Azərbaycanda sükut günüdür .....                        Təyyarə qəzasında həlak olanlardan biri bu universitetin tələbəsidir .....                        Təyyarə qəzası ilə bağlı birgə məlumat .....                        Ərdoğan İlham Əliyevə məktub göndərdi .....                        Təyyarə iki dəfə dövrə vurub, üçüncüdə yerə çırpılıb .....                        "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO .....                        Yazıçılar Birliyində kitab təqdimatı .....                        Türkiyədə klub prezidenti istefa verdi .....                        Nazirlər yaralı azərbaycanlılara baş çəkdilər .....                       
10-08-2022, 15:45
Elməddin Behbud yazır: Biz də qayıdırıq, onlar da...


Elməddin Behbud yazır: Biz də qayıdırıq, onlar da...
(Erməniçiliyə vurulan böyük zərbə)

Bəli, hətta anti-Azərbaycan mövqedə olanlar da etiraf edir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən savaşı ermənilərin "miatsum" ideyası da daxil olmaqla 30 ildən artıq müddətdə saxta "Böyük Ermənistan" quruculuğu ilə bağlı gördükləri bütün işləri tarixin zibilliyinə atdı. Bu, son iki əsrdə erməniçiliyə vurulan iki böyük zərbədən biridir.
Bu mətnin sonundakı isə sadəcə ermənilərin Laçın şəhərini tərk etdiyini göstərən şəkil deyil. 2020-ci ilin 27 sentyabrından etibarən rus imperiyasının 200 il öncə Cənubi Qafqaza - Azərbaycan, türk-müsəlman torpaqlarına köçürdüyü ermənilərin geriyə dönüşünün davam etdiyini göstərən tarixi fotolardan biridir.
İki ilə yaxındır ki, Murov dağlarından Arazboyu düzənliklərə qədər ermənilər vəhşiliklə zəbt etdikləri və həyasızcasına məskunlaşdıqları torpaqlardan çəkilib gedirlər. Özü də xoşluqla yox, məğlub şəkildə, məcbur olaraq. Vaxtilə dinc mülki əhalini qətlə yetirməklə qazandıqları "qələbənin" nə qədər saxta və süni olduğunu dərk edə-edə...
Azərbaycan vətəndaşlığını almaq üçün son günlər etdikləri müraciətlər də düşdükləri ağır vəziyyətin nəticəsidir...Azərbaycanlılar isə geri dönür. Ağalı misalındakı kimi, bu gün Azərbaycan xalqının siyasi coğrafiyası daxilindəki ərazilərə qayıdırıq. Qayıdış prosesi yalnız müstəqil Azərbaycan Respublikasının hazırkı sərhədləri ilə məhdudlaşmayacaq. Etnik coğrafiyamızın sərhədləri isə siyasi coğrafiyamızdan qat-qat böyükdür...
Erməni ekspertlər də anlayırlar ki, onlar üçün əsas təhlükə yalnız Qarabağ iddiasından rəsmi olaraq əl çəkmək deyil. Sülh müqaviləsi imzalanandan sonra azərbaycanlılar hazırda "Ermənistan" adlanan tarixi torpaqlarına - quzeydəki Şörəyel mahalından, güneydəki Zəngəzur mahalınadək olan bütün ata-baba yurdlarına, Loru-Pəmbəyə, Ağbabaya, Zəngibasara, Göyçəyə, Qaraqoyunluya, Dərələyəzə, Vedibasara, o cümlədən İrəvana dönəcəklər. İlk olaraq məzarlarını ziyarət edən qonaq, turist kimi. Sonra əmlak sahibləri kimi. Daha sonra isə yaşamaq icazəsi olan şəxslər kimi. Kim bilir, irəlidə vətəndaşlıq məsələsi də həll oluna bilər.
Ermənistanın mövcud sosioloji göstəriciləri də dediklərimi təsdiq edir. Əhali artımı olmayan, insanların ilk fürsətdəcə ölkəni tərk edib qaçdığı Ermənistanın 85 milyonluq Türk və 10 milyonluq Azərbaycan xalqının qarşısında duruş gətirməsi mümkün deyil. Güneydəki milli proseslərin inkişafı, milli kimlik şüurunun yüksəlişi yaxın 10 ildən etibarən erməniləri güney sərhədlərindəki kiçik pəncərə vasitəsi ilə qidalanmaqdan da məhrum edəcək.

Biz də qayıdırıq, onlar da...
Sadəcə biz Cənubi Qafqazdakı tarixi haqlarımızı bərpa edərək doğma torpaqlarımıza qayıdırıq. Ermənilər isə onlara ərməğan edilən və işğal etdikləri torpaqları tərk edərək dünyanın müxtəlif guşələrinə üz tuturlar.
Böyük və çox şərəfli tarixi hadisələrin şahidi və iştirakçısıyıq. Elə hadisələr ki, insan dərindən düşündükcə heyrətə gəlir...
Bütün maneələrə, ziddiyyətlərə rəğmən, Azərbaycan müasir geosiyasi konfiqurasiyada güclü və qüdrətli şəkildə təmsil olunur.
Qarşıda isə bütöv Azərbaycan var!!!
5-08-2022, 08:41
Almaniyadan Nərminə İbrahimova yazır

Almaniyada yaşayan həmyerlimiz Nərminə xanım İbrahimovanın redaksiyamıza müraciəti:
Hörmətli, “Bütöv Azərbaycan”.
Almaniyada Brolcherstr 106 Alsdorf 52-447 ünvanında yaşayan Fəxrəddin Bayramov 24 iyulda Youtube kanalında çıxış edərək Azərbaycanda yaşayışın çətinliyindən və məmur özbaşınalığından şikayət edib. Onun nəzərinə çatdırırıq ki, Azərbaycan xalqı adından danışmağa səlahiyyəti yoxdur və buna görə məsuliyyət daşıyır. Onun Azərbaycanda bütün şəraiti var, amma bunlara baxmayaraq o, iki ildir öz şəxsi arzuları, istəyi ilə Almaniyda yaşayır.
Fəxrəddin Bayramov bildirir ki, o, Azərbaycan vətəndaşlığından imtina edib, Ermənistan vətəndaşlığını qəbul edəcək, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyana da müraciət edib. Hətta Youtubedə o böyük bir məsuliyyətsizliyə yol verərək öz şəxsiyyət vəsiqəsini doğrayıb, bir neçə yerə böldü. Onun söylədikləri fikirlərlə ailəsi razı deyil, o isə həm ailəsini, həm də övladını qorxu altında saxlayır. Bu məsələ ilə bağlı biz Almaniya polisinə müraciət etdik və onun qapısına getdik. Almaniya polisi onun ailəsi və övladını nəzarətdə saxlayır. Onun Youtube kanalında söylədikləri mənasız cəfəngiyatdan başqa bir şey deyil.
Biz Almaniyada yaşayn azərbaycanlılar, qazilərimiz dəfələrlə etirazımızı bildirmişik. Onun Azərbaycan dövlətçiliyinin əleyhinə danışmasına biz etiraz edirik və bu haqda tədbir görmək üçün Azərbaycan dövlətinin rəsmi qurumlarına müraciət edirik. Biz harada yaşamağımızdan asılı olmayaraq öz dövlətimizi, onun rəhbəri 44 günlük müharibədə zəfərin əldə edilməsində öz dəmir yumruğu ilə qalib gələn və 30 ilə qədər erməni faşistlərinin caynağı altında qalan torpaqlarımızı azad edən Ali Baş Komandanımız İlham Əliyevə öz minnətdarlığımızı bildiririk və daim dəstəyimizlə onun arxasındayıq.
Fəxrəddin Bayramov kimilərin qanında azərbaycanlı qanı olsaydı belə çıxışlar etməzdi. Biz ona öz etirazımızı bildiririk və dünyada yaşayan hər bir azərbaycanlı da ona öz etirazını bildirir.
Sizə böyük hörmətlə:
Almaniyada yaşayan həmyerliniz Nərminə İbrahimova.
23-07-2022, 15:06
Azərbaycanın cəngavər oğlu – Şah İsmayıl


