Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
17-03-2024, 09:30
XXI ƏSR XARƏZM SÖZ MÜLKÜNÜN SƏMƏNDƏRQUŞU

XXI ƏSR XARƏZM SÖZ MÜLKÜNÜN SƏMƏNDƏRQUŞU

Sözün sehrindən bəzən xəbərsiz oluram,
Atəşlərdə yanmayan Səməndərquşuyam!


Özbək ədəbiyyatı təkcə türk dünyasının deyil, dünya ədəbiyyatının ayrılmaz və üzvü bir hissəsidir, yazılmış və yaradılacaq bütün əsərlər dünya xalqlarının təfəkkürünün inkişafına – yüksəlişinə xidmət edir. Mütəfəkkir Əlişir Nəvai əsərləri dünya ədəbiyyatının “qızıl xəzinəsi” – deyilən etiraflar milli dəyərlərimizdir..
Özbək ədəbiyyatının dünyəvi yaradıcı şəxsiyyətləri haqqında tarixin hər əsrində var olmasını qürurla söyləyə bilirik – o cümlədən XX əsrdən və hazırkı XXI əsrin birinci rübündə də bu ənənənin davamına şahid oluruq. Heç şübhəsiz, özbək ədəbiyyatının XX əsrin 60-cı illərindən sonrakı nəslinin – Erkin Vahidov, Abdulla Aripov, Aman Matcan, Erkin Səməndər kimi sənətkarların yaratdıqları nəzm və nəsr şedevrləri dünya ədəbiyyatı meydanında yer almışdır.
2008-ci ilin aprel ayında Özbəkistan Elmlər Akademiyasına – Maqsud Şeyxzadənin 100 illik yubileyinə dəvət edilmişdim. Orada ilk dəfə xalq şairləri Abdulla Aripov, Cüməniyaz Cabbarov, Erkin Səməndər, folklorçu alim, akademik Tura Mirzəyev, akademik Naim Kərimov, nəvaişünas alimlərdən professor Azizxan Qayumov və professor Suyima Ğəniyeva ilə tanış oldum. Hər kəs Maqsud Şeyxzadə haqqında gözəl fikirlərini və xatirələrini bölüşdülər. Mən də, Maqsud Şeyxzadənin el qızı olaraq bu təriflər və xatirələrdən fəxrləndim və geniş bir məruzə etdim.
O günün söhbəti indi də yadımdadır: görkəmli özbək alimlərinin – ustaz Azizxan domlanın, Suyimə opamın çox ciddi təhlilləri, Abdulla Aripovun fəlsəfi mülahizələri ilə yanaşı Erkin Səməndər ustazın müdrik fikirləri məni heyrətləndirmişdi. Özbək xalqının, adlarını kitablardan bildiyim, oxuduğum, öyrəndiyim bu millət aydınlarının üzbəüz söhbətləri mənə yeni yaradıcılıq ruhu verdi, elmə canı-dildən, el dili ilə desək, dördəlli tutmağa sövq etdi. Eyni zamanda, Xarəzm oğlu, Xarəzm torpağının aşiqi, yazıçı-dramaturq Erkin Səməndərin Nəvai əsərlərini dərindən təhlil etməsi, Agahi yaradıcılığından misallar gətirməsini heç unutmuram.
Bu səfərimdən çox qısa bir vaxtdan sonra yenidən Özbəkistana – “Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında” və Azərbaycan-özbək ədəbi əlaqələrinin 600 illik bir dövrünü özündə əks etdirən “Azərbaycan-özbək ədəbi əlaqələri” kitablarımın təqdimat məclisinə dəvət olundum. Bu həyatımın ən gözəl bir səhifəsi idi. Doqquz yaşlı oğlum Atilla ilə birgə getmişdim (hazırda 25 yaşlı Atillam ÜMRƏ ziyarətindədir, Allah qəbul etsin). Xatirələrlə dolu unudulmaz bir gün oldu. Yuxarıda adlarını qeyd etdiyim şəxsiyyətləri yenə də həmin məclisdə gördüm. Demək, bu məclis dostluq - qardaşlıq dəyərləri ilə yanaşı elmə, ədəbiyyata verilən dəyər, qiymət idi.

O da yadımdadır ki, Erkin Səməndəri “sizin oğuzların böyük yazıçısı, dramaturqu” kimi Suyima opam təqdim etmişdi, sonra fotolar çəkildi.
Ötən il – 2023-cü ilin aprelində iki həftə Urgənc Dövlət Universitetinin tələbələrinə “Nəvaişünaslıq” fənnindən mühazirə deyən vaxtlarda, o böyük insanın Xarəzmdə yaşadığını bilsəydim, hökmən ziyarətinə gedərdim.
Bakıda oturanda bunu xatırlamağımın, xatirələrin kino lenti kimi beynimdə dolaşmasının səbəbi Erkin Səməndərin istedadlı, yaradıcı qızı Səyyarə xanımın şeirlər toplusunu oxumağım və ona sözbaşı yazmaq etibarı qazanmağımdır.
Kimdir Səyyarə Səməndər? – sualı qarşısında qısa bir həyat tablosu yazmaq iatədim: Səyyarə xanım Səməndər – Xarəzm Dövlət Pedaqoji İnstitutunun “Özbək dili və ədəbiyyatı” ixtisasına (1988) yiyələnib, “XX əsr özbək təzkirələri” adlı dissertasiyasını müdafiə edərək filologiya elmləri üzrə fəlsəfə doktoru (1997) alimlik dərəcəsi alan, dosent (2005), “Sizə deyilməyən sözlərim”, “Azadlıqtək bəxt yoxdur”, “Və yenə bahar” (Erkin Səməndərlə həmmüəllif) və “Könlüm” kitablarının müəllifi, Özbəkistan Yazıçılar Birliyinin üzvü (2006), “Mənəvi-maarif işlər əlaçısı” (ÖzR Müdafiə nazirliyi, 2021), ÖzR Müstəqilliyinin 15 illiyi (2006), ÖzR Müstəqilliyinin 30 illiyi (2021) və ÖzR Konstitusuyasının 25 illiyi (2006) döş nişanları mükafatçısı, nəhayət “Şöhrət”medalı laureatı (2022).

Səyyarə Səməndər də mənim kimi filoloqdur. O, alimlərin şairi, şairlərin alimidir. Məhz bu keyfiyyət – onun özbək klassik ədəbiyyatını, dünya ədəbiyyatını dərindən bilməsi, tədqiqatçı xarakteri yaradıcılığının formalaşmasına, mükəmməliyinə təkan verir.
Könül duyğularının təbii çalarlarla kağıza – qələmə tökülməsi – yazılması, elm üçün xarakterik olan fəlsəfi müşahidələr hər sətirdə öz əksini tapmış incilərdir:

Ahindan açılır göy pəncərəsi,
Gözyaşın saədət qədərdir mənə.
Vəfasız olublar dostlarin çoxu,
Dostluğun qiyamət qədərdir mənə!!


Təbii ki, bu sətirlər ömrünü SÖZə həsr etmiş yaradıcı şəxsiyyətin obrazını göz önünə gətirir. Onun üçün müqəddəs olan şeir – ədəbiyyatdır və bu hal poetik səslərə çevrilir:

Qasırğa, tufanlar içində
Qismətimi tək geçirəm mən.
Söykənib yalnız öz dilimə,
Heç düşmədən gedirəm mən.

