Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
14-09-2024, 15:05
Polad Bülbüloğluna Ermitaj Mükafatı verildi


Polad Bülbüloğluna Ermitaj Mükafatı verildi

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ermitaj Mükafatının laureatı olub.
Mükafatlandırma mərasimi bu gün Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu çərçivəsində baş tutub.
P.Bülbüloğluna mükafatı Rusiya Federasiyası baş nazirinin müavini Tatyana Qolikova təqdim edib.
Bununla yanaşı, Rusiyanın xalq artisti, baletmeyster Boris Eyfman da bu mükafata layiq görülüb.
Qeyd edək ki, Ermitaj Mükafatı forumun təşkilat komitəsi və Dövlət Ermitaj Muzeyi tərəfindən 2023-cü ildə təsis edilib.
Hər il Rusiyadan və xaricdən iki aparıcı mədəniyyət xadiminə mədəniyyət və incəsənət, mədəni irsin qorunması və beynəlxalq mədəni dialoqun gücləndirilməsi sahəsində nailiyyətlərinə görə Ermitaj Mükafatının verilməsi planlaşdırılır.
14-09-2024, 14:46
Mərakeşdə erməni təxribatının qarşısı alındı


Mərakeşdə erməni təxribatının qarşısı alındı

Mərakeş Krallığında keçirilən beynəlxalq film festivalında erməni təxribatının qarşısı alınıb.
Bu barədə Azərbaycanın Mərakeşdəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 11-15-də Mərakeşin Agadir şəhərində keçirilən İssni Nurgh Beynəlxalq Amaziq film festivalı (Festival Issni N'ourgh International du Film Amazigh - FINIFA) çərçivəsində erməni əsilli Katia Spivakova Saakiantsın müəllifi olduğu 11 dəqiqəlik “All I need” filminin sentyabrın 13-də nümayişinin planlaşdırılması nəzərdə tutulmuşdu.
Festivalın rəsmi səhifələrində və sosial şəbəkələrində yayımlanmış məlumatlarda filmin süjetinin ölkəmizin vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində baş verən hadisələrlə əlaqədar olduğu və Qarabağın Ermənistanın tərkib hissəsi kimi “Artsax” olaraq göstərilməsi məlum edilib. Həmçinin filmdə qondarma “erməni soyqırımı”na da istinad edilib.
Bununla əlaqədar olaraq, Azərbaycanın Mərakeşdəki səfirliyi tərəfindən bu ölkənin əlaqədar qurumları, həmçinin film festivalının təşkilatçıları ilə aparılmış iş nəticəsində, təxribat xarakteri daşıyan “All I need” filminin festival çərçivəsində nümayişinin ləğv edilməsinə və bununla da Mərakeş tamaşaçısında yanlış məlumat formalaşdırmaq istəyən erməni təbliğatının qarşısının alınmasına nail olunub.

14-09-2024, 14:36
Baş nazir Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşdü


Baş nazir Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşdü

Sentyabrın 14-də Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəzin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi və birgə səyləri ilə dövlətlərarası münasibətlərin strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı vurğulanıb.
İki ölkənin məhkəmə-hüquq sistemləri arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib. Bu əməkdaşlığın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində davam etdirilməsinin vacibliyi vurğulanıb. Bu baxımdan ötən ilin oktyabr ayında Şuşada Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının təsis edilməsinin əhəmiyyəti qeyd olunub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov görüşdə iştirak edib.
14-09-2024, 14:15
Bakıda sprint yarışı başladı - "Formula 2"


Bakıda sprint yarışı başladı - "Formula 2"

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.
Mübarizəyə saat 14:15-də start verilib.
Ötən gün "Formula 2"də sınaq yürüşündə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda "Trident" komandasından Rixard Versxor birinci olublar.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
14-09-2024, 14:13
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 761 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın rayonlarında əsasən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-9° isti, gündüz 11-16° isti olacaq.
14-09-2024, 14:03
Fatma Səttarova II Fəxri xiyabanda dəfn edilib


Fatma Səttarova II Fəxri xiyabanda dəfn edilib

Azərbaycanın görkəmli ictimai xadimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya Müharibəsi veteranı Fatma Səttarova dəfn olunub.
Mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
14-09-2024, 08:32
İsti və sorğu-suallı günün xatirəsi...

