Vaşinqton görüşü: İlham Əliyevlə Paşinyan “tarixi sənəd” imzalaya bilər .....                        Ombudsman minaya düşən hərbçilərlə bağlı beynəlxalq təşkilatlara çağırış etdi .....                        Azərbaycanda yeni tariflər təsdiqləndi .....                        Qondarma rejimin həbsdəki üzvlərinə baş çəkə bilərik - Qızıl Aypara Cəmiyyəti .....                        25 yaşlı futbolçu vəfat etdi .....                        Azərbaycana qarşı informasiya hücumunu arxasında KİM DAYANIR... .....                        Bakıdan Qaxa istirahətə gələn ailə yol qəzasına düşdü .....                        Onlayn mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr ifşa edildi - Əməliyyat görüntüləri .....                        Çimərliklərdə yoluxucu xəstəlik aşkarlanıb? - RƏSMİ .....                       
21-10-2023, 12:31
Sabahın havası


Sabahın havası

ETSN Milli Hidrometeorologiya Xidməti oktyabrın 22-də gözlənilən hava şəraiti barədə proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.
21-10-2023, 12:22
Qəzzada 1,4 milyon məcburi köçkün var


Qəzzada 1,4 milyon məcburi köçkün var

Qəzzada təxminən 1,4 milyon məcburi köçkün var ki, onlardan 544 mindən çoxu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi tərəfindən yaradılmış 147 müvəqqəti sığınacaqda yerləşib.
Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin hesabatında deyilir.
Qəzza Mənzil Nazirliyinin məlumatına görə, döyüşlər başlayandan bəri Qəzza zolağında bütün yaşayış binalarının ən azı 30%-i dağıdılıb və ya zədələnib.
“Ehtiyat generatorları işə salmaq üçün yanacağın idxalına qoyulan qadağa ilə daha da kəskinləşən elektrik kəsilməsi ardıcıl onuncu gündür ki, davam edir. Təhlükəsiz mənbələrdən su istehlakının artması yoluxucu xəstəliklərin baş vermə riskini artırır”, - BMT agentliyi vurğulayıb.
21-10-2023, 12:01
Yaralanan İsrail vətəndaşlarının sayı 5 min nəfəri ötdü


Yaralanan İsrail vətəndaşlarının sayı 5 min nəfəri ötdü

Fələstin-İsrail münaqişəsi nəticəsində yaralanan İsrail vətəndaşlarının sayı 5 min nəfəri ötüb.
Bu barədə İsrailin Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
Bundan əvvəl “Times of Israel” 4,9 minə yaxın yaralı barədə məlumat vermişdi.
21-10-2023, 11:43
Qəzza zolağına ilk humanutar yardım daxil oldu


Qəzza zolağına ilk humanutar yardım daxil oldu

Qəzza zolağına humanitar yardım daşıyan ilk yük maşınları Rəfah keçid məntəqəsindən keçərək anklav ərazisinə daxil olub.
Bu barədə Əl-Ərəbiyyə telekanalı məlumat yayıb
"Humanitar yardım, o cümlədən tibbi ləvazimatlar daşıyan yük maşınları Misirin Rəfahdakı keçid məntəqəsindən Qəzza zolağına keçməyə başlayıb", - deyə hadisə yerindən müxbir bildirib.
“RİA Novosti” müxbirinin verdiyi məlumata görə, Misir və Qəzza zolağının sərhədində humanitar yardım daşıyan 200-ə yaxın avtomobil toplanıb.
Bu gün saat 10:00-dan etibarən Rəfah keçid məntəqəsinin açılması barədə Amerikanın İsraildəki səfirliyi məlumat yayıb.
ABŞ və ya digər Qərb ölkələrinin pasportlarına malik fələstinlilərin, eləcə də bəzi humanitar təşkilatların əməkdaşlarının oradan keçərək Qəzzanı tərk edəcəyi gözlənilir.
Bu həftə Misir prezidenti Əbdülfəttah əs-Sisi və amerikalı həmkarı Co Bayden Qəzza zolağına humanitar yardım çatdırmaq barədə razılığa gəliblər. ÜST-nin regional fövqəladə hallar üzrə direktoru Riçard Brennanın sözlərinə görə, plana görə anklava gündə 100-ə qədər yük maşını göndəriləcək.
21-10-2023, 11:03
Ərdoğan paylaşımında İsrailə çağırış etdi


Ərdoğan paylaşımında İsrailə çağırış etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabındakı paylaşımında Qəzzaya qarşı hücumların genişlənməsinin daha çox ağrı, ölüm və göz yaşlarından başqa bir şey gətirməyəcəyini vurğulayıb.
Ərdoğan “X” paylaşımında bildirib: “Uşaqları, qadınları və mülki insanları öldürməklə, xəstəxanaları, məktəbləri, məscidləri və kilsələri bombalamaqla təhlükəsizliyi təmin etmək mümkün deyil”.
Prezident Ərdoğan paylaşımını belə davam etdirib:
"İsrail rəhbərliyi öz səhvindən dönüb dövlət ağlı ilə hərəkət etmək əvəzinə, bölgə xaricindəki aktorların təxribatı ilə bir təşkilat kimi davranır. Bölgəmizi Qərb ölkələri tərəfindən təşviq edilən bu dəli çılğınlığından bir an əvvəl xilas etmək lazımdır. Bütün dövlətləri və beynəlxalq təşkilatları Qəzzada humanitar atəşkəsin mümkün qədər tez qurulması təşəbbüslərini səmimi şəkildə dəstəkləməyə dəvət edirəm. İsrail administrasiyasına çağırışımızı bir daha təkrar edirəm: dinc əhaliyə qarşı hücumlarının miqyasını heç vaxt genişləndirməməli və soyqırımı sayılan əməliyyatlarını dərhal dayandırmalıdır”.
Prezident Ərdoğan paylaşımında daha sonra deyib:
"İnanırıq ki, müsəlmanların, yəhudilərin, xristianların və bu torpaqlarda yaşayan hər kəsin təhlükəsizliyini təmin edəcək yeni mexanizmlərin qurulması ilə bölgəmizdə daimi sabitliyə nail olacağıq. Türkiyə daha çox günahsız qanların tökülməməsi, daha çox insan faciəsinin yaşanmaması və Fələstindəki münaqişələrin geridönülməz nöqtəyə çatmadan həll edilməsi üçün üzərinə düşəni etməyə davam edəcək".
21-10-2023, 10:09
Bu gün Mincivan qəsbəsinin azad olunduğu gündür


