30-08-2022, 16:03
Rusiyanın daha 450 hərbçisi məhv edildiUkraynada gedən döyüşlərdə Rusiya ordusunun daha 450 hərbçisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rusiyanın canlı qüvvə itkisi 47 min 550-yə çatıb. Bundan əlavə, Rusiya ordusunun digər döyüş itkiləri 1954 tank, 4294 zirehli döyüş maşını, 1079 artilleriya sistemi, 282 reaktiv yaylım atəşi sistemi, 151 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 204 helikopter, 847 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 217 avtomobil texnikası və avtosistern, 103 xüsusi texnikadan ibarətdir.
30-08-2022, 16:00
Ermənistan 138 itkinin meyit qalıqlarını təhvil verib
Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşənlərdən 138-nə aid olduğu ehtimal edilən qarışıq meyit qalıqlarını təhvil verib. Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib. Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır. "Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülüb və ya işğal edilmiş ərazilərdə qalıblar. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər. Ermənistan münaqişənin bütün dövrü ərzində bu şəxslər barədə məlumatları beynəlxalq təşkilatlardan gizlətmiş, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınmışdır. Yalnız 10 noyabr 2020-ci il tarixdə imzalanmış Üçtərəfli Bəyanatdan sonra qarşı tərəf I Qarabağ müharibəsində itkin düşənlərdən 138 şəxsə aid olduğu ehtimal edilən qarışıq meyit qalıqlarını təhvil verib", - İsmayıl Axundov vurğulayıb.
30-08-2022, 15:49
İraqdakı toqquşmalarda ölənlərin sayı 30-a çatdı
İraqın paytaxtı Bağdadda silahlı toqquşmalar nəticəsində azı 30 nəfər həlak olub, 380 nəfər yaralanıb. Bu barədə "Al Hadath" telekanalı məlumat yayıb. Bu gün səhər saatlarında Bağdadda hökumət idarələrinin və xarici səfirliklərin yerləşdiyi “yaşıl zonanın” raket atəşinə tutulduğu bildirilir. Sky News Arabia telekanalı xəbər verir ki, zərbə dörd raketlə endirilib. Bazar ertəsi günü siyasətdən getdiyini elan edən şiə imamı Muqtada əs-Sadrın yüzlərlə tərəfdarı Bağdadda hökumət idarələrinin və xarici səfirliklərin yerləşdiyi “yaşıl zonanı” tutub. Etirazçılar Respublika sarayını əhatəyə alıb və binaya giriblər. Ölkənin bütün ərazisində komendant saatı elan edilməsinə baxmayaraq, paytaxtda və bəzi regionlarda toqquşmalar davam etməkdədir.
30-08-2022, 15:26
Trampdan təcili seçki çağırışı
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkədə dərhal yeni prezident seçkilərinin keçirilməsinə çağırıb. Bu barədə Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb. "İndi aydın oldu ki, FTB seçkidən əvvəl Hanter Baydenin noutbuku ilə bağlı məsələni unutdu, çünki onlar bilirdilər ki, əgər belə etməsələr, Tramp 2020-ci il prezident seçkilərində asanlıqla qalib gələcəkdi. Bu, ölkəmizdə indiyədək heç vaxt görünməmiş səviyyədə seçkilərə böyük saxtakarlıq və müdaxilədir. Həll yolu əsl qalibi elan etmək və ya ən azı 2020-ci il seçkilərini baş tutmamış saymaq və yeni seçkilər keçirməkdir", - deyə Tramp vurğulayıb.
30-08-2022, 15:24
İraq çalxalanırAvqustun 29-da İraqdakı Sədr hərəkatının lideri Müqtəda əs-Sədrin siyasətdən getdiyini açıqlaması ilə axşam saatlarından başlayan gərginlik davam edir. Yaşıl Zonada təhlükəsizlik qüvvələri ilə Sədrin silahlı dəstələri arasında qanlı toqquşmalar gedir. Milis RPG-7 tipli silahlarla Yaşıl Zonaya hücum edir.