İsti və sorğu-suallı günün xatirəsi...

Maraqlı, fərqli tərəfləri ilə ruhumu və qəlbimi fəth edən Jurnalistika ixtisasının, bəlkə də, ən çətin tərəflərindən biri əhali arasında sorğu keçirməkdir. Bəli, sorğu qismi mənim üçün insanları manipulyasiya etmək qabiliyyəti ilə şansın vəhdətidir. Bu məkan və zamandan asılı olaraq şans insanın üzünə günəbaxanın günəşə çevirildiyi kimi dönüb gülümsəyə bilər. Yayın son isti günlərini yaşayırıq. Günəşin od tutub yanması məsələsi məni sual atəşinə qərq edib. Görəsən, günəş insanları sevdiyindən ətrafı aydınlığa qərq etmək üçün bu qədər od yağdırır göydən yerə? Yoxsa insanlara nifrət etdiyi üçün qəzəblə bütün şüaları ilə yeri zəbt etməyə çalışır? Bu sualları düşünürdüm ki, hazırlamalı olduğum sujet ağlıma gəldi. Təbii ki, sujetim üçün əhali arasında sorğu keçirməli idim.
“Kameraya, çəkilişə qarşı kompleksli insanları yola gətirəcəmmi?”, “hamının qaçıb kölgə axtardığı bir vaxtda mənim sualıma cavab verəcəklərmi?” kimi düşüncələr beynimdə yallı gedirdi. Budur, əlimdə mikrofon “sorğuların beşiyi” adlandırdığım Elmlər Akademiyasının qol-qanadı olan Hüseyn Cavid parkında addımlayıram. Bir yerə toplasan, böyük bir roman çıxacaq hadisələr yaşayan müxtəlif insanlar parkda yanımdan keçirlər. Beynimi “kimə yaxınlaşım?” sualı işğal edib. Yanımdan keçən gənc qız mikrofon və kameranı görərək yolunu dəyişir. Bunun bir açıqlaması var: Ya o qız səbəbsiz olaraq çəkilişi sevmir, ya da hər hansı mövzuya fikir bildirməyə qarşı kompleksi var. Yəqin, kiçik yaşda özünü ifadə etməyə çalışaraq fikirlərini demək istədikdə “qız uşaqları çox danışmaz, onlar sadəcə deyilənə əməl edərlər” kimi sözlər eşidib. Bu isə onda psixoloji travma kimi qalıb. Digər insanlara yönəldikdə skamyada oturub bizə gülümsəyən bir baba görürəm. Babaya yaxınlaşdıqda sualımızı cavablandıracağını deyir.
Baba sualı cavablandırarkən gözləri və baxışlarından hiss olunur ki, oturacaqda əyləşərkən gözləri önündə canlanan 2024-cü ilin H.Cavid parkıdır. Amma izlədiyi isə gəncliyindən bu yana başına gəlmiş acı və şirini ilə ən gözəl xatirələridir. Baba öz dünyagörüşü çərçivəsində sualımızı cavablayandan sonra sorğuda iştirak etmək istəyən gənc bizə yaxınlaşdı. Əlindəki kitabdan, qeyd dəftərindən və danışıq tərzindən hiss edilirdi ki, gələcəyin savadlı kadrlarından biri olacaq. Həmin gəncə təşəkkür edib oradan uzaqlaşırıq. Üzü metroya tərəf addımlayırıq. Yolun solunda öz alıcısını gözləyən qəzet köşkünün yanından tələsik klassik geyimdə orta yaşlarda bir bəy üzü metroya tərəf addımlayır. Yaxınlaşıb “sorğumuzda iştirak etmək istəyərsizmi?” sualını ünvanlayıram. O isə tələsik “gecikirəm” deyib uzaqlaşır. İnsanlar fərqində deyillər ki, iş, fəaliyyət və problemlər hər zaman var. Onlar tələsərək bu günlərini unudub ömür qatarının yolunu daha çox qısaldırlar. Sorğu zamanı hər yerə tələsən saysız insanlar ilə qarşılaşıram. Görəsən onların tələsmədiyi yer varmı?!
