Prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi işdən çıxarıldı .....                        Qazaxda 4 nəfər dəm qazından zəhərləndi .....                        Azərbaycanda zəlzələ oldu .....                        Ceyhun Bayramov Çavuşoğlunun atasının dəfn mərasimində - FOTO .....                        Çin orbitə 6 peyk buraxdı .....                        Bakının mərkəzi küçələrindən biri bağlanır .....                        Gürcüstan Azərbaycandan kömək istədi .....                        Bulvarda dənizdən meyit çıxarıldı .....                        Açıq qalan Qarabağ məsələsi yoxdur - Ceyhun Bayramov .....                       
25-03-2024, 14:01
Bilməz


Bilməz


Həmkarımız Natiq Qubadoğlu mərhum dostumuz Ələsgər Qurbanovu olduğu kimi misralara köçürüb. Natiq müəllimə minnətdarlıq hissilə onun "Bilməz" şeirini oxucularımıza təqdim edirik:
Sən yazın ilk günlərində bu fani dünyaya göz açmışdın. Elə yaz çiçəyi kimi də ətrini, təravətini itirmədin. Sənli yaz daha gözəl idi. Doğum günündür. Hədiyən birlikdə çəkdiyim şəklimiz, bir də könlümdən keçən bu misralar olsun dedim. Yerin cənnətlik olsun, qardaşım! AMİN!
Qayalarda bitən çiçək,
Səni kimsə yola bilməz.
Hər çiçək də Sənin kimi,
Təravətli ola bilməz.

Payızda, qışda çiçəklə,
Qayada, daşda çiçəklə,
Elə bu yaşda çiçəklə,
Sənin gülün sola bilməz.

Hər bağın var öz çiçəyi,
Hər könülün söz çiçəyi,
Cənnətin bəyaz çiçəyi
Qoxulayan bəla bilməz!


Natiq QUBADOĞLU
21-03-2024, 08:26
Məryəm Gəncəliyeva yazır: "Hikmətli kəlamı zaman silə bilmir."


Məryəm Gəncəliyeva yazır: "Hikmətli kəlamı zaman silə bilmir."

Dünyanın bəzəyi insandır. İnsan oğlu dünyaya gəlişi ilə bəşəriyyətə bir düzən verir. Bu düzəndə xoşbəxtlik də var, firavanlıq da, sevinc də. Ən önəmlisi elinə, obasına, Vətəninə bağlı olmaq, onu sevərək yaşamaqdır. Tamxil Ziyəddinoğlu isə harasa tələsən dünyanın şütüyən qatarı kimi mətin addımlarla, saf duyğularla bütövləşmək arzusunda olan böyük bir xalqı mənzil başına çatdıra biləcək bir generala bənzəyir.

Zəngəzurun dəyərli qələm sahibi "Bütöv Azərbaycan" qatarı ilə dünyanı dolaşır, çətin yollar keçir, şehli düzləri aşır, bəzən də gülümsər gözlərlə qarşılaşır. Vətənin isti qucağında yüksək duyğularınızla, yurdu bütövləşdirmək istəyinizlə hər zaman yeriniz vardır. Siz hünər meydanında dərin zəkanın, ümmana dönən ağılın sayəsində eniş- yoxuşdan keçirsiniz. Qələm əhlinin, söz sahibinin yeri həmişə zirvədir. M.Füzuli yazmışdır: “Hər şeydən yüksəkdir sözün məqamı, Hər yerdə sevərlər sahib- kəlamı.”
Tamxil Hacıyev başqalaşan dünyaya güzgü tutur, dərd qarşısında diz çökmür, o, analı dünyanın dərd- qəmini qovan vətən oğludur, günəş kimi qara buludları söz topuna tutur, yorulub yolda qalmır, seçdiyi mənzil başına zəfərlə çatır. Doğum gününüz mübarək, Allah sizə bərəkətli , sağlam ömür versin, ömrünüz tufan görməsin, Tamxil müəllim. Elin layiqli övladlarına vətən borclu qalmır, qiymətli incini, hikmətli kəlamı zaman silə bilmir.
20-03-2024, 17:21
Xanım tədqiqatçı təltif olunub


Xanım tədqiqatçı təltif olunub

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin qərargahında “Novruz” şənliyi keçirildiyi, həmin tədbirdə “İranlı Mühacirlər Cəmiyyəti”nin işində fəal və sədaqətlə çalışanların bir qisminin təltif olunduğu barədə məlumat vermişdik. Həmin təltif olunanlar arasında Pərvanə Məmmədli də vardı. “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri Firidun İbrahimi Diplomu təqdim edərək bildirdi ki, Pərvanə Məmmədli bu diplomla 1945-ci ildə yaranan Azərbaycan Milli Hökuməti dövründə nəşr olunan “Şəfəq” jurnalının bərpasında göstərdiyi fəaliyyətinə görə, təltif edilir.
Əziz oxucular, biz də “Bütöv Azərbaycan” qəzetinin kollektivi adından qəzetimizlə sıx əməkdaşlıq edən Pərvanə xanımı ürəkdən təbrik edir, onun haqqında qısa məlumatı diqqətinizə çatdırırıq:

Məmmədli Pərvanə Hacı qızı 17 fevral 1958-ci ildə Şəmkirdə anadan olub. Vaxtilə “Odlar yurdu” qəzetinin müxbiri və qəzetin ərəb əlifbasında nəşr olunan saylarının Söhrab Tahirlə birlikdə redaktoru olub. ”Şəfəq” jurnalının məsul redaktorlarından biridir.
Filologiya üzrə elmlər doktoru Pərvanə Məmmədli 4 elmi monoqrafiyanın, ondan artıq kitabın Azərbaycanda və xaricdə nüfuzlu jurnallarda çap olunan 200-yə yaxın elmi məqalə və tezisin müəllifidir.
O, Cənubi Azərbaycan ədəbiyyatını tədqiq edən tanınmış mütəxəssislərdəndir. “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin doqquzuncu cildində çap olunmuş on yeddi məqalə və bölümün müəllifidir. P. Məmmədli Azərbaycan sərhədlərindən uzaqda da Cənubi Azərbaycan ədəbiyyatı tədqiqatçısı kimi tanınır. Onun son illər Azərbaycandan kənarda iki elmi kitabı: -İsveçdə“Diktonius Text” nəşriyyatında “The press hıstory of South (iranian) Azerbaıjan” və Türkiydə “Ötüken” nəşriyyatında “XX. Yüzyıl Güney Azerbaycan Edebıyatının Öncülerı” kitabları nəşr olunub. Məmmədova 2014 -cü ildən bəri ilin ədəbi yekunlarına həsr olunan elmi-yaradıcılıq müşavirəsində "Cənubi Azərbaycanda ədəbi proses"lə bağlı məruzə hazırlayır.

17-03-2024, 20:09
XXI əsrin "Şəfəq"çilərini təbrik edirik!


XXI əsrin "Şəfəq"çilərini təbrik edirik!

Dünən “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin qərargahında “Novruz” şənliyi keçirildiyi və həmin tədbirdə “İranlı Mühacirlər Cəmiyyəti”nin işində fəal və sədaqətlə çalışanların bir qisminin təltif olunduğu barədə məlumat vermişdik. Həmin təltif olunanlar arasında Bütöv Azərbaycan sevdalısı Güləddin İsmayılov da vardı. “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri Firidun İbrahimi Diplomu təqdim edərək bildirdi ki, Güləddin İsmayılov bu diplomu 1945-ci ildə yaranan Azərbaycan Milli Hökuməti dövründə nəşr olunan “Şəfəq” jurnalının bərpasında göstərdiyi fəaliyyətinə görə, təltif edilir.
Əziz oxucular, biz də Güləddin müəllimi təbrik edərək, onun haqqında kiçik təqdimatı diqqətinizə çatdırırıq.

