Türkiyə Atatürkdən Ərdoğana qədər
Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr 1923-cü ildə qəbul etdiyi qərarla dünyaya yeni bir dövlətin - Türkiyə Cümhuriyyətinin qurulduğu elan edildi, Qazi Mustafa Kamal Paşa Atatürk Cümhurbaşkanı seçildi. Ulu öndər Atatürk qurucusu olduğu Cümhuriyyətin onuncu il şənliyindəki məşhur nitqində bu günü türk xalqının ən əziz, ən böyük milli bayramı olaraq dəyərləndirmişdi. Müasir Türkiyə-Atatürk (1881, Selanik – 10 noyabr 1938) öndərliyində türk xalqının qəhrəmanlığının şah əsəridir. Osmanlı Dövləti 4 il sürən Birinci Dünya savaşında dünya gücləri tərəfindən tamamilə işğal, pay-püş edilmiş və bu acı məğlubiyyət Sevr Andlaşması ilə rəsmiləşdirilmiş, möhtəşəm bir imperiya acınacaqlı duruma düşmüşdü. Sultan hokuməti Mustafa Kamala ölüm cəzası kəsmişdi, o isə ölüm cəzasından qaçıb özünü milləti uğrunda ölümün içinə atmışdı. "Mən milli istəyimizin qarantiyası üçün tək yolun savaş, savaşdakı uğurun olduğunu deyirəm. Bütün gücümüzü, bütün qaynaqlarımızı, bütün varlığımzı Orduya verəcəyik. Gücümüzü dünyaya tanıtdıracağıq; yalnız ondan sonra milləti insan kimi yaşatmaq olacaq, deyirəm...Cağdaş bir cumhuriyyət qurmaq insanları insan kimi yaşatmaq, öz haqqını almaq deməkdir". O bu düşüncənin sahibi idi. 19 may 1919-cu ildə bir neçə zabit dostu ilə kiçik bir gəmidə Samsuna gələn Mustafa Kamal onu limanda ümidsizliklə qarşılayan insanlara soyuqqanlı sakitliklə, qətiyyətli inamla demişdi: “Gəldikləri kimi də gedəcəklər...". Yurdun hər tərəfindən gələn xalq təmsilçiləri Ulu Türk Ruhunun bətnindən doğulan Mustafa Kamal Paşanın çağırışı ilə 23 aprel 1920-ci ildə Ankarada Böyük Millət Məclisinə toplandı, “Meclis Başkanı” seçilən Mustafa Kamal öndərliyində Türk Kurtuluş Savaşının başlandığı elan edildi. Tək Çanaqqala Zəfəri Türk və Müttəfiq Dövlətlərin ordusunun yarıyarıya olmaqla 500 mindən çox əsgərinin qanı bahasına başa gəldi. Həmin savaşda Komandan Mustafa Kamal hücuma keçən əsgərlərinə bu əmri vermişdi: “Mən sizə hücum əmri vermirəm, ölməyi əmr edirəm.” Dünya gücləri ölüm-dirim savaşına qalxan Türk qəhrəmanlığı qarşısında aciz qaldığını anladı, gördü, rəsmən qəbul elədi. 24 iyul 1923-cü ildə İsveçrənin Lozan şəhərində Türkiyə Böyük Millət Məclisi təmsilçiləri ilə İngiltərə, Fransa, İtaliya,
Yaponya, Yunanıstan, Rumıniya, Bolqarıstan, Portuqaliya, Belçika, SSCB və Yuqoslaviya təmsilçiləri “Lozan Barış Antlaşması” imzalandı, Türk millətinə təhqir olan “Sevr Antlaşması” qüvvədən düşdü.