Bəzən deyirəm ki, insanların tələsmədiyi yer yalnız son mənzildir. Çünki bəzi insanlar heç ölməyəcəklərmiş kimi yaşayırlar. Ömür “kassa”larını pisliklər ilə doldururlar. Artıq H.Cavid parkını bir neçə dəfə dolaşandan sonra gülən simalarla yanaşı, aqressiyalarını tökməyə yer axtaran insanlar da diqqətimdən yayınmır. İnsanların birinə hər zaman olduğu kimi gülərüzlə yaxınlaşıb sualımı ünvanlayarkən qarşımdakı şəxs cavab vermir. Məyusluğu içimdə dəf edərək digər şəxsə yaxınlaşıram. Bu zaman müəyyən səbəblərdən asosial, aqressiv birinə çevirilən dayı əsəbi halda “mən heç nə deyən deyiləm” deyir. Digər qadının biri isə qaça-qaça “yooxx, məni çəkməyin ha” kimi sözləri işlədir. Bu zaman hər zaman mövzu axtarışında olan mən “bir gün insanlarda bu komplekslərin səbəbini dərindən araşdıracam” deyərək isti Günəşin altında işimə əzmlə davam edirəm. Bu zaman operatorun da motivasiyası və “narahat olma insandan çox insan var” deməsi məni ruhlandırır.
Budur, gedib sual verək deyə kənardan bizi izləyən sağ əlində çanta, sol əli ilə isə balaca nəvəsini tutub saxlayan bir ortayaşlı qadın dayanıb. Qadına yaxınlaşdıqda adəti üzrə müasir gənclikdən şikayət edir. “Sovetin vaxtında indiki kimi şeylər yox idi” deyir. Söhbətdən anlayırıq ki, qadına on beş dəqiqə öncə metroda gəncin biri yer verməyib. Qadın sualımıza gəldikdə bizə istədiyimiz cavabı verir. Xüsusi təşəkkür edib, “hər şeyə görə əsəbiləşməyin” deyərək oradan uzaqlaşıram. Bu əsnada sorğumuzda iştirak etməsin deyə guya telefonla danışırmış kimi onu qulağında tutub saxlayan insanlara da rast gəlirəm.
Neynəyək, hər zaman deyirəm “hər insan ayrı dünyadır..." Sorğunu Hüseyn Cavid heykəlinin sağ tərəfində bir gəncdən müsahibə götürərək uğurla sonlandırıram. Nəticədə, “mən bunu bacardım” deyərək gülümsəyə-gülümsəyə həmin yeri tərk edirəm. Bu peşəsinə vurğun jurnalistin sorğu ilə keçən bir günüdür. İnsanları danışdırmaq, onlardan istədiyimiz cavabları almaq müşkül məsələ olsa da, gün ərzində fərqli insanlar ilə ünsiyyət qurmaq biz jurnalistlərə bəxş edilən fərqli bir fəaliyyətdir. Axı hər insan, hər baxış, hər cümlə, hər söz insanı olduğu yerdən daha da çox zirvələrə qaldırmaq, ya da tam əksi həmin zirvələrdən aşağı endirmək gücünə malikdir…

Çinarə MURADOVA,
BDU Jurnalistika fakültəsinin tələbəsi
14-09-2024, 08:19
Azadlıq: mənəvi cövhər, milli ləyaqət inikası kimi


