Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
15-07-2024, 14:35
DİM abituriyentlərə xəbərdarlıq etdi


DİM abituriyentlərə xəbərdarlıq etdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda diqqət yetirilən əsas məqamlardan biri də imtahan prosesinin şəffaflığının təmin edilməsidir.
Bu barədə DİM imtahan iştirakçılarını tələb olunan qaydalarla bağlı diqqətli olmağa çağırıb.
“Bütün imtahan iştirakçıları üçün lazımi şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin maraqlarının qorunması və ədalətli seçimin təmin edilməsinə yönəldilir.
Ancaq, təəssüf ki, tez-tez mobil telefonla imtahan binasına daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə və digər qayda pozuntularına rast gəlinir. Dövlət İmtahan Mərkəzinin bütün xəbər və məlumatlarında neqativ hallar dəfələrlə ictimaiyyətin diqqətinə çatdırılsa da, bu tip qayda pozuntuları yenə də təkrarlanmaqda davam edir”, - DİM bildirib.
Mərkəz qeyd edib ki, dünən keçirilən imtahanlarda üç nəfərdə mobil telefon aşkar olunub.
Görüntülərdən də aydın oldur ki, bir imtahan iştirakçısı öz mobil telefonunu ayaqqabısının altında gizlətməyə cəhd göstərib:
“Bir daha imtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, istər girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan, istər imtahan zalında üzərində telefon aşkarlanan, istərsə də digər qayda pozuntularına yol verən şəxslərin nəticələri ləğv olunur və onlar müsabiqədə iştirak etmək şanslarını itirirlər”.
DİM imtahan iştirakçılarına müraciət edərək tələb olunan qaydalarla bağlı diqqətli olmağa çağırır, həmçinin valideynlərdən xahiş edirik ki, övladlarını imtahan binasına yola salarkən belə məqamların vacib olduğunu onların diqqətinə çatdırmağı unutmasınlar.
15-07-2024, 14:31
Mirzoyan Nyu-Yorka getdi


Mirzoyan Nyu-Yorka getdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda işgüzar səfərdədir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin mətbuat katibi Ani Badalyan qeyd edib ki, Ararat Mirzoyan BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun nazirlər seqmentində iştirak edəcək, burada ölkə hökumətinin üçüncü milli hesabatını təqdim edəcək və bir sıra görüşlər keçirəcək.
Mirzoyanın səfəri iyulun 16-da başa çatacaq.
15-07-2024, 14:19
2-ci imtahandan qovulan abituriyentin buraxılış və 1-ci cəhddəki nəticələri də ləğv edilib


2-ci imtahandan qovulan abituriyentin buraxılış və 1-ci cəhddəki nəticələri də ləğv edilib

Xəbər verildiyi kimi, dünən – iyulun 14-də I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirilib
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, 3 nəfərdə mobil telefon aşkarlandığına görə, onlar imtahandan xaric olunublar.
DİM bəyan edib ki, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunub və onlar ixtisas seçiminə buraxılmayacqlar.
Dünənki 2-ci cəhd imtahanından xaric edilən abituriyentlərdən birnin valideyni DİM-ə müraciət ünvanlayaraq, bu hadisənin 1-ci cəhd imtahanına təsir edib-etmədiyini soruşub.
Valideyn xatırladıb ki, övladı buraxılış və 1-ci cəhd imtahanında heç bir qayda pozuntusu etməyib və abituriyent hər iki imtahanda uğurlu nəticə toplayıb.
DİM isə valideynə bildirib ki, hadisə 2-ci cəhd imtahanında baş versə də, abituryentin cəzalandırılması üçün onun əvvəlki nəticələri də nəzərə alınmayacaq. Yəni qaydaları pozduğuna görə imtahandan xaric olunan abituriyent bu il ümumiyyətlə ixtisas seçiminə buraxılmayacaq.
15-07-2024, 14:11
İmran Xan və həyat yoldaşı həbsdə qaldı


İmran Xan və həyat yoldaşı həbsdə qaldı

Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xan və onun həyat yoldaşı Buşra Bibini “Toşaxana Dövlət Xəzinəsindən hədiyyə almaq üçün səlahiyyətlərindən sui-istifadə etmə” iddiası ilə bağlı yeni ittihamlarla iyulun 22-dək həbsdə saxlayıb.
Pakistanın Korrupsiyaya Qarşı Mübarizə Agentliyi olan Milli Hesabat Bürosu yeni ittihamı iyulun 13-də İslamabad məhkəməsinin Xan və onun həyat yoldaşının qanunsuz nikah hökmünü ləğv edərək apelyasiya şikayətini təmin etməsindən bir gün sonra irəli sürüb.
Cütlük iyulun 22-də məhkəmə qarşısına çıxacaq.
2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik etmiş İmran Xan 2022-ci il aprelin 10-da ona etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb. 2023-cü ilin avqustunda Xan dövlət xəzinəsində saxlanılan qiymətli əşyaların satışı ilə bağlı dələduzluq işi üzrə həbs edilib. Daha sonra ona bir sıra başqa ittihamlar da irəli sürülüb, onlardan biri məxfi teleqramın dərci ilə bağlı dövlətə xəyanətdir. Xanın apellyasiya şikayəti zamanı ona qarşı irəli sürülən ittihamların əksəriyyəti ləğv edilib, lakin keçmiş baş nazir qanunsuz nikah ittihamı ilə həbsdə qalıb.
15-07-2024, 13:29
Turanın “gündoğar qolu”


Turanın "gündoğar qolu"

Əvvəlcə Yaponların etnik və irqi kökəni ilə əlaqədar digər tezislərin mövcud olduğunu da nəzərə almalıyıq. Bu tezislər Yaponların Okeaniya və ya Cənub-Şərqi Asiya, Çin kökənli və Sarı irqdən olduqları yönündə birləşir. Bəs bu iddialar doğrudur ya yanlış?

