20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 31-01-2019, 12:21
“Güllə səsinə açılan qapı”

Vaqif BAYRAMOV

...Neçə ildir, çaylar axıb, çağlar mənsiz,
Buz bulaqlar için-için ağlar mənsiz,
Darıxıbmı güllər mənsiz,dağlar mənsiz,
Dağlar üçün, güllər üçün darıxmışam...
Hafiz Baxış


Tamxil Ziyəddinoğlu öz istəklərinə bir qayda olaraq səbr-təmkini və bir də zəhməti hesabına nail olub. Rastlaşdığı uğursuzluqlardan məyus olsa da, sınmayıb. Əksinə, bu, onu daha dözümlü, daha əzmkar edib. Orta məktəbi bitirdikdən sonra mübarizə dolu bir gənclik dövrü yaşayıb. Jurnalist olmaq üçün universitetə sərasər on il sənəd versə də, qəbul ola bilməyib. Nəhayət, əzab-əziyyəti itməyib, gərgin əməyinin bəhrəsini görüb, tələbə adını qazanıb...
Müxtəlif mətbu nəşrlərdə və Azərbaycan Televiziyasında işləyib. Nəhayət, 2005-ci ildə “Bütöv Azərbaycan” qəzetini təsis etmək, bununla, özünün dediyi kimi, məmləkətin ikiyüzillik yaralarına məlhəm qoymaq fikrinə düşüb.
Neçə illər sonra həmin nəşrin fəaliyyətilə bağlı qələmə aldığı yazıların birində deyir: “Məncə, çətin işin qulpundan yapışanda əzab-əziyyətin çox olsa da, hədsiz mənəvi zövq alırsan. Amma ilk vaxtlar qabağıma çıxanların şübhəli suallarından məyus olurdum. Tez-tez “təmənnasız qəzet buraxmaqda marağın nədir?”- deyə soruşurdular. Xalqımızın başına gətirilən bəlaları, ölkəmizi bürüyən çadır düşərgələrini xatırladanda isə sanki razılaşırdılar...”.
“Bütöv Azərbaycan”ın ilk sayından ta indiyədək dediyi sözə əməl edib, “jurnalistikanın şərəfini bir qarın yeməyə satanlardan olmayıb”. Tələbəlik dost-sirdaşı İlham Məmmədli ilə birgə Təbrizdə, Dərbənddə, Borçalıda, digər itirilmiş dədə-baba torpaqlarımızda yaşayan soydaşlarımızın dərd-sərini bölüşüb, milli-mənəvi dəyərlərimizə, bütöv azərbaycançılıq ideologiyasına təmənnasız xidmət göstərib...
Adını çəkdiyim nəşrin işıq üzü görməsinin 10 illiyi münasibətilə dərc etdirdiyim “10 ilin salnaməsi—“Bütöv Azərbaycan” sərlövhəli bir yazıda xatırlatmışdım ki, bu qəzetdə ölkənin 10 ilinin faktlara, mənbələrə əsaslanan siyasi, mədəni və ədəbi gerçəklikləri əbədiləşib, tarixləşib, belə demək mümkünsə, arxivləşib, dövrün ruhu yaşadılıb.
Bu sözləri, eyni dərəcədə Tamxilin bu yaxınlarda işıq üzü görən “Güllə səsinə açılan qapı” kitabına da aid edə bilərəm. Amma burada bir fərq var ki, o da zaman baxımından hədəfin 10 ili yox, 213 ili əhatə etməsidir.
Bəli, kitabda Azərbaycan adlı bir məmləkətin 213 illik saysız-hesabsız ağrı-acılarından, milli bəlalarından danışılır. “Kürəkçay” müqaviləsinin Azərbaycanın parçalanmasına yol açmasından, erməni vəhşiliklərindən, ötən əsrin 90-cı illərinin əvvəlində isə qarşıdurma, vətəndaş müharibəsi və dövlətin parçalanma təhlükəsindən, 20 faiz torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından söhbət açılır. Eyni zamanda, uğursuzluqlarımıza —sərhədlərimizin zaman-zaman kiçilməsinə, qəsbkarların tarixi torpaqlarımızı qiymə-qiymə doğramasına səbəb olmuş “yaddaşsızlıq, yaxud yaddaşa sahiblik edə bilməmək”, dünənin dərslərindən nəticə çıxarmamaq, sabahın bəlalarını görə bilməmək kimi nöqsanlarımız xatırladılır…
“Güllə səsinə açılan qapı”