Azərbaycanın cəngavər oğlu – Şah İsmayıl
Şah İsmayıl Xətai (Səfəvi) xalqımızın dövlət və dövlətçilik tarixində müstəsna rol oynamış, 14 yaşında hakimiyyətə gələrək Səfəvilər kimi qüdrətli Azərbaycan dövlətini yaratmış, fövqəltəbii gücə və zəkaya malik tarixi şəxsiyyətdir.
Tariximizin bu şanlı şəxsiyyəti haqqında bir-birinə zidd, mübahisəli məqamlar da az deyil. Ona görə də Şah İsmayıl haqqında danışarkən, onun Azərbaycan tarixindəki rolunu və xidmətlərini daha aydın şəkildə təsəvvür etmək üçün bir neçə məqama aydınlıq gətirməyi önəmli hesab edirik.
Hər şeydən əvvəl, Şah İsmayıl Xətainin Azərbaycan tarixinin digər bir ləyaqətli, lakin mübahisəli şəxsiyyəti olan Babəklə (Baybək) soy, şəcərə və ideoloji bağlılığı məsələsinə toxunmaq istəyirik. Babəki İslama qarşı döyüşən üsyan rəhbəri kimi təqdim edənlər bir məqamı unudurlar ki, o, Hürrəm (Hürrəm-azadam) hərəkatına qırmızı bayraq altında başçılıq etmişdir. Qırmızı bayraq isə bir çox mütərəqqi fikirli tədqiqatçıların fikirlərinə əsasən, islam tarixində “günahsız olaraq qətlə yetirilən, qatili cəzalandırılmamış insan” anlamını ifadə etmişdir. İlk dəfə qırmızı bayraq məhz İmam Hüseynin dəfni zamanı, onun məzarı başında qaldırılmışdır. Deməli, Babəkin “Hürrəm” hərəkatına qırmızı bayraqla başlaması təsadüfi sayıla bilməzdi. Peyğəmbər Əleyhüssəlamın dövründə İslam dini müxtəlif ölkələr və xalqlar arasında yayılarkən ərazi işğalı məsələsi yox idi. Məqsəd İslamın daha geniş yayılmasından ibarət idi. Peyğəmbərin vəfatından sonra isə xilafət nümayəndələri islamın qəbul olunduğu ərazilərin işğalına başladılar. Din adı altında daha çox ərazi və qənimət ələ keçirmək uğrunda mübarizə meydana gəldi. Azərbaycanın xalq qəhrəmanı Babək də məhz xilafətə - onun işğalçı əməllərinə qarşı mübarizəyə qalxmış, qəhrəman kimi döyüşlərə atılmışdı. Əslində qaldırdığı bayrağın rəngi də sübut edirdi ki, Babək Əhli-Beyt tərəfdarıdır, İslam dininə deyil, öz işğalçı əməlləri ilə bu dinin adına ləkə gətirən ərəb xilafətçilərinə qarşı vuruşur. Məlumdur ki, Şah İsmayıl Xətai və tərəfdarları da başlarına Əhli-Beyt aşiqi olaraq on iki İmamın şərəfinə on iki zolaqlı qırmızı çalma bağlayırdılar. Bu deyilənlər sübut eləyir ki, ideoloji baxımdan Babək və Xətai eyni amala xidmət etmişlər. Araşdırmaçılar nəsil şəcərəsi baxımdan da bu iki azadlıq mücahidinin eyni soydan olduğu fikrini, genetik kodlarının bağlılığını qəbul edirlər.
İkinci bir məsələ Şah İsmayılın ana dilimizi dövlət dili səviyyəsinə qaldırması məsələsi idi. Onun hakimiyyətə gəlişi Əfşar, Qacar, Şamlu, Ustac kimi çoxsaylı türk tayfalarının və xalqın hərbi dəstəyinə əsaslanırdı. Şah İsmayıl on dörd ildə on dörd türk elini birləşdirmişdi. Türk soylu olması dilimizə münasibətində də açıq-aydın özünü göstərirdi. Onun danılmaz xidmətləri arasında ana dilimizi türk dili adı ilə rəsmi dövlət dili elan etməsini, saray yazışmalarının və hərbi sənədlərin türkcə yazılmasını, öz sarayına ana dilində yazıb-yaradan sənətkarları toplayaraq elm, mədəniyyət və incəsənətin inkişafına xüsusi qayğı göstərən və xalq tərəfindən böyük ehtiram və sevgiyə layiq dövlət başçısı kimi fəaliyyət göstərməsini, ədəbiyyatımıza və dini düşüncəmizə xüsusi töhfələr verməsini ayrıca vurğulamaq lazımdır.
İ.Petruşevski göstərirdi ki, “Azərbaycan dili (türk dili) İsmayılın ana dili idi, onun və ailəsinin əsas dayağı Azərbaycan türkləri idi, onun sarayında da bu dildə danışırdılar. Həmin dövrdə ərəb və fars dillərinin əsas dil olaraq işləndiyi, hətta özlərini türk varisi olaraq elan edən Osmanlı sarayında dövlət dilinin fars dili olduğu bir şəraitdə Şah İsmayıl türk dilini dövlət dili səviyyəsinə qaldırmaqla bu qədim və zəngin dilin nüfuzunu özünə qaytardı. Təkcə bununla kifayətlənmədi. Dilimizin nüfuz dairəsinin genişlənməsinə kömək etdi, dövlət idarələrində, sarayda, hərbi hissələrdə işlənən rəsmi dillər arasında dilimizi dövlət dili kimi işlək vəziyyətə gətirdi. Nəticədə Azərbaycan dilinin hərbi-siyasi leksikasında türk sözlərinin sayı çoxaldı, ana dilində rəsmi üslubumuz meydana gəldi. Azərbaycan dilində fars sözlərindən istifadə olunduğu kimi, fars dilinə də türk sözlərinin axını başladı. Divan ədəbiyyatında türk dilində heca vəznli əsərlər yazan və klassik ədəbiyyatda heca vəzninin mövqeyini sabitləşdirən sənətkar kimi fars dilinin şeir-sənət dili olaraq ikinci plana keçməsinə zəmin yaratdı. Doğru göstərirlər ki, məhz Şah İsmayıl Səfəvinin başlatdığı ənənə nəticəsində ədəbiyyatımızın Məhəmməd Füzuli kimi dahisi yetişdi.
Bütün bunlar Şah İsmayıl Xətainin türklüyə xidmətləri olmaqla yanaşı, sözsüz ki, onun öz soy-kökünə bağlılığının da ifadəsi idi.
Tədqiqatçılardan O. Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti” adlı əsərində yazır ki, “Qızılbaşlar özlərini türk mənşələrinə, əsil-nəcabət və ad-sanlarına görə yüksək tuturdular”. Venessiya hökmdarı K.Laskarini Şah İsmayıl haqqında yazırdı: “Doğrudanmı o, möcüzələr yaradan nadir şəxsiyyətdir? O, həqiqətənmi, fövqəltəbii zəka sahibidir? Mənə bildirdilər ki, o və onun nəslindən olanların hamısı müqəddəs bir nəslin övladlarıdır və həmişə müqəddəs hesab olunmuşlar”.
Şah İsmayıl əsl cəngavər - ağlasığılmaz cəsarətə malik bir bahadır idi. Tarixçi Həsən Rumlu yazırdı ki, “Şah İsmayıl müharibə meydanında şir kimi vuruşar, ziyafət məclislərində isə ağzından dürr yağdırardı”. O dövrdə hökmdarların əksəriyyəti döyüşlərə özü başçılıq etmir, igid sərkərdələrini göndərirdilər. Ona görə orduda komandan hökmdarın özü olmurdu. Ş.İsmayıl isə özü döyüşlərə şəxsən başçılıq edir, bügünkü dövlət quruluşumuzda olduğu kimi, Ali Baş Komandan vəzifəsini özü şəxsən yerinə yetirirdi. O, hərb sənətinə dərindən bələd idi, olduqca mükəmməl hərbi təlim keçmişdi. Təkbətək döyüşlərdə heç kim ona qalib gələ bilməmişdi. Dövlət başçıları çadırlarından döyüşləri izlədiyi halda, hələ 14 yaşı tamam olmamış İsmayıl qoşunun önündə hücuma keçirdi. Çaldıran döyüşündən əvvəl o, Sultan Səlimi döyüşə dəvət etdiyini, lakin Sultan Səlim qorxaraq öz yerinə Osmanlının yenilməz pəhləvanı sayılan Malkoçoğlunu göndərdiyini, ilk zərbədən onu qılıncla ikiyə böldüyünü çoxlarımız bilirik. Bu gün bəziləri əfsanə, şişirtmə hesab etsələr də, Şah İsmayılın qılıncı ilə topun lüləsini kəsməsi də tarixi həqiqətdir. Bədəni qılınc yaraları ilə dolu olardı.