İsmayılov Güləddin Əlirza oğlu 02 yanvar 1952 - ci ildə Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. 1966-cı ildə Mollaoba kənd səkkizillik məktəbi, 1968-ci ildə isə N.Gəncəvi adına Boradigah qəsəbə orta məktəbini bitirmişdir. 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) dil - ədəbiyyat fakültəsinə daxil olmuş və 1973-cü ildə ali məktəbi müvəffəqiyyətlə başa vurmuşdur. 1973-cü ildə Masallı rayonunun Boradigah qəsəbə orta məktəbində dilədəbiyyat müəllimi işləmişdir. 1974-1975-ci illərdə Rusiyanın Yoşkar - Ola şəhərində hərbi xidmətdə olmuş, xidməti başa vurduqdan sonra, yenidən Boradigah qəsəbə orta məktəbində ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 1981-1982-ci illərdə Moskva radio zavodunda mühəndis - texnoloq kimi çalışmış və 1982-ci ildən 1992-ci ilə qədər Boradigah qəsəbə orta məktəbində ixtisası üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir. 2002-ci ildən 2017-ci illərdə (təqaüdə çıxana qədər) Mollaoba kənd tam orta məktəbində dil- ədəbiyyat müəllimi işləmişdir. İşlədiyi müddət ərzində "Çağırış", "Bütöv Azərbaycan", "Azərbaycan mədəniyyəti", "Qüdrətli ölkə", "Azad qələm", "Talisman" (Cənubi Azərbaycan şöbəsinin müdiri) "Azərbaycan ruznaməsi"? " ADF” MK- nın saytlarında və “İranlı Mühacirlər Cəmiyyəti”nin Ədəbi birliyinin redaksiya heyətinin üzvü olaraq “Şəfəq” jurnalında publisistik məqalələri, oçerkləri çap olunmuşdur.
Azərbaycan Jurnalistlər Birliyi və "İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyinin üzvüdür.
16-03-2024, 22:53
Bütöv Azərbaycan sevdalıları bir arada


Bütöv Azərbaycan sevdalıları bir arada

Bu gün “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi qərargahının bir özgə növrağı vardı. Cənubi Azərbaycanın inqilabçı övladlarının davamçıları ilə Şimali Azərbaycanda doğulub Bütöv Azərbaycan uğrunda çarpışan Vətən övladları bir arada idilər. Qadınların bayramı ilə “Novruz”u bir arada qeyd edən həmvətənlərimizə xaricdə yaşayan güneyli soydaşlarımız da qoşulmuşdu. Filologiya elmləri doktoru, professor Rafael Hüseynovun da bu təntənəyə qatılması tədbir iştirakçılarının ovqatını xüsusilə yüksəltmişdi.

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin sədri Firidun İbrahimi qonaqları salamlayıb hər iki bayram münasibətilə təbrik etdi. 21 Azər hərəkatının iştirakçısı və şahidlərindən olan Adilə xanım Çernikbülənd Millət Vəkili Rafael Hüseynova plaket təqdim etdikdən sonra AMEA Şərqşünaslıq İnstitutu, Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə professoru gənclik illərindən tanıdığını bildirdi və onun Millət qarşısındakı xidmətlərindən, Cənubi Azərbaycanla bağlı tədqiqatlarından, hazırladığı verilişlərdən danışdı.

Rafael Hüseynov həcmcə balaca, mahiyyətcə böyük olan bu müqəddəs məkandan neçə-neçə fəadailərin keçdiyini xatırlatdı. Azərbaycanın tezliklə bütövləşəcəyinə əminliyini bildirdi. Tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirdi.
“İranlı Mühacirlər Cəmiyyəti”nin işində fəal və sədaqətlə çalışanlar təltif olundular. “Novruz” süfrəsi arxasında davam edən məclisi Tahirə Muradova öz şən nəğmələri ilə rövnəqləndirdi.
P.S. Növbəti buraxılışlarımızda təltif olunanlarla bağlı ayrı-ayrılıqda informasiya verəcəyik.








28-01-2024, 19:50
Aşıq Şahniyar MİKAYILOĞLU


Aşıq Şahniyar MİKAYILOĞLU

Azərbaycanım

Sənin torpağına, daşına qurban,
Anam elim-günüm, Azərbaycanım!
Sən mənim canımsan, şah damarımsan,
Adının başına dönüm, dolanım,
Anam elim -günüm, Azərbaycanım!

Ruhumu oxşayan nağılların var,
Neçə-neçə igid oğulların var.
Dastana sığmayan uğurların var,
Adının başına dönüm, dolanım
Anam elim -günüm, Azərbaycanım!

Tarixlər içində ucadır başın,
Türk oğlusan, türkdür sənin qardaşın.
Uludur tarixin bilinmir yaçın,
Adının başına dönüm, dolanım
Anam elim -günüm, Azərbaycanım!

Ər igidlər can qoydular yolunda,
Yenilməz ordumuz sağ -solunda.
Adın əzbər Şahniyarın dilində,
Adının başına dönüm, dolanım
Anam elim -günüm, Azərbaycanım!
13-01-2024, 05:45
AZADLIQ CARÇISI


AZADLIQ CARÇISI

Qədir bilmək sənət deyil,
mədəniyyətdir.
Mirzə Xəzər

Azərbaycan milli-azadlıq hərəkatının öndəri Məmməd Əmin Rəsulzadə nə müxalifətindir, nə də iqtidarın, o, 50 milyonluq Azərbaycan xalqınındır. Onun adına və ruhuna hörmət qoymaq hər birimizin müqəddəs borcudur.

Milyon illərdi ki, zaman köçündə,
Hərə öz yükünü daşıyıb gedir.
Hərənin bir dünya sirri içində,
Hərə öz dünyasın yaşayıb gedir.

Gələnlər gedənin tutur yerini,
Budur yaşamağın öz təsəllisi.
Ha dedik vermədi əsas sirrini,
Dünyanın özüllü sirr fəlsəfəsi.

Var üçün özünü öldürmə belə,
Bu dünya heç kəsə qalmayacaqdır.
Haqsızlıq nə qədər yeriyir hələ,
Haqlı öz haqqını almayacaqdır.

Bəlkələr üstündə qurulub çox şey,
Hələ neçə-neçə bəlkələr durur.
Bu dünya talanıb, talanacaq hey,
Neçə ki, talançı ölkələr durur.


Bax, elə bu minval, bu məqsəd ilə,
Talançı ölkələr taladı bizi.
Səfəvi yurdunu keçirib ələ,
Gülüstan oduna qaladı bizi.

Gecəni gündüzlər əridibdisə,
Bəs, xeyir şərləri boğmayacaqmı?
Gülüstan gecəsi boğulan Günəş,
Bu yurdun üstünə doğmayacaqmı?

Sözsüz ki, sönmədi ümidin nuru,
Əritdi dumanı, yardı zülməti.
Məramı apaydın, niyyəti duru,
Bir oğul ayıltdı yatan milləti.
***
Bir oğul doğuldu, bir xoş saatda,
Məmməd Əmin adda ad daşıyırdı.
Özü də bilmirdi sinəsi altda,
Azərbaycan boyda od daşıyırdı.

Yeriyib-yüyürüb, boy atdıqca o,
Hamıdan seçilən görkəm alırdı.
Ağıla, kamala ha çatdıqca o,
Dərin düşüncəyə, fikrə dalırdı…

Yatmış vulkan kimi püskürəcəkdi,
Şöləsin bu yurda yaymaqdan ötrü.
Millətə haqq yolun göstərəcəkdi,
Azadlıq nəşəsin duymaqdan ötrü.

Hələ, gör ki, nələr dururdu öndə,
Tufandan, borandan keçəcəkdi o.
Məqamı yetişib, vaxtı gələndə,
Azadlıq yolunu seçəcəkdi o.