…Kitabda verilən “Bir qəzada iki əl” müsahibəsi Şuşanın hələ işğal edilmədiyi, hələ Azərbaycanın nəzarətində olduğu, amma itirilmək təhlükəsi ilə üzləşdiyi bir vaxta qələmə alınıb. Bu şəhərə canı-qanı ilə bağlı olan şair-publisist Əli Mahmud Tamxilin “Şuşanın itirilmək ehtimalı varmı“, - sualına belə cavab verib: “Adamların əhval-ruhiyyəsi buna inanmağa əsas vermir. Amma Şuşaya yönəldilmiş atəş nöqtələri susdurulmasa, o sarsıla bilər. Ən güclü yekun zərbələr, təbii ki, Şuşaya yönələcək. Odur ki, mövcud qüvvələrlə razılaşıb arxayınlaşmaq olmaz. Şəhərin öz içindən müdafiəsi çox qorxuludur. Bunu vaxtında duymaq lazımdır. Təhlükə yaxınlaşır. Hava qüvvələrindən istifadə edib ölüm gətirən odları söndürmək lazımdır…”.
Etiraf edək ki, belə ziyalı narahatlığı, xəbərdarlığı zamanında o biri yurd yerlərimizlə bağlı da səslənib. Amma əsrlərlə varlığımıza hopan unutqanlıq, arxayınçılıq, yaddaşsızlıq erməni kimi məkrli bir düşmənin istər bu qədim qala şəhərinin, istərsə də digər əzəli torpaqlarımızın itirilməsinə səbəb olub. Girəvəcil yağının Bakı, Şamaxı, Göyçay, Qarabağ, Zəngəzur, Naxçıvan, Xocalı və digər ərazilərimizdə xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror kimi zorakılıq aktları törətməsi də bax, belə arxayınçılıqdan qaynaqlanıb.
Elə buna görə ötən əsrin 90-cı illərinin əvvəllərində kirpiklərilə od götürə-götürə qurduqları ev-eşikləri yağmalanan, yurd-yuvaları dağıdılan didərginlər Qərbi Azərbaycandan baş götürüb aran-dağ hara gəldi səpələnəndə Bəxşeyiş müəllim də doğma Qafanın Müsəlləm kənd məktəbində min bir zəhmətlə yaratdığı tarix muzeyini də sığındığı Sumqayıtın təhsil ocaqlarından birinə “köçürmüşdü”. O, torpaq, Vətən sevgisi hopan eksponatlarla gələcək nəsillərdə “tarixi şüur”un, milli yaddaşın möhkəmlənməsini, on minlərlə dinc azərbaycanlı əhalinin ermənilər tərəfindən vəhşicəsinə qovulduğu ərazilərin qədim türk torpaqları olmasının aşılanmasını qarşısına məqsəd qoymuşdu.
Kitabda bütün bunlardan söhbət açılan “Didərgin muzey”, yaxud dərd üstündən gələn dərd” adlanan yazını həyəcansız oxumaq olmur… Müəllif 27 il bundan əvvəlin o kövrək, ağrılı hadisəsini qələmə alanda yaralar hələ qaysaq bağlamamışdı. O vaxtlar yurd-yuvasından didərgin düşənlər arasında vəziyyətin tezliklə nizamlanacağına sadəlövhcəsinə inananlar da az deyildi. Amma elələrinə də rast gəlinirdi ki, ürəklərinə bu həsrətin hələ uzun çəkəcəyi, vüsal dəmlərini görə bilməyəcəkləri dammışdı. Ona görə də ev-eşiyindən ayrılanda əllərinə keçən “tarix yadigarlarını”—yazılı daş parçalarını... ürəklərinin başında gizlədir, köç zamanı barxanalarına doldururdular. Səbəbi də yuxarıda qeyd etdiyimiz kimi, ağrı-acılı tariximizin nişanələrini qorumaq, yaşatmaq, gələcək nəsillərə ötürmək idi… Belə bir ürəkparçalayan mənzərənin şahidi olan Tamxil Ziyəddinoğlu isə bildirirdi ki, “zaman-zaman dərdini daşlara yazan xalqımın indi daşı da bəzən didərgin düşür. Torpağımızın hər qarışında min sirr yatan guşələri dağıdılır. Ağır dərdi dağa verdilər, çəkə bilmədi--dağdan alıb insana verdilər, çəkdi, deyib atalarımız. Çünki insanın gücü ürəyindədi”.
