Ukrayna ordusu Aleksandrovski istiqamətində 480 kvadrat kilometr əraziyə nəzarəti bərpa edib. Bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib. “Ukrayna Silahlı Qüvvələri Dnepropetrovsk bölgəsində səkkiz, Zaporojye bölgəsində dörd yaşayış məntəqəsinə nəzarət edir”, - Sırski bildirib. Qeyd edək ki, mart ayında Ukrayna qoşunları təxminən 440 kvadrat kilometr ərazi üzərində nəzarəti bərpa etmişdi.
Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq
Aprelin 6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa, Daşkəsən, Mingəçevir, Naftalan, Goranboyda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Gerçək vəd – 4” adlı hərbi əməliyyatın 96-cı mərhələsini icra etdiyini açıqlayıb. Bildirilib ki, bu çərçivədə İsrail və ABŞ-nin regiondakı bazalarına pilotsuz uçuş aparatları (PUA) və raket zərbələri endirilib. Bu barədə SEPAH rəsmi açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, İsrailin hərbi təyyarələrini yanacaqla təmin edən Hayfadakı neft emalı zavodu hədəfə alınıb və obyektin əsas hissəsi ciddi zərər görüb. Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyində yerləşən, ölkənin əsas enerji mərkəzlərindən biri sayılan və dünyanın ən iri neft-qaz emalı komplekslərindən olan Həbşanda ABŞ-yə məxsus “ExxonMobil” və “Chevron” şirkətlərinə qarşı hücum həyata keçirildiyi bildirilib. Məlumata əsasən, Ər-Rüveys bölgəsində yerləşən və ABŞ silahlı qüvvələrinə yanacaq, həmçinin İsrail üçün hərbi məhsullar istehsal edən Amerika neft-kimya zavodu raket zərbəsi ilə vurulub, nəticədə genişmiqyaslı yanğın baş verib. SEPAH həmçinin bəyan edib ki, ABŞ-nin Bəhreynin Sitrə adasında yerləşən neft-kimya müəssisəsinə PUA hücumu edilib və orada da yanğın qeydə alınıb. Eyni zamanda, Küveytin Əş-Şueyba liman şəhərindəki neft-kimya obyektlərinə hücumdan sonra kompleksin fəaliyyətinin dayandırıldığı vurğulanıb. Qurumdan əlavə edilib ki, mülki obyektlərə qarşı hücumlar davam edərsə, əməliyyatın növbəti mərhələsi daha genişmiqyaslı və daha sərt olacaq.
Azərbaycanın avtomobil yollarında aprelin 6-da müşahidə ediləcək vəziyyət açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Aprelin 6-da ölkə ərazisinin əksər yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
İranın yeni hədəfi - İsrailin elektrik stansiyaları
İran və onun dəstəklədiyi silahlı qruplaşmalar İsraildə yerləşən iki iri elektrik stansiyasını mümkün hədəflər siyahısına daxil edib. Bu barədə "Tasnim" agentliyi mənbələrə istinadla məlumat yayıb. Məlumata əsasən, İsrailin enerji təminatında mühüm rol oynayan iki böyük elektrik stansiyası müqavimət cəbhəsinin birgə əməliyyat qərargahı tərəfindən hədəf kimi müəyyənləşdirilib. Bildirilir ki, bu addım əks-cavab strategiyasının tərkib hissəsidir və İranın kritik infrastrukturuna yönələ biləcək hücumlara qarşı hazırlıq kimi qiymətləndirilir. Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyatlara start verib. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib. Həmçinin İran qüvvələri Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarını hədəfə alıb. Regionda gərginliyin artması səbəbindən bir sıra ölkələr hava məkanını müvəqqəti bağlayıb. Elə həmin gün İranın Ali lideri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində həlak olub.
Hakan Fidan Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edib. Bu barədə "Haber Global" məlumat yayıb. H. Fidanı Dəməşq Beynəlxalq Hava Limanında suriyalı həmkarı Əsəd Hasan Şeybani qarşılayıb. "Nazirlik mənbələrindən alınan məlumata görə, səfər çərçivəsində ikitərəfli mövzuların və regional məsələlərin müzakirə edilməsi nəzərdə tutulur", - məlumatda qeyd olunub və bildirilib ki, 17 və 29 yanvar razılaşmaları çərçivəsində Suriyanın şimal-şərqinin mərkəzi idarəetməyə inteqrasiya mərhələsinin qiymətləndirilməsi gözlənilir. Qeyd olunub ki, Suriyanın təhlükəsizliyinə yönəlik təhdidlərin müzakirə edilməsi, bölgədəki müharibənin Suriyaya təsirləri, Livandakı vəziyyət başda olmaqla, digər regional məsələlərin müzakirə olunması da nəzərdə tutulub. Bununla yanaşı, H, Fidanın Suriyaya səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya Ərəb Respublikasının Prezidenti Əhməd Əl Şaraa ilə üçtərəfli görüş keçirməsi planlaşdırılır.