Bir neçə yazar, Malaziya, Filippin, İndoneziya və Polineziya kimi okeaniya adalarından yerlilərin, hətta Tamil kimi hind kökənlilərin Yapon adalarına köçü ilə Yapon millətinin ərsəyə gəldiyini söyləməkdədirlər. Sansomun dediyi kimi, bu görüşün doğruluğunu isbat edə biləcək heç bir dəlil yoxdur. Ayrıca, "Təməldə Yaponlar bir qitə irqidirlər. Dilləri və fiziki xüsusiyyətləri, dəqiq olaraq onların Şimali Asiyadan gəldiklərini göstərir və coğrafi tədqiqatlar da Koreyanın onların keçiş nöqtələri olmasına işarə edir. Həqiqətən Koreyadan Yaponiyaya dağınıq bir köç tarixi zamanlarda da davam etmişdir. Şimali Asiya dediyimizdə, Çini kənarda buraxırıq. Yaponların Çinlilərə olan irqi yaxınlığı (ki bunu tez-tez eşidirik) hesaba qatılması çox az ehtimal olan şeydir" (Bax: Aston W.G.Shinto: The Ancient Religion of Japan, replicated by UT Back-in Print Service, The University of Toronto, Canada, 2001, s. 1).

Yaponların Çin və ya Cənub-Şərqi Asiya kökənli olduqları yönündəki tezislər o qədər də qüvvətli deyil. Etnik kökənin təyin olunmasında din faktoru da müəyyən rol oynamaqdadır. Yaponların milli dini olan Şintoizm, kültürəl və mədəni olaraq Türk Kam-Şaman inancına bənzəməkdədir (Bax: Bayraktar M. Türkler Ve Japonlar, Tek Ağaç Eylül Yayıncılık, 2007, s. 97). Ballou bu nüansı belə ifadə edir: "Erkən Yapon dini inanclarının ilk təməl mənbələri, Çindən ziyadə Şimali Asiyadadır." Eyni şeyi Hall da söyləyir; "Yaponlar... dil, sosial adətlər və dini inancları baxımından çox güclü bir şəkildə şimal-şərqi Asiyaya bağlıdırlar." Arxeoloji qazıntılar və tapıntılara gəldikdə isə, Yaponiyanın ön tarixinin başlanğıcı və ya miladı Komon mədəniyyəti (Comon Culture) olaraq adlanır. M.ö. 4200-250-ci illəri əhatə etmişdir. M.ö. 3-cü əsrləri əhatə edən və Komon mədəniyyətinin davamı olan mədəniyyətə isə "Yayoi mədəniyyəti" deyilir. Antik Yapon tarixinin bünövrə daşları bu iki mədəniyyətdir. İndi bu iki mədəniyyət dövrünə aid tapıntılardan elm adamlarının gəldiyi nəticələrə və fikirlərə baxaq: "Luçu adalarına qədər çatan, lakin Formosaya qədər çatmayan Komon mədəniyyəti, Cənubi Çin və Hind-Çini əhatə edən Neolit dövrü mədəniyyətlərindən ayrı bir qrupa aiddir. Beləliklə, Komon mədəniyyətinin şimal kökənli olduğunu təxmin etmək ağlabatandır, əgər belədirsə, Yaponiyadakı neolit dövrü qalıntılarına bənzərlik göstərən qalıntıların Şimali Asiya qitəsindəki bəzi bölgələrdə də tapılmasını gözləməliyik. Həqiqətdə isə belə bir bənzərlik, Koreyada olub erkən dövr neolit dulusçuluğunun bəzi ilkəl tiplərində var. Fəqət bu, Komon tipdəki dulusçuluqdan fərqli olaraq Yayoi tipdəki dulusçuluğa bənzəyir, beləliklə indilik dulusçuluğun və ya başqa daş sənətinin Yaponiyanın erkən neolit dövrü mədəniyyətinin kökəninə işıq tutmur. Sadəcə bənzətmə ilə, əgər Yayoi mədəniyyəti Koreya yolu ilə Şimali Asiya qitəsindən gəlibsə (bu hardasa dəqiqdir), coğrafi özül diqqətə alınaraq daha erkən Komon mədəniyyətinin də bənzər bölgədən gəlməsi ehtimal daxilindədir və çox güman ki, eyni yolu izləyib (Bax: Sansom G. B. Japan, A Short Cultural History, Tokyo, 1997, s. 4). Mr.Sansom Comon mədəniyyətinin köklərinin Cənubi Çin və ümumilikdə cənub-şərqi Asiyadan dəqiq şəkildə fərqli olduğunu ifadə edir və tarixdən əvvəlki Yapon mədəniyyətinin Şimali Asiya kökənli olduğunu müdafiə etməkdədir. Aradakı körpünü isə Koreya vasitəsilə qurur və tezisini Koreyada tapılmış erkən Neolit dövrü dulus qalıntılarının Comon mədəniyyətinə aid olan duluslara bənzədiyi arqumenti ilə təməlləndirir. Bənzər bir fikri Hane Mikiso da müdafiə edir. Yayoi bəzək sənətinin köklərini Altay dillərinin danışıldığı bölgədəki tapıntılarla müqayisə edir və Yaponların köklərini bura bağlayır. Koreya bağlantısını Bersihand Roger də ifadə edir və bununla kifayətlənməyib Yaponiya adalarına köç edən ilkəl qəbilələrin Ural-Altaylı və ya Altay-Tunquz kökənli olduğunu söyləyir: "Yaponiyaya ilk axının Cənubi Koreya yolu ilə olması gərəkdir... Kyüşünün şimalından girərək oradan da bütün adalara yayılmışdılar. Bu ilk gələnlər Ural-Altay və ya Altay-Tunquz deyilən xalqlardan olmuşdu. Yaponların Şimali Asiya kökənli olduqlarını doğrulayan Kaizuka deyilən tarixdən əvvəlki qalıntılar tapılmışdır". Beləliklə Yaponların Okeaniya adalarının yerlilərindən törəməsi haqqında görüşlərin yanlışlığı da dəqiqləşmiş olur. Yaponların dillərinə gəldikdə isə, türkoloq Osman Karatay bir sıra fərqlərlə birlikdə yaponcanın Altay dili ola biləcəyinə işarə edir; "Yaponca: 130 milyona yaxın insan tərəfindən Yaponiyanı oluşduran adalarda danışılan dildir. Ən qədim mənbələri Türkcə ilə eyni dövrə gedib çıxır. Bu səbəbdən, Altay çalışmalarında tarixi dərinliyin təmin olunması baxımından önəmlidir... Səs və sistemi daha fərqli olmaqla birlikdə, fonetik quruluş xüsusiyyətləri baxımından Ural-Altay bölgəsi dillərinə bənzəyir..." (Bax: Osman Karatay, Ural-Altay Kuramı, Selenge Yayınevi, İstanbul 2020, s. 47-48).