Yollarımdan çıxırsa bəzən
Qəşqırlara şeir oxuyuram.
Sözlərimə qulaq asınca
Təslim olacaqdır pələng də.

Silahım Söz, Söz ordum mənim,
Ondan başqa heç kimim yoxdur.
Vücudumda bitən həsrətim
Yürəyimə atılan oxdur.

Daşi bassam yarpaq yazacaq,
Çiçək açır titrəyən torpaq,
Əsla asan deyil bu, amma (!)
Düşmədən ayaqüstə qalmaq!

Səyyarə xanımın yaradıcılıq boxçasından belə poetik incilərdən çox misal göstərmək, təhlil etmək mümkündür.
Yaradıcılığı tale hesab edən şairənin Erkin Səməndərə ithaf və ya atası ilə söhbətinin təsiri ilə yazdığı şeirləri var ki, bu da sənətkarın ədəbiyyat aləminə daxil olmasının müqəddəs ailəsindən – genetik kodlarla başladığını göstərir. Bu səbəbdən, Səyyarə xanıma alimlərin şairi, şairlərin alimi dedim. Atasından aldığı ədəbi və həyat dərsləri, elmi yaradıcılığını təzkirələrə həsr etməsi, klassik ədəbiyyatı dərk edərək təhlili onun öz qəzəl, müxəmməs və məsnəvilərində əksini tapmışdır.
Nəvai həzrətləri, Üveysi, Nadirəbəyim, Osman Əzim, Fəridə Əfruzun qəzəllərinin pərəstişkarı olan Səyyarə xanım atası kimi dərin düşüncəli, hərtərəfli yaradıcı qabiliyyətinə malik olduğuna sübutdur və əslində bu, yaradıcı şəxsin xoşbəxtliyidir.
Məlumdur ki, qəzəl Şərq poeziyasında geniş yayılmış lirik janrdır. İlk dövrlərdə romantik mövzuda yazılmış, sonralar onun əhatə dairəsi genişlənərək davam etmiş, ictimai-siyasi, fəlsəfi-etik, didaktik qəzəllər meydana çıxmışdır. Səyyarə xanımın qəzəllərinin oxucuları təkcə misralarda əks olunan məhəbbət duyğularını deyil, həm də insan iztirabları, həyat adlı ağrılı dünyaya aid tüğyanları ilə anlayır:

İstırabım xəzəl kimi batdı yerin dərinliyinə,
Oyadıb cısm-canımı varlığıma batdı səhər.
Etməyin eyb fiqan kim doldursa göy bağrını,
Hansı könülə yetmədi, hansı könülə çatdı səhər...

Qəzəl janrında müxəmməs (beşlik) yaratmaq üçün yaradıcının ədəbi-elmi biliyi və dərin fəlsəfi müşahidə yetkinliyi, şair cəsarəti olmalıdır. Həzrət Nəvai, Üveysi, Nadirə bəyim kimi klassiklərin yaradıcılığını dərindən dərk etmək, onlara yaxın olmaq, onların könül bağlarını özündə hiss etdikdə qəlbdə ecazkar səsə-sözə çevrilir.
İnanıram ki, Səyyarə xanım elmiliyini poeziya ilə özündə təcəssüm etdirən, klassik və dünya ədəbiyyatını çox oxuyan, elm sahəsində araşdırmalarını davam etdirməsi sayəsində misilsiz möcüzələr yaratmışdır. Bundan əlavə, müasirləri Osman Əzim və Fəridə Əfruzun yaradıcılığına hörmət, qəlbən onlara yaxınlıq da Səyyarə Səməndərin bənzərsiz əsərlər yaratmasına təsir etmişdir.
Şərq poeziyasının başqa bir janrı olan məsnəvidə hər beytin misraları qafiyələnir və beytdən-beytə yenilənir. Səyyarə Səməndərin məsnəviləri də qəzəlləri kimi onun həyat təcrübələrini, qəlb ağrılarını, fəlsəfi anlamda şərq ruhunda əks etdirir:

Gəlsə də dərd, tərki adət etmədim,
İncik görüb, əl yelləyib getmədim.

Ah çəkib özümü daşa vurmadım,
Gər sitəm yetsə, üzüm çevirmədim.

Bəzən sellər məni boğmaq istəyir,
Tək ümidim çiçəklənmək istəyir...

Yaxud da içindəki bu ürək ağrıdan misralar məsnəvi janrında yaradılmış incilərdir, - desək, deməli İNSANın ÖZÜ, öz ŞƏXSİYYƏTini əks etdirir:
Kim qəlbinə darıxsa olur ki salamat,
Mən kimi yavaş keçir özünə tərəf.
Nə gələn ağlıma, o sözümdədir,
Qəlbi gördüm, o mənim özümdədir.

İnsanın qəlbinə, ruhuna yaxın olan bu misralar təbii ki, hər bir poeziya aşiqinin ürəyincə olur və onu düşünməyə, düşündürməyə sövq edir.
Bu kitaba daxil olan və əsərin təsirini daha da artıran “Huzuruna gəldim, Təhəccüd” adlı üçlüklərdir. Məlumdur ki, Təhəccüd namazı İslamda nəfs namazlarından biridir. Şairə xanımın təhəccüdləri ANAya həsr olunmuş üçlüklərdir. Ağıllı övladlar dünyaya gətirən, sınaq dünyasında ataya sədaqətlə ömür-gün yoldaşlığı edən Anaya həsr olunmuş misralar, ona görə də şairənin ürəyindən dua nidası mərsiyə kimi səslənir.
“Təhəccud!
Gecənin bağrına bir zərrə olub qarışacam... Uzun müddət özümü dinləyəcəm. Haqq dünyasına köç edən anamın yarım təbəssümlə baxan siması gözlərim önündə canlanır... . Bu halımdan çıxmaq istəmirəm... . Sən – anamın həsrəti olub qəlbimə təsəlli verirsən, bu dünyada yaşamaq üçün güc verirsən, səbr verirsən...”.
Bəli, dünya ədəbiyyatında yaradıcı bütün qələm adamları ANAya SÖZdən bədii heykəl, bənzərsiz mənəvi ABİDƏ ucaldıblar və onların hamısında müqəddəs qadın obrazı var. Amma bu Təhəccüddəki qəhrəman ŞAİR Erkin Səməndərin həyat yoldaşı, ŞAİRƏ Səyyarə Səməndərin ANAsıdır. Buna görə də müəllif bu haqda belə yazır:
“Bu gecəki yazılarımı – atamın qayğısına qalan mehribanım, onun 66 illik ömür-gün yoldaşı, yeməklərini ən əvvəl atamın qarşısına qoyan, sağlamlığının keşikçisi, həyatın sınaqlarında arxasında dayanan qalası, atamın gözlərini hüzrlə dolduran onun böyük qadını (atam anam haqqında danışarkən, “o, böyük qadın idi” – deyərdi) “atanıza yaxşı baxın, onu sizlərə, sizləri isə Allaha tapşırıram” – deyərək mehrini ancaq atama salan, 85 yaşında belə işıqlandıran anam Cumənıyazqızı Aqilcanın əziz xatirəsinə ithaf edirəm. Ailəmizi onun adına bənzər bir hikmət nuru ilə yüksəldən anam Aqilcan Cümənıyazqızının əziz xatirəsinə ithaf edirəm.
Bu qeydlər və “Dünya” silsiləsidəki üçlüklər, onlardakı ağrılı nalələri (mərsiyələri) oxuyandan sonra dünya ədəbiyyatı, xüsusən də klassik yapon hayku (üçlük) şeirini xatırladım:
***
Mən sənin bağrında yanan bir şamam,
Başım əyib, dağ kimi möhtəşəməm.
Huzur və həlavət, rahat təhəccüd.
* * *
Özüm ədayam mən, özüm miskinəm,
Qırıq könlümlə kimə təsəlliyəm,
Zirvəyə yol alsam, rəğbət təhəccüd.
* * *
Mən kimi dünyanı dünyaya verdin,
Yayıldım bir mahnı kimi zəminə!
Məni yaratmaq üçün yarandın, Dünya!...
Məhz bu üçlüklər mənə həyatın imtahanları və sınaqlarından məntiqi və fəlsəfi müşahidələr çıxarmağın haykuya xas olduğu qənaətinə gəlməyə vadar etdi.
Yox idim, bədəndə cəm oldum,
Aləmi işıqlandıran şam oldum,
Deməyin, şam nədən işıqlandırmaz,
Ki, ona tutuşan can oldum.