Mustafa Kamal Atatürk Osmanlı Ordusunda zabit olmuş, Balkanlardan Afrikaya qədər ən ağır savaşların önündə getmiş, 23 avqust-13 sentyabr 1921-ci il Sakarya Meydan Müharibəsindəki şəxsi şücaəti, komandanlıq məharətindən sonra Qazi adı almış və marşallığa yüksəlmişdi. Cümhuriyyət Xalq Partiyasını qurmuş və ilk Başkanı olmuşdur. 1938-ci ildə vəfatına qədər 4 dəfə ardıcıl Cümhurbaşkanı olmuşdu.
***
Türkiyənin Ərdoğan Başkanlığında son 12 ili statistikada
Bu il 10 avqustda Türkiyə tarixində ilk dəfə olaraq xalqın səsverməsi ilə keçirilən Prezident seçkisində Rəcəb Tayyip Erdoğan Türkiyə Cümhuriyyətinin xalqın səsi ilə seçilən ilk Cumhurbaşkanı oldu. Qurduğu Ədalət və İnkişaf Partiyasını 3 noyabr 2002-ci il seçkilərində səslərin böyük çoxluğunu qazanaraq təkbaşına iqtidara gətirən Ərdoğanın Baş nazirliyi dövründə Türkiyənin irəliləyişlərini təsəvvür etmək üçün bu fakt, rəqəmlərə diqqət yetirmək kifayətdir.
Nəinki Türkiyə, həm də sivil dünya tarixində həbsdən çıxıb qurduğu partiyanı cəmi bir ilə təkbaşına iqtidara gətirən, son 12 ildə keçirilən 5 seçkidən səs sayısını artırmaqla sandıqdan 1-ci yerdə çıxan tək partiya AK Partidir. Bu, gənc yaşlarından liderlik yetənəklərinə, milli görüşlü dəliqanlı olduğuna görə tay-tuşları arasında “rəis” ləqəbilə çağırılan Ərdoğanın adına yazılan uğurlardır. Şübhə yox ki, bundan sonrakı şəxsi və siyasi taleyindən asılı olmayaraq, Rəcəb Tayyib Ərdoğan adını Türkiyə tarixinə əbədi yazmış dövlət, siyasət adamı olaraq qalacaqdır. Ən mötəbər reytinq sorğularında dünya siyasətinə təsir edən-etkili siyasətçilərin ilk beşliyində Ərdoğanın da adı yer alır.
Ərdoğan başqanlığında Türkiyə iqtisadiyyatı 3,6 dəfə böyüyərək “Böyük 20-lik”ə daxil olub, dünyanın inkişaf etmiş 16-cı, Avropanın 6-cı ölkəsinə çevrilib. Milli gəlir 230 milyard dollardan 822 milyard dolları ötüb. Ümumi Daxili Məhsul istehsalının artım sürətinə görə 20-liyin 1-cisi olub. 2013-ün yekunlarına görə 4 fazi böyümə qeydə alınıb. 2002-ci ildəki xarici ticarət həcmi 88 milyard dollardan 389 milyard dollara, adambaşına düşən ÜDM 3,492 dollardan 25 min dollara qalxıb. ÜDM-də 80 faiz artım qeydə alınıb. Türkiyəyə 140 milyard dollar sərmayə qoyulub. Ötən il Türkiyə 200 ölkə ilə 400 milyard dollardan yuxarı ixrac-idxal əməliyyatı aparıb. Özəl sektorun yatırımı 74 milyarddan 283 milyarda qalxıb. 2002-ci ildə Mərkəzi Bankdakı dövlətin ehtiyat pulunun məbləği 27 milyard dollardan hazırda 136 milyarda qalxıb, Türkiyə 23,5 milyard dollar xarici borcunu ötən ilin aprelindən “sıfırlayıb”, İMF-lə borcunu tamam qapadıb. 11 ildə ixracat 4 dəfə artaraq 36 milyard dollardan 152,5 milyard dollara yüksəlib. 2023-cü il-Türkiyə Cümhuriyyətinin 100-cü quruluş ili üçün hədəf milli gəliri 2 trilyon dollara çatdırmaqdır. 2009-cu ilin dünya krizindən ən yaxşı vəziyyətdə çıxan, həm də ümumdaxili məhsulun həcmini yüksəltməyə nail olan 3 ölkədən biri Türkiyə olub. Beynəlxalq Valyuta Fondu Türkiyədən 3 milyard dollar borc almaq üçün rəsmən müraciət edib, digər beynəlxalq maliyyə təşkilatları, xarici ölkələrin də belə müraciətləri olub. Qısa zamanda Türkiyədə davam edən iqtisadi böhranı dayandırıb, bütün risqləri gözaltına alaraq lirədən 6 sıfırı atıb, inflyasiyanın qarşısını alan Ərdoğan borc içində üzülən, beynəlxalq donorlardan asılı olan Türkiyəni borc verən ölkəyə çevirib indi.
