28-02-2023, 14:49
Sabahın hava proqnozuMartın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə arabir duman olacaq. Cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 4-7° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.
28-02-2023, 14:46
Zəlzələ bölgəsində olan qəhrəman həkimlərimiz geri qayıtdıAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunan Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini başa vuraraq Vətənə qayıdıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi həkimlərimiz Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərib. Tibb heyətimiz tərəfindən qardaş ölkədə ümumilikdə 81 cərrahi əməliyyat icra edilib, 517 nəfərə isə ambulator yardım göstərilib. Qeyd edək ki, ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalının fəaliyyəti Türkiyədə yüksək qiymətləndirilib.
28-02-2023, 14:43
Sankt-Peterburq səmasında naməlum uçuş aparatları aşkarlanıbRusiyanın Sankt-Peterburq şəhərində yerləşən Pulkovo hava limanı təyyarələrin qəbulunu dayandırıb. Bu barədə şəhər administrasiyası məlumat yayıb. Təyyarələrin hərəkətini izləyən "Flightradar24" xidmətinin məlumatına görə, Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzərində səmada uçuşlarını dayandırıb. Moskvadan Sankt-Peterburqa gedən sərnişin təyyarələri dövrə vurur və ya geri qayıdır. Məlumata görə, Sankt-Peterburq səmasında naməlum uçuş aparatları aşkarlanıb. REN telekanalı anonim mənbəyə istinadən xəbər verir ki, Pulkovo hava limanı üzərində 200 km radiusda hava məkanı bağlanıb. “Göydə hərbi təyyarələr var, hava məkanında uçuş aparatlarının axtarışı davam edir”, - telekanal bildirib.
28-02-2023, 14:41
Blinken Qazaxıstan prezidenti ilə bir sıra məsələləri müzakirə edibABŞ-ın dövlət katibi Antoni Blinken Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. Bildirilib ki, görüş Blinkenin Mərkəzi Asiya turnesi çərçivəsində paytaxt Astanaya səfəri çərçivəsində baş tutub. Tərəflərin iki ölkə arasında əməkdaşlıq, ABŞ-Qazaxıstan münasibətləri kimi mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdiyi qeyd olunub.
28-02-2023, 14:37
Zəngəzur yolunda işlərin böyük hissəsi tamamlanıbAzərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan, uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir. Avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəli olaraq beynəlxalq magistral normalara uyğun tikilir. Yolun ilk 77,5 kilometrlik hissəsi 6, qalan 46,1 kilometrlik hissəsi isə 4 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarına uyğun yol yatağının eni müvafiq olaraq 29,5 və 21,5 metr təşkil edir. Layihə üzrə işlərin 73 faizi yerinə yetirilib. Yol boyu ümumi uzunluğu 6 kilometr təşkil edən və şərti olaraq T1, T2 və T3 adlandırılan 3 avtomobil tunelinin inşası aparılır. Ortalama uzunluğu 1020 metr təşkil edən T1 tuneli və ortalama uzunluğu 1822 metr olan T2 tuneli üzrə artıq qazma işləri, həmçinin beton püskürtmə və kəmər beton işləri tam yekunlaşıb. Ortalama uzunluğu 3170 metr olan T3 tunelinin sol istiqaməti üzrə qazma işləri, həmçinin beton püskürtmə və kəmər beton işləri yekunlaşıb, sağ istiqaməti üzrə isə qeyd olunan işlər yekunlaşmaq üzrədir. Layihə üzrə 123,6 kilometrlik yolun 70,2 kilometrlik hissəsində torpaq yatağı inşa olunub. Hazırda yatağın tikintisi yekunlaşmış hissə boyu yol əsası inşa edilir, asfaltlanma işləri görülür. Belə ki, ortalama 48 kilometrlik hissədə hamarlayıcı lay, 38 kilometrlik hissədə əsasın alt layı, 36 kilometrlik hissədə isə əsasın üst layı inşa edilib. Yolun 35 kilometrlik ərazisində isə müəyyən hissələr üzrə asfalt-beton örtüyünün alt və üst layı döşənib. Qeyd olunan işlər üzrə digər hissələrdə tikinti işləri davam edir. Tikinti işlərinin əsas hissəsinin 2025-ci ilədək başa çatdırılması planlaşdırılır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
28-02-2023, 14:33
Malatyada baş vermiş zəlzələdə 2 nəfər həlak olubTürkiyənin Malatya bölgəsində dünən baş verən növbəti zəlzələ zamanı ölənlərin sayı 2-yə çatıb. Bu barədə "TRT Haber" məlumat yayıb. 140 nəfərin isə yaralı olduğu qeyd edilib.