Bu kimi dördlüklər silsiləsi də hazırkı kitabda yer alan digər əsərlər kimi dünyada ÖZünü axtaran, qəlbindəki kədərini, sevincini, hiss-duyğularını ədəbiyyat sevərlərə bəxş edən Səyyarə xanımın əbədiyaşar yazılarıdır.
Bu kimi dördlüklər silsiləsi də hazırkı kitabda yer alan digər əsərləri kimi dünyada ÖZünü axtaran, sevincini, ağrısını ürəyində ədəbiyyatsevərlərə bəxş edən Səyyarə xanımın əbədiyaşar yazılarıdır. Şairin yazdığı kimi, –

Qəlbim o qədər oyaq –
Qəlbinizə çatana qədər.
Könlünüzdən qubarlar
Ta ki dağılana qədər!

Mənim yolum bir an kimi –
Söz dadını dadana qədər!
Mən dünyada yaşayıram
Ta özümü tapana qədər!


Ümumiyyətlə, bu kitabda hər bir yaradıcılıq nümunəsində müəllifin qəlbini, dərd dolu könlünün əksini görürük.
“Bir türk qadını ilə üç mübahisə” poemasını oxuyandan sonra nədənsə türk xalqlarının, xalqımızın iki böyük şəxsiyyəti – Azərbaycanın özbəyi, özbəyin Azərbaycanı kimi tanınan Maqsud Şeyxzadə və Ziya Bünyadovu xatırladım. Çünki bu müəlliflər Xarəzmşah-Anuştəqini dövlətini, Cəlaləddin Mənquberdinin fəaliyyətini dəqiq işıqlandıran, dövrün mənzərəsini gözümüzün qabağında təqdim edən əsərlər yaratmışlar. Səyyarə Səməndərin poemanı yazarkən arxalandığı Nəsəvi yaradıcılığı da bilavasitə Ziya Bünyadovun tərcümələri ilə geniş oxucu kütləsinə çatmışdır. Bu yerdə qeyd edim ki, Erkin Səməndər həm də “Əcdadların qılıncı”, “Cəlaləddin Mənquberdi” dramlarını, “Sultan Cəlaləddin” romanını yaradıb və bu əsərlərin özbək ədəbiyyatında xüsusi, həm də qürurverici yeri vardır.
Səyyarə xanım, atasının yaradıcılıq təsiri ilə, eləcə də tarixi hadisələri əks etdirən digər əsərləri oxuduqdan sonra Xarəzmşah-Anuştəqinilər dövrünün məlakəsi olmuş Türkan Xatun haqqında dastan-poemasını yazmışdır. Eposda Türkan Xatun, o dövrün tarixçisi Nəsəvi və müəllifin o dövrün reallığı ilə bağlı fikirləri öz əksini tapmışdır. Eposda ana Ceyhun və səmanı bədii obrazlar kimi təcəssüm etdirməsi müəllifin nailiyyətidir. Üç arqumentdən ibarət olan dastan oxucuya o dövrün mənzərəsini təsəvvür etməyə, real vəziyyəti anlamağa kömək edir.

Sözün sehrindən bəzən xəbərsiz oluram,
Atəşlərdə yanmayan Səməndərquşuyam!
– deyə, müəllif yazır.
Damarlarında, genində, qan yaddaşında böyük özbək ədibi, dövlət və ictimai xadimi Erkin Səməndərin qanı olan Səyyarə xanıma yaradıcılıq uğurları, özbək, türk və Şərq ədəbiyyatını daha gözəl əsərlərlə zənginləşdirməyi, SƏYYARƏ adını bütün dünyaya yaymasını arzulayıram. Erkin əfəndi könül bağı Səyyarə ilə, Səyyarə xanım atası Erkin əfəndi ilə, pərəstişkarları – oxucuları isə hər ikisi ilə fəxr edə bilərlər. Çünki hər iki Xarəzm övladı buna layiqdir.

Almaz Ülvi Binnətova
filologiya elmləri doktoru, professor
Özbəkistan Respublikasının “Dostluq” ordeni laureatı
P.S. Mətndəki şeirlərin Azərbaycan dilinə tərcümə müəllifi gənc özbək şairi Rəhmət BABACANdır.
"Bütöv Azərbaycan" qəzeti
15 mart 2024


17-03-2024, 09:09
Zəngəzur mahalının Kirs- Kurud abidələri
Yunusov Yunus Hacı oğlu Kirs Kəndlisi

Zəngəzur mahalının Kirs- Kurud abidələri

Zəngəzur mahalının Qafan rayonunun Kurud -Kirs kəndlərində ulularımızın yaratdığı yüzlərlə abidələrimiz qaldı. Kurud -Kirs kəndinin maddi irsi haqqında yazarkən ilk növbədə kəndin relyefinə, coğrafi mövqeyinə də nəzər yetirməliyik. Kirs kəndi Qafan şəhərindən-rayon mərkəzindən 35 -km şimal qərbdə, Kurud çayının qolları olan Əyri çayı ilə Sarı dərə çayı arasında yerləşir. Cidalı dağ silsiləsinin düzənliyində dəniz səviyyəsindən 2300 metr hündürlükdədir. Kəndin evləri hər iki çayın sağ və sol sahilində 150-200 metr ara məsafəsi ilə tikilib, üçbucaq şəklində gündoğana baxır.