Azadlıq: mənəvi cövhər, milli ləyaqət inikası kimi

Azadlıq! Əsrlər boyu insanların uğrunda mübarizə apardığı məfhum. Məfhumun özü də məchuldur. Məsələn, Sartr deyirdi ki, dəyərlər, yəni haqqında danışacağımız azadlıq ilk növbədə mənim varlığım üzərində qurulur. Əgər mən bioloji varamsa, demək, mənəvi dayağımı da tapmalıyam. Ona söykənməliyəm. Bu mənada dərrakəli insan öz azadlığının çağırışına səs verməli, bu yolda irəliləməlidir.
Öncə bəhs etdiyimiz və Sartrın da dediyi kimi. Hər kəs bu sözə özünəməxsus və fərqli cavab verə bilər. Əvvəlcə düşünək: Azadlıq nədir?.. Bunu müəyyən punktlara bölmək olar. Məsələn, "söz azadlığı", "toplaşma azadlığı", "heç bir təsir və nəzarət altında olmamaq" və s. Təbii, çox cavablar saya bilərik.
Təzəlikcə Əhməd bəy Ağayevin "Sərbəst insanlar ölkəsində" kitabını oxudum. Azadlığın tamamilə başqa bir anlayış olduğunun fərqinə vardım. Biz azadlığı axtarır və onu qazanmağa çalışırıq. Əslində azadlıq bizim özümüzdə, öz içimizdədir. Bu əsərdə qəhrəman istibdad rejimində göz açmış və yaşamışdır. Sonradan səfər zamanı üstündə "sərbəst insanlar ölkəsi" yazılan böyük qapıya rast gəlir və içəri keçmək istəyir. Qapıdakı mühafizəçilər qonağı salamlayaraq ölkəyə daxil olmaq üçün: "Tamahına yiyə durursanmı?", "Doğrunu sevirsənmi?", "Həqiqətə dözümün varmı?", "Ləyaqət sahibisənmi?" - cavablanması lazım olan bəzi suallar ünvanlayırlar. Qəhrəmanımız içəri keçmək üçün sualların hamısına "hə" cavabını verir. Sonralar bu ölkəni gəzdikcə öz ölkəsi ilə aradakı fərqi görür. Əslində istibdaddan azadlığa gəlmişdi, sevinməli idi. Amma o burada əsl azadlığı gördü və öz ağlında olan azadlıqla arada olan böyük fərqi anladı. Azadlığı vermirlər və tapılmır. Azadlıq insanın öz içində olur. Azad cəmiyyətlərdə özü-özünə istibdad quran milyonlarla insan var. Azadlıq verilən bu suallar zəminində insanın içində yaranır.
Əsərin ən maraqlı hissəsi ünvanlanan suallara müəllifin cavabıdır. Əlbəttə, oxucu sualın cavabına nəzər yetirməzdən öncə özü də düşünməli, daşınmalıdr. Məsələn, "Tamahınıza sahibsinizmi?"- sualının cavabı bəşəridir:
"Başqalarına qarşı azad ola bilmək üçün insan öz tamahından qurtulmalıdır. İnsanı canlandırıb hərəkətə gətirən amil içində daşıdığı arzulardır. Bu arzular güclü və sürəkli olduğu zaman onlara tükənməz istək deyilir. Ancaq heç bir istək öz-özlüyündə pis və yaxşı adı ilə damğalana bilməz. Bunları yaxşı yaxud pis göstərən hansı yolla həyata keçmələridir". "Doğrunu sevirsənmi? Həqiqətə dözümün varmı? suallarının cavabı insanı saflaşdırır:
"Doğrunu sevmək və həqiqətə duruş gətirmək azad insanlar üçün mühüm əsasdır. Gerçəyə qalınca bu iki sual bir şeydir: Doğrunu sevən həqiqətə də dözər. İş burasındadır ki, insanlar, ümumiyyətlə doğrunu sevdiklərini və həqiqətə hörmət etdiklərini söyləyirlər ancaq həqiqətə qalanda bir çoxları bunu xoşlamır". "Azadlıq nədir? Sərbəst düşünmək və düşündüyünü dilə gətirmək deyilmi?"- sualı isə axtarışına çıxdığımız məfhumun ən ideal cavabıdır:
"Yəni yaxşı deyə tanıdığımız şeyə yaxşı, pis deyə tanıdığımız şeyə pis demək. Əslində yaxşı və pis anlayışları subyektiv anlayışlardır. Subyektiv anlayış isə doğru ola da bilər olmaya da. Ancaq doğruya da yanlışa da dözmək lazımdır. Axı təkrar edirəm dözüm olmasa azadlığın özü aradan qalxar. Verilən hökm doğru sayılmadığı halda onu rədd etmək və yanlış hökmü düzəltməkdə digər vətəndaşların haqqı olmalıdır". Və nəhayət, sonuncu sual "Ləyaqət sahibisənmi?"- deyə ünvanlanır:
"Ləyaqət sahibi olmayan insan azad da ola bilməz. Gerçək ləyaqət ilə saxta ləyaqət arasındakı fərqə diqqət yetirək: bir vətəndaşın hansısa əməlindən yaxud sözündən sonra o dəqiqə yumruq atmaq, söyüş söymək həqiqi ləyaqətin tam əksidir. Buna ləyaqət deyilməz, zorakılıq deyilər. Həqiqi ləyaqətə gəlincə, bu, bir insanın daşıdığı fikirlərə, duyduğu hisslərə bütün hallarda və hər zaman sadiq qalıb sayqı göstərməsidir. Düşüncə və duyğularını tez-tez dəyişən və gizli saxlayan insanlarda ləyaqət axtarmaq əbəsdir. Aydındır ki, belə insanlar azad ola bilməzlər və onlar külək istiqamətində hərəkət edirlər".
Azadlıq doğrudan da bu zəminlər üzərində qurulan anlayışdır. Bunun üçün ilk növbədə məktəblərdən hələ yetişməmiş fidanlardan başlamaq lazımdır. Gerçək azadlıq məfhumunu onlara təlqin etmək bizim borcumuzdur. Yazının sonuna yaxın klassiklərimizin də dediyi kimi, həqiqətən də azadlıq şüurun cövhəridir, şüur da insanın. Ona görə, bu cövhəri cilalayarkən, insandan göz qulaq olmalısan. İnsana baxmasan cövhər tutmaz. Uzun-uzun zamanlar istibdada alışmış bir insana azadlıq aşılamaq heç də asan bir şey deyil. Axı istibdadın hökm sürdüyü yer insanın ruhu və qəlbidir. İstibdad burada yerləşir, burada taxtın qurur, burada tacın başına taxır. Oxuduğum bu kitab son dönəmlərdə məni dərindən düşünməyə vadar edib və etməkdə davam edir. Öz içimizdə qurduğumuz istibdaddan, senzuradan xəbərsiz olan bizlər azad yaşadığımızı düşünürük. Azadlığın asan olduğunu düşünürük. Amma bu yeddi hərfdən ibarət sözün altında yatan dərin fəlsəfədən hamımız bixəbər idik.
1930-cu ildə qələmə alınmış bu kitab bütün dövrlər üçün mahiyyətcə dəyişməz olan azadlıq məfhumunu çox gözəl izah edir. İstibdadda yaşayıb idarə edilmək azadlıqda yaşayıb azad vətəndaş olmaqdan qat-qat asandır.