Şah İsmayılın 7 minlik qoşunla Ağqoyunlu Əlvəndin 30 minlik, 12 minlik qoşunla Ağqoyunlu Muradın 70 minlik qoşununa qalib gəlməsi də tarixin yaddaşından silinməyib. Şah İsmayıl Sultan Səlimin 200 minlik qoşununa, 300 topuna qarşı döyüşə 20 minlik süvari ordu ilə çıxmışdı. 3 gün davam edən döyüşdə Qızılbaşlar misilsiz qəhrəmanlıqlar göstərmişdilər. Sözsüz ki, Sultan Səlim Yavuz hiylə işlətməsəydi, Şah İsmayıl yenə qalib gələcəkdi, amma Osmanlı hökmdarı hiylə ilə qalib gəlsə də, tarixin yaddaşında bu hadisə qınaq yeri kimi qaldı. Çünki Şah İsmayıl Çaldıran döyüşünün olmasını istəmirdi. O, Sultan Səlimi bu döyüşdən yayındırmaq üçün dəfələrlə Osmanlı hökmdarına məktublar yazmış, iki qardaş dövlət arasında qan axıdılmamasına çalışmışdı.
İlk dəfə güləşi döşək üzərinə gətirən pəhləvan da məhz Şah İsmayıl idi. Onun zamanında güləş məşq zalları açılmış və Azərbaycana məxsus bu idman növü geniş yayılmışdır.
Şah İsmayıl güclü strateq kimi öz qoşünlarını 12 İmamın şərəfinə 12 yerə ayıraraq aypara şəklində düzərdi. Bu düzülüşdə zəif mərkəz və güclü cinahlar müəyyən olunurdu. Düşmən qoşunları zəif mərkəzlə döyüşdüyü zaman güclü cinahlar düşməni əhatə edir, onları mühasirəyə alaraq darmadağın edirdi. Böyük hökmdar sərkərdənin bu strategiyasından Həzi Aslanov da tanklar vasitəsi ilə istifadə etmiş, ruslar bu strategiyanı “Aslanov nalı” adlandırmışdılar.
Şah İsmayılın dövlət ideologiyasında bugünkü türkçülük, müasirlik və İslam ideyası dayanırdı. Dilimizi dövlət dili elan edib türk tayfalarını birləşdirməklə türklüyə, dövlətdə yeni mütərəqqi qaydalar yaratmaqla müasirliyə, Əhli-Beyt aşiqi kimi isə İslama xidmət edirdi.
Sosializmin ideoloqlarından olan K.Marks Şah İsmayılı qəsbçi hesab edərək, 14 ildə 14 ölkəni qəsb etdiyini bildirsə də, Şah İsmayıl əsl fateh idi. O, heç vaxt qonşu dövlətlərə yürüş edib onların ərazisini zəbt və qəsb etməmiş, 14 ildə 14 eli birləşdirmişdi. Onun hər bir yürüşü ya kiminsə onun dövlətinə meydan oxuması nəticəsində, ya da məzlumların yalvarışına kömək məqsədilə baş vermişdir. Onun yaratdığı dövlətin ərazisi Azərbaycanın tarixi torpaqları olan Şimali Ağqoyunlu və Şirvanşahlar dövlətini (Albaniya), Cənubi Ağqoyunlu (Atropatena) və Qaraqoyunlu (Anadolu) dövlətlərini birləşdirərək bir ucu Bakıdan Şirvandan başlamış indiki İran, İraq, Suriya, Bağdada, diğər ucu Əfqanıstan, Pakistan, Hindistana, Orta Asiyayaya qədər iki milyon səkkiz yüz min kvadrat kilometrdən artıq ərazini əhatə edirdi. Sonralar Səvəfilər dövlətinin ərazisi üç milyon beş yüz min kvadrat kilometrdən artıq olmuşdu. Bu gün 44 günlük Qarabağ zəfərinin qazanılmasında da, ondan əvvəlki və sonrakı dövrdə də hər zaman bizimlə olan Pakistanda hazırda Xətai dövründə həmin ərazilərə köçürülmüş qızılbaşların milyonlarla davamçıları yaşamaqdadır.
Şah İsmayılın əsas dayağı xalq idi. Alman səyyahı E.Kempfer yazırdı ki, “Şah İsmayıl dövlətinin ideologiyası xalqın və millətin saf və güclü təbəqəsinin ideologiyası idi”. O həm də dövrünün dini lideri idi. Şərqi Anadoluda xalq kütlələri meydanlara axışaraq “Açın qapıları, Şaha gidelim”,- deyə haray salmış, Bağdada daxil olarkən yerli əhali könüllü surətdə şəhərin qapılarını üzünə açıb onu alqışlarla qarşılamışdı. Araşdırmaçılar doğru qeyd edirlər ki, ancaq Şah İsmayılın qurduğu dövlətdə əsrlərcə öz inanclarına görə təqib olunan Əhli-Beyt ardıcılları rahat nəfəs ala bilmiş, ilk dəfə olaraq Əhli-Beyt məktəbi dövlət dini kimi qəbul olunmuşdur. Şahın əmri ilə fiqh elmi risaləsi şəriət qanunu kimi təsdiq olunmuş, həmin dövrdə çoxsaylı Əhli-Beyt alimləri yetişərək ölkədən kənarda da İslam dinini yaymağa başlamışdılar.
Şah İsmayıl təkcə qəhrəman sərkərdə və ağıllı dövlət başçısı deyildi. O həm də ədalətli insan idi. Osmanlılarla münasibətləri yaxşı olmasa da, Alman və Macarıstan elçiləri ondan Osmanlılara hücum etmək üçün kömək istəyəndə "Siz öz aranızda söz sahibi ola bilmirsiz, o boyda Osmanlılara nə edə bilərsiniz?”- deyə ittifaq təkliflərini rədd etmişdi. Sultan Səlim dünyasını dəyişəndə isə ona məğlub olsa da, oğlu Sultan Süleymana başsağlı məktubu göndərmiş, "Cənnətin ən ali pilləsində məkan qurmuş ali cənab xaqanın dünyadan köçməsi qəm-qüssəyə batanların düşüncələrində iz buraxdı. Qiyamət gününə qədər əbədi dualar sizinlə olsun",- deyərək öz böyüklüyünü nümayiş etdirmişdir.
Səfəvilər sarayında Qurban bayramı xüsusi keçirilirdi. Şah dövlət xəzinəsindən vəsait ödəməklə imkansız və kasıb ailələr üçün sarayın qarşısında 3 gün qurbanlar kəsdirirdi. Şah öz sarayının eyvanında oturar, Qurban kəsənlərə nəzarət edərdi ki, ət bölgüsü hamı üçün eyni olsun.
Sarayda kəsilən qurbanlardan cəza evlərinin məhkumlarına da pay göndərilir, qurban ətindən üç gün ardıcıl olaraq məhkumlara yemək bişirilməsi əmr olunurdu.
Şahın əmrinə əsasən sarayda xidmət edən hər kəs qurban ətindən pay alır, dilənçilər saraya gəlib qurban ətlərindən bişirilən yeməklərdən yeyirdilər. Bayram namazından sonra sarayda xüsusi bayram süfrələri açılır, vəzifəsindən asılı olmayaraq, hamı eyni süfrədə əyləşib təamlardan dadırdı.
Bütün bu deyilənlər Şah İsmayıl haqqında demək istədiklərimizin hamısı olmasa da, fikrimizcə, onun necə ədalətli, cəngavər və yenilikçi bir şəxs olması haqqında müəyyən bir təsəvvür yaratmağa kifayər edər. Unutmayaq ki, Şah İsmayıl və onun yaratdığı Səfəvilər dövləti tariximizin ən şanlı səhifələrini əhatə edir. Bu gün onun yolu ilə gedən igidlərimiz Qarabağda misilsiz qəhrəmanlıqlar göstərərək bu böyük şəxsiyyətin genetik kodunun daşıyıcıları olduqlarını sübut etmişlər. Çünki Şah Babamız bizlərə müdrik əcdadlarımızdan miras qalmış 3 şeyi vəsiyyət etmişdir:
“Ana dilimizi, vicdanımızı, Vətənimizi!”