Bu gün Mincivan qəsbəsinin azad olunduğu gündür

Bu gün - oktyabrın 21-i Zəngilan rayonunun Mincivan qəsəbəsinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür.
Qəsəbənin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.
Qeyd edək ki, 2020-ci il oktyabrın 21-də Zəngilan rayonunun Mincivan qəsəbəsi ilə yanaşı, 13 kəndi - Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.
Bu barədə Prezident İlham Əliyev özünün rəsmi tvitter səhifəsində məlumat verib.
Eyni zamanda, Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad edib.
21-10-2023, 09:50
MÜBARİZƏYƏ  ÇAĞIRAN ŞAİR  GİLEYLƏRİ


MÜBARİZƏYƏ ÇAĞIRAN
ŞAİR GİLEYLƏRİ

Həyat getdikcə mürəkkəbləşir. Bu mürəkkəbləşmə nəticəsində əksikləmələrin və çatışmazlıqların da sayı gündən-günə artır, insanların qabağına cürbəcür çətinliklər çıxır. Həmin çətinlikliklər yaşayış tərzini ağırlaşdırır, insanlarda bəzən həyata nifrət hissləri yaradır. Bütün bunlar isə dünyaya qarşı soyuqqanlıq əmələ gətirir. Belə hallar, heç şübhəsiz, bütün insanlar kimi, şairləri də narahat edir, onlarda çatışmazlıqlara qarşı nifrət hissi yaradır. Bu nifrətlə də onlar sakit dayana bilmir, yeri gəldikcə, insanları çatışmazlıqlara qarşı mübarizə aparmağa çağırırlar.
Mübarizənin güclü olması, əlbəttə ki, qələmin gücündən asılıdır. İstedad güclüdürsə, qələmə alınmış misralar da oxucuya güclü təsir bağışlayacaq. Bu hal, heç şübhəsiz, oxucunu da bir insan kimi həyatı yaxçılaşdırmaq üçün hərəkətə gəlməyə vadar edəcəkdir. Yox, əgər şair istedadı zəifdirsə, həyatdan naqisliklər görən oxucu şairin yazdığına biganə yanaşacaq, həyatı inkişaf etdirmək üçün heç düşünməyəcək də.
Məsələyə bu nöqteyi-nəzərdən yanaşanda, görürük ki, bir çox şairlər dediyimiz cəhətləri dəqiq nəzərə alır və yazdığı şeirlər üçün ciddi məsuliyyət daşıyırlar. Elə götürək gözəl qələm sahibi Sahib Əliyevi. Onun yaradıcılığını nəzərdən keçirəndə, görürsən ki, şair dünyanın yaxşı cəhətlərindən zövq aldığı kimi, pis cəhətlərini də nəzərdən kənarda saxlamır. Başqa sözlə desək, onun dünyanın yaxşı cəhətlərini vəsf edən şeirlərilə yanaşı, mənfilikləri tənqid edən şeirləri də çoxdur. Dərindən fikirləşəndə, görürsən ki, belə şeirlər yazmaqla o, insanları, bir növ, yuxudan ayıldır, onları mənfilikləri aradan qaldırmaqla, həyatı daha da gözəlləşdirməyə çağırır.
Ən yaxşı cəhət odur ki, şair haqqında bəhs etdiyimiz mövzuda şeir yazanda, oxucunun marağını mütləq nəzərə alır, ona təsir edə biləcək sözlər tapır və bu sözləri güclü deyimlərlə tam saz vəziyyətə gətirir. Götürək elə “Rəngləri gör necə qarışdırıblar” şeirini:
Rəngləri gör necə qarışdırıblar,
Qırmızı seçilmir qaradan indi.
Pozulub tərəzi, pozulub mizan,
Bütöv yüngül gəlir paradan indi.

Yel çıxıb təpəyə, qəzəblə əsir,
Yanında meh görsə, dilini kəsir...
Xalçanın üstündən sərilir həsir,
Ənənə çıxıbdı aradan indi.


Baxmırlar savada, baxmırlar yaşa,
Nadanı götürüb qoyurlar başa.
İnsaf da, mürvət də dönübdü daşa,
Biz haqqı, de, tapaq haradan indi?

Arzu da, istək də, dost, bizdən qaçır,
Qapını döyürük, tale gec açır...
Ay gördü - bir ulduz gur işıq saçır,
Tez onu qoparır sıradan indi.

Dodağı yandıran aha bax, aha,
Qoymayır şad çıxa adam sabaha.
Sevgi də kiriyib ürəkdə daha,
Xançoban danışmır Saradan indi.

Bu, bizim çayımız, bu, bulağımız...
Sudan korluq çəkir at- ulağımız.
Sol əllə qaşınır sağ qulağımız,
Qüsur da tutmayır Yaradan indi.