Ayhan AĞARZAYEV,
BDU Jurnalistika fakültəsinin tələbəsi
13-09-2024, 21:21
Milli yaddaşda: dərc və dərk edilmək


Milli yaddaşda: dərc və dərk edilmək


Bakı Dövlət Universiteti ən munis xatirələrin doğulduğu və əbədi ömür sürdüyü doğma məkan, müqəddəs ruhların qoruduğu qutsal yer, əsrdən artıq ömrün milli tarix kartotekasını yaşadan elm məbədidir. Bu əziz-xələflik içində həm də xalqın mənəviyyat bətnində doğulan “Füyuzat"ı vardır ki, təsəvvürümə görə, o, uzun vaxt kəsiyindən sonra, sanki yenidən təvəllüd tapmışdı. Jurnalın yaradıcısı və baş redaktoru Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Ələkbər Sabir, Əhməd Kamal Akünal, Əhməd Raiq, nəhəng romantiklərdən Hüseyn Cavid, Məhəmməd Hadi, Abdulla Şaiq, Əlipaşa Hüseynzadə (Səbur), nakam taleli Səid Səlmasi, İsmayıl Qaspıralı, Krım yarımadasının Alupka qəsəbəsindən olan Həsən Səbri Ayvazov, Qarabağ ədəbi mühitinin yetirdiyi ziyalı İbrahim Tahir, jurnalın maddi-mənəvi dəstəkçisi Hacı Zeynalabdin Tağıyev və neçə-neçə millət fədailəri, Vətənpərvər-maarifpərvər ziyalılar "Füyuzat mərkəzi"ndə cəm olmuşdu. Bu o zaman idi ki, Bakı Dövlət Universiteti bir əsri tamamlayıb yeni eraya qədəm qoyur, Jurnalistika fakültəsi 50, klassik "Füyuzat" jurnalının banisi Əli bəy Hüseynzadənin 155 illiyi qeyd olunurdu. Həmin vaxt Bakı Dövlət Universitetinin tələbəsi adını yenicə qazanmışdım. Darısqal auditoriyalardan fərqli olaraq "Füyuzat mərkəzi" daha geniş və cazibəli, eyni anda tarixi özündə yaşadan ahənrüba kimi adamı özünə çəkirdi. Auditoriya qapısının düzbucaq və şəffaf pəncərəsindən içəri asanlıqla görünürdü. Ötəri baxış zamanı otağın ucsuz-bucaqsız səmanı xatırladan göy rəngli divarlarında yalnız kiçik çərçivəli rəsmlər gözə dəyirdi. Ancaq milli baxış bucağında dərəcə üç yüz altmışa dəyişirdi. İçəriyə Yasunari Kavabatanın "Şüşə"sindən baxanda milli iftixarlarımızı hekayədəki personajın dilindən söylənilən fikirlərlə xatırlayırdıq: "...Mənim yoldaşlarım arasında bu şüşə yükünü çiyinlərində daşımayan heç olmasa bir nəfər varmı? Qoy düşmən şüşəni qırsın! Əgər mən onun qırıqları altında qalıb öləcəyəmsə, qoy ölüm. Yox, əgər ölməsəm, ağır yükü çiyinlərimdən atdığımı hiss etsəm – bax onda rəqs etməyə başlayacağam və yenidən döyüşə atılacağam!” Beləcə, millət fədailərinin ömür talelərinə, alın yazılarına binədən cızılmış çətin yaşantıları, mənəvi və böyük iztirabları kiçik çərçivə içində şəkillərilə birlikdə görürdük.
Sehrafərin otağın yaradılması, sanki "Füyuzat"a yenidən həyat qazandırmışdı. Elə o zamankı klassik "Füyuzat" intişara başlamazdan öncə "Həyat" qəzetinin səhifəsi jurnala "doğum şəhadətnaməsi" verdiyi kimi. Bu jurnal qısa ömür sürsə də, fəqət ilbəil mənəvi böyüyürdü. Və məktəbdən ən əvvəl mərkəz idi. Sabahkı Azərbaycan Xalq Cümhuriyyətinin və indiki müasir Azərbaycan Respublikasının siyasi-ideoloji beyin və azərbaycançılıq mərkəzi. Əli bəy Hüseynzadənin də qeyd etdiyi kimi "qüdrətli, ədəbi qələm sahiblərinin cəm" olunduğu mərkəz. Və hər dəfə otağın qapısını özümə tərəf dartanda, məni də görünməz bir qüvvə özünə sarı çəkirdi. Bu, yuxarıda qeyd etdiyimiz kimi, fikir babalarımızın divardan asılan rəsmlərinin qüdrəti idi. Onlar xoşbəxt və diri, fəqət susqun görünürdülər (çox keçməyəcəkdi ki, milli müqəddəslər müəllim qüdrətinin nəticəsi kimi, həm da "danışacaqdılar"). Xoşbəxtliyin səbəbi aydın idi; çün iyirminci əsrin birinci onilliyində Azərbaycanda dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini qurmaq eşqinə yaranan klassik "Füyuzat", bu gün çağdaş əsrimizin ikinci onilliyində müstəqil Azərbaycanın elm məbədində özünə müqəddəs və mübarək milli-mənəvi hücrə tapmışdı. Susqunluq da ona görə idi ki, söz, fikir nəhəngləri müasir gəncliyi dinləyir, müşahidələrini aparırdılar. Düşünürdülər ki, görəsən, nəticə, kötücə, nəbibə və nədidələri onları unutmayıblarmı, yaxud tanıyırlarmı? Təəssüf ki, suala qətiyyətlə "Yox, unutmayıblar", deyə cavab vermək doğru olmazdı. Və o da insafdan kənar olardı ki, bizə "Füyuzat Jurnalistikası"ndan dərs deyən Qərənfil Dünyaminqızının ismini və araşdırmaçı ziyalının bu yaxın aylarda ərsəyə gətirdiyi "Füyuzatçılar" kitabının adını çəkməyəsən!