Hələ, xəyalında düzüb, qoşurdu,
Şirin arzuların planlarını.
Hərdən hirslənirdi, hərdən coşurdu,
Görəndə dünyanın yalanlarını.

Amalı azadlıq, qayəsi Vətən,
Canını verməyə hazırlaşırdı.
Olmadı özünü düşünən, güdən,
Millətin eşqiylə o alışırdı.

Millətin sevməyən sevilərmi heç?
Millətin sevənlər yaşayacaqdır.
Ölüm haqlayacaq, fərqi yox tez, gec,
Hərə öz əməlin daşıyacaqdır.


Allah da buyurur: - nə pislik görsən,
O, sənin özünün öz əməlindi.
Sən əgər torpağa bir dəni versən,
Əvəzi yeddi qat sünbüllü dəndi.

Bax, budur insana haqdan gələn yol,
Çalış ki, bu yoldan dönməyəsən sən.
Millətdən sevgi al, millətə nur ol,
Günəş tək əbədi sönməyəsən sən.

Millətin ən çətin, ağır günündə,
Günəş tək doğuldu nur səpə yurda.
Birləşib durmasaq düşmən önündə,
Dedi:-basılarıq ən adi zorda.

Getdiyi yol üstə neçə duman, çən,
Yarıb keçəcəkdi, dözəcəkdi o.
İstiqlal mayağı görükənəcən,
Dalğalar qoynunda üzəcəkdi o.

“Hümmət” məramından “Musavat”acan,
Fikir-xəyalından nələr ötmədi...
Azadlıq deyilən amalı bir an
Olsa da, qəlbini heç tərk etmədi.

Yolu azadlığın hər bir millətin,
Özünü tanıyıb, durmağındadır.
Hər bir istibdadın, hər bir zillətin,
Sonu, ətaləti qırmağındadır.

İfrat dözümlülük yıxıbdı bizi,
Olub, ötənlərdən dərs alammırıq.
Elə hey didərək bir-birimizi,
Bir yerə yığışıb güc olammırıq.

Düşmənlər bilərək xislətimizi,
Bu yurdu neçə yol talayıbdılar.
Türk adı daşıyan millətimizi,
Yabançı adlara calayıbdılar.

Millətə adını tanıtmaq üçün,
Milli şüurları oyatmalıydı.
Daşlı, kəsəkli yollarla hər gün,
Yeriyib, mərama o çatmalıydı.

Açdı mahiyyətin, göstərdi sirrin,
“Milli dirilik”dən başlanan yolun.
Millət tapmalıdır zamanda yerin,
Özü açmalıdır qandaldan qolun.

Hələ ki, kimliyin dərk eləməyən,
Bir xalqın önünə çıxmaq çətindir...
Bir millət adında birləşəmməyən,
Kütləylə sabaha baxmaq çətindir...

Belə, bir məqamda ortaya çıxıb,
Millətin yol açan öndəri oldu.
Zülmətin içindən şimşək tək çaxıb,
Hər qəlbə bir zərrə nur təki doldu.

Özünü dünyaya tanıtmaq üçün,
Əvvəlcə özünü tanımalıydı.
Düşmənin niyyətin yanıltmaq üçün,
Bir dövlət gücündə sayılmalıydı.


“Öncə türk dedi, sonra müsəlman”,
Milləti “ümmət”dən ayıra bildi.
İslama yabançı, xurafat olan,
Gözlərə çəkilmiş pərdəni sildi.

Dünya silkələnib durulan zaman,
Millətlər özünü dərk eləyirdi.
Sərhədlər təzədən qurulan zaman,
Adını tarixə həkk eləyirdi.

Şərqdə ilk olaraq Cümhuriyyəti,
Bu yurda gətirən Məmməd Əmindir!
Fidan çiçək kimi tər hürriyyəti,
Bu yurdda bitirən Məmməd Əmindir!

İstiqlal adında Bəyannamənin,
Sorağı dünyanı dolandı, gəzdi.
Oydu istibdadın, oydu təməlin,
Məmməd Əmin adı dillərdə gəzdi.

Bu yükə o çətin tək sinə gərə,
Onun neçə-neçə qanadı vardı.
Fətəlixanlara, Nəsibbəylərə,
Güvənib zülmətin bağrını yardı.

Türkiyə tanıdı, dünya tanıdı,
Dövlətlər içində dövlətimizi.
İstiqlal bu yurdun canı, qanıdı,
İstiqlal tanıtdı millətimizi.

Azadlıq məşəli yandısa, sönməz,
Ən ağır məqamda, ən çətin anda.
“Bir kərə yüksələn, bir daha enməz”:
-Dedi, bayrağımız qaldırılanda.

Əritdi buzunu Azərbaycanın,
Üşüyən qəlblərə hərarət gəldi.
Qaldırdı bu yurdun şöhrətin, şanın,
Nurun zərrələri zülməti dəldi.

Millət öz gücünə inandı, durdu,
Daddı azadlığın tamından bir az.
Dünyaya qovuşan bir dünya qurdu,
Soyuq qış üzünə açıldı bir yaz.

Açdı ləyaqətli oğullar meydan,
Millətin naminə quruldu hər şey.
Bu yurdun üstünə söküləndə dan,
Dalğalar qoynunda duruldu hər şey.

Özünü dərk edib, tanısa millət,
Onun qarşısında dağ da dayanmaz.
Milli ləyaqətlə əriyər zülmət,
Ləyaqət olmasa millət oyanmaz...

Adımız, dilimiz qayıtdı geri,
Türk dili dilimiz, türkdü soyumuz.
Göründü hər kəsin, hər şeyin yeri,
Qışdan qış payımız, yaydan yayımız.

Milli dirçəlişin təməl daşını,
Yurduma gətirən kişiyə alqış!
Gözlərdə qurudan niskillik yaşın,
Ələmi götürən kişiyə alqış!

Alqışlar, alqışlar söyləyən dillər,
Bu gün də, sabah da söyləyəcəklər.
Yüz illər ötsə də, gələn nəsillər,
Onun əməliylə öyünəcəklər.

***
Dünya tanısa da, arxa durmadı,
Qayıtdı quzğunlar təzədən geri.
Yağının ağzından sillə vurmadı,
Parisdə əlimi sıxan əlləri.

Göz yumdu dünya, dəyişdi yaman,
Qırmızı ordular tapdadı bizi.
Odlar Diyarını bürüdü duman,
Bürüyə bilmədi ürəyimizi.

Millət xainləri-əlheydərlərim,
Satdılar Vətəni şöhrətlərinə.
Nökər asıllığın ərən-ərlərim,
Sığa bilmədilər qeyrətlərinə...

Bədənə bükülmüş bayraqlarıyla,
Doğma vətənimdən pərən düşdülər.
Milli qürurları, namuslarıyla,
Vətən tarixinə ərən düşdülər.

Neçəsi ölümlə durub üz-üzə,
Neçəsi canını götürüb getdi.
Azadlıq tamını daddırıb bizə,
Ay-yıldız bayrağı əmanət etdi.

Dəmir beton altda gizlədilənlər,
Ürəkdə, könüldə yuva saldılar.
Uzaq qürbətdə də izlədilənlər,
Millətin yanında üzağ qaldılar.

Tarixin siləmməz kimsə yaddaşın,
Tarixin yaddaşı milyon illədi.
Qızıldan olsa da divarın, daşın,
Hər kəsin ünvanı, adı bəllidi...
***
Qürbət ölkədə də susub, durmadı,
Cızdı sabahımın planlarını.
Vətəndə “xain” tək çəkildi adı,
Düzdülər min cürə yalanlarını.

Onun üzərinə pərdə çəkənlər,
Özləri tarixdən silinib getdi.
Yağıya əyilən satqın nökərlər,
Millətə kimliyi bilinib getdi.


