Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
28-05-2022, 08:30
SİZƏ MƏKTUB VAR!


SİZƏ MƏKTUB VAR!


“Poçtalyon” bir obraz kimi illərdi qəlbimdə içi dolu sehrli məktublarla çantasını çiynindən aşırıb yolumu gözləyir. Bu obrazı nə qədər çox istəsəm də, onu hələ də, bir nağıla çevirə bilməmişəm. Axı indiyədək bir poçtalyonla görüşməmişdim. Nəhayət, bu günlərdə həmişə kənardan müşahidə etdiyim o xanım poçtalyonla görüşdüm. Mən onu gözlədiyim kimi, o da, sanki məni gözləmişdi. Buna görə söhbətimiz əsgər məktubu kimi maraqlı oldu. Gəlin əvvəlcə poçtalyon Elmira xanımla yaxından tanış olaq.
Əvvəlcə fəhlə, sonra bədii rəhbər...
İsmayılova Elmira Niftəli qızı 1966-cı il yanvarın 6-da Bakıda, Binəqədi rayonunda zəhmətkeş bir ailədə anadan olub. Orta təhsilini 26 nömrəli tam orta məktəbdə alıb. 1983-cü ildə sənədlərini M.Əliyev adına İncəsənət Universitetinin Mədəni-Maarif fakültəsinə versə də müsabiqədən keçə bilməyib. Ona görə hərbi zavodda çalışmağa başlayıb. Nəhayət, 1986-cı ildə həmin universitetdə yenidən imtahan verib və təşkilatçı-metodist şöbəsinə daxil olub. Ali təhsilini bitirib və Yasamal rayonunda Mədəniyyət Evində bədii rəhbər kimi çalışmağa başlayıb. Elmira xanımın başqa bir istedadı da ona qol-qanad verib. O, xalq artisti Ş.Axundovanın “Fərəh” instrumental ansamblında zərb alətində ifa edirmiş…
Qəzetdə müxbir, şöbə müdiri kimi
Elmira xanım “Supermarket qəzetlər qrupu”ndan olan “Həftə” qəzetində çalışıb. Əvvəlcə reklam bölməsində işləyib, sonra onu işgüzarlığına görə “Sağlamlıq” şöbəsinə müdir təyin ediblər. O vaxt Səhiyyə naziri O.Şirəliyevlə görüşüb və onunla masahibə aparıb. Sonra anası xəstələnib və buna görə işdən ayrılmalı olub.
Qismətində poçtalyon olmaq varmış
Aradan illər keçib, işləmək, pul qazanmaq istəyi baş qaldırıb. Elmira xanım yaşadığı Xırdalan şəhərində Poçt mərkəzinə müraciət edib. Adını yazdırıb və boş yer olanda onu çağıracaqlarını gözləyib. Anası rəhmətə gedəndən sonra bir müddət özünə gələ bilməyib, işi-gücü unudub. Aradan iki il keçəndən sonra yenidən poçta gedib və öyrənib ki, Quşçuluq massivində poçtalyon kimi işçi tələb olunur. Elmira xanım məvacib az olsa da işləmək arzusuyla işə başlayıb.

Poçtalyonun unudulmaz anları
Elmira xanım hələ təzə işə başlayanda bir ana ilə oğul əsəbi halda poçta daxil olublar. Demə, onlar vacib məktub gözləyirmişlər. Elmira xanım məktubu aparanda evdə olmayıblar. Odur ki, bundan xəbərsiz poçta “hücum” çəkib məktubu tələb etməyə başlayıblar. Elə bu ara qarışan vaxtda arxadan iş yoldaşı qışqırıb ki, “o hələ təzədi”. Elmira xanım sakitcə ona cavab verib ki, bunun abonentə heç bir aidiyyəti yoxdur, əsas odur onun məktubunu vaxtında çatdırasan. Deyir, bundan sonra kimsə evdə olmayanda qapısına bildiriş qoyurdum ki, ona məktub olduğunu bilsin. Bir dəfə də hansısa hərbçi ona gələcək dəyərli bir məktubu gözlədiyini deyir. Deyirdi ki, məktub gəlsin sənə muştuluq verəcəm. Həqiqətən də, elə məktubu alanda çox sevinib və onun hədiyyəsini verib.
Elmira xanım deyir ki, bir dəfə poçta qız gəlib ondan xahiş edir ki, ona olan məktubu evdə özündən başqa heç kəsə verməsin. Demə, qız sevdiyindən məktub gözləyrmiş. Elmira xanım da onun dediyi kimi eləyib.