Məşhur "Dünya Tarixi" əsərinin müəllifi H.G.Wells Ural-Altay dillərindən bəhs edərkən Koreya və Yapon dillərini də zikr edir. Lakin dəlilləri yetərli görmür. Etnoqrafik araşdırmalar, Yaponların Turan ailəsinin çox erkən ayrılmış bir qolu olduğunu doğrulamaqdadır. Məşhur Yapon tarixçi Eqami Namioya görə m.s. 3-cü əsrdə Yapon adalarındakı ilk dövlət Yamoto adı altında Altaylı köçərilər tərəfindən qurulmuşdur (Bax: Ələsgər Siyablı, Dünya Tarixində Turan Dövrü, Köhlən Nəşriyyatı 2021, s. 424). Onu da qeyd edək ki, ilk Yapon imperatorunun adı türkcə olub, Meimandır (Bax: Закирьзяанов Кайрат. Под Знаком Волка, 2012, s. 141). Cənub-Şərqi Asiya və Çin tezislərini rədd edən Mr.Sansom əmin bir şəkildə Yaponların Ural-Altaylı olduğunu söyləyir: "Bu qısa xülasə, arxeoloji tədqiqatların ortaya qoyduğu kimi tarixdən əvvəlki Yaponiyanın tarixidir. Bundan, Neolit dövrünün sonuna doğru ölkənin, etnoloqlar və daha doğrusu linqvistlərə görə Ural-Altay olaraq tanınan, Finlərin, Samoyedlərin, Hunların, Tunquz qəbilələri və Monqolların da daxil olduğu xalqlar tərəfindən məskunlaşdırıldığı nəticəsinə dəqiqliyə yaxın bir qənaətə gəlirik". Mr.Vheeler isə erkən Yaponları "Türklərin əmiuşağı olan Ural Tatarı" sayır və C.K.Parkerin fikirlərinə qatılaraq Yaponları Koreyadan gələn Türkcə-Tatarca danışan işğalçılar olaraq ifadə edir: "Qəbilə adətləri, evlənmə, cənazə ayinləri, xürafələr, kahinlik üsulları, dil, fiziki ölçülər və yüzlərlə başqa şeydən ortaya çıçan ən müdafiə edilə biləcək nəzəriyyə, Yaponları, müştərək Altay qrupu deyə adlandırılan Doxanın "Şimali Himalay Mərkəzi"nə yerləşdirməkdədir. Qısaca bu qrup, ən təməldə, Mancur əkinçisinin, Monqol köçərisinin, Koreyalının, Türkün və Hunların əmisi oğlu olan bir Ural Tatarıdır. C.K.Parkerin təmsil etdiyi bir qrup elm adamı Yaponları, Türkcə-Tatarca danışan və Koreyadan gəlmiş işğalçılar hesab etməkdədir". Təsadüfi deyil ki, Sir Sykes də Yaponiyanı bir "Turan dövləti" hesab edir. Qısaca; Yaponlar və Türklər əmioğludur. Qohumdur. Eyni ulu ağacın kökləri birləşən iki ayrı budağıdır.

Nağıbəyov Məmmədtağıbəy

15-07-2024, 11:29
Şəhidlər


Şəhidlər

Şəhidlik zirvəsi uca zirvədir
Hər kəs o zirvəyə ucala bilməz!
Şəhid olan kəsin yeri cənnətdir
Hər bir kəs cənnəti qazana bilməz!

Şəhid olmaq yaşamaqdır məncə,
Hər şəhid yaşayır gizlin ürəkdə.
Şəhidləri anmaq şərəfdir məncə,
Şəhidlər əbədi yaşar illərlə...

Şəhidlik tələbi qeyrətdir əlbət
Hər kişi qeyrətli olmazdı gərçək!
Silah tutmayan əl böyük qəbahət
Kaş cəsarətlə dolu olsun ürək!

Onlar bizə görə candan keçdilər,
Qorxmadan baxdılar düşmən gözünə.
Biz rahat torpaqda yaşayaq deyə,
Onlar torpaq üçün qurban getdilər.

Ağlama, ey gözəl şəhid anası
Ağlama, balaca şəhid balası
Ağlama, şəhidin igid atası
Dik dur, gözü yaşlı şəhid xanımı.

Arzusu yerinə yetən şəhidim,
Qarabağı azad edən şəhidim.
Səni unutdurmağa çalışsalar da
Bizlər unutmarıq səni şəhidim!

Tovuzda Poladın cəsarəti var,
Cəbrayılda Xudayarın səsi var.
Laçında Həmidin ayaq izi var,
Şuşada Elgünün şücaəti var.

Mənim igid, nur üzlü şəhidlərim,
Allah sizlərə rəhmət eyləsin.
Ayselin ürəyi, can şəhidlərim,
Allah ailənizi xoşbəxt eyləsin!

Aysel Aslanova
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi
15-07-2024, 10:04
BÜTÜN FÜRSƏTLƏR INDIDIR…


Qəzetimizin qonağı

BÜTÜN FÜRSƏTLƏR INDIDIR…


Hörmətli “Butov Azərbaycan” qəzetinin oxucuları, budəfəki qonağımız Özbəkistan Psixoloqlar Assosiasiyasının üzvü, praktik psixoloq, teleaparıcı
Barno İlhomovadır. Söhbətimiz uşaq psixologiyası və ona mənfi təsir göstərən amillər, eləcə də vaxtın düzgün idarə edilməsi haqqında oldu.
— Söhbətimizə psixologiya və onun vacib tərəflərindən başlayaq...
— Psixologiya psixi-ruh, məntiq elm deməkdir. Yəni psixika ilə məşğul olan elmdir. İnsan ruh və bədənin vəhdətindən ibarət bir varlıqdır.
Deməli, bədəni nə qədər yaxşı tanısaq, bir o qədər özümüzə fayda, bir o qədər az zərər görəcəyik. Ruhla da eynidir. Hər bir insan özünü nə qədər yaxşı tanısa, özünəməxsus xüsusiyyətlərini bir o qədər yaxşı başa düşsə, bu, ona bir o qədər çox imkanlar verir. Buna nail olmaqda psixologiya çox vacibdir. Ən böyük qələbə insanın öz üzərində qələbəsidir!
—Bəzi valideynlər övladlarının maraq və istəklərinə əhəmiyyət vermir, onları öz seçdikləri peşəyə, sahəyə yönəldirlər. Bu nə dərəcədə doğrudur, uşağın psixikasına hansı mənfi təsiri var?