Yalan ayaq tutar, yeriməz axı,
Zaman yalanları alt-üst çevirmiş.
Sən demə, Məmmədin olan günahı,
Vətəni canı tək sevməyi imiş.

Əyalı, övladı sürgün edildi,
Ömrünü Vətənə bəxş edən kəsin.
Ayağı Vətəndən, yurddan kəsildi,
Kəsə bilmədilər ruhun səsin.

O səs, bu günümə, haqqıma dayaq,
O səsdən oyanıb ayıldıq bir də.
Asıldı yenə də üçrəngli bayraq,
Yetmiş il önəcən asılan yerdə.

Ruhun şad olsun, ey Məmməd Əmin,
Sənin arzuların çiçək açıbdır.
Təzədən doğulub Günəşi elin,
Azadlıq nurunu yurda saçıbdır.

Dünyanın o yeri yoxdu ki, orda,
Ay-yıldız bayrağın dalğalanmasın.
Ruhun qayıtsın qoy azad yurduna,
Qürbətdə o yalqız, tək dolanmasın.

xxx
Qarabağ dərdiylə yaşadıq bir də,
O dərdin çarəsin çox aradıq biz.
Axır üz çevirib BMTlərdən,
Özümüz bu dərdə tək yaradıq biz.

Ərlər qisas ilə qaşıdı kökün,
Bu yurda bir daha dönməyəcəklər.
Arsaq adlı sərsəm xəyallarını,
Yuxuda da belə, görməyəcəklər.


Bugünkü halını görə bilməmiş
30 il dığalar lovğalananda.
Başların soxmağa yer axtardılar,
Üstünü ley kimi əsgər alanda.

Haqqı, ədaləti qanmıyanları,
44 gün içində qandıdı ordum.
“Böyük ermənistan” yüz illik mifin,
Dəmir yumruqla sındıdı ordum.

Bu yurd təzədən çiçəklənəcək.
Təzədən dönəcək Vətən qoynuna.
Bir daha, bir daha çevrilməyəcək,
Ara qatanların bətxah oynuna.


Bax, odur, Xankənddə o yüksəldilən,
Bayrağmız bir daha enməyəcəkdir.
Şuşadan bərq vuran Zəfər Günəşi,
Tufanlar qopsa da sönməyəcəkdir.


Əjdər Yunus Rza
14-08-2023, 19:36
ƏLLİ YAŞIN İŞIĞINDA


ƏLLİ YAŞIN İŞIĞINDA

Araz Yaquboğlu ilə “Dədə Ələsgər – 200” whatsApp qrupunda tanış oldum və Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş “Gülüstan” sarayında keçirilən tədbirdə üzbəüz görüşdük, bir masa ətrafında əyləşdik. Görünüşü, danışığı, duruşu-oturuşu ilə mənə çox xoş təsir bağışladı. Sanki bu sadə, səmimi insanı uzun illərdir ki, tanıyırdım. Dağ adamlarına məxsus arıq, ancaq sağlam və uca boyu, boyuna uyğun mütənasib bədən quruluşu, tutamlı əlləri ilk baxışdan diqqətimi çəkdi. Açıq, geniş alnı, bədəninin ümumi simmetriyasını tamamlayan iri, qırışsız, mülayim çöhrəsi, hiyləgərlikdən kənar, uzaqlara dikilən xəyallı gözləri bu şəxsin zahiri görünüşünü, portret cizgilərini tamamlayırdı. Sifətinə baxan kimi, səsini eşidən kimi insanın daxilən də saf, sadə olduğunu, bu saflıqla, sadəliklə bərabər, həm də dolğun, zəngin olduğunu yəqin etdim. Belə insanlar yaşayır, işləyir, yaradırlar, ancaq nəyinsə aludəsi, kiminsə buyruqçusu olmurlar, təbiətən təmənnasız olurlar. Keyti dağı, Çalmalı dağı kimi əzəmətli, bir sifətli, bir görünüşlü insanlarla ünsiyyət, münasibət heç vaxt ziyan gətirməz. Dostluqları da mərdanə olar, düşmənlikləri də.
Araz bəylə aramızda ilk andan yaranan isti münasibətlər davam etməyə başladı. Mənim Aşıq Ələsgər haqqında yazdığım bir yazını “goyce.az” saytında çap elətdirdi. Müəyyən məsələləri dəqiqləşdirmək, müəyyən məlumatları öyrənmək üçün ona nə vaxt müraciət etdimsə, “yox” demədi, işinin azlığına, çoxluğuna baxmadan müraciətimə canıyananlıqla cavab verdi.
“Dədə Ələsgər Ədəbi Məclisi”nin üzvü Maksim Sarıqayanın vəfatının bir illiyi ərəfəsində onun şeirlərini toplayıb “Göyçə həsrətli bir ömür” (“Elm və təhsil”, 2023) adı altında nəşr etdirdilər. Kitaba “Gec tapıb, tez itirdiyim dostum” adlı bir ön söz yazdım. Etiraf edim ki, kənddə yaşadığımdan, əlimdə müasir yazı avadanlıqları olmadığından Araz müəllim mənimlə bərabər, bəlkə də məndən ikiqat artıq əziyyət çəkdi.
Göyçə ədəbi mühiti ilə bağlı müəyyən kitabların, o cümlədən Şair Məmmədhüseynin, şair Sərraf Şiruyənin kitablarını mənə göndərməsini Araz bəydən verilən ən dəyərli hədiyyə hesab edirəm.

Araz Yaquboğlunu bir qədər də yaxından tanımaq marağı mənə onun əsərləri ilə daha dərindən tanış olmağa vadar etdi. Öyrəndim ki, Araz Yaqub oğlu Hacıyev 1973-cü il avqust ayının 1-də Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. Orta məktəbi həmin kənddə bitirmiş, ali təhsilini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda almışdır. İxtisasca dəqiq elm sahəsinin mütəxəssisi olsa da, təbiət, xarakter, ruh etibarilə humanitar sahəyə daha çox həvəs göstərmiş, şeirlər, publisistik məqalələr yazmış, saz-söz sənətinə aid tədqiqatlar aparmışdır. Ona qədər kitabın müəllifi, “Qızıl qələm” media mükafatçısıdır. Deməli, istər-istəməz belə bir qənaət hasil olur ki, Araz bəyin ədəbi aləmə meyl və marağı onun canından, qanından, mənsub olduğu ailənin genindən irəli gəlir. O, Bərdə rayonunda doğulub boya-başa çatsa da, əslən Göyçə mahalının Daşkənd kəndindəndir. Gözünü həyata açandan, ağlı kəsən bir gündən Göyçə ilə bağlı söz-söhbətləri, əfsanələri, rəvayətləri, dastan və hekayətləri dinləyib. Göyçə həsrətli bayatılarla yuxudan oyanıb, Göyçə qoxulu laylalarla yuxuya gedib. Öz fikri, öz əqidəsi formalaşanda, öz düşüncələrini araya-ərsəyə gətirəndə görüb ki, onun ürəyi də, beyni də, dili də Göyçədən danışır, Göyçə deyib, Göyçə eşidir. Beləcə əlinə qələm alır, gördüklərini, eşitdiklərini, tələsmədən, aramla kağıza köçürür.
Araz bəyin əmisi şair Sərraf Şiruyənin yazdığı bir qoşmasını bir zamanlar məlahətli səsi, gözəl ifa tərzi olan Məhəbbət Kazımov oxuyur, oxuduqca mənalı sözlər xoş avaz qarışıq ürəklərə sərin su səpirdi:

Ayırmaz elimdən kin-küdrət məni,
Mən el balasıyam, elə bağlıyam.
İncitməz hər giley, hər qeybət məni,
Qırılmaz kəmərə, belə bağlıyam.