2002-ci illə müqayisədə əhalinin şəxsi avtomobil sayı 7 dəfə artıb. Türkiyədə turist sayı 2002-ci ildəki 13 milyondan 35 milyona, gəlir 8,5 milyarddan 25 milyarda qalxıb, dünyanın ilk 10 turizm ölkəsi içinə daxil olub. Türk iş adamları son 3 ildə 100 ölkədə 242 milyard dollara çatan 7 min layihə həyata keçirib, xaricdə sərmayə yatırma cəhətdən Çinin ardından dünyada 2-ci sırada yer alıb. Türkiyənin dış yardımları Monqolustandan Çili, Somalidən Krıma qədər dünyanın dördbir yanına yayılaraq 3,5 milyard dollara qalxıb.
Çanakkalala Şəhidlik muzeyinə 12 il əvvəl gələn ziyarətçi sayında ən yuxarı rəqəm illik 200 min idi, ötən il 2 milyon oldu. Hər il istisnasız olaraq dövlət sektorunda çalışan vətəndaşların, eləcə də bütün növ təqaüd və sığortaların məbləği artırılıb.
Bu günlərdə Türkiyənin 153 illik röyası olan Mərmərə Layihəsi gerçəkləşib; yerin 60 metrlik dərinliyində dünyanın ən dərin sualtı tuneli ilə Asiya ilə Avropa birləşib, Pekindən Londona birbaşa dəmiryol xətti-Modern İpək Dəmiryolu açılıb. İstanbulda 46 milyard dollarlıq 3-cü Hava Alanı açılıb. Yaponiya Türkiyədə 22 milyard dollarlıq bir yatırımla Atom Stansiyasının inşasına başlayıb. İstanbul Boğazında 2,5 milyard dollarlıq layihə ilə 3-cü köprünün təməli qoyulub, Türkiyə dünyanın ən böyük enerji daşıyıcı, ötürücü ölkəsinə çevrilib.
12 ildə Cümhuriyyətin tarixindən bəri bu mövcud olandan 2 dəfə şox-17 min kilometr uzunluğunda yeni yol inşa edilib. 80 vilayətdə 99 yeni üniversitet qurulub, 2203 yeni sağlıq mərkəzi-xəstəxana, 615 min yeni çoxmənzili yaşayış evi inşa edilib, əksər ölkələrdə bənzəri olmayan güzəştli, əlverişli şərtlərlə vətəndaşlara satılıb.
Türkiyə silahlı qüvvətləri ABŞ, İsrail, NATO-nun əlavəsindən çıxarılaraq Türkiyə Cümhuriyyəti dövlətinin iradəsinə tabe edilib, Dövlətin, Hökumətin Ordunun təlimatları ilə idarə olunması kimi acı sonuclarla da yaddaşlarda qalan qara tarix birdəfəlik arxivə göndərilib. Türkiyə silah idxalçısından ən modern hərbi təyinatlı texnikalar istehsal edən ölkəyə çevrilib. Dünyada ən müasir savaş gəmisi, tank, helikopter, raketlər hazırlayan 10 ölkədən biri halına gəlib. Türkiyənin dünyanın bütün ölkələrində diplomatik nümayəndəliklərini açılıb və belə bir rəsmi göstəriş verilib ki, hansı ölkələrdə Azərbaycan səfirliyi yoxdursa, Azərbaycan vətəndaşlarının istənilən müraciətinə baxılır. Qardaş ölkə illər öncə birtərəfli qaydada bütün türksoylu respublikalara viza rejimini qaldırıb. Kəlbəcər işğal edilən 1992-ci ildən Ermənistanla diplomatik əlaqələri kəsib.