Yeganə Qəhrəmanova
Filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti
19-07-2022, 09:07
Elçin Mirzəbəyli yazır: "Şah İsmayılın bir beytinin izi ilə..."


Şah İsmayılın bir beytinin izi ilə...
Şah İsmayıl Xətainin nə qədər böyük düha, şəxsiyyət olduğunu anlamaq üçün onunla bağlı əksər hallarda təhrif olunmuş, rəqiblərinin, düşmənlərinin səlnaməçiləri tərəfindən yazılmış söz yığınlarına nəzər salmaq lazım deyil. Xətainin milli kimliyi, düşüncəsi, daxili aləmi, şəxsiyyətinin portret cizgiləri onun poeziyasındadır! Təəssüf edirəm ki, bu istiqamətdə araşdırmalarımız çox azdır…
Xətai haqqında illər öncə ayaq açan iddialara 2016-2017-ci illərdə bir neçə yazı ilə cavab vermişəm. Mövzuya yenidən qayıtmaq istəmirəm. Amma Azərbaycan cəmiyyətində Şah İsmayıla məzhəbçilik çərçivəsindən baxış formalaşdırmaq istəyənlərə, onun sadəcə bir beytinin yozumu ilə cavab vermək istəyirəm. Oxuyun və görəcəksiniz ki, Xətainin bu kiçik təhlildə nümunə gətirdiyim beyti ona çamur atanların cəmindən dəfələrlə böyükdür.
Beləliklə, Şah İsmayıl Xətai yazır:
Lövhi-məhfuzin Xətayi əbcədin qıldı bəyan,
Div degülsən, xatəmin xətmində Fəzlüllahi gör.

“Lövhi-məhfuz” sözü ərəb dilindən tərcümədə “qorunan lövhə” anlamına gəlir. Qurani-Kərimdə bu ad bir neçə ayədə işlədilib. Məsələn: “O, şanlı-şərəfli Qurandır. O, lövhi-məhfuzdadır” (Büruc, 21-22). Xətainin bu beytində isə “lövhi məhfuz” alın yazısı, qismət mənasını verir.
Əbcəd -Türk, ərəb və fars ədəbiyyatlarında bir hadisəni, bir işin tarixini bildirmək üçün işlənən və rəqəmləri hərflərdən ibarət olan hesabdır.
Əbcəd hesabında ərəb əlifbasının hər hərfi konkret say bildirir. Məsələn, Əlifın qiyməti 1-dir. Beytin daşıdığı məna yükünü nəzərə alsaq, burada söhbətin insana verilən vaxtdan, zamandan getdiyini ehtimal edə bilərik. Amma nəzərə almaq lazımdır ki, əbcəd hesabı eyni zamanda Fəzlullah Nəimi fəlsəfəsinin, hürufizmin açarlarından biri sayılır. Hürufilər əbcəd hеsabı ilə müхtəlif hesablamalar aparmaq yolu ilə Quran ayələrini insan üzü ilə еyniləşdirirdilər. Beytdə Fəzlüllaha istinad olunduğu üçün burada işlədilən “əbcəd” sözünü insanın zahirini və batinini ifadə edən, onun mahiyyətini əks etdirən məzmun kimi də başa düşmək olar.
Beytin son misrası isə Şah İsmayıl Xətai poeziyasının işərisindən keçən azsaylı və bəlkə də təkrarı olmayan nümunələrdən biridir:
“Div degülsən, xatəmin xətmində Fəzlüllahi gör”.
Burada “div degülsən (deyilsən)” istisnasız olaraq, “əgər insansan”, “adəm övladısan” anlamını verir. Xatəmin xətmi isə o deməkdir ki, artıq dünyaya islamdan başqa din və Məhəmməd (s) peyğəmbərdən başqa peyğəmbər gəlməyəcək. Amma burada Xətai başqa bir xəttə, istiqamətə, məhz türk ruhundan, törəsindən qaynaqlanan yola işarə edir. “Peyğəmbərliyin başa çatdığı yerdən sonra Fəzlullahı gör”, onun fəsəfəsini anla, zahirdən batinə en, batindən zahirə qalx deyir...
Şah İsmayıl Xətainin təkcə bu beyti kifayətdir ki, onu zorla bir məzhəb çərçivəsinə salmaq istəyənlərin bütün iddiaları alt-üst olsun. Xətainin bu beytində Azərbaycanın, türklüyün islama baxış fəlsəfəsindən, Nəsimi ruhundan yol alan yanaşma, mənəvi, poetik və fəlsəfi vərəsəlik açıq-aşkar hiss olunur.

Elçin Mirzəbəyli
4 avqust 2019-cu il
18-07-2022, 08:07
Səməd Bayramzadədən dəyərli xatirə: "VƏTƏN XƏRİTƏSİ"

Gecikmiş bir yazı…
VƏTƏN XƏRİTƏSİ
Xatirələr özü də tarixdir və yaddaşlarda yaşayan xatirələrə “canlı tarix” də deyirlər. Lakin həmin xatirələri yaddaşlarında gəzdirən canlı fərdlər əllərinə qələm alıb onları kağız üzərinə köçürdükdə bu xatirələr tarixə çevrilir, əksinə olduqda isə yalnız ən yaxşı halda, yaxın dostların, qohumların, əzizlərin yaddaşlarına ötürülən və bu zaman daha maraqlı olan hissələr müəyyən müddətə yaşayır, sonra isə itib əbədiyyətə qovuşur. Nə yaxşı ki, bu xatirələr onu gəzdirənin özü və ya dostları, yaxınları tərəfindən kağıza köçürülür və böyük bir nəslin, xalqın yaddaşına çevrilir. “Vətən xəritəsi” başlığı altında oxuculara təqdim edilən bu xatirələr tarixşünaslığımızda prof. Şövkət Tağıyevanın banisi olduğu “Cənubi Azərbaycan” məktəbi nümayəndələrinin 80-ci illərin əvvəllərində Moskva şəhərində elmi tədqiqatla məşğul olduqları illərdəki həyatla bağlıdır. Həmin nümayəndələr sırasında Nəsib Nəsiblinin və Vidadi Mustafayevin adlarını xüsusi olaraq çəkmək istəyirəm. Belə ki, həmin xatirə və yaddaşları tarixə ilk çevirənlər onlardır.

Nəsib Nəsibli

N.Nəsiblinin və V.Mustafayevin Güney Azərbaycanın ərazisi, əhalisi, onun milli şüuru, İran çərçivəsində öz milli-demokratik hüquqları uğrunda mübarizələrinə həsr edilmiş bir sıra elmi əsərləri artıq çoxdan işıq üzü görmüşdür. Həmin həyatı adlarını çəkdiyimiz nümayəndələrlə birlikdə yaşamış ziyalılarımızdan biri də həmin illərdə akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Türkiyə tarixi və iqtisadiyyatı” şöbəsinin elmi işçisi olmuş Möhübbi Əhmədov idi (o hazırda Türkiyə Cümhuriyyətində yaşayır və çalışır - S.B.).