Bu şeir Araz üçün yazılmayıb, ancaq bu şeir sanki Arazın boyuna biçilib. Arazın doğma dədə-baba yurdu Daşkəndə, ulu Göyçə mahalına “qırılmaz kəmərlə” bağlı olduğu şübhəsizdir. O, öz şeirləri, publisistikası, araşdırmaları ilə həqiqətən “elə bağlı bir el balası”, el oğlu olduğunu sübut etmişdir.
2023-cü ili Araz Yaquboğlu üçün uğurlu illərdən biri hesab etmək olar. Onun bu il nəşr olunmuş “Daşkənddən Yeni Daşkəndə” adlı sanballı tədqiqat əsəri uzun illərin gərgin zəhmətinin uğurlu bəhrəsi hesab edilməlidir. Göyçə mahalının ən qədim kəndlərindən biri olan Daşkənd kəndindən 1953-cü ildə əhalinin deportasiya olunması, onların Bərdə rayonu ərazisində boş bir sahədə min bir əzab-əziyyətlə məskunlaşması, hər şeyi sıfırdan başlayaraq yeni abad bir kənd yaratmaları, o kəndə də Göyçədəki kəndlərinin adını vermələri – bir sözlə, yeni bir həyata qəhrəmancasına başlamaları bu kitabda öz əksini tapmışdır. Bir kəndin insanlarının iqtisadi, maddi həyat məsələlərindən tutmuş onların nəsil, kök şəcərəsinə, mənəvi həyat tərzinə – folkloruna, söz-sənət dünyasına qədər hər şeyi əhatə edən bir kitab ərsəyə gətirmək əslində böyük bir elmi kollektivin görə biləcəyi işlər olmalıydı. Ancaq bu qədər ağır, məsuliyyətli bir işin öhdəsindən Araz Yaquboğlu təkcə gələ bilmişdir. “Halal olsun”, “eşq olsun!” – deyə bilərik.
2023-cü il avqust ayının 1-də Göygöl rayon Poçt şöbəsinin işçisi iş otağıma bir balaca bağlama gətirdi. Bağlamanı açdım, içindəki kitabı görəndə gözüm-könlüm açıldı. Vəfalı dost, sədaqətli qardaş hesab etdiyim Araz Yaquboğlu özünün yenicə çapdan çıxmış kitabının bir nüsxəsini mənə göndərmişdi: “Sazın-sözün sorağında”. Kitabı vərəqlədim, bütünlüklə oxuyub haqqında bir məqalə yazmaq qərarına gəldim. Göygöl Rayon Mərkəzi Kitabxanasında keçirilən “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” tədbirinə getdim. Axşamüstü bir təsadüf nəticəsində öyrəndim ki, bu gün Araz bəyin doğum günüdür, həm də nə az, nə çox, düz əlli yaşının tamam olduğu gündür. Sevindim, zəng edib təbrik etdim, eyni zamanda düşündüm: Həyatda təsadüfi hesab etdiyimiz şeylər çox olur. Bəlkə, həyatda təsadüfi heç nə yoxdur. Hər bir təsadüfi hesab etdiyimiz işin, hadisənin kökündə, məğzində bir zərurət var: Araz Yaquboğlunun ad günü ilə əlifba günümüzün, Azərbaycan dili günümüzün üst-üstə düşdüyü kimi, eyni günə təsadüf etdiyi kimi. Öz imkan və qabiliyyəti daxilində ana dilinin keşiyində dayanan, onun “sazının-sözünün sorağında” olan bir şəxsin ad günü ilə “Azərbaycan dili günü”nün üst-üstə düşməsində bir təsadüfiliklə bərabər bir zərurət də var.
Onu da qeyd etməliyik ki, Araz Yaquboğlunun “Sazın-sözün sorağında” kitabında müəllifin müxtəlif vaxtlarda yazdığı elmi, publisistik, xatirə yazıları cəmlənmişdir. Bu yazıların, məqalələrin böyük bir qismi Göyçə aşıq mühitinin nümayəndələrinə, bir qismi isə el şairlərinə həsr olunmuşdur. Kitabın üçüncü bölməsi isə “Xatirələr işığında” adlanır. Hər üç bölmədə çap olunan məqalələr sadə, aydın, axıcı bir dildə yazılmışdır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabın maraqla qarşılanacağına inanırıq.
Daşkənd kəndi sınaqlı ocaqlar, ağır seyidlər yurdudur. Seyid Bayram ocağına etiqad, inam bəsləyən insanların sayı minlərlədir. Daşkənd kəndi Aşıq Hacı kimi dastanlarımızı yaşadan, gələcək nəsillərə ötürən ustad sənətkarlar yurdudur. Daşkənd kəndi Şair Məmmədhüseyn, Həsən Xəyallı, Sərraf Şiruyə, Aqil İman kimi söz adamlarının Vətənidir. Bu insanların haqqında yazmaqla, onların xatirəsini yaşatmaqla Araz Yaquboğlu özünə də, öz ömrünə də bir əbədiyaşarlıq haqqı qazandırıb.

ARAZA ÇATAR

Ey el üçün ölən kəfən, gorsuzlar,
Bizim ürək, sizin kəfən, gor sızlar.
Yamanca çoxalıb arsız, gorsuzlar,
Namus aza çatar, ar aza çatar.

Bilən də var: nədir əzəl, son – axır,
Kimin damarından halal qan axır.
Çox şair, aşıqlar haqqına, axır,
Araz keçmişləri arasa, çatar.

Salman, Ağan qılınc çəkdi bir əlli,
Qoy səni tutmasın Tanrı birəlli.
Əllisi üstünə gəlsin bir əlli,
Nə xoş arzum varsa, Araza çatar.


ARAZA BAXAR

Bir-birindən gözəl o üz, bu üzü,
Tanrı verib Kürə, Araza baxar.
Qanı bir, canı bir həsrət qardaşlar,
O üzdən, bu üzdən Araza baxar.

Qüssə-qəm içində keçdi ömür, yaş,
Ürəyim od oldu, ayaqlarım yaş.
Mənim gözlərimdən axar qanlı yaş,
Bulanar, lillənər, Araz ab axar.

Olsa da evində pul, gəvə, xalı,
Nadan ürəklərə salıbdı xalı.
Çox adam namusdan, şərəfdən xali,
Qeyrət aza baxar, ar aza baxar.

Salman düz əməli, düz ünü seçmək,
Yurdun dağ-dərəsin, düzünü seçmək.
Sazı-sözü bilib, düzünü seçmək,
Daşkəndli Hacıyev Araza baxar.

(Bu gün Yaquboğlu Araza baxar)
02.08.2023


P.S. Mənim 50 yaşım tamam olanda “Əlli yaşın kölgəsində” adlı bir lirik poema yazmışdım. İndi Araz bəyin 50 yaşına həsr etdiyim bu yazını həmin adla təqdim etmək istədim. Ancaq sonra gördüm ki, xeyr, Araz bəy 50 yaşın kölgəsində dincəlmir, 50 yaşın işığında yazır, yaradır. Daha bir 50 də yaşamasını arzu edirəm.

Salman Qaralar (Balakişiyev),
Şair, publisist









6-04-2023, 08:04
Azərbaycanı Abbas sevən kimi sevin!


Azərbaycanı Abbas sevən kimi sevin!

Görkəmli alim professor Abbas Zamanovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Oxu Akademiyası və Müvəkkil Hüquq mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bir çox ziyalılar, ictimai-siyasi xadimlər, millət vəkilləri və sənət adamları iştirak ediblər. Əvvəlcə Abbas Zamanovun və Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi sükutla yad edilib. Sonra Müvəkkil Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov qonaqları salamlayaraq onları Abbas Zamanov haqqında yazdığı ,”Vətən fəadaisi” məqaləsi əsasında hazırlanmış videoçarxa baxmağa dəvət edib.
Abbas Zamanov 1911-ci ildə Şərur rayonunun Maxta kəndində anadan olub. Əsl adı Mirabbas Mirfəttah oğlu Seyidzamanovdur. Şura hökumətinin qadağaları vaxtı xeyirxahları onu repressiyalardan, təqiblərdən qorumaq üçün ad və soyadındakı Mir, Seyid sözlərini ixtisar ediblər. Professorun uşaqlıq və gənclik illərinin çox keşməkeşli olmasına baxmayaraq o ömür yolunu vətəninin müstəqilliyinə, çiçəklənməsinə həsr etmiş dahi şəxsiyyət, böyük vətəndaş, görkəmli elm xadimi kimi yaddaşlarda kristallaşıb.