—Bəzi valideynlər həyata keçməyən arzularını övladları vasitəsilə həyata keçirmək istəyirlər. Bu, uşağa edilən ən böyük pisliyə bərabərdir.
Uşaq valideynlərinin fikrini dəyişə bilməz, ona görə də onların xoşuna gəlmək üçün öz arzularından, bacarıqlarından imtina etməkdən başqa çarəsi yoxdur.
Şəxsiyyətini tapmaq üçün mübarizə aparır, itib gedir. Nəticədə depressiya, özündən narazılıq, tərəddüd, özünəinamın aşağı olması, özünə şübhə, həzz və həzzin itirilməsi kimi psixikanın dar küçələrində dolaşmağa məcbur olur. Nəticədə o, valideynlərindən inciyir. Ancaq heç bir uşaq valideynlərinə (şüurlu və ya şüursuz) küsməyə icazə vermir, bunu qadağan edir.
Bu vəziyyətin həlli olaraq o, şüursuz olaraq insanlara, ətrafa, vəziyyətlərə, dünyaya, həyata, hər şeyə qarşı inciklik və narazılığı seçir. Nəticədə əsəbilik, qıcıqlanma, başgicəllənmə kimi zərərli qüsurlar əmələ gəlir. Konfutsinin dediyi kimi: “Əgər sevdiyiniz işlə məşğul olsanız, deyə bilərsiniz ki, mən həyatımda bir gün də işləməmişəm”.
Özünüzdən nəticə...
— Problemlərin qarşısının alınması, çətin tərbiyə olunan uşaqların aktiv həyat tərzinə qaytarılması üçün hansı tədbirlər görülməlidir?
— Düşünürəm ki, problemlərdən qaçmağın ən yaxşı yolu şəxsi nümunədir.
Təhsili korlanmış uşaqlara kömək etmək üçün tənqid, döymək, cəzalandırmaq, ayırmaq, arxasınca getmək, başqaları ilə müqayisə etmək, ayrıseçkilik kimi dağıdıcı davranışlardan əl çəkməyin tərəfdarıyam.
— Gənclərin əksəriyyəti qərarsızdırlar və konkret istiqamət seçməkdə çətinlik çəkirlər. Özünə inam və qətiyyət hisslərini inkişaf etdirmək üçün nələrə daha çox diqqət yetirmək lazımdır?
—Həyatda ən çətin şeylərdən biri seçim etməkdir, düzgün seçim etmək isə ondan da çətindir. Uşaqlıqda indi nə yeyirsə, sonra nə geyinirsə, böyüklər diktə edir. Seçmək hüququ verilməyən uşaq seçmək bacarığına yaxşı yiyələnə bilmir. Və vaxt tez keçir. 14-15 yaşına çatana qədər həyatında nə istədiyi soruşulmayan uşaq, şübhəsiz ki, məyus olacaq! Amma bunu başa düşməyən böyüklər onu tərəddüddə, boşluqda, tənbəllikdə ittiham edirlər. Ay “böyüklər”, özünüz də güzgüyə baxın, çünki övladınızın davranışı sizin ona olan rəftarınızın, münasibətinizin nəticəsi və ya nəticəsizliyidir!
—Tənbəllik, tənbəllik kimi qüsurların yaranmasının qarşısını almaq üçün hansı tövsiyələri verirsiniz?
—Tənbəlliyin, laqeydliyin kökündə güclü tənqid dayanır. Əgər uşaq gördüyü işə görə daim tənqid olunur, danlanır və ya müqayisə edilirsə, o zaman uşaq mənfi emosiyalar yaşayır. Xroniki neqativ emosiyalardan bezən şüuraltı müdafiə mexanizmini əmr edir: heç nə etməyin! Çünki onsuz da yeyə bilməzsən! Sən bilmirsən! Sonda ancaq tənqid və məzəmmət eşidəcəksiniz! Ona görə də sus, hərəkət etməsən sənin üçün daha yaxşıdır. Əgər işləməsən, səhv etməyəcəksən. Beləliklə, pis bir şey eşitməyəcəksiniz. Mənfi emosiyaların doğulmadığına dair anlayışlar uşağın beyninə yerləşib.
— Gənc tələbələrin internet oyunlarına aldanmaması, informasiya hücumlarına məruz qalmaması üçün nələrə diqqət etməliyik?
—Valideynlər ilk növbədə telefonlarını tək qoyaraq evdə uşağa diqqət yetirməyə başlamalıdırlar. Quş yuvada gördüyünü edir! Bundan əlavə, uşağa alternativ fəaliyyət təklif etmək, onu tapdıqdan sonra onun həmin işlə məşğul olması üçün şərait, vaxt, pul təmin etmək lazımdır və ilk növbədə valideynlər özləri ona dəstək olmalıdırlar.

—Məktəb dərsliyinə psixologiya ayrıca fənn kimi daxil edilsə, müsbət dəyişikliklər, artım olacaqmı?
—Düşünürəm ki, məktəb proqramına praktik psixologiya saatlarının salınması, uşaqların psixikasını öyrənməsi, özünü reallaşdırması, öz üzərində işləməsi üçün praktiki fəaliyyətlərin tətbiqi yaxşı nəticə verəcək. Mən hesab edirəm ki, psixologiya dərsliklərindən elm kimi yox, praktika kimi istifadə olunsa, daha faydalı olar.
— Gənclərdə özünü idarə və inkişaf neçə yaşdan başlayır?
3 yaşından etibarən şəxsiyyəti ifadə edən və təsdiq edən davranışlar meydana çıxmağa başlayır. Valideynlərin ilk növbədə insan psixologiyası, onların psixoloji xüsusiyyətləri, özəllikləri, cins fərqləri, yaşla bağlı ümumi bilikləri uşağa düzgün və sağlam yanaşma imkanı yaradır.
— Uşaqlara dünyagörüşünü və təfəkkürünü yaxşılaşdıran fəaliyyətlər haqqında məlumat versəniz.
4-6 aylıq yaşdan başlayaraq incə motorika, eşitmə, görmə, dəri vasitəsilə hiss etmə bacarıqlarına diqqət yetirmək lazımdır. Uşaq bizi bizim kimi başa düşmür, lakin kifayət qədər vaxt, məhəbbət və diqqət ayrılan uşağın inkişafı yalnız əmzik əmməklə və ya qacetlərdə cizgi filmlərinə baxmaqla qidalanan uşaqlardan açıq şəkildə fərqlənir. 3 aylıqdan yetkinliyə qədər uşağınızla mütəmadi olaraq danışın, gözləriniz qovuşsun, öyrətsin, dinləyin, birlikdə oynayın, dərs hazırlayın, gəzintiyə çıxın, oxuyun, öyrənin, sual verin, inkişaf edin.
— “Butov Azərbaycan” qəzetinin oxucularına arzularınız.
— Mütaliə hər zaman yol yoldaşınız olsun! Oxuyun və mütləq oxuyun! Oxuduqlarınızın zarafat olmasını istəmirsinizsə, oxuduqlarınızı mütləq həyata keçirin! Sabah sözünü unudun! İndi başlayın! Bu günün işini sabaha qoyma!
Bütün fürsətlər indidir, sabah heç vaxt gəlməyə bilər və gecəni geri qaytarmaq olmaz!

