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilmiş, 487 nəfər, 76 nəfəri az yaşlı uşaq olmaqla yaralanmış, 1275 nəfəri girov götürülmüş, 150 nəfəri itgin düşmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq isə bir valideynini itirmişdir???)
Azərbaycan xalqı sülhsevər və səbirli xalqdır. Bu dözümlü millət çox əziyyətləri bağışlamış və səbr etmişdir. Yalnız səbrin də bir həddi, bir ölçüsü vardır. 2020-ci il, sentyabrın 27- də əks hücum zamanı bu xalqın səbr kasası dolub daşdı. İgid oğullarımız şəhidlərimizin qisasını və xalqımızın başına gətirilən müsibətlərin qisasını layiqincə aldılar. 30 il ərzində səbrlə sıxılmış əllər "Dəmir yumruğa" döndü. O "Dəmir yumruq" ki, Azərbaycan xalqına, böyük türk dünyasına, bütün dünyaya səs salan qələbəni yaşatdı.
Bakıda Xocalı prospektində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış hüznlü "Ana harayı" heykəlinin dağlanmış sinəsinə su səpildi. Bu dəfə bu məğrur abidəyə göz aydınlığına gəlmişdilər. Torpaqlarımız işğaldan azad olmuş, şəhidlərimizin, günahsız körpələrin qanı, qan bahasına igidliklə alınmışdı.
"Ana harayı"Hüznlə ucalan, məğrur heykəlin,
Ana harayına yığılmışdılar.
Köksündə günahsız, körpə balanın,
Tökülən qanında boğulmuşdular.
İndi cəsur dayan, azadlığınla,
İgid oğulların yetdi dadına.
Axan göz yaşını, sil yaylığınla,
Məğrurluq yaraşır, sənin adına.
Otuz ilə çatıb, qəminin yaşı,
Tam otuz ildir ki, sən haray etdin.
Daha əzilibdir, düşmənin başı.
Bu əzmi, bu gücü xalqa sən verdin.
Bir az üzün gülsün, qəmin yerinə,
Təbrikə gəliblər səni ey ana!
Bu dəfə qəmli qərənfil yerinə,
Xarıbülbül düşüb, sənin payına.
Rəqsanə TAPDIQLI Naxçıvan.
P.S Yanlış faktlara redaksiya düzəlişi. Xocalıda azı 3813 nəfər qətlə yetirilib.Onlardan 613 nəfəri cəsədləri əlimizə gələn, ictimaiyyətə məlum olanlardır, qalanları barədə erməni mənbələrində məlumat verilir. 2000-ci ildə nəşr olunmuş “Xaç naminə” kitabında Daud Xeyriyan yazırdı:
“Bu şaxtalı qış səhərində Daşbulaq yaxınlığında bir kilometrlik bataqlıqdan keçmək üçün insan meyitlərindən körpü salmalı olduq. Mən meyitlərin üstü ilə getmək istəmirdim. Mayor Ohanyan işarə elədi ki, qorxmaq lazım deyil, müharibənin öz qanunları var. Mən ayağımı qan içində olan 9-11 yaşlarında qız uşağının sinəsinə basıb irəlilədim. Çəkmələrim, şalvarım tam qana batmışdı. Bu qaydada 1200 meyitin üzərindən keçib getdim.
…Martın 2-də “Qaplan qrupu” (bu qrup meyitlərin yandırılması ilə məşğul idi) 2000-ə yaxın iyrənc monqol (Xocalı türklərini nəzərdə tutur) meyitini topladı və onları ayrı-ayrı topalarla Xocalının təxminən bir kilometrliyində yandırdı.”
Yuxarıda qeyd olunanlardan da görünür ki, yer üzündən silinmiş bir şəhərin, rayonun qırılmış əhalisinin sayı qəsdən az göstərilib. O zaman, yəni işğala qədər Xocalı rayonunda 2944 ailə, 10302 nəfər Azərbaycan Türkü yaşayıb. İndi deyə bilən varmı 10.302 nəfər əhali hardadır?! Düşmənin dezinformasiya təxribatı burda da işləyib.
P.P. S. 1992-ci ilin aprelində Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədovdan müsahibə alırdım. Dedi: ”Öldürülənlərin, yaralananların, itkin düşənlərin, girovluqdan qutara bilənlərin sayı dəqiqləşdirilir. 5 min nəfərədək salamat qutaranımız var”.
Belə anladım ki, Xocalı soyqırımından 40 gün keçməsinə baxmayaraq 5 min 302 nəfərdən xəbər-ətər yoxdur…
Şəhidlərimizə sayğılarla: Tamxil Ziyəddinoğlu“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru,
“Hərbi Jurnalistlər Birliyi”nin sədri.