Kirs çox qədim kənd olaraq Oğuz türklərinin yaşayış yeri olub. Orada 1988-ci ilədək Azərbaycan türkləri yaşayıb.1960-cı ildə şəkildə gördüyünüz Yunusov Yunus Hacı oğlu ev tikərkən bünövrə üçün qazdığı yerin altından bir qoç, bir qoyun heykəl çıxmışdı. Qoçun boyun hissəsindən başlayan yazıda Cəlal paşanın adı yazılmışdı və əl-ələ tutan beş uşaq şəkli həkk olunmuşdu. Ermənilər xəbər tutan kimi gəlib, muzeyə vermək adı ilə, tapıntıları aparmaq istəyəndə Yunus babaya çox təzyiqlər etdilər. Carəsiz qalan kişi qoyunu torpağa basdırdı, qoçu isə Qafan rayon İcraiyyə Komitəsinin sədri Ovanesyan Qarnik milislərin təzyiqilə götürüb Qafana apardı. Digər abidəmizdən biri də Kirs kəndindəki Alban kilsəsidir ki, kilsənin mövcudluğu1605- ci ildə Türk qaynaqlarında qeyd olunub. Kilsə təqribən 8x10 metr ölçüdə, uzunsov formada çay daşlarından tikilmişdi. 0.50x0.50 m ölçüdə pəncərəsi və iki qapısı var idi. Bizim dövrə gəlib çatan vaxtı qapının biri hörülmüşdü. Hörülmüş qapı gündoğana digəri isə qabaqda geniş torpaq sahəsi olan sərqə açılırdı. Hər iki qapı arkalı aypara şəklində çay daşlarından hörülmüşdü. Şəkildə Kilsə və qabaq qapısı verilmişdir.
Üçüncü və müqəddəs ziyarətgah sayılan abidəmiz Cidalı Pirində yerləşirdi. Pirdə bir neçə qəbir var idi ki, onlar da diametri 8-10 metr olan güney daşlari ilə 80-90 sm hündürlükdə dairəvi hörülmüşdür.

Kirs dağlarında Cidalı ziyarətgahı

Tarixinə nəzər salsaq Osmanlı sülaləsi ilə əlaqəlidir. Belə ki, Osmanlı xanədanının qurucusu olan Osmanın atası Ərtoğrul 1289 -cu ildə öldükdən sonra türklər onun oğlu Osman Qazinin tapşırığı əsasında atasının Söyüdlüdə yerləşən qəbrinə hər il ziyarətə gələrək Türkmən bayramı kimi qeyd edirdilər. Ziyarət hazırlığına qurbanlıq qoç, pambıqdan quyruq yağında basdırma çıraq düzəldər, fəsəli bişirib 10 illər boyu Ərtoğrulu yad edərdilər. Eyni bu gün bizim keçirdiyimiz adətlər kimi. 1326 -cı ildə Osman Qazinin ölümündən sonra oğlu Orxanla qardaşı Dündar arasında, savaşa çevriləcək qədər, fikir ayrılığı yarandı. Savaşda Dündar məğlub oldu və tərəfdaş sərkərdələri ilə Çuxur Səddə (Göyçə gölü ətrafına) sürgün olundu.
Dündar yayı Dərələyəz, Şahbuz, Qarakilsə və Qafan dağlarında qışı isə Qubadlı və Cəbrayılda keçirərdi. İkinci döyüşdə Əmisi tərəfindən öldürüldü və tərəfdarları Qafan dağlarına qaçaraq oralarda məskən saldilar. Dündarın sərkərdələrindən Cidalı isə həmin Dündarlı obası dediyimiz yerdə oldü və ən hündür dağın başında-Cidalı piri adlanan yerdə dəfn olundu. Həmin tarixdən də orada qəbirlərin ətrafı türk adətinə uyğun hörüldü və ziyarətgaha çevrildi. Bizim də dilimizdə olan oda, peynir, sac, sancaq və s. sözlər əsas verir ki, deyək biz də həmin Oğuz türk tayfalarındanıq.

Kirs kəndindəki Alban kilsəsinin dağıntıları

Kirsdəki dağıdılmış Alban kilsəsinin daxili görünüşü
Mənbələrdən aldığımız məlumata görə, Kirs kəndində 1886-cı ildə 130 nəfər,1926-cı ildə 78 nəfər,1931-ci ildə 104 nəfər, 1988-ci ildə 328 nəfər əhali yaşamışdır.1918-1920-ci illərin qırğınından xilas olmaq üçün əhali Ordubad və Naxşıvana qaçmışdır. Sovet hakimiyyəti qurulub ara sakitləşəndən sonra- 1922-ci ildə qaçqınların bir qismi kəndə qayıtmlş, bir hissəsi isə Naxçıvanda qalmışdır.

Kirs kəndində dəyirman yeri

Turş su deyilən ərazidə isə İbrahim Vəliyev atası Qulamalıdan miras aldığı dəyirmanı işlədirdi. Su dəyirmanı 1969 -cu il zəlzələsinə qədər işlədi. İbrahim dayı hər çuval dəni üyütmək müqabilində öz çanağı ilə bir şahad payı deyilən haqq alırdı. Suçu da oğlu Əmrah Vəliyev idi. Amma dəyirmanın yaşı, kim tərəfindən tikildiyi barədə məlumatımız yox idi. Bircə onu bilirdik ki, nəsildən- nəsilə miras qalıb.


Kurud kəndinin uşaq və gəncləri 1970-ci illərdə
Kirs kəndi ilə xeyir-şəri bir olan Kurud kəndi isə Qafan şəhərindən 32 km şimal-qərbdə Kurud çayının hər iki tərəfində, Pireyvət və Piralata dağlarının arasında çay qırağında yerləşir. Dəniz səviyyəsindən 2200 metr yüksəklikdədir. Kurud kəndi qədim kənddir. Babalarimız Osmanlı dövləti ilə sıx bağlı olmuş, köçəri həyat sürərək Bursa -Biləcik, Çuxur Səd, Qarakilsə, Dundarlı, Cəbrayıl ərazilərində yaylaqlı-qışlaqlı həyat sürmüşlər. Məlümatlara əsaslanıb deyə bilərik ki, min illərlə sürən aranlı-dağlı həyat tərzindən daim məskunlaşmaya keçid 1700 -cü illərə təsadüf edir. Arxiv sənədlərindən aydın olur ki, 1832-ci ildə kənddə 18 ailə, kişi cinsindən 42 nəfər müsəlman yaşayıb.1774-cü ildə Allahyar Canı oğlunun,1797-ci ildə isə Abdulla Canı oğlunun Kurud kəndində doğulduğu haqqında əlimizdə arxiv sənədləri var. 1897-ci ildə 145 nəfər, 1922-ci ildə172 nəfər, 1926-cı ildə185 nəfər 1931-ci ildə 220 nəfər 1988 -ci ildə kənddə 800 nəfər yaşamışdır.
Kəndin abidələrindən Molla Əbdürrəhimin mədrəsə binası, qədim Alban kilsəsı, Alı Rzaqulu oğlunun dəyirmanı, Xudaverdinin dəyirmanı diqqət çəkir. İlk abidə Alban kilsəsidir ki, eni 6 metr uzunluğu 8 metr, bir tağlı pəncərəsi var idi. Pəncərənin eni təqribən 60 sm.hündürlüyü 100 sm.olardı. Kilsə təmiz çay daşlarından tikilmiş, üstü arkavari mailli olaraq kəsmə daşlarla bağlanmışdı. Kənddə ilk gündən Oğuz türkləri yaşamışdır. DİGƏR MİLLƏTLƏRDƏN BİR NƏFƏR DƏ OLSUN Kurud kəndində yaşamayıb.
[center]
Ermənilərin Kirs kəndindən oğurladıqları qoç-1565-ci ilin abidəsi