ABŞ, İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilən F-15 qırıcısının ağır yaralanmış ekipaj üzvünü xilas edib. Bu barədə ABŞ Prezidenti Donald Trump "Truth Social" platformasında paylaşım edib. "İranın dağlıq ərazilərinin dərinliklərində ağır yaralanmış, lakin böyük cəsarət nümayiş etdirən F-15 ekipaj üzvünü – zabiti xilas etdik. İran hərbçiləri fəal axtarış aparır və ona yaxınlaşırdılar. O, yüksək hörmətə malik polkovnikdir. İnsanlar və texnika üçün risklərə görə belə əməliyyatlar çox nadir hallarda icra olunur", – deyə paylaşımda qeyd edilib. Tramp bildirib ki, amerikalı hərbçi İran hava məkanında həyata keçirilən yeddi saatlıq ikinci əməliyyat nəticəsində xilas olunub. "Bazar ertəsi saat 13:00-da Oval kabinetdə hərbçilərlə birlikdə mətbuat konfransı keçirəcəyəm", – deyə ABŞ rəhbəri əlavə edib. Qeyd edək ki, bu açıqlama İran tərəfinin ABŞ Silahlı Qüvvələrinin vurulan təyyarənin pilotlarını xilas etməyə cəhdinin uğursuz olduğu barədə yaydığı məlumat fonunda səsləndirilib.
Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu - Hərəkət məhdudlaşdırıldı
Bu gün günorta saatlarında Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun Murovdağ ərazisindən keçən hissəsində qar uçqunu qeydə alınıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Nəticədə yolun hərəkət hissəsi 10–15 metr hündürlükdə qar kütləsi ilə örtülmüşdür. Hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bütün aidiyyəti qurumlar baş vermiş hadisə ilə bağlı məlumatlandırılmışdır. Təhlükəsizlik baxımından Toğanalı və Kəlbəcər istiqamətlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Sözügedən istiqamətdə hərəkət edən sürücülərdən xahiş olunur ki, müvəqqəti olaraq Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolundan istifadə etsinlər.
Qusarda selin apardığı şəxsin cəsədi aşkarlanıb. Qusar rayonunun Gündüzqala kəndindən keçən Quruçaya sel gəlməsi nəticəsində kənd sakini, 29 yaşlı Farik Fərid oğlu Rəsulov suda boğularaq axına düşüb. Aparılan axtarış tədbirləri nəticəsində F. Rəsulovun cəsədi tapılıb və aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Cənubi Qafqazın ən qədim yaşayış məskənlərindən biri hesab olunan Göytəpə arxeoloji abidəsi ciddi təhlükə altındadır. Təbii aşınma və diqqətsizlik nəticəsində abidənin ilkin quruluşu tədricən dağılır. Göytəpə təkcə Azərbaycan üçün deyil, ümumilikdə region üçün böyük tarixi əhəmiyyət daşıyır. Burada eramızdan əvvəl VI minillikdə neolit dövrü insanlarının yaşadığı müəyyən edilib. Bir neçə il əvvəl aparılan arxeoloji qazıntılar zamanı qədim insanların məişət əşyaları, əmək alətləri və hətta qəbirlər aşkar edilib. Bu tapıntılar Göytəpənin regionun ən qədim sivilizasiya mərkəzlərindən biri olduğunu təsdiqləyir. Lakin hazırda abidə baxımsız vəziyyətdədir və təbii amillərin təsiri ilə aşınaraq məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qalıb. Yerli sakinlər və müəllimlər hesab edirlər ki, ərazidə açıq muzey yaradılması vacibdir. Onların fikrincə, bu, həm tarixi irsin qorunmasına, həm də gənc nəslin maarifləndirilməsinə xidmət edər. “Burada açıq muzey təşkil olunsa, şagirdlər üçün çox faydalı olar. Gələcək nəsillər də bu tarixi yaxından tanıya bilər”, – deyə sakinlər bildiriblər. Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası-nın Arxeologiya və Antropologiya İnstitutundan qeyd olunub ki, Göytəpədə 2008-ci ildən etibarən Yaponiyanın Tokiya Universiteti ilə birgə uzunmüddətli tədqiqatlar aparılıb. Hətta 2012-ci ildə dövlət səviyyəsində ərazidə arxeoloji parkın yaradılması ilə bağlı sərəncam verilsə də, layihə müxtəlif texniki səbəblərdən bu günədək həyata keçirilməyib.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!