Bu şeir qeyrət dalınca getmək istəyən hər bir insan üçün ən təsirli bir çağrışdı. Bu çağrış elə təsirli şəkildə səsləndirilir ki, heç bir vətəndaş baş verən nöqsanları aradan qaldırmağa bigana qala bilmir.
Sahib bu səpkidə yazdığı şeirləri ilə istəyir ki, oxucuları həmişə ayıq saxlasın, onları mənfiliklərə qarşı mübarizə aparmağa səfərbər etsin. Bu da təsadüfü deyil, belə olanda həyat da gözəlləşir, insanlar istənilən kimi nəfəs ala bilir, onlarda dünyaya bağlılıq ruhu daha da artır.
Şair sözünü elə belə demir, həyatı gözəlləşdirmək üçün oxucuya yollar göstərir, ağıllı fikirlər təklif edir. Oxucunu ən sadə yollarla başa salır ki, həyat bir güzgüdür, həqiqət hökm sürəndə güzgü hər şeyi düz göstərir, həqiqət olmayanda isə güzgü ləkə salır və nəticədə qaranı ağ, ağı isə qara göstərir. Bu səbəbdən də:
...Saxtakar istəyir - saxtakarlığı
Düzgün əməl kimi sırısın elə.
Qartal yuvasında qarğa saxlayan,
Çıxanda, şəst ilə yol alır çölə.

Zinəkar bu yandan zina eyləyir,
O yandan məscidə namaza gedir.
Xalqın sərvətini talayanları
Yaltaqlar çox zaman qəhrəman edir.
Şair bu mənfilikləri aradan götürmək üçün oxucuya deyir:
Gəlin, bu güzgüyə qayğı göstərək,
Gəlin bu güzgüyə əl yetirək biz.
Güzgüdən ləkəni elə silək ki,
Əyri doğulmasın fikirlərimiz.
(“Güzgüdən ləkəni
elə silək ki...”)
Sahibin yaradıcılığında bu cür dəyərli şeirlərin sayı istənilən qədərdir. Ona görə ki,nöqsanlar həyatı gözdən salır, yaşayış tərzini pisləşdirir. Şair insanları nöqsanlardan, çaışmamazlıqdan qorumağı,bu məqsədlə onlara vaxtlı-vaxtında məsləhətlər verməyi, bir növ, qarısına vacib bir məqsəd kimi qoymuşdur. “Məsləhət verməyə hüququm çatır” şeirində açıq deyir:
Mən elə bir yaşın içindəyəm ki,
Məsləhət verməyə hüququm çatır.
Gözümün önündə, görürəm, biri
Başqa birisinə badalaq atır.

Badalaq atana necə deməyim,
Badalaq atdığın yıxılar axı.
Birdən, yıxılanda qanadı burnu,
Qan axıb batırdı ana torpağı.
Bəli, Sahib Əliyev adicə badalaq atıb, başqasının yıxıla biləcəyinə səbəb olmağı da insanlığa yaraşmayan bir iş hesab edir. Çalişir ki, insanları bu adi işdən də çəkindirsin. İstəyir ki, bütün insanlar həyatda sağlam ruhda yaşasın, sağlam ruhda gəzib-dolansın. Belə olanda, aydındır ki, həyatda yaşamaq insana zövq verər.
Şairin “Saxlama qəlbini sevincdən uzaq” adlı bir şeiri var. Həmin şeirdə təsvir olunan adam , dəxli oldu-olmadı, həmişə pəjmürdə gəzir, həyatda heç bir yaxşı işdən zövq alıb sevinmir. Onun bu hərəkəti şairin əhval-ruhiyyəsini narahat edir. Ona görə də üzünü həmin tipə tutaraq deyir:

Nə ruhun açılır, nə gülür gözün,
Elə bil batmısan qəm dəryasına.
Toyda-düyündə də dəymirsən gözə,
Paslı qılıncmısan - girmisən qına?

Baharda duymursan gülün ətrini,
Hansı iydə olur, bilmirsən, çiçək.
Yerin isti oldu, ya da ki, soyuq,
Büzüşüb qalırsan xəstə toyuqtək.

Niyə, atam oğlu, nədir səbəb, de,
Niyə qoşulmursan şən adamlara?
Bu ömür onsuz da müvəqqətidi,
Saxlama qəlbini sevincdən ara.

Sahib Əliyevin yaradıcılığında hadisələrdən bu cür narahat olmaq və bu narahatlıqdan yaranan giley-güzar dolu şeirlər çox-çoxdur. Buna “Qara yazı”, “Mən belə dünyanı necə öyüm ki”, “Qoymayaq kədəri, dərdi doğmağa”, ”De, qəmdən mən necə uzaqlaşım”, ”Başımın üstündə dərd özü durub”, “Qarğanı zirvəyə axı kim qoyub”, “Bir ağıllı axtarırdım” və bir sıra başqa şeirləri misal göstərmək olar. Bu şeirlərdə şair həm insanların öz əllərilə həyata gətirdikləri nöqsanlardan danışır, həm də həmin nöqsanları aradan qaldırmağın yolları göstərir. İnsanlara açıq surətdə başa salır - həyat onda yaxşı olur ki:
Həyatda
hamı düz danışanda;
kini, kudurəti buraxıb,
küsülulər barışanda.

Paxıllıq olmasın gərək
heç insanın zatında.
Təmizliyi, paklığı
yaşatsın hamı
gərək öz həyatında.
(“Həyat nə vaxt
yaxşı olur”).