Oğurlanmış qoçun Kirsin köhnə qəbirsanlığındakı ilk görünüşü
Sovetləşmə dövründə əvvəlcə kilsədən Sovet idarəsi, sonra anbar kimi istifadə olunub. 1970-ci illərdən bəri isə kənd sakini Əlif babanın ailəsi orada yaşayırdı. İkinci abidə Molla Əbdürrəhimin mədrəsəsidir ki,1880-ci ildən 1930-cu ilədək fəaliyyət göstərib,1937 -ci ildə Molla həbs olunduqdan sonra sovetlər binanı da, mədrəsə ilə yan-yana tikilmiş məscidin bir hissəsini də dağıtmışdı. Sökülmüş binaların bir hissəsini Əbdürrəhimin ikinci oğlu, Ziyəddin əmimgil deportasiyaya qədər təndirəsər eləmişdi. Alı babanın Dəyirmanı 1965- ci ilədək kənd camaatına xidmət göstərmişdir. Hazırda erməni vandallar hamısını dağıdaraq yerlə yeksan etmişlər. Kənddə daş üstündə daş qalmayıb.

Səxavət HACIYEV,[
Tədqiqatçı-tarixçi,
Kurud-Kirs İcmasının sədri

"Bütöv Azərbaycan" qəzeti
15 dekabr 2024
17-03-2024, 08:36
Bu gün 46 mindən çox şagir buraxılış imtahanında iştirak edəcək


Bu gün 46 mindən çox şagir buraxılış imtahanında iştirak edəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 46 min 741 şagird üçün buraxılış imtahanı keçirəcək.
Bu barədə DİM-dən məlumat verilib.
Qeyd olunub ki, imtahan Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə - 1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran - 1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə baş tutacaq.
İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından çap edib götürə bilirlər.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 190 imtahan binası, 3468 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 543 imtahan rəhbəri və ümumi rəhbər, 4310 nəzarətçi, 631 buraxılış rejimi əməkdaşı (mühafizə) və 190 bina nümayəndəsi ayrılıb.
İmtahanda 46 min 741 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 40 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.
17-03-2024, 08:13
TƏBRİK EDİRİK !

TƏBRİK EDİRİK!

Bu günlərdə eşitdik ki, gözəl insan, gənc alim, filologiya elmləri doktoru Şakir Əlif oğlu Albalıyev ailə həyatı qurmaq üçün, tarix muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Aygün Musa qızı ilə nişanlanıb.
Yaradıcı dostları, həmkarları adından Şakir müəllimi və nişanlısı Aygün xanımı təbrik edirik !
17-03-2024, 08:08
İnsan könlünün duyğuları…


İnsan könlünün duyğuları…

Şeirin təsir gücü, onun həyat dilinin ümumbəşəri mahiyyətini üzə çıxarmasındadır. Şerin həyat ruhu, düşüncənin könül ruhuna uymasındadır..
Həyat duyğuları, ilk növbədə öz mənəvi təcəssümünü könül sevgisində tapır…
Həyat sevgisinin ümumbəşəri mahiyyəti, Dünya ilə qurulan həyat bağıının saflığındadır. Könül ruhunun, həyat ruhuna bağllllığı insanln mənəvi dünyasının həyat gerçəkliyini üzə çıxardır. Çağdaş şerimizin zəngin ənənələrinə yaradıcı münasibəti ilə seçilən Şairələrimizdən biri, Elmira Aslanxanlı Turandır.
Şairənin lirikasının həyat semantikası, oxucunu həyatın dərinliyinə götürür.

Elə əyilmişəm, elə sınmışam,
Yüz Loğman yığışa, düzəlmərəm Mən !
Yaxınım- yadım da, yığışıb gələ,
Yenə də, yenə də düzəlmərəm Mən !

Balı yesələr də, zəhər dedilər,
Ömrümə - günümə, hədər dedilər...
Elə, zərbə aldım mən, naxələfdən,
Huri - qılman gələ, düzəlmərəm Mən !


Dil, insana Yaradanın bəxş etdiyi bir hikmətdir .
Dil, insanın mənəvi düşüncəsinin həyat açarıdır.
Dil, insanın könül dünyasının həyat gerçəkliyinin ifadəsidir...
Yaradanın insana bəxş etdiyi bir hikmət kimi, insan öz şüuru ilə dilini bəlli edir.
Könül dünyasının həyat ifadəsi kimi, insan dili ilə özünü, sözünü gerçəkliyini üzə çıxardır. Elmira Aslanxanlının lirikası ictimai düşüncənin həyati-psixoloji ruhundan yaranan fikir-düçüncə gözəlliyi ilə seçilir.

Allahıma, yaxın, Sözdü,
Mənə görə, görən Gözdü...
Müqəddəsdi, ulu Səsdi,
Ana dilim, ölən deyil!

Bu dil Oğuz, türkcəsidi ,
Bu dil Qorqud, ləhcəsidi...
Neçə, Şəhidin Səsidi ,
Ana dilim, ölən deyil!

Mili Qəhrəman adı, milliyin zirvəsidir.
Milli Qəhrəman adı, Şəhidlərin Vətən uğrunda apardığı mübarizənin adıdır.
Milli Qəhrəman adı, Vətən uğrunda canını qurban vermiş qəhrəmanların Zəfəridir.
Milliliyin zirvəsi, insanın həyat amalının bəlli zirvəsidir.
Vətənin torpaqlarını mənfur düşmənin tapdağından azad etmək uğrunda aparılan mübarizə əzmi, insanın həyat ideallarının doğuşunu təmin edir.
Vətənin keşiyində durmaq, onun azadlığına qovuşmasına kömək etmək Şəhadət tələb edir.
Vətən torpağının azadlığı Milli dəyərlərin üzərində qurulan Qəhrəmanların canı, ilə qanı ilə bağlıdır.
İkinci Qarabağ Savaşının (2020- ci ilin 27 sentyabr - 2020-ci ilin 8 noyabrı ) xalqın milli mübarizə tarixinə yazılmış 44 Günlük savaşdır.
Bu savaşda Ali Baş Komandan adından Milli Qəhrəman adı alan onlarla Vətən oğullarının adı var.
Bu Vətən oğullarından biri, "Mirələm" kimi tanınan:
- Quliyev Sahib İslam oğludur ..

Cəbrayıl Elinin, geneylisində,
Dəyərli nəslin, bir oğlu oldu!
Doğulan o gündən, Başının üstə,
Laylasını çalan, Mələklər oldu!

(Mələklər oldu)

Könül, insanın arzu və istəklərlə dolu olan ruh evidir.
Könül, insanın mənəvi dünyasının həyat evidir.
Könül, insan fitrətindən yaranan mənəvi duyğuların güc evidir
Arzu və istəklərlə dolu olan ruh evi, nə qədər sağlam olarsa, insan bir o qədər əzmkar olur.
İnsanın mənəvi dünyasının həyat evi nə qədər geniş olarsa, insan bir o qədər dayanıqlı olur.
İnsan fitrətindən dolğunluğu ilə seçilən könül evi nə qədər güclü olarsa insan bir o qədər rəşadətli olur.
Elmira Aslanxanlı Turanın lirikası öz gücünü həyatdan alır daima.