Maraqlı söhbətinizə görə təşəkkür edirik!

Söhbətləşdi: Cihangir NOMOZOV
“Bütöv Azərbaycan”ın Özbəkistan təmsilçisi





15-07-2024, 09:53


Onun kəlağayı sevgisi


Onun kəlağayı sevgisi

GÜLLÜ ELDAR TOMARLI – KƏLAĞAYINI URVATDA TUTAN XANIM

Bəllidir ki, hər kəs bu dünyanı fərqli düşüncələrlə görür. Kim maddi, kim mənəvi, kim isə elmi nailiyyətlərinin gücü ilə həyatın inkişafını çiyinlərində daşıyır. Seçimimiz həm də ruhumuza, tərbiyəmizə bağlıdır.
Haqqında yazmaq istədiyim insanın bir dəqidə belə boş vaxti yoxdur. Elə hey tədbirlərdə, ictimai fəallığındadır. Özü də bunu poetik dillə etiraf edir:
Zəmanə çağırır, yığnağa çəkir,
El-oba arxadan qınağa çəkir.
Bu necə qismətdi deyə bilmirəm,
Deyən, tale məni sınağa çəkir.

Hər kəsə üzü gülər, könlü açıq bir soydaşımızdır Güllü xanm. Əsl Azərbaycan qadınıdır. Belə insanlara seçilmişlər deyirlər, mənə görə onlar enerjilərini son damlasına qədər xərcləyən, müqayisə olunmayan zəhmətkeşlər, fədakarlardır.
Güllü Eldar Tomarli 1969-cu il iyulun 13-də Gürcüstanın Rustavi şəhərində anadan olub. Soykökü Qazaxın İncə dərəsinin Kəmərli kəndindəndir. Rustavi şəhərinin 7 saylı məktəbində təhsil alib. Gənc yaşlarından yazıları ilə Rustavi şəhər nəşriyyatlarında çıxış edib.
Haşiyə: Ona inam, ümid verən bir hadisədən yazmaq istərdim. Orta məktəb şagirdi olarkən tanınmış şairləri, ədəbi mühitin nümayəndələrini məktəbə dəvət edərək tədbirə hazırlaşır. Tədbirin vaxtından xeyli keçir, amma qapıda kimsə görünmür. Güllü çarəsiz qalıb ağlamağa başlayır. Bir az da keçir, anasını qapıda görür. Təəccüblənərək sakitləşir. Anasının tədbirdən xəbəri yox idi, sonra eşitmişdi. Bir müddətdən sonra məktəb qapısında maşınlar ğörünür və tədbir başlayır. Anasının tədbirə qəfil gəlməsi və ədəbi mühitin diqqəti ona güvən verir. O zamandan onun özünə məxsus maraqlı, bənzərsiz həyat səhifələrı başlayır. Rustavi Azərbaycanlıları Mədəniyyət mərkəzinin idarə heyətinin üzvü, qadınlar şurasının sədri, gürcü qəzetlərinin Azərbaycan üzrə xüsusi müxbiri, “Aşıq Pəri” məclisinıin sədr müavini, mətbuat katibi olub. Güllü xanım “Beləcə qal, nolar, könlüm”, “Bir az sazdan, bir az sözdən”, “Aşıq Pəri” inciləri tərtıbatçısı Aida xanım” kitablarının müəllifidir.
Güllü xanım artıq uzun illərdir Azərbaycanda, Bakidadır və burda fəaliyyətini davam etdirir. Şeirlərindən birində yazır:
Muraz verdi əzəldən bu yurd mənə,
Yollar açdı dağlarda boz qurd mənə,
Güllü bilər, yaxın düşməz dərd mənə
Anam dedim, Vətən dedim bu yurda.