Ən əvvəl mətbuat klassiklərinin müqəddəs ruhları bizdən inciyər. Füyuzatçılarla həmdərd olmaq qabiliyyətinə illər öncə Qərənfil Dünyaminqızının yazılarında bələd olmuşdum. Bəlkə də səbəb də bu idi ki, digər tələbələrdən fərqli olaraq "Füyuzat Jurnalistikası" fənninə daha çox qəlb bağlayırdım. Elə o zaman tələbələrin önündəcə ayağa qalxaraq Qərənfil Dünyaminqızından bir ricada bulundum. Təvəqqe etdim ki, müəllif və müəllimimizin vaxtilə qələmə aldığı — füyuzatçıların həmişə təəssübünü çəkən Mirzə Cəlilin bəxtsiz qızlarına həsr etdiyi "Talesiz bacılar" yazısı elə auditoriyadaca oxunsun. Çünki o məqalənin təsirindən illər ötsə də ayrıla bilməmişdim. Qərənfil müəllim sözümü yerə salmadı. İllərlə televiziyada reportyor işləyən, özünəxas səsi olan qrup yoldaşım İlahə Azakova bu məsuliyyəti üzərinə götürdü. Yazı oxunur, auditoriyaya sakitlik çökür. Yazı bitir, ancaq sükut hələ də davam edirdi.
Bir zamanlar Mirzə Cəlil “Poçt qutusu”nu oxuyur, Məhəmməd ağa Şahtaxtı içdən gülürdü. İndi tələbə yoldaşım İlahə böyük Mirzə Cəlilin talesiz ömrünə yazılan araşdırmanı oxuyur, bəlkə də elə böyük ədibin özü də, Şahtaxtının ruhu da auditoriyada olan müəllim-tələbə qarışıq dərdə, qəmə içdən kədərlənirdi?! Bu mənzərəni Qərənfil Dünyaminqızının qələm qüdrəti, müəllim ucalığı yaratdı.
Abdulla Şaiq kimi "müəllimliyimlə daha çox iftixar edirəm" deyən Qərənfil Dünyaminqızı füyuzatçıların timsalında intəhasız Kürreyi-ərzi kiçik auditoriyaya sığdırırdı. Fəqət özü dərs otağına sığmırdı. Tez-tez mühazirə söylərkən kövrəlir, seminarlarda tələbələrin milli ruha, klassik mətbuatın təməl isimlərinə olan doğma münasibətinə qəlbən sevinərdi. O qəlb füyuzatçıları öz dili ilə yaşatmaqla, ruhlarını auditoriyada əziz tutub müəllimlik etməklə soyumurdu. Gecə-gündüz iş masası arxasında çalışır, arxiv sənədlərilə işləyir, medianın əlçatanlığını nəzərə alaraq ərsəyə gətirdiyi elmi-publisistik araşdırmaların dərcinə çətinliklə nail olur, beləcə millət fədailərinin mənəvi ömrünü yaşadır, gələcək nəsillərə ötürür. Bu genetik məsələdir: sevgi damarlarda qaynayır, iş qəlbdə, beyində, ümumi bütöv bir bədəndə gedir. Axı Qərənfil Dünyaminqızı həm də o müəllimlərdən dərs almışdı ki, onlar da klassiklərimizin tələbələri olub, onları canlı-canlı görüblər. Və Qərənfil Dünyaminqızı hər dəfə klassik füyuzatçılarla