Hər şey Qələbəmiz üçün
44 günlük Vətən Müharibəsində Elmira xanımın da işlədiyi poçt şöbəsi fasiləsiz çalışıb. Deyir, valideynlər əsgər balalarına sovqat, məktub göndərirdilər. Şagirdlər əsgərlərə öz rəğbətlərini məktubla bildirirdilər. Əsgər məkubları da olurdu...
Elmira xanım deyir ki, Qələbə xəbərini onlar da dogma iş yerində göz yaşlarıyla qarşılayıblar. Poçtun müdiri Aybəniz xanımın da doğmalarından şəhid olanı olub, kiminin yaxını, qohumu qazi olub. Bir də axı nə fərqi var, bütün Şəhidlər bizimdi, qazilər əzizlərimizdi…
Deyir, hamımız Zəfər günü sevincdən ağlamışdıq… İndiki gənclik böyük tarix yaşadı və tarix yazdı. Bir də müharibə olmasın. Dövlətimizə, millətimizə zaval gəlməsin...

Mina Rəşid

28-05-2022, 08:16
“AZƏRBAYCAN POLİSİNİN  XİDMƏTİNƏ TƏŞƏKKÜR  BELƏ                          YETMƏZ!


“AZƏRBAYCAN POLİSİNİN XİDMƏTİNƏ TƏŞƏKKÜR BELƏ
YETMƏZ!”