Vidadi Mustafayev

Qürbət həmişə qəlbən və mənən oxşar həmvətənləri, “həmşərilər”i bir-birinə yaxınlaşdırır və bu zaman ümummilli problemlər həmişə müzakirə obyekti olur. Həmin dövrlə bağlı xatirələrini M.Əhmədov mənə 1989-cu ildə təqdim edib və mən onu haqqında danışdığım tarixin maraqlı və cəlbedici epizodlarından biri kimi oxuculara təqdim etmək istəyirəm. M.Əhmədovun qələm yazısına əl gəzdirmədən təqdim edirəm:
“Yeddi il əvvəlin söhbətidir. Qarlı-şaxtalı qışın elə bil sonu yoxdu və bizi bir qəriblik duyğusu bürümüşdü. Moskvada Elmlər Akademiyasının onaltı mərtəbəli aspirantlar evində biz, azərbaycanlılar, bir-birimizə daha mehriban olmuşduq. Pəncərərdəki işıqları səhərəcən sönməyən bu binada neçə-neçə arzu çiçəklənmişdi, nə qədər elmi və yarıelmi mübahisələrimiz olmuşdu. Şərqşünaslar, fiziklər, biokimyaçılar, dilçilər, kibernetiklər-hamımızı birləşdirən, düşündürən, ruhlandıran və bəzən də ruhdan salan öz xalqımızın problemləri idi. Heç ağlımıza da gəlmirdi ki, indi durğunluqdur, düşüncəyə və idraka buxov vurulmuşdur. Oxuduğumuz hər kitab, hər məqalə yeni üfüq açırdı, yeni ideya gətirirdi. Müdriklərimizi köməyə çağırırdıq. Sabirə, Mirzə Cəlilə üz tuturduq. Şübhəsiz, bizi düşündürən başlıca məsələlər Azərbaycanla, onun dünəni və sabahıyla bağlıydı. Dəqiq elmlərlə məşğul olan uşaqlar bizimlə bu barədə tez-tez fikir mübadiləsi edirdilər, çünki biz tarixçiydik, problemlər bizə daha yaxın idi. İndi hamılıqla etiraf etdiyimiz kimi, o vaxt deyirdik, danışırdıq, öz aramızda tənqid edirdik, vəssalam. Xeyri isə olmurdu. Əlbəttə, gəncliyə xas olan ehtiras və coşqunluqla ətaləti, sxolastikanı, ehkamçılığı aradan qaldırmaq üçün hər işə hazır idik.
Aydındır ki, acı gerçəklərlə barışa bilmirdiksə də, durğunluq öz işini görürdü. Nəyisə dəyişdirmək, əngəlləri dəf etməkdənsə, alışmaq daha asan idi. Nəhəng bir ölkə beləcə nələrə alışmadı...
Moskvada krossvord dəbdir və bir dəfə qərara aldıq ki, “Haradır Azərbaycan?” başlığı altında bir krossvord tərtib edək. Bu fikri ilk dəfə ortaya atan hazırda bizim akademiyanın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan bölməsinin (həqiqətdə, o zaman bölmə yox, şöbə fəaliyyət göstərirdi və qeyri-müəyyən səbəblərə görə 80-ci illərin sonunda rəhbərlik tərəfindən onun fəaliyyəti dayandırıldı və hazırda adı çəkilən İnstitutda “İran tarixi” şöbəsi nəzdində Güney Azərbaycan tarixi problemləri ilə məşğul olan bir qrup fəaliyyət göstərir – S.B.) əməkdaşı, tarix elmləri namizədi Nəsib Nəsibli (o hazırda “Xəzər” universitetinin professorudur və həmin universitetdə politologiya kafedrasına rəhbərlik edir – S.B.) idi. Mən onunla bir otaqda yaşayırdım. Onun dissertasiya işi Cənubi Azərbaycanla əlaqədar idi və onunla Cənubi Azərbaycan mövzusunda saatlarla mübahisə edirdik. Azərbaycanın əhalisi, tarixi, coğrafiyası, etnik mənşəyi, istiqbalı bizim söhbətə qoşulan digər həmyerlilərimiz üçün də maraqlı idi. Əlbəttə, bu məsələlərin kompleks həlli elmi yanaşma, metod tələb edirdi, vaxt və hazırlıq tələb edirdi. Elə bu söhbətlər nəticəsində “Haradır Azərbaycan?” sualı məni şeir yazmağa sövq etdi. Şeirin ilk variantı mübahisə doğurdusa da, uşaqlar məni həvəsləndirdilər. N.Nəsibli də məni ruhlandırdı ki, ideya həqiqətən uğurludur və şeiri mükəmməl şəklə salmaq, cilalamaq hamımızın borcudur. Yer adları, coğrafi koordinatları seçərkən mən onun, eləcə də Vidadi Mustafayevin (şeiri kağız üzərinə köçürüb saxlayan da o olub və mən təqdim edilən şeirin əlyazmasını V.Mustafayevdən alıb saxlamışam və üzərində kiçik düzəlişlər edib oxuculara təqdim etmək qərarına gəlmişəm – S.B.) mülahizələrinə əsaslanmışam.
Zənnimcə, bu şeir durğunluq dövrüylə barışmaq istəməyən gənclərimizin təəssübkeşliyinin yadigarı sayıla bilər. Şeirlə bağlı xatirəni qələmə almağı akademiyamızın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin elmi işçisi, tarix elmləri namizədi Səməd Bayramzadə təkid etdi və məlum oldu ki, şeirin əsl nüsxəsini o qoruyub saxlamışdır.
M.Əhmədov, Bakı, may – 1989”.
HARADIR AZƏRBAYCAN?
Dünya gəzmiş, dünya görmüş
bir səyyahdan
soruşsan-
Haradır Azərbaycan?
Dəmirqapı Dərbəndin
qala divarlarından,
Təbrizəcən uzanan
dağlı, dənizli
gözəl diyardan
danışar.

Əsrlərin əsiri
bir tarixçidən
soruşsan-
Haradır Azərbaycan?
Qobustanın daşlarından,
albanlardan, oğuzlardan,
qisas alan qılınclardan,
Kaşğarinin divanından
danışar.

Qabarlı əllərini Kürdə yuyan
bir muğanlı pambıqçıdan
soruşsan-
Haradır Azərbaycan?
Alın təriylə hər payız
ağaran
şoran torpaqdan,
üzümdən, pambıqdan
danışar.

Sahildə gəzən
qaragöz qızdan
soruşsan -
Haradır Azərbaycan?
Yanaqları allanar
Qız qalasından,
arzu kimi pak sevdadan,
əsgər getmiş bir oğlandan
danışar.

Üzündən salnamə oxunan bir ağsaqqaldan
soruşsan -
Haradır Azərbayca?
Yüzyaşlı çinarlardan,
qardaşlıq məzarında
yatan oğlundan,
üfüqlərə gedən
yollardan
danışar.
Xeyri ucaldan,
Şəri alçaldan
bir dastan
danışar.

Borçalıdan gələn qatardan
düşən yorğun yolçudan
soruşsan -
Haradır Azərbaycan?
Bir az duruxaraq
bərəkətli mahalından,
sazdan, aşıqlardan,
el-obaya yananlardan danışar.

Dekabr, 1982
MOSKVA

Fikrimizcə, təqdim edilən şeir şair kimi tanınmayan, lakin poetik istedada malik olan vətənpərvər bir gəncin Azərbaycan haqqında bir nəslin müəyyən bir zaman kəsiyində düşüncələrinin özünəməxsus şəkildə bədii ifadəsidir.
“Haradır Azərbaycan?” başlığı altında M.Əhmədovun təqdim edilmiş şeiri böyük Cəlil Məmmədquluzadənin eyni adlı əsərinin poetik formada davamı hesab edilə bilər. Həmin mövzu Səməd Vurğun və Məhəmməd Hüseyn Şəhriyar tərəfindən daha məhdud coğrafiya və zaman çərçivəsində qələmə alınmışdır.
Deyilənlər mövzunun, həmişə olduğu kimi, bu gün də nəinki aktual, həm də son dərəcə aktual olduğunu göstərir. Həmin mövzuda iri və kiçik həcmli bədii əsərlər, o cümlədən poetik nümunələr yaradılmasına böyük ehtiyac olduğunu demək, yəqin ki, artıqdır.
Bu yolda şair və yazıçılarımıza uğurlar diləyirik.
Səməd Bayramzadə
Bakı, 2010-cu il
18-07-2022, 06:52
Şah babamızın 535 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Şah babamızın 535 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi 199 ünvanında yerləşən "Ocaq" xeyir-şər evində xeyriyyəçi Hacı İntiqamın təşkilatçılığı ilə Şah İsmayıl Xətainin 535 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Ötərxan Eltacın aparıcılığı ilə keçirilən, bir sıra tanınmış elm, mədəniyyət və ictimai xadimlərin iştirak etdiyi gecədə Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi də iştirak edib.