Abbas Zamanovun həyatına həsr olunmuş videçarxla tanışlıqdan sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun “Heydər Əliyev Azərbaycan ziyalılarının himayəçisi Heydər Əliyev Abbas Zamanov münasibətləri kontekstində”adlı məruzəsi dinlənilib.
O, öz nitqində bildirib ki, mən bu gün burda iştirak etməyi ən çox mənəvi borcum kimi bildim. Çünki Abbas Zamanov bizim ailə dostumuz idi. O, mənim babamla çox yaxın idi. Və bu gün burada olmağı həm bir siyasi xadim kimi, həm də ailə dostu olaraq mənəviyyat borcu bildim. Onu xüsusi olaraq qeyd etmək istəyirəm ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi və ziyalıları himayə etməsi o dövrkü Azərbaycan üçün böyük bir töhfə idi.
Məruzəçi professorla bağlı öz xatirələrindən danışanda bildirib ki, mənə uşaq olarkən deyərdilər,- "Sovet dövründə hamı oxuyur amma sən oxuyanda Abbas Zamanov kimi oxu". Və mən bu gün deyirəm ki Azərbaycanı sevəndə Abbas Zamanov kimi sevmək lazımdır".

Sonra söz Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyliyə verilib. İsa Həbibbəyli Abbas Zamanovun necə dostcanlı olmasından danışıb. Onun az danışan, çox iş görən, qəti mövqedə, dönməz iradəyə malik olan mükəmməl bir Azərbaycan vətəndaşı olduğunu qeyd edib. Vətəndaş, alim sözünün hər kəsə aid edilə bilməyəcəyini fəqət Abbas Zamanovun bu sözün tam haqqını verdiyini vurğulayıb, İsa Həbibbəyli:
“Abbas bəy, o dövrkü Sovet imperiyasına sinə gərərək Azərbaycan ziyalılarını, görkəmli alimlərini bir araya gətirib, insanlar arasında möhkəm təməlli bir körpü yaratmışdı. Bu əlaqə o zamankı dövlət qurumlarlnın yaratdığı əlaqədən daha geniş, daha məhsuldar idi. Abbas müəllimin ən çətin dövrlərdə Edinburq universitetinin professoru Turhan Gəncəyi ilə yazışması və görüşməyi o zamankı dövrün bir əfsanəsi hesab olunurdu.
Ulu öndərin 100 illiyinə həsr edilmiş ildə Abbas Zamanovu yad etmək qürurvericidir.”
Daha sonra isə söz Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevə verilib. Qəzənfər Paşayev Abbas Zamanovla bağlı xatirələrindən, İsa Həbibbəyli və Abbas Zamanovun daim birlikdə olduqlarından, isti münasibətlərindən, birgə fəaliyyətlərindən danışıb. Qəzənfər Paşayev kitablarının yazılmasında başlıca mənəvi yardımın məhz Abbas Zamanov tərəfindən olduğunu qeyd edib. O, Abbas müəllimlə birlikdə olduğu məclislərdən, onun necə alicənab şəxsiyyət olduğundan və onun iştirak etdiyi məclislərin aliliyindən bəhs eləyib. Qeyd edib ki, əgər vətənpərvərlik bizlərdə varsa, burada Abbas Zamanovun böyük rolu var.

Xalq şairi Sabir Rüstəmxanlı Abbas Zamanovun necə cəsarətli və qorxmaz olduğundan danışıb. Onun Fransaya səfəri zamanı göstərdiyi şücaətin tam bir cəsarət nümunəsi olduğunu bildirib. Millət vəkili müasir zamanda belə maarifləndirici tədbirlərin tez-tez keçirilməsinə və tələbə gənclərin bu cür tədbirlərə cəlb edilməısinə böyük ehtiyac olduğunu bildirib. Qeyd edib ki, ziyalılarımızın daim yad edilməsinin, onların xatirələrinin uca tutulmasının gənclərin vətənpərvərlik ruhunun artırılmasında, tariximizə, mənəvi dəyərlərimizə marağın yaradılmasında böyük rolu var.

Millət vəkili Etibar Əliyev, Məhəmmədəmin Rəsulzadənin nəvəsi, rəssam, ictimai xadim Rais Rəsulzadə və digər çıxış edənlər Abbas Zamanovla bağlı maraqlı xatirələr danışıblar.
Tənqidçi alim Qurban Bayramov gənclik illərində elmi araşdırmalarından, Xalq şairi Səməd Vurğunla bağlı yazılarına görə təqiblərə məruz qaldığı vaxtlarda Abbas Zamanovun haqqın müdafiəsinə necə cəsarətlə qalxmasından danışıb. Səməd Vəkilova bu uzun illər yaddaqalacaq tədbiri təşkil etdiyinə görə təşəkkürünü bildirib. Ona adını daşıdığı qohumu Səməd Vurğun yaradıcılığına həsr olunmuş kitablarını hədiyyə edib.
Onu da qeyd edək ki, bəzi tədbir iştirakçıları bu böyük insan haqqında öz xatirələrindən, Abbas Zamanova olan sevgilərindən danışarkən duyğulanaraq gözyaşlarına hakim ola bilməyiblər.

Sonda Səməd Vəkilov tədbir iştirakçılarına bir daha minnətdarlığını bildirərək yekun sözü Abbas Zamanovun qardaşı oğlu Mirmusa Seyidova verib. O, əmisinin xatirəsini əziz tutanlara, görüşün təşkilatçılarına təşəkkür edərək, bu görüşü heç zaman unutmayacağını bildirib.
Tədbir xatirə şəkillərinin çəkilməsilə yekunlaşıb.


Tehran Yusifli
“Bütöv Azərbaycan”ın xüsusi müxbiri
Fotolar Rahim Qədimovundur
1-04-2023, 10:24
VƏTƏN FƏDAİSİ