birlikdə ruhuna ən əziz, ən doğma olan — Əziz Mirəhmədov, Qulam Məmmədli, Kamal Talıbzadə, Abbas Zamanov, Nazim Axundov, Şirməmməd Hüseynov və digər müəllimlərini böyük məhəbbətlə anır və yaşadır. Araşdırmaçının elmi-publisistik məqalələri o mürəkkəblə yazılır ki, o, xalq ruhunun mürəkkəbinə batırılır. Budur o zərgər qədirbilənliyində, zərrəb dəqiqliyində ərsəyə gələn yazıları silinməz və əbədi edən. Əşhədu əminliklə deyə bilərik ki, Qərənfil Dünyaminqızının qızmar yay günündə doğulan "Füyuzatçılar" kitabı (Bakı, "Mimta Yayımları" nəşriyyatı, 2024, 188; Mübariz Yunusun elmi redaktorluğu və məsləhətçiliyilə) bu sevgidən təşəkkül tapdı, çox keçmədi ki çoxsaylı oxucu təşəkkürünü də aldı. Bu o minnətdarlıq idi ki, Jurnalistika fakültəsilə yanaşı, digər fakültə tələbələri də mənə telefon açır, yaxud mesaj yazaraq kitaba xüsusi maraq göstərirdilər. Həm də bu o zaman idi ki, hələ kitabın "Mimta yayımları"nda "Tezliklə" başlığı altında afişası nümayiş olunurdu. Kitabın yay ayında ömür qazanması da səbəbsiz deyildir. Çünki füyuzatçılar xalqa, millətə qəlblərinin odunu, damarlarında axan qanın istisini verib. Nəfis tərtibatlı kitabın qırmızı rəngə süslənməsi: füyuzatçıların timsalında canını Vətən üçün fəda edənlərin Al qanının müqəddəsliyini, 44 günlük zəfərimizi xatırladan Al şəfəqlərin ucalığını və bir də əbədiyaşar Əhməd Cavadın ölməz misralarını yenidən və bir də yenidən xatırladır:
Ey Al bayraq, sənin rəngin
Söylə, neyçün böylə al?!

Əsgər İsmayılov
13-09-2024, 20:53
Serdar Kılıç Bakıya gəldi - Sülh müzakirə edildi


Serdar Kılıç Bakıya gəldi - Sülh müzakirə edildi

Sentyabrın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə səfir Serdar Kılıçla görüşüb.
XİN-dən bildirilib ki, görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesi, bölgədə postmünaqişə dövründə vəziyyət, Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələr arasında aparılan danışıqlar, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Sülh prosesinin qarşısında duran çağırışların, o cümlədən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən və Ermənistan Konstitusiyasında iddiaların, üçüncü dövlətlər tərəfindən Ermənistanın hərbiləşməsinə töhfə verərək regional sabitliyə hədə törədən addımların hələ də qalmaqda olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!