Deyirdin, payızda gələcəyəm Mən,
Payız keçib getdi, Sən gəlməz oldun!
Yarpaq tək saralıb, tökülmüşəm Mən,
Yenə də, yenə də, Sən gəlməz oldun!

Yollarına, baxa - baxa qalmışam,
Həsrət əzabına, düçar olmuşam...
Ağlaya - ağlaya, bimar olmuşam ,
Yenə də, yenə də, Sən gəlməz oldun !


(Xəbər alarsan )
Həyat sevgisinin atributu, insanın könül dünyasına açılan hikmətlə müəyyənləşir.
Həyat duruşunun əzmi, insanın mənəvi düşüncəsinin həyat psixolojisinin qüvvətli amilidir.
Həyati baxışın formalaşması , hisslərin ali hədəfinin mükəlləfli ülviliyindən asılıdır.
Könül dünyasına açılan hikmət qapısı, insanı ruhi-psixoloji sıxıntıdan qurtarır.
Hisslərin ali hədəfinin sintezi, dərdin unudulmasına yardımçı olur.
İnsan duyğularının həyat psixolojisi, neqativ hissləri ancaq ruhun ülviliyi ilə yox edə bilər.
Elmira Aslanxanlı poeziyasında insanın mənəvi dünyasının əxlaqi-mənəvi saflığının həyat nuru özünü təsdiqləyir daima.

Ağır bir zərbəni, səndən almışam,
Darıxma Sözünə, Mən mat qalmışam...
Sən bilmirsən, dərdlərinlə solmuşam ?
Gəl Ruhunla, hər an yanımda qal Sən !

...
Poeziyada, insan könlünün həyat istəklərinin gözəlliyi əks olunur.
Poeziyada, insan həyatının dərin qatlarının təhlili var.
Elmira Aslanxanlı poeziyasında insanın mənəvi dünyasının rəngarəng çalarlarının ictimai tablosu var.
Şairin poeziyasının ruhi spesifikliyi, insan könlünün həyat istəklərini açığa çıxarır. Uğurlar arzulayıram Şairə xanıma.

Hörmətlə:
Filoloq, Nəsib ABİD
24 fevral 2024-cü il

17-03-2024, 08:02
“Qılınc və qələm” Özbəkistanda


“Qılınc və qələm” Özbəkistanda

Özbəkistanda “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub.
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində XX əsr
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Səid Ordubadinin özbək
dilində çap olunan “Qılınc və qələm” tarixi romanının təqdimatı keçirilib. Tədbir
iştirakçıları əvvəlcə Azərbaycan Mədəniyyət Mərkəzinin Nizami Gəncəvi
yaradıcılığının “Gəncədə doğan günəş” adlı kitab sərgisi ilə tanış olublar.
Tədbirdə çıxış edən Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin
kafedra müdiri və Nizami Gəncəvi adına Beynəlxalq Elmi-Tədqiqatlar Cəmiyyətinin
sədri Nurbay Cabbarov romanın özbək dilində nəşrini Özbəkistan ədəbi həyatı üçün
tarixi hadisə kimi qiymətləndirib:
“Ötən müddət ərzində Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin
apardığı sistemli iş nəticəsində Azərbaycan yazıçılarının əsərləri, habelə dahi
N.Gəncəvi haqqında yazılan bədii, elmi-tədqiqat əsərlərinin tərcümə və çapı həyata
keçirilib. Bu sahədə boşluqlar tam şəkildə aradan qaldırılıb. Görülən işlərin uğurlu və
ardıcıl şəkildə reallaşması üçün Azərbaycan, Özbəkistan və Türkiyənin tanınmış
ədəbiyyatşünaslarının iştirakı ilə Nizami Gəncəvi adına Beynəlxalq Elmi-Tədqiqatlar
Cəmiyyəti yaradılıb”.
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin
prorektoru, professor Sultan Nurmatov Özbəkistan və Azərbaycan ədəbi əlaqələrinin
qədim köklərindən söz açaraq, ədəbi əlaqələrin yüksək səviyyəyə çatdığını söyləyib.
O qeyd edib ki, son on ildə Azərbaycan ədəbiyyatına dair yüzlərlə nəşr özbək dilinə
tərcümə olunub.
Samir Abbasov oxucuların azərbaycanlı müəlliflərin əsərlərinə böyük maraq
göstərdiyini bildirib. O, 2021-ci ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Nizami
Gəncəvi ili” elan olunduğunu və bu məqsədlə Azərbaycan Mədəniyyət Mərkəzinin
layihəsi ilə Özbəkistanda dahi mütəfəkkirin “Xəmsə”sinin, Nizami Gəncəvi
əsərlərində türkçülüyə dair özbək alimlərinin monoqrafiyasının nəşr edildiyini
vurğulayıb.
Xatırladaq ki, “Qılınc və qələm” tarixi romanının özbək dilinə tərcüməçiləri
alimlər Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilovdur, nəşrin redaktoru və
“Ön söz”ün müəllifi isə Abdulla Uluqovdur.
17-03-2024, 07:55
Elinin fəxri idi Rafiq..


Elinin fəxri idi Rafiq...

İctimai səciyyələr təqdimatlarla xarakterizə olunur. Hər təqdimat da özündə geniş ictimai proseslər ehtiva edir. Elə 11 mart 2024-cü ildə Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Zeynəb Bəhmənlinin "Yuxuma gəl, şəhid balam" kitabının təqdimat mərasimi də bu müstəvidə zəmin tapdı. Əvvəlcə 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olan əsgər və zabitlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi, onların ruhlarına dualar oxundu, qazilərimzə Allahdan şəfa diləndi.
Mərasimi AYB-nin katibi İlqar Fəhmi açıq elan etdi, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin keçdikləri döyüş yolundan ətraflı bəhs etdi.
Sonra kitabın redaktoru şairə Qızbəs Qəbələliyə söz verildi. Qızbəs xanım aparıcı qismində qonaqları salamladı, kitabın müəllifi Zeynəb Bəhmənlinin həyat və yaradıcılığı barədə məlumat verdi. Şəhid Allahverdiyev Rafiq Gülüş oğlu haqqında danışdı, bildirdi ki, o, 25 yanvar 1970-ci ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. Həmin kənddə səkkizillik məktəbə gedib, 9-10-cu sinifləri başqa məktəbdə oxuyub, hərbi xidmətə gedib.
1990-cı ildə Rafiq hərbi xidmətini başa vurub boya-başa çatdığı kəndə qayıdıb. Bir müddətdən sonra könüllü olaraq özünümüdafiə dəstəsinə qoşulub. 1992-ci ildən rəsmi olaraq Azərbaycan ordusunun əsgəri kimi Qarabağda gedən bir sıra döyüşlərdə iştirak edib, Tuğ, Salakətin, Hoğa, Qaradağlı, Qacar uğrunda gedən döyüşlərdə şücaət göstərib. 1994-cü ilin 30 yanvarında Vətən eşqi ilə döyünən ürəyi erməni separatçılarının snayper gülləsinə tuş gəlib, şəhadətə ucalıb.