VƏTƏN FƏDAİSİ

Görkəmli alim professor Abbas Zamanov Azərbaycan elmi və ictimai-siyasi mühitində vətən fədaisi, cəsarət tərcümanı, azman şəxsiyyət kimi yaddaşlarda yer tutur. Bu günlərdə professor Abbas Zamanovun fiziki yoxluğundan 30 il keçir. Zaman keçdikcə dəyərli alimimizin Azərbaycan xalqı üçün nə qədər parlaq bir şəxsiyyət olduğunu bir daha təsdiq etdi.
O, Azərbaycanın ən gərgin ictimai siyasi dönəmlərində 10 oktyabr 1911-ci ildə Şərur rayonunun Maxta kəndində dünyaya göz açıb. Əsl adı Mirabbas Mirfəttah oğlu Seyidzamanovdur. Babası Seyid Zaman Mir Hətəm oğlunu nəslin yaddaşındakı yaxın keçmişin məhək daşı hesab etmək olar. Tədqiqatçı Nazir Əhmədlinin “İrəvan əyalətinin kameral təsviri” II cilid. “Vedibasar və Şərur mahallarının kameral təsviri” adlı kitabında Maxta kəndinin sakinləri sırasında adıkeçən Seyid Məhəmməd Mir Kəlbəli (oğlu Mirbaba) oğlu da mərhum professorun ulu babalarındandır.
Abbas Zamanovun uşaqlıq gənclik illəri çox keşməkeşli olmuşdur. Professor özü bu barədə deyir: “7-8 yaşım ancaq olardı, Naxçıvan elatının o cümlədən Şərur rayonunun camaatı vahimə içində yaşayırdı. Erməni daşnaklarının hücumlarından yaxa qurtarmaq üçün çoxu Cənubi Azərbaycana qaçırdı. 1918-ci ildə bizim Maxta kəndinin sakinləri də İrana keçməli oldular. Anam rəhmətə getmişdi. Atam, qardaşım İsmayıl və mən Xoy şəhərində sığınacaq tapdıq. Atam bir ərbabın yanında muzdurluq edirdi. Həyat şəraiti çox çətin idi. Qardaşım bu məhrumiyyətlərə dözməyib öldü. Daşnak hökuməti devrildikdən sonra kəndimizə qayıtdıq” (Xalq qəzeti, 6 noyabr 1992-ci il, müsahibə Ə.Bayramov ).
SOYADINDAKI MİRLƏRİ ATMASININ TARİXÇƏSİ
Professor Abbas Zamanov(Mirabbas Mirfəttah oğlu Seyidzamanov) soyadının dəyişdirlməsinin tarixçəsi barədə danışarkən bildirir ki, onu uşaq evinə götürərkən müəssisənin müdiri dahi şair Hüseyn Cavidin bacısı Səkinə xanım Rasizadə arasında keçən dialoqdan sonra soyadını dəyişiblər.
-Adı nədir?
-Mirabbas..
Səkinə xanım üzünü məni qeydə alan işçiyə tutaraq.
-“Miri”ni at, Abbası saxla,
-Atanın adı nədir?
-Mir Fəttah.
--“Miri”ni at, Fəttahı saxla,
-Bəs familin?
-Seyidzamanov
-Seyidi at, Zamanovu saxla
Beləliklə mən oldum Abbas Fəttah oğlu Zamanov qohumlarımın əksəriyyəti isə Zamanı atıb Seyidov oldular.
Təbii ki, dahi Hüseyn Cavidin bacısı Səkinə xanım Rasizadə bu addımı atmaqda məqsədi Abbas Zamanovu gələcək təhlükələrdən qorumaq idi.
Abbas Zamanov elmi fəaliyyəti haqqında çox saylı yazıları nəzərə alaraq onun bədii yaradıcılığının elmi səciyyəsindən deyil ictimai-siyasi fəaliyyətinin pik nöqtəsi olan qədim Oğuz yurdu Naxçıvanın Ermənistana verilməsinin qarşısını alması ilə bağlı göstərdiyi yüksək vətəndaş mövqeyi və cəsarət nümunəsindən söz açacağıq. Təsadüfi deyil ki, o Naxçıvanın Ermənistana verilməsinin qarşısını alan şəxs kimi yaddaşlarda kristallaşıb.
29 mart 1960-cı il tarixində Azərbaycan Elmlər Akademiyasının böyük salonunda Səməd Vurğunun xatirəsinə həsr olunmuş gecədə söz alan Abbas Zamanov əvvəlcə Səməd Vurğunla 1937-ci ilin sonlarındakı görüşləri barədə bəzi məqamlara toxunur: “Abbas Mirzə Şərifzadənin həbsindən bir neçə gün sonra Səməd Vurğunla görüşəndə onu çox pəjmürdə və kədərli gördüm. O, məni gəzmək üçün bulvara dəvət etdi. Gəzinti zamanı Səməd dalğın və kədərli olmaqda davam edir və heç nə danışmırdı. Mən ondan niyə qəmgin olduğunun səbəbini soruşdum. Səməd Vurğun dedi ki, bütün kişi adamları, mərd adamları həbsxanalara doldurublar, kişi olmayanlar isə azadlıqda qalıb.”
Abbas Zamanov bu sözləri deyəndə zalı sürəkli alqışlar bürüyür bu davamlı alqışlar gecədə iştirak edən vəzifəli şəxsləri narahat edir. Bundan sonra artıq Abbas Zamanov mətləbə keçir. Professor mətbuatda gedən müsahibəsində bu hadisə barəsində belə deyir: “60-cı illərdə Naxçıvanın Ermənistana verilməsi təhlükəsi vardı. Mən S.M.Qənizadənin haqqında materiallar toplayırdım. Qori seminariyasının sənədlərinə baxmaq üçün Tiflisə, oradan da İrəvana getdim. İrəvanda bir azərbaycanlı müəllim mənə dedi ki, Naxçıvan Muxtar Respublikasının Ermənistana verilməsi haqqında sənəd hazırlayırlar. Bu məsələ ilə əlaqədar bir neçə dəfə mitinq də keçirilib. Hətta Meğri rayon partiya komitəsinin katibi Ali Sovetin sesiyasında çıxış edib deyib ki, Azərbaycan tərəfi tələblərimizə razı olmasa, Naxçıvana bir qatar da buraxmayacağıq. İrəvandan təzəcə qayıtmışdım. Elmlər Akademiyasının böyük salonunda Səməd Vurğunun xatirəsinə həsr olunmuş gecə keçirilirdi. Salon ağzına kimi dolu idi. Mənə söz verildi. S.Vurğundan xalaqlar dostluğundan danışdım. Sonra da dedim ki, bu dostluğu pozmaq istəyənlər var. Bu yaxınlarda İrəvana getmişdim. Orada Naxçıvanın Ermənistana ilhaq edilməsi ilə əlaqədar sənədlər hazırlanır, mintiqlər keçirilir. Əgər Səməd sağ olsaydı şübhəsiz deyərdi ki, Naxçıvanın bir qarışını da heç kimə verməyəcəyik...
Salonda elə bil bomba partladı. Bir gurultu qopdu ki, gəl görəsən. Milli hiss qüvvətlidir, həm də qorxulu. Əgər axşam desəydim ki, Reyasət Heyətində oturanların hamısnı beşinci mərtəbədən atın, o dəqiqə atardılar. Səhəri gün məni partiyadan və universitetdən işdən çıxardılar. Akademiyada 83 manatlıq işə göndərdilər.
Görkəmli alim, Dövlət mükafatı laureatı, uzun illər Abbas Zamanovla dostluq etmiş professor Yusif Seyidov “Müasirləri Abbas Zamanov haqqında” adlı kitabda bu məşhur hadisəni belə xatırlayır: “Yığıncaq Akademiyanın keçmiş Kommunist küçəsindəki qədim binasının böyük zalında keçirilirdi. Yığıncağa professor Məmməd Arif sədrlik edirdi. Məruzə və bir neçə çıxışdan sonra Abbas Zamanov söz aldı. O, da başqaları kimi Səməd Vurğun haqqında sözünü dedi, sonra da haşiyə çıxaraq belə bir əlavə etdi: Bu gün Naxçıvandan gələn bir nəfər mənə dedi ki, Naxçıvanın ermənilərə verilməsi həll edilməkdədir. Abbas müəllim bu haqda bir qədər danışdıqdan sonra belə bir yekunlaşdırıcı söz dedi: Səməd Vurğun qalsaydı, deyərdi ki, biz Naxçıvanı ermənilərə vermərik. Arası kəsilməyən gurultulu alqış səsləri zalı titrətdi. Gəncliyindən coşqun milli hisslərlə yaşayan şair Xəlil Rzanın alqışlarının səsi daha gur çıxırdı. O, mənim yanımda birinci sırada oturmuşdu. İclasın sədri görkəmli alim Arif müəllim həyəcan keçirdi, məsələni yumşaltmaq üçün Abbas müəllimin hissə qapılmasını bildirəndə, Abbas müəllim yenidən səhnəyə qalxdı və dediklərini bir də təsdiq etdi.
Yığıncaq sona çatdı. Bizim müəllimimiz Əlyar Qarabağlı və mən Abbas müəllimi evlərinə yola saldıq. Bu hadisə respublikada, hətta ittifaqda əks-səda verdi. Bu xalqın etiraz səsi kimi ölkəyə səs saldı. Mərkəzdə Naxçıvan söz söhbətinə son qoyuldu”.