Şairin fikrincə dərd dünyada o qədər çoxalıb ki, yığıb-yığışdırmaq həddindən artıq çətinləşib. Hərdən öz-özünə fikirləşir ki, görəsən bunun axırı necə olacaq:
O, bunda, bu, onda qüsur axtarır,
O, bunu qınayır, bu da ki, onu.
Belə adamlarla necə olacaq,
Görəsən, bizim bu, dünyanın sonu?
(“Axırı necə olacaq?”)
Lakin şair ümidi qırılmır. O, mənfiliklərin və çatışmazlıqların aradan qaldırılması üçün mübarizəsini yenə davam etdirir. Yeri gələndə, bu məqsədlə Böyük Yaradana da müraciət edir:
Səni and verirəm cah-calalına,
Səni and verirəm xətti-xalına,
Səni and verirəm gül camalına,
Gəl bizi bəladan Sən qoru, Allah!
(“Gəl bizi bəladan
Sən qoru, Allah”)
Bilal ALARLI,
filologiya üzrə fəlsəfə doktoru, şair.




21-10-2023, 09:41
Oğul, sənə çox ehtiyacım var!


Oğul, sənə çox ehtiyacım var!

Yolum yenə doğulub boya-başa çatdığım Cəlilabad rayonuna idi. Küçələrin birinin girişinə şəhid portreti vurulmuşdu. Sürücüdən bu qəhrəman oğul haqqında mənə məlumat verməsini xahiş etdim. Sürücü qəhərlənə-qəhərlənə şəhidimiz haqqında məlumat verməyə başladı:
-Xanım, gördüyünüz bu şəhidin adı Kamrandır, iki bacının bir qardaşı idi. Şəhidlərimizin borcunu heç bir zaman ödəyə bilmərik.Vətənimizin torpaqlarını qorumaq onlara tapırılmışdı, amma onlar torpağa tapşırıldı. Bütün bunlara şahidlik etmək bizim üçün olduqca ağrılıdır. Atası Yaşar əmi mahir qarmon ifaçısı idi və rayon toylarında sənətini layiqincə yerinə yetirərdi. Amma oğlu şəhadətə qovuşduqdan sonra o musiqini ataraq taksi sürücüsü oldu...
Artıq gedəcəyim ünvana çatmışdım. Kamranın yarımçıq qalmış xatirəsini əbədiləşdirmək üçün onun ömür dəftərinə müraciət etməyi düşünürdüm. Vaxt məhdudiyyəti olduğu üçün ailə ilə görüşə bilməyəcəyim yalnız özümə bəlli idi. Şəhərə qayıtdıqdan sonra yardımıma Cəlilabad rayonunun şəhid övladı Həbibi Füzulinin anası Natəvan xanım yetişdi. Kamranın yaxınlarının telefon nömrəsini aldıqdan sonra mən şəhidimizin doğmaları ilə telefon əlaqəsi saxlayıb Kamran haqqında yazmaq istədiyimi bacısına söylədim...
O, 27 İyun 1997-ci ildə Cəlilabad rayonunda dünyaya gəlmişdi. Gənc valideyinlər özlərini dünyanın ən bəxtəvər cütlüyü sanırdılar, çöhrələrindən sevinc, gözlərindən bəxtəvərlik yağırdı. Yaxınları sevinə-sevinə bu körpəyə Kamran adını verdilər. Kamran adının mənası “arzusuna, muradına, məqsədinə çatmaq” deməkdir. Kamrandan sonra bu ailədə Səbinə və Türkan adlı iki qız dünyaya gəlir. Həmin ailənin doğmalarıyla bir masa ətrafında əyləşmişdim. Sanki dilim lal olmuşdu. Tək oğul övladları şəhid olan bu ailəni təsəlli etməyə söz tapmırdım, çünki onların qarşısında aciz idim.
Hələ cavan olmasına baxmayaraq, ananın qara saçlarına qarlar ələnmişdi. Ana gözlərini oğlunun rəsmlərinə dikərək sükuta dalmışdı...Bir an olsun belə gözlərini dikdiyi nöqtədən ayırmaq istəmirdi. Ana susur, biz də onunla birgə susmağa üstünlük verirdik. Nəhayət Qətibə xanım ürəkdağlayan bir ahdan sonra söhbətə başladı:

- Oğlum dünyaya gələndə mən özümü göyün yeddinci qatında sanmışdım. Tanrım məni bolluq fəslində bir oğul övladı ilə mükafatlandırmışdı. Düşüncəsi belə qadınlara xüsusi duyğu bəxş edən “ana” adına layiq görülmüşdüm. O mənim gözümün ilk nuru, ilk və son oğul payım idi. Oğluma baxdıqca, oğlum böyüdükcə onunla qürur duyurdum. Kamranım çox fərqli övlad idi, o, yaşıdlarından çox fərqlənirdi. Bəlkə də şəhid olacağı üçün mənim oğlum seçilmiş övladlardan idi. Çünki qohum əqrabada ona bənzər ikinci övlad yox idi. O mənim bitib-tükənməyən böyük dünyam idi, amma indi bitib-tükənməyən göz yaşlarımdır. Analar oğul övladlarını öz canlarından çox sevərlər, oğullarıyla dərdləşdikdə belə özlərini dünyanın ən bəxtəvər anası sanarlar...
Üç ildir ki, oğlumun xəyallarıyla dərdləşməkdən bitib-tükənmişəm. Min bir əziyyətlə böyütdüyüm oğlumun səsinə, isti nəfəsinə həsrət qalmişam. Oğlum üçün nə arzular, nə xəyallar qurmuşdum, hamısı ürəyimdə qaldı. Arzum oğlumun toyunda qol ötürüb oynamaq idi. Qismətim oğlum üçün ağı söyləmək oldu. Bəy otağına girməyən oğlumun qisməti qara torpaq oldu. Əyninə bəy paltarı geyməyən oğlum qara mərmərdən köynək geyindi. Qara daşa çevrilib, şəkillərdən boylanır. Evimizin sevinci, nəşəsi yoxa çıxıb. Gözlərim yollara dikilməkdən saralıb. Düşünürəm ki, oğlum bəlkə də bir gün mənə geri dönər. Oğlumun həyatına düşmən tapancasından atılan güllə son verdi. Üç min oğulun qanından torpaq üzərində xalılar toxundu. Amma biz şəhid anaları qanımız axıdılmadan gündə yüz dəfə ölüb-dirildik. Ananın son söylədiklərindən Yaşar ata göz yaşlarını saxlaya bilmədi:
-Kamran mənim ürəyimin sağalmayan yarasıdır. Bu gün oğlum haqqında söz söyləmək mənim üçün olduqca çətindir. Amma danışmalıyam ki, oğlumu hamı tanısın, oğlumla bütün Azərbaycan qürur duysun. Sizə danışdıqlarım mübağilə deyil, həqiqətdir. Mənim oğlum hamıdan fərqli idi, sanki o, cənnətdən gəlmişdi. Dünyaya gəldiyi ilk gündən hamının sevimlisinə çevrilmişdi. Sanki nurdan yaranmışdı, çöhrəsində insanı ovsunlayan bir qüvvə var idi. Vətəninə, bayrağına, himninə çox vurğun idi. Uşaq yaşlarında bir gün onunla geyim mağazasına getmişdik. Kiçik yaşlı Kamranıma paltar aldıq, papaq seçimi edərkən o əsgər papağı almağa üstünlük verdi. Ata kimi ovladımın bu istəyinə etiraz etmədim. Bilirsiniz ki, əsgər geyimi hamını ovsunlayan geyimdir. Biz papağı aldıq, elə mağazada papağını başına qoydu və əsgər kimi yeriməyə başladı. Sanki bir anda böyüdü, sevinc hissi və əsil əsgər təbəssümü ilə üzümə baxdı və soruşdu: ”Ata necə yaraşdı?!
Qürur hissilə oğlumun alnından öpdüm və söylədim,-” Cəsur əsgər oldun, mənim oğlum.” Az yaşlı övladım bilirsiniz mənə necə sual verdi?! Ata, nə qədər cəsur, vətən uğrunda canından keçən şəhidlərimiz qədər?” Bu sualın qarşısında susdum. Bu gün oğlum nə qədər cəsur olduğunu göstərdi. Az yaşında şəhidlər qədər cəsur olduğunu söyləyən Kamranım iyirmi üç yaşında necə vətənpərvər olduğunu şəhadətilə isbat etdi...
Oğlumun cəsurluğunu tək mən deyil, onu tanıyan bütün insanlar təsdiq edər. Üç ildir çəkdiyim bütün həsrətlərə rəğmən oğlumla qürur duyuram. O atasının başını uca etdi. Mənim oğlum vardı deməyə dilim gəlmir. Mən oğlum var söyləyərək oğlumla qürur duyuram. Amma dilimin əzbəri bir sözüm var “ günlər ötdükcə, oğul, sənə çox ehtiyacım var”.