“Didərginlərin köç karvanına qoşulub” Azərbaycana pənah gətirən istedadlı fırça ustası Cabbar Quliyevdən söhbət açanda da (“Didərgin taleli rəssam”), şuşalıların sığındığı “Qızılqum” sanatoriyasında yaşanan ağrı-acılardan bəhs edəndə də (“Qarabağa qayıdacağıq”), Azərbaycan tarixinə qanla yazılan Xocalı faciəsini xatırlayanda da (“Ölməyə nə var ki?”), həsrətdən gözlərinin nuru əriyən, torpağı yağı tapdağına dönən kişilərlə dərd bölüşəndə də, dünyanın ağırdan-ağır “qəm yükünü bir çəliyə söykənməklə çəkməyə” çalışan binəva barədə düşüncələrini oxucuya çatdıranda da, “çiliklənmiş qəlbində nakam bir eşqi yaşatdığı üçün özünü unudan zavallının” taleyinə yananda da, “fəryadı kasıb komasının damını dələn talesiz bir qadının—sönük ər ocağına tapına-tapına həsrət dolu gözlərini oğlunun əsgərliyə getdiyi yola dikən, gözləyə-gözləyə ümidinin işığında dünyadan köçən” ananın faciəsini, qara günlərini ağ kağıza köçürəndə də--bunların hamısında “dağdan aldığı güc” Tamxilin köməyinə gəlib.
Kitabı oxuduqca qulaqlarıma neçə-neçə didərgin harayı gəlir, gözlərim önündə Şəhidlər xiyabanında göz yaşı axıdan ana, çağdaş sevgi timsalına çevrilən İlham və onun Fərizəsinin həyat yolu canlanır, Salyan kazarmasının qabağındakı deşiklənmiş divarlar, keçmiş 11-ci Qızıl ordu meydanındakı soxa papaq ... xatırlanır. Tamxil nakam sevgi dastanının qəhrəmanı Fərizənin ziyarətinə isə həmişə əliboş gedəcəyini dilə gətirir: “Çünki qərənfil ala bilmirəm. Qərənfilə uzanan əllərimi Zəngəzur çiçəyinin həsrəti yandırır. Nəsibim olsa, məzarının üstünə bizim dağların çiçəyindən düzəcəyəm. Sənə insan nəfəsinə həsrət qalan o çiçəklər yaraşar”.
“Güllə səsinə açılan qapı” yazısının hər cümləsində, sanki, uzaq bir yola çıxan adam kimi nəfəs dərir, ötən illərin o üzündə qalan olmuşları xatırlayır, Vətən nisgilinin, dağ həsrətinin ömürlərini çürütdüyü neçə-neçə doğmamın surətini göz önünə gətirirəm... Otuz ildən çox ayrılığı yaşanan o dağlar gör nə müddətdir ki, “atılan aramsız güllələrdən qartal qıyyasına, tütək səsinə tamarzıdır”. Yüzillərin yaz-yayında doğmalarına arxa-həyan olan, sevinc-fərəhinə şahidlik edən o dağlar indi “yaraları şəhid-şəhid qan verən Azərbaycanın dərdinə ağlayır, od-ocağından xəbərsiz didərginlərə dirigözlü yas tutur...”.
... Tamxil o dağlarla sonuncu dəfə 1992-ci ilin yayın payıza qovuşduğu günlərdə “görüşmüşdü”. Kəlbəcərin Bəzirxan kəndində dost-sirdaş toyuna gedəndə arada fürsət tapıb yurdu qoruyan döyüşçülərlə də dərdləşmişdi. Bakıya qayıdandan sonra orada yaşadığı duyğuları qələmə almışdı: “Dağların, təbiətin doğmalığı məni duyğulandırdı. Kənddə çəpər qonşumuz olub indi Bakıda yaşayan , erməni faşistlərinin ucbatından dədə-baba yurduna gedə bilməyən Cəlil Əhmədovun ürək dağlayan sözləri yadıma düşdü: “ Payızın bu çağlarında oturasan Çimənyurdun başında (Çimənyurd bizim yaylağın adıdır), Kamil Cəlilov qaboy çala, sən də elləri köçmüş yurd yerlərinə baxıb ağlayasan”.
...O məqamda özüm qonşumun təsvir elədiyi durumdaydım. Göylərə meydan oxuyan bir dağın başında oturub elləri dağılmış, kimsəsiz Göyçə mahalına, ögey anasının bəxtini bağlatdırdığından xəbərsiz elçi gözləyən məsum qız kimi cilvələnən Göyçə gölünə tamaşa edirdim. Yaxşı ki, qaboy çalınmırdı. Yoxsa, dağın ətəyində ot biçən ermənilər türk oğlunun hönkürtüsünə sevinərdi”.

***
…O dağlar neçə ildi ki, yaylaqda yaylayan ellərin toy-büsatına tamarzı qalıb, başı dərddən ayılmayan didərginlərin xatirələrində qəm oylağına dönüb.
…Qisas qiyamətə qalmayacaq. Ulu Yaradan gec-tez o dağların zirvələrində dolaşan sərgərdan ruhların ah-amanını, bu üzdən o üzə həsrətlə baxanların hönkürtüsünü eşidəcək, yurd-yuva dağıdanları, xaraba qoyanları imtahana çəkib cəzalandıracaq…
…Haqqın hökmünə çox inanıram…


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!