KİMLƏR ABBAS ZAMANOVU MÜDAFİƏ ETDİ
Abbas Zamanovla bağlı Bakı Dövlət Universitetinin Partiya Təşkiltında keçirilən toplantıda iştirak edən professor Yusif Seyidov bu bardə bildirir: “Göstəriş verildi ki, Abbas Zamanovun məsələsinə partiyada baxılsın. Mən Universitetin filologiya fakultəsinin partiya bürosunun katibinin müavini idim. Büro başlamazdan əvvəl universitet partiya komitəsinin katibi və başqaları ayrı-ayrılıqda büro üzvləri ilə söhbət edirdilər ki, onlar Abbas müəllimin partiyadan çıxarılmasını tələb etsinlər və bu tələbə səs versinlər. Büro iclasına universitetin rəhbərliyindən bir neçə adam gəlmişdi. Rektor Ş.Mehdiyev partiya komitəsinin katibi Əjdər İbrahimov, professor Əşrəf Hüseynov, prorektor, professor Abdulla Ələkbərov və.başqaları. Öyrədilmiş və öyrədilməmiş büro üzvləri böhtanlarla dolu çıxışlarında təklif etdilər ki, Abbas Zamanov partiya sıralarından çıxarılsın.
Hiss etdim ki, professor Əşrəf Hüseynov, Abdulla Ələkbərov əzab çəkirlər, ancaq səslərini çıxara bilmirdilər. Buna rəsmi səlahiyyətləri də yox idi, çünki büro üzvü deyildilər. Mən Abbas müəllimin həyat yolundan, onun xidmətlərindən, uşaq evində böyüməsindən danışdım və partiya üzvlüyündən çıxarılmasına etiraz etdim. Təklif etdim ki, ya şiddətli töhmət verilsin, ya da müəyyən müddət üçün namizədliyə keçirilsin. Mənim dərs dediyim qrupdan olan Əkbər adlı tələbə də (jurnalistika fakultəsində oxuyurdu) məni müdafiə etdi. Nəticədə, səs çoxluğu ilə büro qərar çıxardı ki, Abbas müəllim partiyadan çıxarılsın.
Fakultənin partiya yığıncağına fakultənin partiya qeydiyyatında olmayan xeyli adam çağırılmışdı. Abbas müəllim əsəbilik keçirirdi. Mərkəzi Komitənin ideologiya üzrə katibi N.Hacıyev arxayın etmişdi ki, onu partiyadan çıxarmayacaqlar. Abbas müəllim ona inanmışdı. İndi vəziyyəti başqa cür görüb həyəcan keçirirdi. İclasın gedişi haqqında danışmaq istəmirəm, həm uzun çəkər, həm də o hadisələri xatırladıqca əsəblərim gərilir. Səs vermədə 6 nəfər Abbas müəllimin lehinə qalanlar isə əlehinə oldu. Nəticədə Abbas müəllimi həm partiyadan, həm də işdən çıxardılar”.
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Abbas Zamanova qarşı represiyalara son qoyuldu. Onun M.Ə.Sabir haqqında yazdığı namizədlik dissertasiyası elmi dairələr tərəfindən doktorluq dissertasiyası kimi qiymətləndirldi. Abbas Zamanova birbaşa elmlər doktoru dərəcəsi verildi.
ABBAS ZAMANOV VƏ CÜMHURİYYƏT İRSİ
Abbas Zamanovun fəaliyyətinin xüsusi bir mərhələsini təşkil edən Azərbaycanın ilk ədəbiyyat muzeyi olan Nizami Gəncəvi adına muzeydəki unikal fəaliyyəti xüsusi qeyd edilməlidir. Demək olar ki, o, kitab mübadiləsi adı altında Azərbaycanın mühacirətdə olan Cümhuriyyət irsinin Azərbaycana gətirilməsi ilə məşğul olmuşdur. Onun Türk dünyasının nəhəng alimlərindən olan Əhməd Cəfəroğlu ilə məktublaşmaları xüsusi ilə maraq doğurur. Hansı ki, Əhməd Cəfəroğlu həmin dövrlərdə Türkiyə mətbuatında SSRİ-ni ciddi tənqid edirdi. Azərbaycanda isə həmin dövrdə Firudin Köçərli kimi nüfuzlu elm və partiya xadimləri Əhməd Cəfəroğlunu mətbuatda böhtançı adlandıraraq topa tuturdu.
Abbas Zamanov heyrət ediləcək dərəcədə cəsarətlə hər dəfə Əhməd Cəfəroğludan M.Ə.Rəsulzadənin Nizami Gəncəvi haqqında əsərini Azərbaycana göndərməsini xahiş edir. Hətta Abbas Zamanov Əhməd Cəfəroğlunun Azərbaycandakı qohumlarını tapıb onlar haqqında böyük alimi məlumatlandırır. Əli bəy Hüseynzadənin oğlu Səlim Turanın rəsm əsərlərinin Azərbaycana gətirilməsini təmin edir. Onun Məhəmmədhüseyn Şəhriyarla yazışmalarını isə həyəcansız oxumaq mümükün deyil. Sovet rejiminin poçt yazışmalarına ciddi nəzarət etdiyi heç kimə sirr deyildi. Belə dövrdə Abbas Zamanov hər dəfə M.Şəhriyara məktub yazır, məktublar geri qayıdırmış. Professor İranlı dostu Əhməd Azəruluya bu barədə söyləyir. Ə.Azərulu Pprofessora üstüörtülü şəkildə “Görünür postaçılar şairi əziyyətə salmaq istəmirlər. Ona yazacağın məktubları mənim ünvanıma göndərin, mən sahibinə çatdıraram” söyləyərək ona çıxış yolu göstərir. Abbas Zamanov qeyd edir ki, beləliklə Azərulun vasitəsi ilə Şəhriyarla məktublaşmağa başladım. Professor qeyd edir ki, Azərulun vasitəsi ilə 15 oktyabr 1986-cı il tarixli məktubunda ustad öz şəkilini də mənə yollamışdı. Şəkilin arxasında şair öz dəsti-xətti ilə yazmışdı:
“Badi-kubə şəhərinin hörmətli ədiblərindən professor Abbas Zamanova yadigar”. Bu qiymətli hədiyyə məni son dərəcə sevindirdi. Şəkili bir neçə dəfə bağrıma basıb uşaq kimi öpdüm, elə həmin gün cavab yazdım. Yazdım ki, “Sizin mənə göndərdiyiniz bu yadigar elə böyük hədiyyədir ki, onun qiymətinin həddi-hüdudu yoxdur. Zəmanəmizin ulu şairindən belə bir hədiyyə almaq mənim üçün böyük şərəfdir. Mən fəxr edirəm ki, “Heydər babaya salam” müəllifi lütf edib öz müqəddəs şəkilini mənə yadigar göndərmişdir. Belə bir lütfkarlıq üçün mən Siz cənablarına min dəfə sağ ol desəm, min dəfə təşəkkür etsəm azdır. Bu müqəddəs yadigarı mən həyatım boyu qoruyub saxlayacaq, Sizi heç bir vaxt, heç bir vaxt unutmayacağam. Mərhəmətiniz üçün sağ olun, ustad....”
Əhməd Azərulu məktubu Şəhriyara oxumuş, cavabı da özü yazmışdır. Azərulu məktubu oxuyarkən Şəhriyar son dərəcə mütəəssir oldu, uşaq kimi ağladı və onun salamını, razılığını Sizə çatdırmağı xahiş elədi.
Abbas Zamanovun çoxşaxəli faəliyyətinə kiçik bir tövhə olan bu yazı onun ruhu qarşısında ehtiramın ifadəsidir. Ruhun şad olsun VƏTƏN FƏDAİSİ!

Səməd Vəkilov


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!