Ulu Şah İsmayılın bir əlində qılınc, bir əlində qələm Azərbaycanın vahid dövlətçilik ideologiyasının və təcrübəsinin həyata keçirilməsində, Türk dilinin ilk dəfə dövlət dili kimi qəbul olunmasındakı rolu və digər önəmli məsələlər barədə danışılıb.
20-06-2022, 19:39
"Azərbaycanımızı bütöv və həmişə ucalardan ucada görmək istəmişəm

"Azərbaycanımızı bütöv və həmişə ucalardan ucada görmək istəmişəm"

Bu sözləri Naftalanda "Çinar" sağlamlıq mərkəzində müalicə alarkən həmsöhbət olduğum inzibatçı Emil Babayev dedi. Əslində o, qonaqlarla əlaqələr üzrə iş aparan çox məsuliyyətli, vətənpərvər və milli ruhlu bir gəncdir. Qısa zaman kəsiyində aramızda qurulan səmimi bir tanışlıq prosesində bu gəncin öz daxili aləmində Azərbaycan birliyini, bütövlüyünü, mədəniyyətini, milli kimliyini, milli şüurunun səviyyəsini qoruyub saxladığını və necə inkişaf etdirdiyinin şahidi oldum. Belə ki, Emil ölkəmizə dünyanın müxtəlif guşələrindən qonaq gəlmiş və adıgedən sağlamlıq mərkəzində müalicə alan və istirahət edən hər bir kəsə yaşından, milliyətindən asılı olmayaraq çox həssaslıqla yanaşır, onların qayğısına qalır, onları maraqlandıran bütün suallara çox həssaslıqla cavab da verir.
Bütün bu qayğılarla yanaşı Emil sağlamlıq mərkəzində bütün prosedurlar və şam yeməyi bitdikdən sonra ya "Çinar" otelinin böyük və geniş foyesindəki "İstirahət guşəsi"ndə və ya da rəngli fəvvarənin də yerləşdiyi həyətdəki "Yaşıl bağ"da qonaqlar üçün canlı konsert proqramları təşkil edir. Belə ki, həmin proqramlarda qonaqlar tarda, pianoda milli musiqilərimizin ən gözəl nümunələrini canlı olaraq yerli sənətkarlarımızın ifasında dinləyirlər. Tarda milli musiqilərimizi çox yüksək peşəkarlıqla ifadə edən gənc sənətkar Kamil Kanadaroğlunu Emil öz təbirincə "Naftalanın əməkdar artisti" adlandırır.
Ən maraqlı məqamlardan biri də budur ki, Emil bütün bu qayğılarla yanaşı bizim xalq və bəstəkar mahnılarımızı çox şirin və məlahətli səsi ilə istər yerli və istər xarici qonaqların diqqətini və zovqünü oxşayan bir tərzdə məharətlə ifa edir.
Milli mahnılarımızla yanaşı eyni zamanda da çox böyük bir ustaqlıqla rus, özbək və digər xarici dillərdəki mahnıları qonaqların diqqətinə təqdim edir. Dünyanın müxtəlif yerlərindən Azərbaycanın bu dilbər güşəsində müalicəyə və istirahətə gələn yüzlərlə insanın zövqünü oxşamaqla yanaşı eyni zamanda yüksək milli mədəniyyətimizin, musiqimizin və adət-ənənələrimizin ən gözəl nümunələrini onların qarşısında nümayiş elətdirir, ölkəmiz və xalqımız haqqında onlarda çox müsbət təəssüratlar yaradır, bununla da yüksək inkişaf etmiş Azərbaycan mədəniyyətini, mənəviyyatını və əxlaqını onların nəzərində canlandırır. Belə ki, qonaqlar onu eyni zamanda çox qayğıkeş və diqqətli bir inzibatçı kimi də tanıyırlar.
Onunla aramızda olan qısa bir söhbət zamanı bildirdi ki, o, əslən Bakıdandır, ziyalı ailəsindəndir, babası Əziz Məşədizadə tanınmış həkim olub. Əmircan qəsəbəsindəki 8 saylı xəstəxananın həyətində büstü də qoyulub. Belə ki, həmin xəstəxananın baş həkimi vəzifəsini uzun illər şərəflə icra etmişdir. Uşaqlarının anası da müəllimədir, gələcək nəslin milli və vətənpərvər ruhunda tərbiyəsi ilə məşğuldur.
Emil söhbətimizin gedişində vurğuladı ki, o, Azərbaycan diaspor təşkilatlarının həyata keçirdiyi missiyanın - əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm prezidentimiz, Ali Baş komandanımız İlham Əliyev tərəfindən uğurla davam etdirilən azərbaycançılıq ideologiyasının yayılması, möhkəmlənməsi, dünya azərbaycanlılarının sarsılmaz birliyinin təminatçısına çevrilməsi, Azərbaycanın bu dilbər guşəsində qonaqlarımıza təlqin edilməsi və beləliklə bütün dünya azərbaycanlıları arasında yayılması kimi çox böyük və məsuliyyətli bir işin icrasında kiçik bir xidmət göstərə bilibsə, özünü çox xoşbəxt hesab edir. Bu fikrinin məntiqi izahını da verdi. Azərbaycanın bu sağlamlıq mərkəzinə dünyanın müxtəlif guşələrindən gəlmiş qonaqlar yüksək səviyyədə inkişaf etmiş milli-mənəvi dəyərlərimizlə, tariximizlə canlı olaraq, üz-üzə tanış olduqca, çox yüksək təəssüratlarla geri qayıdır, yaşadıqları ölkələrdə məskunlaşan azərbaycanlılara münasibətlərində də çox yüksək dostluq əlaqələri qurmağa və onu daha dərin köklər üzərində yaşatmağa, inkişaf etdirməyə çalışırlar. Bütün bu xidmətlərin qayəsi həmin nəticələrə nail olmaq, Azərbaycan xalqının tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri barədə vətənimizə qədəm basan insanlarda bu vətən barədə ən gözəl təəssüratları formalaşdırmaq, dostluq münasibətləri qurub, onu davamlı inkişaf etdirib yaşatmaqdır. Göstərdiyi bu xidmətlərdən də əsas məqsədi Azərbaycanımızı bütöv və həmişə ucalardan ucada görmək istəyidir.
Çox da uzun sürməyən söhbətimizin sonunda Emil Azərbaycanımızı, onun xalqını, möhtərəm prezidentimiz İlham Əliyevin də dediyi kimi, yumruq kimi birləşmiş, vahid, qüdrətli və bütün dünya azərbaycanlılarının gələcəyə ümid ocağı kimi yanar bir diyar olmasını ürəkdən arzu etdiyini bildirdi. O, eyni zamanda bildirdi ki, 2016-cı ilin apel döyüşlərində də, 44 günlük Vətən savaşında da düşmənlə təmas xəttinə ən yaxın bir məsafədə yerləşən Vətənimizin bu dilbər guşəsi Naftalanı bir an belə tərk etməyib, əksinə özünün buradakı fəaliyyəti ilə milli mədəniyyətimizi, vətənpərlik ruhunu təlqin və tərbiyə edən xalq mahnılarını ifa etməklə yerli sakinlərin inamını, müdafiə ruhunu qüvvətləndirmiş, onları qarşıdakı qələbələrə ruhlandırmışdır. O, xalqımızın və rəhbərimizin gələcək uğurlarına da hər zaman dəstək olacağını, bu işdə bacardığını əsirgəməyəcəyini inamla bildirdi.
Emilin fəaliyyəti "Çinar" sağlamlıq mərkəzi rəhbərliyinin və kollektivinin də diqqət mərkəzindədir və bu üzdən də azərbaycançılıq ideologiyasının təbliği və təşviqi yolunda ona hər cür dəstək göstərilir.
Azərbaycanımızın Emil kimi gəncləri milyonlarladır. Onlar milli birlik ideyasının təmsilçiləri və icraçıları olmaqla yanaşı, xalqımızın hər zaman Vətənin müdafiəsi, qorunması və onun gələcək inkişafı uğrunda yumruq kimi bir olması yolunda dönməz mübarizləridirlər.
Gənclərimizin parlaq gələcəyinə böyük inamla,

Səməd Bayramzadə,
dosent, tarix üzrə fəlsəfə doktoru.

7-05-2022, 19:29
İbrət dolu həyat hekayəsi

İbrət dolu həyat hekayəsi
Uzun illər tanıdığm görkəmli iqtisadçı, bütün ömrünü dövlət və dövlətçiliyə həsr etmiş Şöhrət Musa oğlu Vəkilovun ibrət dolu həyat hekayəsi maraq doğurur.
Şöhrət Musa oğlu Vəkilov ilk təhsilini Qazax şəhər 4 saylı orta məktəbdə Gümüş xanım Gümüşovanın sinfində alıb. Onun təhsil aldığı sinifdə 5 nəfər qız olmaqla 25 uşaq oxuyub. Sinif nümayəndəsi Ramiz Abdullayevlə Şöhrət Vəkilov xüsusi olaraq yaxşı oxumaları ilə fərqləniblər.
İlk təhsil aldığı 4 saylı məktəb 8-illik olduğu üçün 9/10-cu sinifləri 1 saylı Qazax orta məktəbdə başa vurub. Orta məktəbdə oxuyarkən xüsui istedadı ilə fərqlənib. 6-cı sinifdə oxuyarkən riyaziyyat müəllimi Şöhrət Vəkilovu 9-cu sinfin auditoriyasına apararaq çətin həll edilən misalı həll etmək üçün lövhəyə çıxarır. Ş.Vəkilov 9-cu sinfə aid misalı həll edir. Müəllim 9-cu sinfin şagirdlərinə Ş.Vəkilovu nümunə gətirərək yaxşı oxumağı tövsiyyə edir.