Mübaliğəsiz demək olar ki, Ğüllü xanım ölkəmizin ədəbi-mədəni hadisələrinin dayaq nöqtəsindədir. Bu xanımın fəaliyyətini izləməyə imkan tapmırsan. Gürcüstanın, Təbrizin, Türkiyənin, Orta Asiyanın ədəbi mühitini bizlərə tanıdır. Həmçinin, bizim şairlərin də şeirlərinin özbək, gürcü və s. dillərə tərcüməsinin təqdimatını aparır. Bundan əlavə, o, daşnak terroristlərinin rejiminə qarşı mübarizəyə qatılan qaçaq həyatı sürən insanların həyatından bəhs edən Alı Kavkazyalının “Qartallar sınır tanımaz” kitabının təqdimatını keçirib. Şairə, publisist, Azərbaycan Yaziçilar Birliyinin, Aşıqlar Birliyinin, Jurnalistlər Birliyinin üzvüdür. Güllü xanım Dərviş Osman Əhmədoğlunun “Mən Borçalıda qaldım” kitabının redaktoru, Maksim Sarıqayanın “Göyçə həsrətli bir ömür”, Əhməd Qəşəmoğlunun “Eşqdən o yana bax”, Aqşin Əlikərimlinin” Təbrizdən Təbrizə təqdimat”, Səfər Boluşlunun “Məndən” və sair sənət adamlarının şeir kitablarının təqdimatlarını aparan və öz ifasında şeirlərdən parçalar da səsləndirəndir.
İllərdir ki, o, “Mirvarid Dilbazi Poeziya Məclisi” ictimai birliyinin sədridir. Mən də, arada bir o məclisin tədbirlərinə gedirəm. Amma ora necə düşdüyümü heç özüm də bilmirəm. Sadəcə sevinirəm ki, xalqın yaratdığı folklor nümunələrindən bəhrələndim. Çox vaxt tədbirlər onun Əhmədlidə yerləşən evində keçirilib. Sonralar tədbirlər üçün Güllü xanıma müxtəlif məkanlar qapı açdı. “Ev ofisi” isə öz yerində. Ora həm də Kəlağayı muzeyidir.
Mirvarid Dilbazi poeziya məclisində unudulmaz şairənin yaradıcılığı ətraflı təblığ olunur. Məclis folklorumuza, ənənələrimizə, xüzusi ilə aşıq yaradıcılığına güzgü tutur. “Dədə Qorqud” ictimai birliyinin sədri Xətai bəy məclisin daimi qonaqlarındandır. Şairlər, təşkilat nümayəndələri, rəssamlar, aşıqlar Güllü xanımın məclislərinin daimi qonaqlarıdır. Aşıq Gözəl Kəlbəcərlinin səsi bizi dağların çiçəklərinin ətrinə, sazı ozanların əks-sədasına kökləyirdi. Poeziya məclisinin idarə heyətinin üzvü Vüsal Seyranoğlunun xidmətını qeyd etməmək mümkün deyil. Tədbirlər M. Dilbazinin, Dədə Ələsgərin, Səməd Vurğunun Vətənimizi tərənnüm edən şeirləri ilə başlayırdı. Uzaqdan, yaxından gələn hər kəs özündə ruh dincəlişi tapırdı.
Mirvarid Dilbazi yaradıcılığının bu günkü oxuculara daha əlçatan olması ilə əlaqədar təşəbbüslər göstərərək şeirlərini ədəbiyyat nümayəndələri ilə birlikdə “Bənövşələr üstə göz yaşı” və “Öz içindən yanan bir ocağam mən” kitablarının latın əlifbasına çevrilməsinə nail olub. İctımai birliyin üzvləri ilə Qocalar evində konsertlərlə çixiş edirlər, çoxlu sayda şəhid tədbirləri keçirilir. Rəssam Gülnarə Məmmədova da Azərbaycanın uzaq bölgəsindən gələrək, çəkdiyi şəhid portretlərini, yaradıcı insanların rəsmlərini tədbir iştirakçilarına nümayiş etdirir.
Güllü haqqa olmaz əvəz,
Yurd verilməz, yurd bölünməz
Şəhid olan vallah ölməz,
Ağlama, şəhid anası.

Güllü xanımın ideyalarla dolu həyatı mənəvi harmoniyasına bağlıdır. Səmimi, olduqca diqqətli, ailə dəyərlərinə qiymət verən fəal Azərbaycan qadınıdır. O, II Türk Dünyası simpoziumunun iştirakçısı olub. II və III Türk Dünyası ədəbiyyat və kitab festivallarında ıştırakçı, moderator olub. Güllü xanım sabaha inamla, həyat yanğısı ilə yaşayır. Bir ğün nənəsinin ona verdiyi noxudu kəlağayını başına örtərkən fikrə gedir:
“Bəlkə yüz illərin yadiğarı olan kəlağayının təbliğatına başlayim?” Tərəddüd içərisində qalır. Əvvəlcə bu ideyanın reallığı onda şübhələr yaradır. Həyəcan dolu günləri başlanır. Evində şəxsi Azərbaycan Kəlağayı Muzeyi yaradır. Teleçəkiliş qrupları, qəzet müxbirləri bu ünvandan o qədər reportajlar hazırlayıblar ki!..

Azərbaycan qadınının bir ovuca yerləşən, amma içi dolu eşqi, isməti, mərhəməti, məharətı, qüssəsi, mərdliyinin rəmzi olan kəlağayı -şahanə baş örtüyümüz! Əğər kəlağayı bu günə qədər qorunub saxlanıbsa, bu Azərbaycan qadınının ruhunun, gözəlliyinin rəmzi, mənəvi qüvvəsinin təzahürüdür. Azərbaycan kəlağayısının təbliğatı elimizi bürüdü. Bu təşəbbüs kəlağayı haqqında olan təsəvvürümüzü təşkil olunan tədbirlərlə büsbütün dəyışdi. Azərbaycanın, demək olar ki, bütün bölgələrində keçirilən sazlı-sözlü kəlağayı tədbirləri el bayramına çevrildi. Bədii təfəkkürün məhsulu kəlağayımızda kökümüzün ruhu olan dühalarımızın – Nizami Gəncəvinin, Pənahəli xanın, Nəsiminin, Qasım bəy Zakirin, Abbas Tufarqanlının, Aşıq Ələsgərin, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Səməd Vurğunun portretləri yaradıldı. 54 üsulla əmələ gələn kəlağayıda yaranan portretlər milli-mənəvi dəyərlərimizə böyük töhfədir. Azərbaycan kəlağayısı millətləri, müxtəlif sənət adamlarını birləşdirdi.
Güllü xanım Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqələrində qalib olaraq iki kitab ərsəyə gətirdi. Kəlağayı haqqında 76 şeir toplanmış kitab Dədə Ələsgərə istinadən “Kəlağayı əlvan qıyqacı” adı ilə nəşr edilib. İkincı kitabı “Azərbaycan kəlağayısı min illərin yadigarı” da bizlərə gözəldən-gözəl töhfədir. Bu uğurlar Güllü xanıma dövlət tərəfindən göstərilən diqqət və qaygının təzahürüdür. O, dayanmır, yenə ruhundan qaynaqlanır. Kəlağayı Güllü xanım üçün əfsanəvi baş örtüyü idi. O, artıq kəlağayı simvoluna çevrilmişdir.
Azərbaycanın müxtəlif bölgələrindən olan qadınlar Güllü xanımın ətrafına toplandı. Onlar yetərli kəlağayı qrupu təşkil etdilər. Qrup isti bir ailə ocağına çevrildi. Və aşkara çıxara bilmədikləri istedadlarını güvənli şəkildə biri-biriləri ilə bölüşməyə başladılar. Bu gün qrupu şairlər ocağı adlandırmaq olar. Hər bir xanım bacardığı qədər kəlağayını şeirlərində yaşatmaq həvəsindədir və çox istedadla Azərbaycan qadınının əfsanəvi baş örtüyünü mənəvi düşüncələrindən süzərək şeirlər məcmuəsinə çevirir. Şeirlərdə sevgi, həyəcan, həyat bilğiləri, talelər, insan xarakterləri əks olunur. Xanımların biri-birinə isti münasibətləri, kəlağayıya olan sevği şeir kitablarına həvəsi artırmağa başladı və nəticəsi yeni kitabların yaranması oldu. “Anam kəlağaydı, kəlağay anam” və “Anam kəlağaylı bir muğam idi” adlı kitabları işıq üzü gördü. Bu kitablarda Güllü ocağına yığılan xanımların duyğu və düşüncələri ipə-sapa düzülüb. Onlar-Brilyant Atəş,Yeganə Məmmədova, şairə, publisist Sevil xanım., Arzu Yaqubqızı, Könül İbrahimsoy, Sevda Səfərli, Adilə Nəzər, Şölə Cəlilə Məmmədova, Həvva Nazim, Mərziyə Sarvan, Məhluqə Gədəbəyli, Aliyə Rzayeva, Ağaminə xanım, Əzizə xanım, Xədicə xanım şeirləri ilə bizi dünyanın gözəlliklərinin seyrinə aparır.
Prezident təqaüdçüsü Tərlan xanım Musayeva, Hənifə xanım, Kəmalə xanım, Fatimə xanım, Yasəmən xanım, Lilpar xanım tədbirlərin fəal iştirakçılarıdır. Sadaladığım xanımların əksəriyyəti Azərbaycanın bütün bölgələrində keçirilən kəlağayı təbligatı tədbirlərində Güllü xanımın yanında olublar. Şəhidlərin ana və bacıları da qrupun üzvü kimi keçirilən tədbirlərdə iştirak edərək təsəlli tapırlar. Bu mənəvi qadın ordusunu birliyə gətirmək

