Prezident İrana səsləndi - “Səfirliyimizə qarşı terror aktından xəbərdarıq”
"Bizim səfirliyimizə qarşı terror aktından xəbəriniz var. Bu, Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktı idi". Bunu Prezident İlham Əliyev fevralın 18-də Münxendə yerli televiziya kanallarına müsahibəsində "İranla Azərbaycan arasında münasibətlərin normallaşmasını necə görürsünüz? Birinci addımı kim atmalıdır?" sualına cavab olaraq bildirib. "Terrorçu 30-40 dəqiqə ərzində tərksilah edilməmişdir və polis maşınları, təhlükəsizlik xidmətinin işçiləri gəlib-gedirdilər, amma onlar ona iki dəfə səfirliyin binasına daxil olmağa, səfirliyin mühafizə işçilərindən birini qətlə yetirməyə, ikisini isə yaralamağa imkan verdilər. Terrorçunu əliyalın tərksilah etmiş mühafizə işçilərindən birinin cəsarəti ola bilsin ki, onlarla azərbaycanlının həyatını xilas etdi. Çünki diplomatlarımzın ailələri, o cümlədən uşaqları o binada yaşayırdılar. Buna görə biz bu məsələ ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb edirik. Bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran istablişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu göstərir. Digər qəribə məsələ o idi ki, iki gündən sonra o, əqli çatışmazlığı olan insan kimi elan edildi. Bu ekspertizanı onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mühakiməsindən yayındırmaq üçün atılmış bir addım idi. Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır. Lakin ən vacibi odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran istablişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır. Yalnız bundan sonra biz münasibətlərin hər hansı normallaşması haqqında danışa bilərik", - dövlətimizin başçısı deyib.
“Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur - İlham Əliyev
“Dağlıq Qarabağ” ifadəsi daha etibarlı deyil. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışında deyib. “Diqqətinizə çatdırım ki, “Dağlıq Qarabağ” ifadəsi daha etibarlı deyil. Ümumiyyətlə, bu, rus sözləridir. “Naqorno” sözünün mənası dağlıq deməkdir”, - deyə dövlətimizin başçısı bildirib. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Əlbəttə, bu səbəbdən mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşsınlar. Erməni əhalinin olduğu Azərbaycanın Qarabağ bölgəsi mövcuddur”.
Türkiyə ilə siyasi sahədə irəliləməyə hazırıq - Paşinyan
Ermənistan Türkiyə ilə siyasi sahədə irəliləməyə hazırdır. Bunu Ermənistan baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında keçirilən panel iclasda deyib. “Biz Türkiyəyə humanitar yardım və xilasedicilər göndərmək qərarı verəndə yalnız humanitar motivləri düşündük, lakin bu prosesdə Türkiyədən müsbət reaksiya gördük, əgər müsbət siyasi nəticələr olarsa, daha yaxşı olar. Amma bizim ilkin təşəbbüsümüz sırf humanitar idi”, - Paşinyan bildirib. O əlavə edib ki, Ermənistan xarici işlər nazirinin Türkiyəyə son səfəri zamanı bəzi siyasi razılaşmalar əldə olunub. “Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasının təkcə regionumuzdakı proseslərə deyil, həm də beynəlxalq vəziyyətə müsbət təsir edəcəyinə inanırıq”, - Ermənistan Baş naziri qeyd edib.
Niderland ölkədəki Rusiya diplomatlarının sayını məhdudlaşdıracaq. Bu barədə Niderland Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, ölkə Sankt-Peterburqdakı konsulluğunu və Amsterdamdakı Rusiya ticarət nümayəndəliyini bağlayacaq. Nazirlik bəzi rus diplomatların iki həftə ərzində Niderlandı tərk etməli olduğunu bəyan edib. “Rusiya diplomatiya pərdəsi altında gizli şəkildə kəşfiyyat agentlərini Niderlanda köçürməyə cəhd etməkdə davam edir. Biz bunun baş verməsinə icazə verə bilmərik və verməməlityik”, - deyə xarici işlər naziri Vopke Hoekstra bildirib.
Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib. "Neftçi" komandası "Bakcell Arena"da "Səbail" klubu ilə qarşılaşıb. Görüş "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 8-ci dəqiqədə penaltidən Kenni Sayef açıb. 48-ci dəqiqədə Emin Mahmudov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Oyunda sonuncu qolu isə 74-cü dəqiqədə yeni transfer Mateus Saldanya vurub. Bu qələbədən sonra xallarının sayını 48-ə çatdıran "Neftçi" üçüncü pillədəki mövqeyini möhkəmləndirib. 16 xalı olan "Səbail" isə sonuncu 10-cu pillədədir. Qeyd edək ki, tura fevralın 19-da keçiriləcək "Sabah" - "Turan Tovuz" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibə verib. Butov.az müsahibəni təqdim edir. Prezident İlham Əliyev: Salaməleyküm. Jurnalistlər: Salam, cənab Prezident. Jurnalist: Yəqin ki, görüş keçirildi, necə keçdi? Prezident İlham Əliyev: Yaxşı keçdi, məncə, konstruktiv keçdi. Bir çox məsələlər müzakirə olundu, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sazişin imzalanması üçün lazım olan şərtlərin mövcudluğu. Əlbəttə ki, mən öz mövqeyimi bir daha bildirdim. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onları incələyirik. İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil. Yəni, əsas bu məsələ müzakirə olundu. Laçın-Xankəndi yolundakı vəziyyət də, əlbəttə ki, müzakirə edildi. Mən bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni, bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır. O cümlədən Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım. Eyni zamanda bildirdim ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi. Yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etmək üçün. Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da, əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistan tərəfindən cavab gözləyəcəyik. Jurnalist: Cənab Prezident, Bakı vaxtı ilə 19:30-da panel müzakirəsinin keçiriləcəyi gözlənilir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də məhz bu panel müzakirəsində iştirak edəcək. Tbilisi formatı gündəmə gələ bilərmi? Prezident İlham Əliyev: Ola bilər. Çünki bu, təbii olar. Biz də bunu alqışlayırıq. Mənim Gürcüstana etdiyim səfər zamanı bu məsələ müzakirə olundu. Ermənistan tərəfi buna bir qədər tərəddüdlə yanaşır. Ancaq hesab edirəm ki, bu, ədalətli olardı. İlkin variantda Ermənistan baş nazirinin iştirakı nəzərdə tutulmurdu. Çünki mənə verilən ilkin təklifdə onun adı yox idi. Yəqin dünən axşam belə qərara gəldi ki, o da iştirak etsin. Hesab edirəm ki, bu, yaxşı haldır. Çünki, nəhayət Cənubi Qafqazda üç ölkə arasında hər hansı bir əməkdaşlıq başlana bilər. Jurnalist: İranla Azərbaycan arasında münasibətlərin normallaşmasını necə görürsünüz? Birinci addımı kim atmalıdır? Prezident İlham Əliyev: Bizim səfirliyimizə qarşı terror aktından xəbəriniz var. Bu, Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktı idi. Terrorçu 30-40 dəqiqə ərzində tərksilah edilməmişdir və polis maşınları, təhlükəsizlik xidmətinin işçiləri gəlib-gedirdilər, amma onlar ona iki dəfə səfirliyin binasına daxil olmağa, səfirliyin mühafizə işçilərindən birini qətlə yetirməyə, ikisini isə yaralamağa imkan verdilər. Terrorçunu əliyalın tərksilah etmiş mühafizə işçilərindən birinin cəsarəti ola bilsin ki, onlarla azərbaycanlının həyatını xilas etdi. Çünki diplomatlarımzın ailələri, o cümlədən uşaqları o binada yaşayırdılar. Buna görə biz bu məsələ ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb edirik. Bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran istablişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu göstərir. Digər qəribə məsələ o idi ki, iki gündən sonra o, əqli çatışmazlığı olan insan kimi elan edildi. Bu ekspertizanı onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mühakiməsindən yayındırmaq üçün atılmış bir addım idi. Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır. Lakin ən vacibi odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran istablişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır. Yalnız bundan sonra biz münasibətlərin hər hansı normallaşması haqqında danışa bilərik.
Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının ilk iclası keçirilib.
Bu gün Qərbi Azərbaycan İcmasında Ziyalılar Şurasının ilk iclası keçirilib. Şuranın sədri, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynovun rəhbərliyilə keçən ilk tədbirdə Qərbi Azərbaycandakı dədə-baba yurdlarından mərhələlərlə deportasiya olunan soydaşlarımızın pozulmuş hüquqlarının bərpası və digər mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb. Tədbir barədə geniş materialı "Bütöv Azərbaycan" qəzetinin növbəti sayında oxuya bilərsiniz.
Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 40 min nəfəri keçib. Bu barədə AFAD məlumat yayıb. Bildirilib ki, təbii fəlakət zamanı 40 602 nəfər həyatını itirib.
İranın Xoy şəhərində baş vermiş zəlzələdə evlərini itirən sakinlər qəbiristanlıqda çadırlar qurub. “Azad İran” teleqram kanalı bununla bağlı video yayıb. Videoda sakinlərin qəbirlərin yanında çadırlar qurması əks olunub.
Ukrayna məsələsində qəti şəkildə sülhün tərəfdarıyıq - Rəsmi Çin
Çin fevralın sonuna qədər Ukrayna münaqişəsinin siyasi həlli ilə bağlı plan təqdim edəcək. Bu barədə Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Vanq Yi məlumat verib. Çinin baş diplomatı bildirib ki, təmsil etdiyi hakimiyyət mövqe sənədi yayımlayacaq. Sənəddə Çin lideri Si Cinpinin irəli sürdüyü təkliflər, o cümlədən ərazi bütövlüyünə və suverenliyinə hörmət etmək, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət etmək, qanuni təhlükəsizlik narahatlıqlarına ciddi yanaşmaq kimi prinsiplər yer alacaq. Vanq Yinin sözlərinə görə, Çin Ukrayna məsələsində qəti şəkildə sülh və dialoqun tərəfindədir: "Biz əminik ki, bu böhranlı vəziyyət yalnız sülh danışıqları yolu ilə həll edilə bilər".
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!