Kamran Cəlilabad rayon N.Gəncəvi adına 1 saylı orta məktəbdə yaxşı oxumaqla yanaşı üzgüçülüklə də məşğul olurdu. O yarışlarda fərqləndiyi və həmçinin nümunəvi şagird olduğu üçün dəfələrlə diploma layiq görülmüşdü. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Texniki Universitetinin Telekommunikasiya və Radio İnformasiya Mühəndisliyi fakultəsinə qəbul olmuş, Universiteti 2019-cu ildə bitirmişdi. Həmin ilin oktyabr ayında Kamran həqiqi hərbi xidmətə yollanmışdı. O,əsgər kimi Bakıda xidmətdə olmuşdu. Düz bir il xidmət etdi, evə geri dönməsinə sayılı günlər qalırdı. Qurbanlıq qoyununu alıb həyətdə bağlamışdım. Hardan bilərdim ki, uşaq yaşlarından vətəninin və onun düşmən tapdağında əsir qalan torpaqlarının vurğunu olan övladım həmin torpaqların azadlığı uğrunda gedən döyüşlərdə canını qurban verəcək.
Bacısı Türkan qardaşı haqqında bunları söylədi:
-Kamran gözümüzün sonsuzadək parlayan nuru idi. Özünəməxsus bir baxışı vardı. Üzümüzü güldürməyə bir baxışı yetərdi. Qardaş itkisi bir bacı kimi mənim üçün ağırdır. Amma mən hər zaman qardaşımla qürur duyuram. Qardaşım şəhid olarkən söylədiyi son sözlər bunlar olub: “Mən qulam, sən Allahsan. Mən istəyən, sən verənsən. Mən susuzam, sən su verənsən!”
Kiçik bacı Səbinə də ürəyi yana-yana qardaşı haqqında bunları söylədi:
- Əsgərlikdə olanda ən çox mənimlə telefon əlaqəsi saxlayardı. Son danışığımız oktyabrın 21-də oldu. Yenə gülə-gülə danışırdı. Böyük qürurla: “Bacı, biz irəlidəyik, düşməni məhv edirik, hər şey yaxşı olacaq, bütün çətinliklər geridə qalacaq, ata, ana sənə əmanətdir,”-söylədi. Bir bacı üçün tək qardaşını itirmək ağır dərddir. Evdə gördüyüm hər nə var, hamısı mənə qardaşımı xatırladır. Darıxmaq, vətən, cənnət deyəndə yalnız qardaşımı düşünürəm. Qardaşımın sevdiyi bir ad var idi, Mələk. Kamran bir gün mənə dedi ki: ”Bacı, qızım olsa ona Mələk adını verəcəm.” Qardaşımın bu istəyinə elə çox sevinmişdim ki. Qardaşımın bütün arzuları kimi bu arzusu da ürəyində qaldı. Özü mələyə çevrilib cənnəti seçdi. Nə qədər qardaşımı düşünərək qəlbim sızlayırsa, o qədər də onunla fəxr edirəm.
Bizim söhbətimizə Kamranın manqa komandiri Rahid qoşuldu:
- Bir hissədə döyüşdüyüm əsgəri deyil, elə bilin ki, bir doğmamı itirmişəm. O ən ali zirvəyə yüksəlib, amma mən onun üçün çox üzülürəm. Kamran xidmət zamanı bir əsgər kimi hər zaman örnək olub, vəzifəsi rabitəçi idi. Kamran mənə çox yaxın olub, niyə məhz o?! Kamran tərbiyyəli, ağıllı və savadlı olduğu üçün mən daxil olmaqla hamının sevimlisi idi. Ondan bir dəfə olsun ki,”hə”və ya “yox” sözünü eşitmədik hər zaman cavabı ya”bəli” və yaxud da “xeyr”. Hamımız onun valideyinlərinə belə tərbiyəli, vətənpərvər oğul böyütdükləri üçün həsəd aparırdıq. Bölüyümüzün nümunəvi guşəsində yalnız Kamranın şəkli vurulub.
27 sentyabr 2020-ci il, bütün gənclərin həsrətlə gözlədiyi bir gün. Ölkəmizin Prezidenti İlham Əliyevin Sərəncamı ilə Qismən Səfərbərlik elan edilən gün. Bu gün bizim üçün böyük günün başlanğıcı idi. Bu gün hamı kimi biz də döyüşlərə qatıldıq. İlk döyüşümüz Füzuli rayonu uğrunda gedən döyüşlərə qatılmaqla başlandı. Düşmən özünə heç bir zaman arxayın olmamışdı. Özünə arxayın olan düşmən otuz il ərzində nəsə qurub yaradardı, heç bir gözəlliyi məhv etməzdi. Onlar güclərini yalnız “Ohonyan Səddini” qurmağa, onu yüksəltməyə vermişdilər. Bu səddin bir gün Azərbaycanın Müzəffər Ordusunun güclü texnikası ilə məhv ediləcəyinə bəlkə də inanmamışdılar. Otuz illik həsrətə cəmi 44 gün ərzində son verdik. Müharibəni bundan sonra kimsənin görməsini arzulamıram. Gözlərimiz önündə nələr baş vermirdi, həm sevinirdik, həm də ağlayırdıq. Sevinirdik, düşmən əsarətində əsir qalan torpaqlarımızı düşmənlərdən azad edirdik, artıq torpaqlar bizimdir. Ağlayırdıq, gözlərimiz önündə qardaş dediyimiz cəsur, qorxmaz oğullarımız şəhadətə qovuşurdu. Amma bizim əlimizdən heç nə gəlmirdi, ölümlərin qarşısında hamımız çox aciz idik. Azad olunan bir qarış torpağa əsgərlərimizin canı, qanı bahasına sahib olurduq.Torpaq yaralılarımızın, yaralanaraq şəhadətə qovuşan qəhrəman oğulların qanı ilə suvarılırdı.
Müharibəyə qatıldığımız ilk gündən Kamran son döyüş gününədək eyni çoşqu ilə döyüşdü. Döyüşlər zamanı çox çətin sınağlardan keçdik. Kamranla bir yerdə olmaq mənim üçün xoş olurdu. Güclü atışma olmadığı zaman dərdləşirdik. Onun olduqca gözəl kəlamları var idi. Dindar olduğu üçün hər birimiz ondan bilmədiklərimizi öyrənirdik. Onun şəhadətə qovuşacağını heç bir zaman düşünmürdüm, çünki Kamranı bir möcüzə sanırdım. Onunla bir qabda yemək yemək belə mənim üçün çox xoş olurdu. Bəzən ikimiz birlikdə əməliyyata gedirdik. Yenə əməliyyatda idik, gecə qalıb səhər başlayacaqdıq. Düşmən bizim olduğumuz yeri fərq etmişdi. Mərmilər başımıza dolu kimi yağırdı. Toz dumana qarışmışdı, ətrafı görmək mümkün deyildi. Hərəmiz bir təpə arxasında gizlənərək düşmənə atəşlə cavab verirdik. Kamran qorxmadan cəsarətlə döyüşürdü. Arada mərmi yağışı dayandı və Kamranı yanıma səslədim. Kamran mənə yaxınlaşdı: ”Buyurun komandir!” Onun alnından öpdüm və dedim:
”Kamran, halal olsun sənə, bu gün səninlə qürur duydum, amma ehtiyatı heç bir zaman əldən vermə!” Bu sözlərdən sonra Kamran mənə elə bir cavab verdi ki, bu gün belə o sözlər yadıma düşəndə ürəyim paramparça olur: ”Komandir, mən uşaq yaşlarımdan bu günün həsrətilə böyümüşəm. Alınan bir qarış torpaq mənə dünya böyüklükdə görünür. Həmin torpaqlara ayaq basdıqca sevincimdən az qalır ürəyim yerindən çıxsın. Bircə evdən nigaranam, axı mən evin yeganə oğul övladıyam.” Ondan bu sözləri eşitdikdən sonra bir də qucaqlayıb alnından öpdüm. Dedim:”Qorxma, yaxşı düşünək ki, yaxşı olsun!” Amma bilmirdim bizi qarşıdakı günlərdə nələr gözləyir. Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaxından iştirak etdik. İki dəfə yaralanmağına baxmayaraq bizdən ayrılmadı. İsrarla son nəfəsinədək döyüşəcəyini söylədi.
Oktyabrın on səkkizi idi, yenidən pusquya düşmüşdük. Düşmənlər yenə də gülləni yağış kimi başımıza ələyirdilər, gözlərimiz önündə nələr baş vermirdi...Olanları söyləmək mümkünsüzdür. Baş verən bütün hadisələr ömürlük göz yaddaşımıza həkk olunub. Bir-iki gün ötdükdən sonra bizi iki hissəyə ayırdılar. Kamran bölük komandiri ilə getdi, mənsə əsgərlərlə qaldım, çünki əmr belə idi...
Az zaman ötmüşdü, birdən ətrafı qışqırıq səsi götürdü, atışmadan göz açmaq mümkin deyildi. Elə bil göydən od ələnirdi. Rabitə ilə aldığım məlumat mənim belimi qırdı. Hamıdan çox bağlandığım cəsur döyüşçü Kamran və komandiri yaralanmış, bir komandir və altı hərbi qulluqçu yerindəcə şəhid olmuşdu. Kamranla digər komandiri xəstəxanaya çatdırmışdılar, amma qan itirmədən onların da həyatını xilas etmək mümkün olmamışdı. Mənim heç bir zaman unuda bilməyəcəyim qəhrəman döyüşçüm Kamran İsgəndərli oktyabr ayının 22-də şəhadətə qovuşdu.
Kamran İsgəndərli şəhadətə qovuşduqdan sonra “Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Natəvan MƏLİKOVA
21-10-2023, 09:36
«Geriyə baxsan...» kitabı Arif Musanın öz obrazıdır