Güllü xanımın əvəzsiz zəhmətidir.
Hər dəfə tədbir üçün lazımı ləvazimatları daşımaq, üstəlik 50 kəlağayı ilə məkanı bəzəmək və s. böyük zəhmət tələb edir. Bir dəfə tədbirdən sonra kəlağayiları toplayarkən Güllü xanım dedi bükməyin onu səhərə qədər oturub kitab formasında bükəcəyəm. İki il ərzində fasiləsiz o, bu işləri görürdü. Və nəhayət, 27 aprel 2024-cü ildə Azərbaycanda ilk dəfə möhtəşəm sazlı-sözlü kəlağayı festivali keçirildi.
Xanımların yaradıcılığına diqqət də davam edir. Bu yaxınlarda Güllü xanımın təşkilatçılığı ilə şairə, publisist Brilyant Atəşin “Nənəmin kəlağayısı”, Arzu Yaqubqızının “Nağıl kəlağayım, sirr kəlağayim” adlı şeir kitablarının təqdimatı keçirildi.
Neçə vaxtdır Gülllü xanım narahatdır. Yenə iç boğçası açılır. Muzeyi təsəvvüründə al-əlvan rənglərdə görür və Qurama toxunuşuna başlayır. Çox maraqlı əl işləri ilə bu ilin iyun ayının 20–21-i İçərişəhərdə keçirilən Beynəlxalq Qurama Festivalına dəvət alır.
İftixarla deyim ki, kəlağayı 2014-cü ildə UNESCO-nun geyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilmişdir. Güllü xanım kəlağayı təbliğatını ictimaillət arasında elə ürəkdən aparır ki, sazla-sözlə elə vəsf edir ki, artıq qadınlarımız kütləvi şəkildə kəlağayı örtməyə başlayıblar.
Güllü xanım torpağına, millətinə sonsuz sevgi ilə yaşayır. Ailəsinə də tövsiyəsi budur. Bu baxımdan oğluna müraciəti maraqlıdır:
Sevgi qapısına ol açar, oğlum.
O yolu getməyi düz bacar, oğlum.

Azərbaycana sevgi ilə baxan, onu gözəl görmək istəyən Güllü xanımı 55 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.
...İki ilə yaxın fasiləsiz davam edən tədbirlərin birindən çıxarkən ondan soruşdum ki, artıq kəlağayı mövzusu bitdimi? Hələ indi başlayıram,-dedi.
Yolunuz açıq olsun Güllü xanım!
Natəvan ƏLİYEVA,
“Ailələrə Dayaq” xeyriyyə ictimai birliyinin sədri