Şöhrət Vəkilovun ibtidai sinifdə oxuduğu illər.

Şöhrət Vəkilov Azərbaycan 1974/1978-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakultəsində təhsil alıb. O dövrün nüfuzlu müəllimlərindən Əlihüseyn Əsədzadə kimi şəxslərdən dərs alıb. Qrupdakı 26 tələbədən 8-i, o cümlədən Şöhrət Vəkilov institutu fərqlənmə diplomu ilə bitirib. Ali Təhsilini başa vurduqdan sonra Gəncə şəhər Maliyyə İdarəsində inspektor vəzifəsində çalışıb. 1978/1980-ci illərdə Rusiya Federasiyasında həqiqi-hərbi xidmət keçib. Hərbi xidmətdə olduğu zaman atası Musa Vəkilov dünyasını dəyişib.

Şöhrət Vəkilov hərbi xidmət zamanı.

Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıya gələrək Maliyyə Nazirliyində əmək fəaliyyətinə başlayıb. O, burada dövlət gəlirləri və vergi idarəsində iqtisadçı, böyük iqtisadçı vəzifəsindən şöbə müdiri vəzifəsinə kimi yüksələrək maliyyə sahəsində çalışıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra vergi orqanlarında işləməyə başlayıb.Yasamal rayon Vergi idarəsinin rəisi vəzifəsində (1990- 1992) çalışıb. Sonra Maliyyə nazirinin müavini təyin edilib(1992-1994). 1994-ci ilin martından 1999-cu ilin aprelinədək Azərbaycan Respublikasının ilk müstəqil vergi təsisatı olan Baş Dövlət Vergi Müfəttişliyinin (indiki Vergilər Nazirliyi) rəisi vəzifəsində çalışıb.
Azərbaycan müstəqilliyə qovuşduqdan sonrakı ilk onillikdə ölkənin dinamik vergi siyasətinin işlənib hazırlanmasında və bu sahədə görülən digər işlərdə Şöhrət Vəkilovun əməyi və xidmətləri böyükdür. O, bu sahədə ən bacarıqlı mütəxəssislərdən biri sayılır. Həmin dönəmdə Şöhrət Vəkilovun bilavasitə rəhbərliyi altında və yaxından iştirakı ilə vergi qanunvericiliyinə dair silsilə qanun layihələri işlənib hazırlanıb və Milli Məclisdə qəbul edilib. Bundan əlavə, o, bir sıra mühüm qanun layihələrinə düzəlişlərin də müəllifi olub.
Şöhrət Vəkilov 2000-2016-cı illərdə bank sektorunda çalışıb. Hazırda Azərbaycan Respublikası Kənd Təssərrüfatı nazirinin müşaviri vəzifəsində işləyir.

Şohrət Vəkilovun mənsub olduğu nəslin Azərbaycan tarixində müstəsna xidmətləri olub. Əsasən Qazax sultanlığı və İrəvan xanlığı -Şərur Dərələyəz qəzası ərazisində məskunlaşan vəkilovlar Azərbaycan xalqının tarixinə Azərbaycanın ilk Xalq Şairi Səməd Vurğun, Xalq şairi Vaqif Səmədoğlu, Xalq yazıçısı Yusif Səmədoğlu, Xalq qəhrəmanı Balo bəy Vəkilov, körkəmli dövlət xadimi Mehdixan Vəkilov, Azərbaycanın Təbriz şəhərindəki konsulluğunun qurucusu və ilk baş konsul, diplomat Cavanşir Vəkilov, Cümhuriyyət Parlamentinin üzvü olmuş, 23 yaşlı Daxili İşlər naziri Mustafa bəy Nadir bəy oğlu Vəkilov, İstiqlal bəyannaməsinin müəllifi, Cümhuriyyət Parlamentinin ən gənc deputatı Rəhim bəy Vəkilov, Azərbaycanın ilk həkimi doktor Məmmədrza ağa Vəkilov, Azərbaycanın ilk və yeganə topoqrafiya generalı, Azərbaycanın siyasi xəritəsinin müəllifi, İbrahim ağa Vəkilov, görkəmli iqtisadçı və dövlət xadimi İlyas Vəkilov, Səhiyyə naziri Fəxri Vəkilov, Tədarük naziri Qəzənfər Vəkilov, körkəmli iqtisadçı İbrahim Xəlil oğlu Vəkilov (Məmmədov), professor Kərim Vəkilov (Həsənov), əməkdar mühəndis Ramiz Vəkilov,

hüquqşünas Səməd Vəkilov, dünya şöhrətli jurnalist Leyla Vəkilli, ilk hüquq professoru Mustafa ağa Məhəmməd ağa oğlu Vəkilov, İlk uşaq evinin yaradıcısı Badisəba xanım Vəkilova-Köçərli, ilk qadın kimya elmlər doktoru Fatma xanım Vəkilova, ilk kənd qız məktəbinin yaradıcısı Mədinə xanım Vəkilova-Qiyasbəyli və.b. şəxslər bəxş edib.
Mən gənc jurnalist kimi, Şöhrət Vəkilov Baş Dövlət Vergi Müfəttişliyinin rəisi vəzifəsində çalışarkən dəfələrlə onunla ünsiyyətdə olmuşam. Onu nümunəvi dövlət məmuru kimi xarakterizə etmək olardı. Həm qəbuluna gələn insanların problemlərinə fərdi qaydada yanaşması, onların istəklərinə məmur kimi deyil insan kimi həssaslıqla yanaşması diqqətmi cəlb edirdi. Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm, Ş.Vəkilovun təhsil almaqda çətinlik çəkən onlarla tələbəyə öz təmənnasız köməyini əsirgəməməsi onun nəcib keyfiyyətindən xəbər verir.

Sevil Yusifova
İTV-nin Yayım Şurasının üzvü
4-02-2022, 16:58
Tariximizdən 1 səhifə