«Geriyə baxsan...» kitabı Arif Musanın öz obrazıdır

Ənənəvi xalq yazı dili poeziya və nəsr nümunələrində çox mükəmməl forma qurur. Biz bunu sovet dövrünün ədəbiyyatında dəfələrlə müşahidə etmişik. Bugünkü ədəbiyyatımızı əhatəyə alan qeyri-ənənəvi formalar əslində, bir qədər çaşqınlıq yaradıb. Nə yaxşı ki, bu gün də sovet dövrünün ənənəsini qoruyub saxlayan qələm sahiblərimiz var. İstedadına qibtə etdiyimiz, şeirlərini sevə-sevə oxuduğumuz şair Arif Musa da xalq yazı dilində gözəl ədəbi nümunələr yaradır, ənənəvi şeirdə xoş ovqatlı fikirlər ifadə edir.
Hörmətli şairimizin bugünlərdə Hikmət Məlikzadənin redaktorluğu ilə «Gənclik» nəşriyyatında işıq üzü görmüş «Geriyə baxsan...» adlı kitabında da bu dediklərimiz özünün bariz ifadəsini tapır. Bu kitabı Arif Musanın həyat gündəliyi, özünün-özünə hesabatı kimi də qəbul etmək olar. Nostalji hislər ifadə edən bu kitabda Arif Musanın şeirləri, haqqında dost-həmkar sözləri, xatirə-hekayələri və foto-şəkilləri yer alıb. Hər bölmədə biz bir aləmin, bir anın fövqünə qalxır, orada Arif Musa şəxsiyyəti ilə qarşılaşırıq.
Bu yazıda şairin şeirlərinə münasibət bildirməyi daha vacib sanırıq. Çünki hazırkı şeir bolluğunda üstünü toz basmış poeziyamızın kirini tökmək üçün Arif Musa şeirlərini nümunə göstərmək istəyirik.
Arif Musa sözün mahiyyətini fəlsəfi-ictimai fikrə çevirən, fikir içində ifadə etdiyi məzmun və mənanı daha mükəmməl poeziya atmosferinə çıxarmağı bacaran şairdir. Elə adıçəkilən kitabında da biz bu tərzdə şeirlərə çox rast gəlirik. Bu şeirlər bizi orijinal şeir lövhələri, isti hislərlə üz-üzə qoyur, bizə ənənəvi şeirin gözəlliyini göstərir.
Dediklərimizi isbat etmək üçün Arif Musanın kitaba daxil etdiyi şeirlərdən nümunələr gətirək:
Gözündə qəm-kədər görməyim deyə,
Yolunun üstünə çıxa bilmirəm.
Qorxuram, gözlərim aldadar məni,
Çevrilib arxanca baxa bilmirəm.
***
Kədər duyğu libasımdır,
Ömür yolum qəmdi, qəm.
Gözləginən bir az məni,
Gözüm hələ nəmdi, nəm.
***
Gözünü baharda açdın dünyaya,
Bəs niyə qismətin bahar olmadı?
Baharla bir gündə doğulan gözəl,
Niyə gözlədiyin səhər olmadı?
***
Doğru yalana bənzəməz,
Gedən qalana bənzəməz,
Çiçək solana bənzəməz,
Niyə belə olur həyat?