15-07-2024, 09:35
Yaxşılığın və yaşıllığın Azərbaycan modeli


Yaxşılığın və yaşıllığın Azərbaycan modeli

Ətraf mühiti sərvət bilən dövlətimizin ekoloji siyasətinin ana xəttində hər zaman bu prinsip əsas meyar olub. Doğrusu, bu sənə “Yaşıl dünya naminə həmrəylik ili” elan ediləndə gözlərim önündə xalqın dünəni dastan şəklində canlandı, şanlı keçmişi "göründü". "Kitabi Dədəm-Qorqud" dastanında “Salur Qazanın evinin yağmalandığı boy”u sətir-sətir xatırladım:
“Qarlı qara tağlalarun yığılmasın! Kölgəlicə qaba ağacın kəsilməsün! Qamın aqan görklü suyın qurımasun!”
Ulus atası, Dədəm Qorqud varisi əbədiyaşar Heydər Əliyev düz 23 il bundan öncə Vətən həsrəti ilə yaşayan qardaş-bacılarımızın qarşısında milli-mənəvi dəyərləri yaşadan, hər zaman eposdan allyuziyalara yer verərək xalqı milli kimliyinə bağlayan çıxışı ilə irsimizə sadiqliyini dünyaya çatdırır:
"Harada yaşamasından asılı olmayaq, hər bir ailəyə, hər bir azərbaycanlıya xoşbəxt gələcək arzulayıram. Qoy, çaylarımız qurumasın! Qoy, ağaclarımız kəsilməsin! Qoy, çırağımız sönməsin!"
Gəlin, düşünək: bu gün bəşəriyyətin "yaşıl mühit", "yaşıl enerji", deyib "qırmızı siqnal" çaldığı problemi xalq biliciləri, el ağsaqqalları zaman-zaman kitablarda, dillərdə dastanlaşdırıb, bunun vacibliyini vurğulayıb.
Göründüyü kimi, bəşəriyyət iqlim problemləri ilə üz-üzədir. İqtisadi artım qlobal enerji tələbatını da mütənasib olaraq artırır. Enerji mənbələrinə tələbat ənənəvi yanacaq növləri hesabına baş verir. Beləcə, Yer kürəsində ciddi ekoloji problemlər yaranır. Ən uyğun çıxış yolu kimi bərpa olunan enerji resurslarına, yəni “yaşıl enerji”yə keçid göstərilir.
Təsisatın cari ilin noyabrın 11-dən 24-dək Azərbaycanda keçirilməsi qərara alınandan sonra Bakıda hazırlıq işlərinə başlanıldı. Dekabrın 15-i Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə bu tədbirə həsr olundu. Prezident İlham Əliyev öz nitqilə iştirakçıların və eləcə də bütün dünyanın diqqətinə çatdırdı:
"'Yaşıl enerji' növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək."
Əlbəttə, əslində dünya haqq və ədalət tərəfində duran xalqın bəşəriyyətə xeyrini, millətə rəhbərlik edən İlham Əliyevin bütün aspektlərdə xilaskar olduğunu gördü. Azərbaycan işğal altında olan əraziləri ilə bərabər, həm də çapılan dağları-qayaları, zəhərlənən çayları, qırılan meşələri, bir sözlə ana təbiətin Qarabağ adlı "yaşıl zona"nı mundar düşməndən təmizlədi. Elə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına da ən böyük töhfə bu deyildimi? Bu şücaət "Bəşər medalı"na layiq deyildimi?
Məncə, vaxta var. Bu tədbiri keçirən dünya güclərinin də düşünməyə zamanı az deyil. Hələ dünya Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq işlərinin aparıldığını izləyəcək, yaşıllığın və yaxşılığın vacibliyini kənd-kənd inkişafda görəcək, erməni vandallarının əl izlərinin silinərək yerində salınmış "ağıllı yaşayış məntəqələri"nə qayıdan yerli sakinlərin - keçmiş köçkünlərin sevincinə əməlli-başlı şahid olacaqlar.
COP29 həm də Azərbaycanın turizm potensialını nümayiş və inkişaf etdirəcək. Bundan savayı, bu tədbirə evsahibliyi etməklə Azərbaycan nəinki ətraf mühitə, həm də gələcək nəsillərə sağlam genin ötürülməsinə biganə qalmadığını göstərəcək. Ermənilərin işğal barbarlığı ilə viran qoyduqları və işğaldan azad edilmiş ərazilər 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevriləcək.
İllərdir Azərbaycan televiziyası (Aztv) işğal altında olan torpaqlarda aparılan maddi-mənəvi, ekoloji terroru ölkə və dünya ictimaiyyətinə çatdırır. Artıq şükürlər olsun, Aztv efirində işğaldan azad olunmuş torpaqların yenidənqurulmasına şahidlik edirik. COP29-a sədrlik edən Azərbaycanın dünəndən bu günə apardığı ekoloji siyasəti artıq dünya gücləri anlamağa çalışır.
Aztv efirində COP29-un loqosu nümayiş olunanda marağımı buta, yarpaq və su işarələri çəkdi... Azad olunan Qarabağı mənəvi, milli sərvət kimi buta şəklində, yarpaq və suyu isə həyat misalında gördüm. Həqiqətən də COP29-un təşəbbüslər toplusunu özündə təcəlli etdirən loqodakı buta, yarpaq və su damlaları simvollarının sintezinə işarə olaraq təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və Azərbaycanın zəngin mədəni irsinə xitab şəklindədir...
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda təşkil olunan beynəlxalq forumda Prezident İlham Əliyev çoxsaylı xarici qonaqlara vacib tarixi həqiqəti xatırlatdı:
"Laçın 1992-ci ilin mayında - Şuşanın işğalından 10 gün sonra işğal edilmişdir. Bu, Birinci Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biri idi, çünki bunun nəticəsində Ermənistan ilə Azərbaycanın Qarabağ bölgəsi arasında quru əlaqəsi yarandı və bu, Ermənistandan bizim torpaqlara çox böyük həcmdə silahların daşınmasına, çoxsaylı hərbi personalın daxil olmasına imkan yaratdı". Göründüyü kimi, bu silahlar həm də təbiətin məhvinə yönəlmişdir. Şükürlər olsun ki, indi bu ərazilərə sülh gəlib.
Bu tədbirin Azərbaycanda keçirilməsinin ən başlıca səbəblərindən biri də odur ki, məmləkətdə sülh, əmin-amanlıq hökm sürür. Bu gün görürük ki, dünyanın əksər dövlətləri müharibə girdabındadır. Və yaxud da böyük ölkələrdə daxili çaxnaşma hökm sürür. Bu mənada Azərbaycan həm də bəşəriyyətə ümumi şəkildə və hər mənada canlıları qorumağın ən uğurlu dövlət misalıdır. Bu mənada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu sessiyası zamanı dünyada hərbi əməliyyatlar da dayandırıla bilər.
Azərbaycan hər zaman sülh yolu tutmuş, bəşəriyyət naminə addımlar atmışdır. Hələ o zaman hakimiyyətinin birinci dövründə Heydər Əliyev sovet ölkələri içərisində ekoloji cəhətdən təmiz respublika yaratdı, məhsul yığımı rekord səviyyəyə yüksəldi. Bakı şam ağaclarına bürünərək islam dünyasının yaşıl rənginə həmahəng oldu. Heydər Əliyev hakimiyyətinin ikinci dövründə böyük ağrı ilə Azərbaycan televiziyasının efirində öz mənafelərini üstün tutanlara səsləndi:
"Mən 1993-cü ildə Bakıya gələrkən bizim əkdiyimiz, be¬cərdiyimiz bəzi ağacların kəsilməsini görərkən elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir..." Heydər Əliyev bunu Vətənə xainlik bilirdi. Sonralar bu xainliyi Natəvanın heykəlinə həqarət edən Fransa rəhbərliyində oturan haramzadələr edəcəkdi. Amma Tanrının haqq-ədalət tərəzisi həmişə düz çəkir. Bu gün COP29 Azərbaycanın gücünü dünyaya göstərir. Dünya dövlətləri ağlın, idrakın, haqqın gücünə Bakıda hesablaşır.

Əsgər İSMAYILOV,
BDU məzunu

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!