Biz hər beş dəqiqədən bir ehtiyatsızlıqdan və yaxud da bilərəkdən törədilmiş cinayətlərin şahidi oluruq. Belə hallarda zərərçəkmiş şəxs kömək üçün ilk olaraq aidiyyatı üzrə yaşadığı və yaxud da hadisə baş verən ərazidə yerləşən Polis bölmələrinə müraciət etməli olur.
Bütün əməllər şübhəsiz ki, cinayət sayıla bilməz. Xarakterinə görə müxtəlif olan, məsələn, qəsdən sağlamlığa az ağır zərər vurma və səhlənkarlıq kimi cinayətlərin ictimai təhlükəlilik dərəcəsini, eləcə də, eyni xarakterli, lakin müxtəlif növdən olan, məsələn, oğurluq və soyğunçulq kimi cinayətlərin təhlükəlilik dərəcəsini, bu cinayətlərə görə məsuliyyət müəyyən edən normaların sanksiyalarını müqayisə etməklə fərqləndirmək olar.
Çox sevindirici haldır ki, Azərbaycan Polisi ona müraciət edən hər bir vətəndaşı ayrı-seçgilik etmədən qəbul edir, problemini dinləyir, həm də Ərizə və İzahatını alır. Öz xidməti borcunu qanun çərçivəsində yerinə yetirir. Hər birimizin yaxşı, sakit, xoşbəxt yaşaması üçün istirahət bilmədən, onlar hətta bayram günləri daxil olmaqla belə gecə-gündüz gücləndirilmiş iş rejimində çalışaraq təhlükəsizliyimizi qoruyur. Bu məqamda gördüklərimin bir qismini yazsam yerinə düşər.
Hardasa yanğın baş verəndə, kimsə köməksiz qalanda hadisə yerində FHN-nin əməkdaşları olsa da belə, polislərimizin də onlarla çiyin-çiyinə çalışdıqlarını görürük. Parkda, yolda balaca körpələrimiz yıxılanda rütbəsindən asılı olmayaraq ərazidə olan Polis əməkdaşlarımız yıxılan şirin balalarımızdan, həmçinin əlil arabasına möhtac olub metroya düşə, yolu keçə bilməyən çoxsaylı vətəndaşlarımızdan öz köməyini əsirgəməyiblər. Mən belə halların dəfələrlə şahidi olmuşam. Yuxarıda qeyd etdiklərimi nəzərə alsam, düşünürəm ki, Azərbaycan Polisinin xidmətinə təşəkkür belə yetməz!
Haqqında söhbət açacağım, Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Vüqar Məcidovla ilk tanışlığım kabinetində olmuşdur. Tanıyanlar yaxşı bilir ki, o, problemləri ilə müraciət edən vətəndaşlara heç vaxt biganə qalmayıb. O, Vətəndaşlarla ünsiyyətdə çox səmimidir. Onunla söhbət etmək xoşdur. Vüqar müəllimin vətəndaşları səbrlə dinləmək bacarığı var. Onu fərqləndirən xüsusiyyətlərdən biri də qəbuluna gələn vətəndaşlara hüquqlarını izah etməsi, öyrətməsidir.
Vüqar müəllim işgüzardır. İşində dəqiqdir. Özünə və əməkdaşlara qarşı çox tələbkardır. Çalışır ki, verilən qərarlar qanun çərçivəsində olsun. Kollektivlə çox yaxşı münasibəti var. İdarədə bütün əməkdaşlar Vüqar müəllimə hörmət bəsləyir. O, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi vəzifəsinə təzə təyin edilib. Qısa zaman kəsiyində xidmət etdiyi ərazidə vətəndaşların rəğbətini və etimadını qazanıb. Ona güvənir, etibar edirlər.
Layiqli və nümunəvi dövlət xidmətçisindən biri də İstintaq Şöbəsində çalışan baş leytenant, Kamran Xaləddin oğlu Namazovdur.
Bu illər ərzində o, mühüm tapşırıqlarla çətin sahələrə göndərilmişdir. Polis zabiti olaraq ən çətin tapşırıqların öhdəsindən layiqincə gəlir. Kamran Namazov vicdanlı‚ dürüst‚ insanpərvər‚ ləyaqətli‚ dövlətini və peşəsini sevən bir polisdir. O, həyatda çox çətinliklərlə, təhlükələrlə üzləşib, amma öz yolundan dönməyib, inamla məqsədinə doğru gedib. Sadəliyi, canıyananlığı ilə vətəndaşların dərin hörmətini qazanıb. Suraxanı rayon 33-cü Polis bölməsində işlədiyi illərdə onunla çiyin-çiyinə işləmiş, onunla bir yerdə çətin istintaq-əməliyyat tədbirlərində iştirak etmiş vətəndaşları, hadisələrin şahidlərini, uşaqlıq dostlarını, polis həmkarlarını dinlədikdə hamısı Kamran Namazovun kişiliyindən, mərdliyindən, yüksək peşəkarlığından, vətənpərvərliyindən, dövlətə sevgisindən, namus-qeyrətindən, vətənə, torpağa bağlılığından söz açmalarının şahidi oldum. Sədaqət, etibar onun canında-qanındadır, soyunda-kökündədir. Ehtiyacı olan hər bir Azərbaycan vətəndaşına yaxşılıq, xeyirxahlıq etməyi bacardığından özünə dost qazanıbdı.
Vüqar müəllimlə Kamran müəllim neçə-neçə cinayətlərin qarşısını alıblar. Belə dəyərli polislərdən ona görə yazmaq lazımdır ki, onların Vətən, xalq və dövlət qarşısında xidmətləri, əziyyətləri unudulmasın. Onların davranışı, hünərləri vətəndaşlarımıza örnək olsun. Mən fəxr edirəm ki, mənim belə polisim var, etibarlı, güvənli,mərd!
Amma çox təəssüf hissi ilə qeyd etməyə məcburam ki, ölkəmizdə vətəndaşların Polisə münasibəti birmənalı deyil...

