Söz-söz ucalan şairSumqayıt şəhər Poeziya Evində şair Təvəkkül Goruslunun “Ömrüm, çiçəyim” və “Kağıza şeirimin qanı tökülür” şeir kitablarının təqdimatı və imza günü keçirildi. Tədbirin aparıcısı şair Qəşəm Nəcəfzadə tədbiri giriş sözü ilə açaraq müəllifin həyatı və yaradıcılığı haqqında geniş məlumat verdi.
Əli Kərim adına Sumqayıt şəhər Poeziya evinin direktoru İbrahim İlyaslı Təvəkkül Goruslunun yaradıcılığından, onun şeirlərinin oxucu ruhuna təsiredici məziyyətlərindən söz açdı, şeirlərindən nümunə gətirdi.
“Azad qələm” jurnalının baş redaktoru, şairin 3 kitabının redaktoru olmuş Nəcibə İlkin Təvəkkül Göruslu yaradıcılığının çoxşaxəli janrlarından söhbət açdı. Qeyd etdi ki, Təvəkkül Goruslu ilk tanıdığım müddətdən bu günə kimi yaradıcılıq sahəsində uğurlu inkişaf mərhələsi keçib. Onun yaradıcılığı millətimizin dərdləri, ağrı-acısı ilə yoğrulub. Ona görə də onun yazdığı şeirləri ürək yanğısı keçirtmədən, göz yaşı axıtmadan oxumaq olmur.
“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu Təvəkkül Goruslunu şəxsən tanımadığını bildirdi. Qeyd etdi ki, bu görüşə məni Təvəkkülün yaradıcılıq ruhu gətirib. Onun “Bayraq” şeirini oxuduqca Təvəkkül Goruslunun özü də gözlərimdə söz-söz, misra-misra sevgilə tərənnüm etdiyi al bayrağımız kimi ucaldı. Azərbaycan bayrağının eşqinə Goruslunun əlini sıxmağa gəlmişəm.
Xalçaçı rəssam Fazil Abasquluzadə müəllifin fotosu əks olunmuş xalçanı müəllifə hədiyyə edərək ürək sözlərini dilə gətirdi. Rəssam sənətinin xarakterinə uyğun olaraq tədbirə xüsusi rəng də qatdı. Beləki Təvəkkül Goruslunun tədbirdə iştirak edən müəllimlərini tribunaya dəvət edərək, onları yetirmələrinin yubileyi və kitablarının işıq üzü görməsi münasibətilə təbrik etdi. Müəllimləri öz sevimli şagirdlərini öpdülər, onun haqqında şirin xatirələr danışdılar, qürur duyduqlarını ifadə etdilər. Xeyli duyğulu anlar yaşandı.
Şairlərdən: Nazlı Hacılı, Əzizə Ağahüseynqızı, Qalib Arif Nuri, Qəzənfər Məsimoğlu, Vahid Çəmənli, Polad Məmmədov, Miraslan Rasim, Elçin Bağırov, Yunis Qaraxanoğlu, Vüsal Ağa, Şəfəq Üfüq, Lilpar Cəmşidqızı çıxış edərək müəllifin yeni çap olunmuş kitabları haqqında öz fikirlərini bölüşdülər.
Oxucu Günel Balakişiyeva, həkim Rəna Rzayeva, müəllifin sinif yoldaşları və ailə üzvləri, Gülzar müəllimə, Eldar müəllim, Pənah müəllim, Nəzakət xanım, Raya xanım da tədbir iştirakçıları sırasında yer almışdılar.
Sonda şair Təvəkkül Goruslu tədbir iştirakçılarına təşəkkür etdi, müəllimlərinə, zəhmət çəkib onun görüşünə gəldiklərinə görə, minnətdarlığını bildirdi. Tədbir iştirakçıları üçün kitablarını imzaladı.
İmza mərasimi bitdikdən sonra fotoqraf Şakir Rəhman xatirə şəkilləri çəkdi.
"Bütöv Azərbaycan" qəzetinin
26 may tarixli sayında çap olunur