28-02-2023, 14:31
Dərhal atəşkəs tələbləri saatlı bombadır - PodolyakUkrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak atəşkəs təkliflərinə münasibət bildirib. Müşavir bu barədə twitter səhifəsində yazıb. "Dərhal atəşkəs tələbləri saatlı bombadır. Rusiya münaqişəni dondurmaq, işğal etdiyi torpaqlarda nəzarəti əlində saxlamaq və hərbi gücünü yenidən formalaşdırmaq üçün bunda israr edir. 9 ildə "atəşkəs"in qanlı bədəlini ödədik. Rusiya qüvvələrinin geri çəkilməsindən əvvəl "sülh planı" deyilən şey olmayacaq", - deyə Podolyak vurğulayıb. Qeyd edək ki, sonuncu dəfə Çin və Macarıstan tərəfindən atəşkəs təklifi gündəmə gətirilmişdi.
28-02-2023, 13:57
İranda məktəbə getmək istəyən qızlar zəhərlənirİranda qızların məktəbə gəlməsinin qarşısını almaq üçün onları zəhərləyiblər. Bu barədə BBC-nin araşdırmasında qeyd olunub. BBC ən azı 650 qızın zəhərləndiyini aşkarlayıb. Qızlardan heç biri həyatını itirməsə də, bəziləri tənəffüs problemi, başgicəllənmə, yorğunluq kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib. Fevralın 26-da mətbuat konfransı keçirən İranın səhiyyə nazirinin müavini Yunus Pənahi də məlumatı təsdiqləyib. "Görünür, bəziləri bütün məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını istəyir”, - deyə o bildirib. Nazir müavininin sözlərinə görə, zəhərdə istifadə olunan maddələr bazarda tapıla bilən məhsullardan ibarətdir. İctimai qəzəbin artmasından sonra o, çıxışının yanlış anlaşıldığını deyib. Məlumata görə, ilk zəhərlənmə faktları 30 noyabr 2022-ci ildə Qumdakı Nur Texniki Liseyində qeydə alınıb. Bu zaman 18 şagird xəstəxanaya yerləşdirilib. O vaxtdan bəri şəhərdə 10-dan çox qız məktəbi hədəfə alınıb. Fevralın ortalarında Qumda hadisə ilə əlaqədar azı 100 nəfərin iştirakı ilə etiraz aksiyası təşkil olunub.
28-02-2023, 13:15
Zəlzələdən zərər çəkmiş 20 türk vətəndaşı ölkəmizdə təhsil alır Türkiyədə zəlzələ bölgəsində zərərçəkən Türkiyə
vətəndaşı olan şagirdlər Azərbaycanda birinci dərəcəli yaxınlarının yanına gəlib. Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyindən bildirilib. Qeyd edilib ki, hazırda onlardan 20 şagird Bakı Türk Anadolu Liseyində təhsil alır.
28-02-2023, 13:10
Rusiya Ermənistanla münasibətlərimizin nizamlanmasında xüsusi rola malikdirÜmidvaram ki, 2023-cü il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda biz buna ümid edirik. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bildirib. “Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir. Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub”, - deyə dövlətimizin başçısı qeyd edib.