Biz bu nümunələri təhlil etmirik. Çünki bu şeirlər müəllifin nə dediyini, hansı mətləblərə toxunduğunu özləri aşkar deyir. Bu poetik parçaların hər hansını istəsək müasir şeirlə qabaq-qənşər qoyub fərqini oxucuya göstərə bilərik. Bu şeirlər, kimlərə görəsə guya modern, əslində, baş-ayaq şeir formalarının demək olar ki, hamısını kölgədə qoyar. Ədəbiyyatımıza - poeziyamıza da məhz bu cür aydın, səlis ruhlu şeirlər lazımdır ki, inkişafı görə bilək.
Arif Musa şeiri həyatın özü qədər mənalıdır. Diqqət edək:

Baxışların nə söyləyir, bilmirəm,
Arzuların mənim üçün sirrdi, sirr.
Ümidlərin gümanında qalmışam,
Duyğularım dəyişməzdi, birdi, bir.
***
İstəmədi darda qala Vətəni,
Özlərini oda atdı şəhidlər.
Torpağıma tuş gələn güllələri
Sinəsinə sıxıb yatdı şəhidlər.
***
Çıxarginən eynəyini,
Gözü qəfəsdə saxlama.
Söyləginən, qəlbindəki
Sözü qəfəsdə saxlama.
***
Vəfasız çıxmışam, dönük çıxmışam,
Qayıda bilmirəm kəndə haçandı.
Bəzən ekranlardan kəndə baxmışam,
Yurda dönməyirəm xeyli zamandı.
Bu nümunələrin hamısında qəlbcə kövrək, əslində polad kimi möhkəm bir qələm sahibinin ürək çırpıntıları, yaradıcı ruhu var. Bu şeirlər bizə həyatın bütün istiqamətlərini - çətin anda da, xoş ovqatda olanda da, nə etməyin yollarını göstərir. Bax, şeir, poeziya da elə budur!
Arif Musa şeiri təkcə ənənəvi xalq yazı dili ilə ifadə olunmur, şairin sadə yazı dilində bir fəlsəfi zəmin, hətta mistika da aydın xarakter kəsb edir. Məsələn:
***
Bil, xəbərdən xəbərsizəm,
O xəbəri xəbər eylə.
Elə bilmə kədərsizəm,
Çox artırma, qədər eylə.
***
Günəşli bir hava, dəniz sahili,
Səninlə ilk görüş yerimiz oldu.
Vüsala yetmədi arzularımız,
O çağlar xatirə günümüz oldu.
***
Qəlbində başqasın yaşatdın deyə,
Titrəyən dodaqlar mənim olmadı.
Vüsala dönməyən görüşlərimiz
Həsrətin saçını niyə yolmadı?
***
Gözlərin mavidi, dənizmi deyim?
Dənizin suyunu içmək olmayır.
Sevgimi deyərdim, barmağındakı
Nişan üzüyündən keçmək olmayır.
***
Onunla üz-üzə gəlirəm hər gün,
Könlündən keçəni bilməyim çətin.
Ən ülvi duyğunun səddini keçib
Onunla danışıb-gülməyim çətin.
***
Görəsən bu bulaq neçə illərdir
Bu yaşıl yamacın döşündən axır?!
Hansı insandır ki, onu əbədi
Gözəl təbiətin döşünə taxıb?!

Göründüyü kimi, bu parçalardakı sözaltı mahiyyət, gizli mənalar, düşündürücü ovqat bu şeirlərin fəlsəfi olduğuna dəlalət edir. Bir var, elə-belə söz oynadasan, bir də var, sözü fəlsəfi çırpınmaya məruz qoymaqla sözdən söz çıxarasan. Bəzən çoxları bu prosesi qarışıq salır, elə zənn edirlər ki, baş-ayaq ibarələrlə fəlsəfə yaradırlar. Arif Musanın yuxarıda nümunə gətirdiyimiz şeirləri oxuduqca biz gah duyğulanır, gah qürur hissi keçirir, gah çılğın hislərlə dolur, gah uşaqlaşır, gah yetkin olur, gah müdrikləşir... gah da əsl poeziya nəfəsi görürük. Belə şeirləri oxuduqca ruhumuz təzələnir, ovqatımız yüksəlir, həyata baxışımızda yeni meyllər oyanır. Bu, təbii ki, Arif Musa şeirinin gücüdür.
«Geriyə baxsan...» kitabını oxuduqca biz illərdir tanıdığımız Arif Musanı necə var, eləcə də görürük; əmin oluruq ki, o, doğulanda necə pak olubsa, bu gün də o cür pakdır. Çöhrəsindəki ağayanalıq, qürur, sadəlik, milli ruh və s. onun haqqında daha geniş anlamda düşünməyimizə əsas verir. Bir sözlə, «Geriyə baxsan...» kitabı Arif Musa yaradıcılığının ilkin, orta və ən qaynar illərini əhatə edir. Burada əsas etibarilə bir Arif Musa Obrazı var; elə bir obraz ki, hansı cəhətdən boylanırıq boylanaq, alidir, nikbindir, ötkəmdir, yenilikçidir, qürurludur, yaradıcıdır, düşündürücüdür və daha doğrusu, arifdir.
Arfi Musanı yeni kitabı münasibətilə təbrik edir, yaradıcı ruhunun daha fövqəl olmasını arzulayıram.

Hüseyn İSAOĞLU ( Məmmədov ),
Yazıçı-publisist, AJB-nin və AYB-nin üzvü.






21-10-2023, 08:58
Mirzoyan “3+3” formatında danışıqlarda iştirak üçün İrandan dəvət aldı


Mirzoyan “3+3” formatında danışıqlarda iştirak üçün İrandan dəvət aldı

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İran tərəfindən “3+3” formatında danışıqlarda iştirak etmək üçün dəvət alıb.
Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, görüşün Tehranda keçirilməsi planlaşdırılır.
“Hazırda iranlı tərəfdaşlarla görüşün təfərrüatları dəqiqləşdirilir. Yekun qərar qəbul edildikdən sonra bu barədə məlumat veriləcək”, - Kostanyan bildirib.
Bundan əvvəl Azərbaycan mətbuatı diplomatik mənbəyə istinadən Ermənistan, Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin “3+3” formatında görüşünün keçirilə biləcəyi barədə məlumat yayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!