Qızbəs xanım 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasətdən də danışdı, sonra çıxış üçün sözü şair Mürvət Qədimoğluna verdi. Daha sonra "Sosial Dövlət Naminə" İctimai Birliyinin sədri Faiq Əhmədov, şəhid Rafiq Allahverdiyevin əmisi oğlu Ələddin Xankişiyev, şair-publisist Rauf İlyasoğlu, yazıçı-publisist, "Bütöv Azərbaycan" qəzetinin şöbə müdiri Hüseyn İsaoğlu, şairlər Şərqiyyə Süleymanlı, Nazlı Hacılı, Şəhla Lətifqızı, Sara Göyçəli, Saday Qazaxlı, Püstə Sahibqızı, Tubu İmanova, Sədaqət Şıxlı, iş adamı Kamandar Əliyev təqdim olunan kitabın mahiyyətindən, aşıladığı vətənpərvərlik hissindən danışdılar. Şəhid Rafiq Allahverdiyevin keçdiyi döyüş yolundan, ona həsr olunmuş şeirlərdən parçalar söylədilər.
Sonda kitabın müəllifi Zeynəb Bəhmənli tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Tədbir yaddaşlarda bir Vətən ovqatı əxz etdi.

Hüseyn İSAOĞLU(Məmmədov),
yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü.
17-03-2024, 07:40
Elmin qüdrətidir, sənin qüdrətin


Elmin qüdrətidir, sənin qüdrətin
( “Nəfəs” klinikasının həkimi Orxan Fərəcliyə ithaf edirəm)

Bakı! – böyük şəhər! Qəhrəman şəhər!
Şadlıq at oynadır burda hər səhər!
Həyatda yaşamaq, deyildir asan,
Dünyanın əşrəfi, varlığı insan,
Loğman da axtarır, özünə həb də,
İnsana məxsusdur sevinc də, qəm də!

Mən səni Bakıda gördüm, tanıdım,
Nə böyük ürəyniz, kamalınız var.
Böyük dahiləri düşündüm tək-tək,
Ən böyük varlıqsız, ən böyük varlıq,
Şair dünyası tək, söz dünyası tək!

Mənalar kəsb edir həyatın, ömrün,
Bir başqa qərardır, sənin də hökmün!
Elmin qüdrətidir, sənin qüdrətin!
O nurlu zəkana baxıb, öyündüm!
Böyükdür, qardaşım, sonsuzdur bəlkə?!
Millətə xidmətin, xalqa xidmətin.

Hippokrat təlimli, zəngin başın var!
Beynində cəvahir, min daş-qaşın var!
Hələ çox cavansan, cavan yaşın var!
Üzündə yaz gülür, qəlbində bahar!

Qoy həkim dostların inciməsinlər,
Ən böyük həkim də, loğman da sənsən!
Səni tək yaranıb, böyük dahilər,
Min hikmət yaradıb, zəngin beyinlər!

Cahanda nə böyük təbiblər olub,
Ölümün əlindən alıb xəstəni!
Kütbeyin, savadsız həkimlər ancaq,
Ölümün əlinə verib xəstəni!

Oturub-durursan gecəbəgündüz,
Hippokrat kəşfinin təlimləriynən!
Bir insan dünyadan köçür görürsüz,
Savadsız həkimin səhvlərindən!

O qədər xəstəyə şəfa veribsən,
Ağlın da dəqiqdir cihazlar kimi!
Ürək də yorulur, beyin də bəzən,
Dünyanı kəşf edən şüurlar kimi!
O qədər xəstəyə şəfa veribsən,
Ağlın da dəqiqdir cihazlar kimi!

Kim deyir insan da, gül kimi solmur?!
Minbir qayğılarla yaşa dolursan!
Bir insan dərdini daşımaq olmur,
Min insan dərdinə şəfa olursan!

Beynin də, qəlbin də, od ürəyin də,
Bütün amalların, hər diləyin də,
İnsana xidmətdir, sənin xidmətin,
Gözlə görünəndir elmin, hikmətin,
Ən böyük sənətdir, sənin sənətin!

Bütün hünərinlə, əməllərinlə,
Beyninlə, qəlbinlə, od ürəyinlə,
O böyük varlığın, saf diləyinlə,
Əməliyyat cihazın kəşflərinlə,
İnsana, xəstəyə xidmət edirsən!

Bəzən saatlarla fikrə gedirsən,
Dörd fəsil keçirir bir anda için,
İnsanı həyatda yaşatmaq üçün!
Deyirsən elmdir, dünyanın varı,
Bu həyat unutmur yaradanları!


Tofiq SALEH,
Bakı, 25 noyabr 2023-cü il.
17-03-2024, 07:28
MAARIFLƏNDİRİCİ PROQRAMLAR  ÇOXALDILMAlIDIR