Füzuli Baratov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Qədim mənbələrdən məlumat axtaran vaxt Azərbaycanın tarix araşdırmaçıları həmişə eyni çətinliklərlə üzləşiblər. Bu çətinliklər əsasən yazılan məlumatların başqa dillərdə, başqa əlifbalarla yazılmış olduqlarından yaranır. Bundan da başqa, adam haqqında olan məlumatlarda Şərq mənbələrində şəxslərin təxəllüs, familiya, ata adı, soy kök bildirən yazııları seçib ayırmaq üçün hərdən böyük tədqiqat işi aparmaq lazım gəlir. Müasir dövrdən fərqli olaraq, keçmişdə ləqəb, təxəllüslər rəsmi olaraq şahlar, xəlifələr, krallar tərəfindən verilib. Hərdən xalq arasında qeyri – rəsmi ayamalar da yaranıb ki, belə ləqəblər ya bir bədən əlamətinə görə (topal, uzun, çəpgöz və s.), ya istedadına, ya da peşə və xidmətinə görə xalqın verdiyi adlar olub.
Yer adları da həmçinin müxtəlif dillərdə müxtəlif cür səslənib.
Sasanilərin 24-cü şahı olmuş Adil Ənuşirəvan (531 – 579) dövründə yazılıb İsgəndəriyyə arxivlərində saxlanılan sənədlərdə Azərbaycan adı Atropaten kimi yox, Azərbaycan kimi yazılıb. Həmin sənədlərdə Azərbaycanın Gürganla Gilandan şimalda yerləşməsi göstərilir. Mərhum akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun tədqiqatlarında qədim yunan alimi, fiziki, riyaziyyatçısı, coğrafiyaçısı olmuş Ptolemeyin yazılarında Azərbaycan adının və başqa yer adlarının olduğu barədə məlumatlar var. 168-ci ildə vəfat etdiyi bildirilən Ptolemeyin məlumatlarını ermənilər və onlara xidmət edən sapı özümüzdən olanlar Ziya Bünyadovun yazıları ilə birlikdə məhv etdilər.
Azərbaycan haqqında qədim yazıları son dövrlərdə ən çox Ziya Bünyadov tədqiq edib. Onun gəldiyi qənaətə görə məlumatların qədim Azərbaycanın öz qaynaqlarından bizə gəlib çatmadığı üçün Azərbaycanın qədim tarixi yadelli yazılı mənbələrdən öyrənilib. İlk yazılı mənbələr də iki çay arasında (Mesopotamiya) yaranmış piktoqrafiya mixi yazılarıdır.
Eramızdan əvvəl III – I minilliklərdə mövcud olan Şumer, Akkad, Assuriya dövlətləri qədim Azərbaycan ərazisi ilə siyasi və iqtisadi əlaqələr yaratmışlar. Arxivdə Akkad hökmdarlarının salnamələrindəki Azərbaycana olan hərbi yürüşləri haqqında yazılar qorunur. Ziya Bünyadovun tədqiq etdiyi həmin Assur mixi yazılarında Urartu hökmdarları, Aratta, Kutium, Lullubum, Manna və Azərbaycan haqqında məlumatlar var. Həmin məlumatlarda Azərbaycan hökmdarları, yer və məkan adları, əhalinin etnik tərkibi haqqında qiymətli materiallar var.
Bundan başqa Ziya Bünyadov e. ə. V – III əsrlərdə Azərbaycan ərazisi və qədim tayfaları barədə geniş məlumatları Heredotun “Tarix” əsərindən götürmüşdür. Makedoniyalı İsgəndərin hərb yürüşünü yazanlar, sonralar qədim Yunan, Roma tarixçi və çoğrafiyaçıları Strabon, Ptolemey, Plini, Arrian, Kursi Ruf, Ammian Marsellin, Tassit, Yuli Solin və başqaları qədim Azərbaycan əhalisi, çoğrafiyası, siyasi hadisələri, əhalinin məşğuliyyəti, ölkənin yaşayış məntəqələri, dağları, çayları barədə məlumatlar veriblər.
Maraqlı cəhətlərdən biri odur ki, ermənilər tarixdə Alban tarixçisi kim tanınan Moisey Kalankatlının adını dəyişib Moisey Kalankatvatsi kimi yazıb özünü də erməni tarixçisi kimi təqdim edib və “VII əsr erməni coğrafiyası” kitabı yaratmışlar. Saxta yaradılmış erməni tarixində Azərbaycan torpaqlarını Albaniya ərazisi kimi göstərmiş və Azərbaycanın qərb torpaqlarını Ermənistana aid etmişlər.
Azərbaycan haqqında qədim məlumatlar VII əsrdən etibarən ərəb mənbələrində də qorunur. Bu mənbələrdə Azərbaycanın xəritələri, ölkənin şəhərləri, kəndləri, siyasi hadisələri, Azərbaycanın mənşəyi, qədim adı, bu ərazidə qədimdən türklərin yaşaması barədə qeydlər var. Ərəb mənbələrinin müəllifləri də məlumdur. Onlar Bəlazuri, İbn Xordadibeh, İbn Havkəl, Təbəri, Müqəddəsi, Yaqut Həməvi, Məsudi və başqalarıdır.
Oxunması çətin olsa da Azərbaycan ərazisindəki Qobustan qayalarında I əsrdə, 12-ci Roma legionu Domisianın dövrünə aid daş üzərində aşkar olunmuş yazılar burada kimlərin məskunlaşmasından xəbər verir.
Azərbaycan tarixinə aid dəqiq məlumatları tapmaq istəyən gənc tarixçilərə tövsiyə edirəm Ərəb tarixçisi İbn Əl-Əsir və onun sələflərinin əsərlərinin orijinallarını araşdırsınlar. Azərbaycanlı coğrafiyaçı Həmdullah Qəzvini və Azərbaycan tarixçisi Rəşid Əd-Din ərəb tarixçisi İbn Əl-Əsirin yazılarına istinad edib qədim Azərbaycanın coğrafiyası, şəhər, kənd, dağ, çay, təbii sərvətləri, əhalisinin etnik tərkibi haqqında məlumatları kitablarına tarixi sənəd kimi daxil ediblər. Ziya Bünyadovun üzərində işləyib hazırladığı həmin sənədli materialları hamının gözü qabağında ermənilər akademiyanın fondundan çıxarıblar. Həmin yazılarda Azərbaycan ərazisinin Dağıstanla birlikdə Terek çayına qədər olduğu yazılıb. Hətta Əmir Teymur Toxtamış xanı məğlub etdikdən sonra Qumari (Terek çayının şimalında çay, indiki Kumi, rusca Kuma çayı) çayının ətraf ərazilərini dağıstanlı Şamxala ənam kimi bağışlayıb. O kitabda Qassi çayı (İndiki Manas), Albanus (İndiki Samur) çayı, Qubanın Xudat, Niyazabad, Şabran mahalları haqqında, Şabran yaxınlığında Gilhinçayın (İndiki Gilgilçay) sahilindəki qala səddi haqqında məlumatlar var. Məlumata görə Şabran şəhəri yaxınlığında dəniz kənarındakı Əlixanlı kəndindən başlayıb Çıraq kəndində bitən səddin davamı Ata dağından keçib Qonaqkəndin üstündən Baba dağına qədər uzanıb.
Azərbaycanlı tarixçi Rəşid Əd-Din həmçinin öz dövrünün tanınmış tarixçisi olmuş məşhur Roma alimi, eramızın 23-cü ilində doğulmuş Plininin “Təbii tarix” kitabından Azərbaycan tarixi və coğrafiyası haqqında məlumatları öz kitabına köçürmüşdür. O, eramızdan 63 il əvvəl doğulmuş, 44 il yaşayıb eramızdan əvvəl 19-cu ildə vəfat etmiş Yunan coğrafiyaşünası Strabonun “Coğrafiya” kitabından Azərbaycan haqqında olan zəngin materialları öz kitabına köçürmüşdür. Diqqət çəkən cəhət odur ki, kitabda məşhur Pompeyin Azərbaycana hərbu yürüş etdiyi zaman qənimət kimi apardığı yazılı kitabələr, yazılı qızıl əşyalar və müxtəlif yazılar barədə məlumatları Strabonun kitabından köçürüb.
Rəşid Əd-Din 130 – 200-cü illərdə yaşamış məşhur Yunan təbibi və coğrafiyaçısı Kalimusun əsərlərindən Azərbaycana aid məlumatları da öz kitabına əlavə edib.
Ardı var...
1-01-2022, 11:22
Sabir Rüstəmxanlıdan  Bayram təbriki

Əziz bacılar və qardaşlar, dəyərli soydaşlarım!
Vətən müharibəsindəki qələbəmizdən sonra yaşadığımız gərgin, mürəkkəb, ümid və qürurla dolu bir ili başa vururuq. İlin əvvəlindən axırına hamımız 44 günlük müharıbədəki parlaq qələbəmizin xoş ovqatı ilə yaşamışıq. Eyni zamanda, erməni vandalizmi nəticəsiində viran qoyulmuş torpaqlarmızın ağrısı, şəhidlərimizin dərdi içimizdədir. 30 il ərzində dağıdılmış yurdlarımızın bərpası yolunda atılan addımlar nə qədər çətin olsa da, bir sıra dünya dövlətləri Azərbaycanın qələbəsi faktına nə qədər qıcqanclıqla yanaşsalar da, Cənubi Qsfqazda münaqişələrin səngiməsində maraqlı olmayan qüvvələr çeşidli sorunlar yaratmağa çalışsalar da 2021-ci il də tarıxımızdə şərəfli bir il kimi qalacaq. Buna görə də yeni ili başıucalıqla, inamla, quruculuq əzmi ilə qarşılayırıq. İndi dünya azərbaycanlıları həmrəylik ideyası ətrafında həmişə olduğundan daha sıx birləşiblər və 31 Dekabr əsl milli birlik bayramına çevrilib. 2021 -ci il həm də Türk Dövlətlərinin tarixində yeni bir eranın başlanqıcı oldu, düşmənlərimiz bizi kiçiltməyə çalışdıqca biz böyüdük və böyüyəcyik!..
Yer üzündə yaşayan, səsimizi eşidən bütün həmvətənlərimizi Dünya Azərbaycanlılarının Həmrəylik bayramı və Yeni il münasibəti ilə ürəkdən təbrik edir, hamıya can sağlığı və həyatında, işlərində uğurlar arzulayıram.
Sabir Rüstəmxanlı
Millət vəkili.

Dünya Azərbaycanlıları Konqresinin eşbaşqan
31.12. 2021
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!