30 ildən çoxdur ki, 40 mindən çox günahsız insanın həyatına nədən olan iç savaşa, terrora son qoyan tədbirlər görülüb. Ərdoğanın hər iki qızını başıbağlı olduqları üçün məktəbə qəbul etməmişdilər, örtüklə Amerikaya gedib ali təhsil alıb örtüklə də qayıtdılar, ömür-gün yoldaşı başıbağlı olduğu üçün əsgəri hospitalda müalicə alan bir ailə dostları ilə görüşə girməyə izin verməmiş, qapıdan geri qaytarmışdılar...Bu gün başıörtüklü xanımlar parlamentdə, siyasətdə, bələdiyyə başqanlığında, orduda ...hər yerdə özlərini azad, bərabərhüquqlu vətəndaş sayır, cəmi 5 il əvvəlin bu acı mənzərəsi də bir çox tabular kimi arxivlərə atılıb.
Türkiyə 12 ildir ki, dünya siyasətinə haqq, ədalət, siyasət əxlaqı anlayışını və nümunəsini gətirən, öz sözünü deyən, iradəsini diqtə etməyi bacaran söz sahibi dövlətə çevrilib.
Söz ardı: 2011-ci il iyulun 27-də hörmətli Ərdoğan Bakıya bir neçə saatlıq işgüzar görüşündə mənə də vaxt ayırmışdı. Büyükelçilikdə “Rəcəb Tayyib Ərdoğan” kitabımı təqdim etdim. Səmimi söhbətimizdə onun türk-islam dünyası üçün nə qədər gərəkli, dəyərli bir siyasətçi, sadə insan, Allah adamı olduğuna, Azərbaycana içdən gələn sevgisinə, Qarabağ sorunumuzun ədalətli həllinə cani-dildən səy göstərdiyinə bir daha əmin oldum.
Ərdoğanın müstəqilliyi, xarakterindəki məğrurluq, cəsarət, düşündüyünü birbaşa üzə deməyi, enerjisi, fikrində ardıcıllığı, qətiyyəti, natiqliyi, islam aləmində ilbəil yüksəlməkdə olan nüfuzu, Osmanı sultanlarını xatırladan ambisiyaları, Türkiyəni dünyada hakk etdiyi öncül yerə çıxarmaq uğrunda çabaları dünyanı yönəldən çeşidli siyasi, hərbi, ideoloji, maliyyə-bank strukturlarından gələn təlimatlara boyun əyməməsi ona hər zaman başağrısı gətirib, dəfələrlə qurulan terror aktlarından qılboyu qurtulub, partiyası bağlanmaq təhlükəsi ilə qarşılaşıb, məhkəmələrə çəkilib, təzyiqlərə məruz qalıb, survivor olaraq çıxıb. İllərdir R.T.Ərdoğan əleyhinə geniş bir koalisiya yaranıb. Ərdoğan çıxışlarında onların ünvanlarını göstərib:-seçkilərdə hər dəfə AK Parti ilə rəqabətdə uduzanlar, vaiz, faiz və silah lobbiləri...Allahın yardımı ilə Ərdoğan Türkiyə Cümhuriyyətinin başında dimdik dayanıb.
Söz sonu: 29 oktyabr həm də Türkiyənin 11-ci Prezidenti Abdullah Gülün doğum günüdür, bu gün onun 64 yaşı tamam olur. Təbrik edirik!
Hacı ABDULLA