MAARIFLƏNDİRİCİ PROQRAMLAR ÇOXALDILMAlIDIR

Dördüncü hakimiyyət adlandırılan informasiya kanallarımızın fəaliyyəti dövlətçilimiyizin möhkəmləndirilməsinə, ölkə başçısının xarici və daxili siyasətinin kütlələr arasında yayılmasına xidmət edən məzmunlu verilişlər hazırlayaraq nümayiş etdirir. Ölkə prezdentinin neqativ halların aradan qaldırılması istiqamətində həyata keçirdiyi siyasətin işıqlandırılmasında müstəsna rol oynayır. Lakin onların bu fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. Neqativ hallara qarşı mübarizəni təkcə ölkə prezdentimi həyata keçirməlidir? Bəs informasiya kanallarının ölkə prezdentinə dəstəyi nədən ibarətdir? Yerlərdə neqativ halların üzə çıxarılıb islah edilməsində informasiya kanallarının rolu əvəzsizdir. Artıq buna münbit şərait də yaradılmışdır. Telekanalların maarifləndirici fəaliyyətini də qənaətbəxş hesab etmək olmaz. İşıqlandırılmasına ehtiyac duyulan nə qədər problemlərimiz var. İnsanların siyasi mədəniyyətinin artırılması, ekoloji, hüquqi, iqtisadi, pedaqoji biliklərin artırılmasına yönələn yüzlərlə teleproqromlar hazırlamaq mümkündür. Dünya səmasını qara bulud kimi bürüyən quş qripi, donuz qripi, ebola, koronavirus bəlaları məhz ekoloji maarifləndirmənin kafi olmadığını göstərir. Bu kimi problemlərin həll edilməməsi və bu istiqamətdə maarifləndirici proqramların həyata keçirilməməsi bugünkü faciələrin meydana gəlməsinə səbəb olmuşdur. Hüquqi biliklərin geniş yayılmasına da böyük ehtiyac var. Hüquqi biliklərin zəif olması ucbatından insanlar bəzən özü də dərk etmədən hüquqazidd hərəkətlərə yol verir. Bu da onları məhkəmə salonlarına aparıb çıxarır. Bazar iqtisadiyyatı şəraitində insanların iqtisadi biliklərinin də artırılmasına ehtiyac duyulur. Yeni iqtisadi şəraitdə rəqabət anlayışını aydın təsəvvür etməyən iş adamları bazar iqtisadiyyatının əxlaqi dəyərlərinə əməl etməyərək səhvlərə yol verir. Bəzən cinayətə də əl atırlar ki, bu da iqtisadi qanunların tələblərinə uyğun gəlmir. Bu gün insanların siyasi cəhətdən maarifləndirilməsinə də ehtiyac duyulmaqdadır. Türk dünyasının dahi mütəfəkkirləri Əl-Fərabi, İbn Sina, Nəsrəddin Tusi, Əli Xınalızadə, Ziya Göyalp siyasi mədəniyyəti dövlət əxlaqı kimi şərh edərək, hamını onu mənimsəməyə səsləyirlər. Bu xüsusda Nəsrəddin Tusi özünün “Əxlaqi-Nasiri” əsərində yazır:
“Ünsiyyət və əlaqə yalnız o zaman baş tutar ki, nəyin nizama aparıb çıxaracağını, nəyin pozğunluğa səbəb olacağını, hər kəslə təkbətək necə davranmaq lazım olduğunu öyrədən elmi yaxşı biləsən. Bu elm ictimaiyyət elmidir. Deməli, hamı bu elmi öyrənməyə səy etməlidir ki, fəzilət sahibi olmağı bacarsın; əks halda rəftar, müaşirət və davranışda səhvlərə yol verilər, dünyada qanunsuzluqlar olar.” (s.177)
Telekanallarımızda elmi biliklərin geniş təbliğinə də ehtiyac duyulmaqdadır. Tarixin bütün dönəmlərində görkəmli alimlər, şairlər insanların elmi biliklər əldə etməsinin vacib tələb olduğunu qeyd etmişlər. Türk xalqının böyük oğlu Əl-Fərabi (IX əsr) elmi biliklər əldə etməyi insanları xoşbəxtliyə aparan yol kimi qiymətləndirmişdir. O, özünün “Sosial-etik traktatlar ” əsərində mənasız müharibələri, çəkişmələri, şər əməlləri yox etmək üçün insanları maarifləndirməyə səsləmiş, bilik və fəaliyyətin uzlaşmasını vacib şərt hesab etmişdir. Dahi Nizami də oğluna nəsihətində elmi biliklərlə ucalmağın mümkün olduğunu söyləmişdir. Təəssüflə qeyd etmək lazımdır ki, son illərdə elmi bilikləri kitablardan əldə etmək unudulmuşdur. Bu boşluğu doldurmaq üçün telekanallar qarşısında həlli gözlənilən problemli vəzifələr var. Elmi biliklərin insan həyatındakı rolunu göstərmək üçün daha bir tarixi fakta müraciət etmək yerinə düşərdi. Əhəmənilər imperiyasının banisi II Kir (e.ə. 600-530) ətraf dövlətləri zəbt edir, lakin Lidiya deyilən bir ölkəni tutmağa nail ola bilmir. O, vəzirinə müraciət edərək, onun məsləhətini dinləyir. Vəzir deyir: Bu dövlətin sakinləri hərb elmini çox yaxşı bilirlər. Onları ticarətə və saz çalmağa alışdırmaq lazımdır ki, elmdən uzaq düşsünlər. O zaman sən öz məqsədinə nail ola bilərsən.
Bədnam qonşumuz ömrünü çoxdan başa vurmuş Metsamor atom-elektrik statnsiyasının ətəyindən bərk-bərk yapışır ki, bəlkə əllərini atom silahına çatdırıb türk dünyasını məhv etsin. Bununla kifayətlənməyən bədnam qonşumuz indi də kosmosda əməkdaşlıq etmək üçün onlarla dostluq edən dövlətlərlə saziş imzalamaq niyyətindədir. Bunun üçün işçi qrupu da yaradılmışdır (RBK kanalı, Subtrasiya 28.04.2021, saat 09:00da). Bu əməkdaşlığın arxasında nəyin gizləndiyi hamıya aydındır. Telekanallarımızda maarifləndirici layihələrə nadir hallarda rast gəlmək mümkündür. Yüzlərlə maarifləndirici verilişlərin efirə çıxmasına böyük ehtiyac var.
Sovetlər birliyi dövründə Azərbaycan televiziyası yuxarıda göstərdiyimiz problemlərə dair hər il yüzlərlə proqromlar nümayiş etdirərək, xalqımızı elmi biliklərlə silahlandırmışdır. Həftədə bir neçə dəfə ayrı-ayrı fənlər üzrlə teledərslər həyata keçirilirdi. Bunu yenə də həyata keçirmək telekanalların müqəddəs borcudur. Elmi-tədqiqat institutları, ali məktəblər yuxarıda göstərdiyimiz problemlərə dair yüzlərlə lahiyələr hazırlayıb efirə çıxa bilərlər. Sadəcə olaraq bunu onlardan tələb etmək lazımdır. Xalqın gələcəyini düşünmək hər bir ziyalının müqəddəs borcudur.

Kərim MƏMMƏDOV,
pedaqogika üzrə elmlər doktoru, professor.

16-03-2024, 22:53
Bütöv Azərbaycan sevdalıları bir arada


Bütöv Azərbaycan sevdalıları bir arada

Bu gün “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi qərargahının bir özgə növrağı vardı. Cənubi Azərbaycanın inqilabçı övladlarının davamçıları ilə Şimali Azərbaycanda doğulub Bütöv Azərbaycan uğrunda çarpışan Vətən övladları bir arada idilər. Qadınların bayramı ilə “Novruz”u bir arada qeyd edən həmvətənlərimizə xaricdə yaşayan güneyli soydaşlarımız da qoşulmuşdu. Filologiya elmləri doktoru, professor Rafael Hüseynovun da bu təntənəyə qatılması tədbir iştirakçılarının ovqatını xüsusilə yüksəltmişdi.

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri Firidun İbrahimi qonaqları salamlayıb hər iki bayram münasibətilə təbrik etdi. 21 Azər hərəkatının iştirakçısı və şahidlərindən olan Adilə xanım Çernikbülənd Millət Vəkili Rafael Hüseynova plaket təqdim etdikdən sonra AMEA Şərqşünaslıq İnstitutu, Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə professoru gənclik illərindən tanıdığını bildirdi və onun Millət qarşısındakı xidmətlərindən, Cənubi Azərbaycanla bağlı tədqiqatlarından, hazırladığı verilişlərdən danışdı.

Rafael Hüseynov həcmcə balaca, mahiyyətcə böyük olan bu müqəddəs məkandan neçə-neçə fəadailərin keçdiyini xatırlatdı. Azərbaycanın tezliklə bütövləşəcəyinə əminliyini bildirdi. Tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirdi.
“İranlı Mühacirlər Cəmiyyəti”nin işində fəal və sədaqətlə çalışanlar təltif olundular. “Novruz” süfrəsi arxasında davam edən məclisi Tahirə Muradova öz şən nəğmələri ilə rövnəqləndirdi.
P.S. Növbəti buraxılışlarımızda təltif olunanlarla bağlı ayrı-ayrılıqda informasiya verəcəyik.








����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!