Butov.az xəbər verir ki, komendat saatı tətbiq edilən Bağdadda tətildə olan dövlət qurumları işləmir. Şiələrin ali dini qurumu olan Ayətullah Əli əs-Sistani baş verənlərlə bağlı hələlik heç bir açıqlama verməyib. Qeyd edək ki, İraqdakı Sədr hərəkatının lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini açıqlayıb. Sədrə dəstək verən qəzəbli qruplar isə Yaşıl Bölgədə Hökumətə və Prezident Sarayına basqın ediblər. Fəallar təhlükəsizlik qüvvələri tərəfindən silah gücünə bu yerlərdən uzaqlaşdırılıb. Sədrə bağlı Seraya es-Selam milisləri isə yüzlərlə silah dolu maşınla Yaşıl Bölgənin ətrafına yerləşdirilərək içəridəki əsgərlərlə toqquşmalara başlayıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) İraqdakı Missiya Nümayəndəliyi tərəfləri silahlı münaqişə və zorakılıqdan uzaq durmağa çağırıb.
30-08-2022, 15:13
Erməni deputatlar Türkiyəyə gedirErmənistan parlamentinin deputatları Türkiyəyə səfər edəcək. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Erməni deputatlar Eduard Ağacanyan və Armen Gevorkyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında iştirak etmək üçün Türkiyəyə gedəcək. Onlar İzmirdə AŞPA-nın sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin iclasına qatılacaqlar. Qeyd edək ki, AŞPA-nın İzmirdəki iclası sentyabrın 21-dən 24-nə qədər baş tutacaq.
29-08-2022, 22:29
İran XİN başçısı Moskvaya gedirİranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvaya səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər avqustun 31-i baş tutacaq. İranlı nazir rusiyalı həmkarı Serqey Lavrovla danışıqlar aparacaq. Görüş zamanı Ukrayna, Suriya, Əfqanıstan, Cənubi Qafqaz və Xəzər dənizi ətrafındakı vəziyyət müzakirə olunacaq.
29-08-2022, 22:19
“Nokia” Rusiyanı tamamilə tərk edirFinlandiyanın “Nokia” şirkəti Rusiyada fəaliyyətini tamamilə dayandırır. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik bildirib ki, ilin sonuna qədər şirkətin Rusiyadakı əməkdaşlarının böyük əksəriyyəti “Nokia”dan ayrılacaq və bütün ofislər boşaldılacaq. "Nokia”nın Rusiyadakı mövcudluğu şirkət rəsmi şəkildə ləğv olunana qədər davam edəcək.
29-08-2022, 22:16
Daşqınlar Pakistana 10 milyard dollar ziyan vurubSon günlər Pakistanda müşahidə olunan daşqınlar ölkə iqtisadiyyatına 10 milyard dollar ziyan vurub. Bu barədə ölkənin planlaşdırma naziri Əhsan İqbal "Reuters" agentliyinə müsahibəsində bildirib. "Düşünürəm ki, ziyan çox böyük olacaq. Hələlik, ilkin hesablamalara görə, 10 milyard dollardan yüksəkdir", - nazir deyib. O, həmçinin kəskin ərzaq çatışmazlığı problemi ilə üzləşəcək ölkənin yenidən qurulması və reabilitasiyasının minimum beş il çəkə biləcəyini vurğulayıb. Nazirin sözlərinə görə, pambıq sahələrinin 45%-i sıradan çıxıb, həmçinin tərəvəz, meyvə və çəltik sahələrinə də böyük ziyan dəyib. Qeyd edək ki, Pakistanda musson yağışları nəticəsində 1000-dən çox insan həlak olub.
29-08-2022, 22:08
Rusiya Suriyadakı S-300-ləri Krıma apardıRusiya Suriyadakı aviabazasında yerləşdirdiyi S-300 zenit-raket komplekslərini Krıma aparıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İsrailin "ImageSat İnternational" (ISI) peyk şirkətinin çəkdiyi görüntülər məlumatı təsdiqləyir. Belə ki, aprel ayında Suriyanın Masyaf şəhərində yerləşdirilən S-300 sistemi daha sonra Tartus limanında gəmiyə yüklənərkən peyk vasitəsilə görüntülənib. Məlumata görə, S-300 sistemləri Novorossiysk limanına aparılıb. Silah daşıyan mülki gəminin Türkiyənin Çanaqqala boğazından keçdiyi bildirilir.