Aybəniz ABDULOVA“

Azərbaycan Jurnalistlər Birliyinin üzvü”, araşdırmaçı.
28-05-2022, 07:56
DÜNYA ŞÖHRƏTLİ ALİM, GÖYÇƏ HƏSRƏTLİ POEZİYA VURĞUNU

ƏLƏDDİN ALLAHVERDİYEV – 75


DÜNYA ŞÖHRƏTLİ ALİM, GÖYÇƏ HƏSRƏTLİ POEZİYA VURĞUNU

2016-cı ilin əvvəlləri idi. Feysbukdakı “Ulu Göyçə” qrupunun aktivi Fəridə Qədimovadan messengerimə bir mesaj daxil oldu: “Salam, Araz Yaquboğlu. Sizin vikipediyadakı fəaliyyətinizi alqışlayır, alimlərimiz, şairlərimiz, tarixi şəxsiyyətlərimiz haqqında yaratdığınız məqalələrə görə şəxsim adından sizə təşəkkür edirəm. Əgər mümkün olarsa, mənim qardaşım haqqında da səhifə yaratmaq olarmı?”
Açığı deyim ki, Fəridə xanımın qardaşını tanımadığımdan: “Qardaşınız haqqında əldə olan məlumatları göndərin baxım, ensiklopedik olarsa yaradaram”, – dedim. O, bir neçə gün sonra qısa da olsa bir məlumat göndərdi. Baxdım ki, Fəridə xanımın qardaşı professordur. Bu ilkin olaraq onun ensiklopedikliyinin bariz sübutu idi. Və beləcə professor Ələddin Allahverdiyevlə qiyabi tanışlığımız başladı. Ələddin Allahverdiyev haqqında ciddi araşdırmalar apardım. Düzdür, Ələddin müəllimin bir çox elmi işləri məxfi olduğundan müəyyən çətinliklər də vardı. Buna baxmayaraq, etibarlı mənbələrə əsaslanaraq 2 aprel 2016-cı ildə vikipediyada məqaləni yazmağa başladım. Bu haqda Fəridə xanım qardaşı Ələddin müəllimə məlumat verdikdən sonra o mənə mesaj yazaraq minnətdarlığını bildirdi və hətta qeyd də etdi ki, bəlkə də lazım deyildi. Mən isə ona bildirdim ki, Ələddin müəllim, təvazökarlıq etməyin, sizin haqqınızda mən artıq çox məlumatlıyam. Siz işlədiyiniz institutda birinci prorektorsunuz, sizin tətbiqi riyaziyyat, fizika, mexanika sahəsində elmi nailiyyətləriniz, elmi adınız, ixtiralarınız, dövlət təltifləriniz var.
2016-cı ilin 3-4 iyun tarixlərində Bakı şəhərində Dünya Azərbaycanlılarının IV qurultayı keçirilirdi. Ələddin Allahverdiyev də 50 ildən çox yaşadığı Moskva şəhərindən bu qurultaya dəvət olunmuşdu. 50-yədək ölkədən 500-dən çox qonağın qatıldığı bu qurultayda, eləcə də bundan əvvəlki bütün qurultaylara Ələddin Allahverdiyev hər zaman dəvətli olub. Bir gün öncədən danışdığımız kimi, qurultaydan sonra “Alov qüllələri” kompleksinin qarşısında görüşdük. Bu görüşü hərdən yada salır, unudulmaz bir gün kimi xatırlayıram. Bir az gəzişib söhbət etdikdən sonra Ələddin müəllimin bacısı oğlu Elvin Musayev (Allah rəhmət eləsin, çox nurlu insan idi, sonralar, 2020-ci ildə Elvin 35 yaşında koronavirusdan vəfat edəcəkdi) gəlib bizi maşınla Hüseyn Cavid bağına apardı. “Yaşıl kafe”nin həyətindəki iri şam ağaclarının kölgəsində əyləşib pürrəngi çay içə-içə müxtəlif mövzularda şirin söhbətlər etdik. Hüseyn Cavidin heykəli qarşısında xatirə şəkli çəkdirdik. Bu Ələddin müəllimlə ilk görüşümüz idi.

Tələbəlik illəri

Professor Ələddin Allahverdiyevlə sonralar əlaqələrimiz daha da sıxlaşdı. Bizi biri-birimizə daha çox Göyçə mövzusu bağladı desəm, heç də yanılmaram. Ələddin müəllim üçün Göyçə mövzusu ən ali, ən vacib məsələdir. 2017-ci ildə görüləcək işlərin yazılı planı ilə o, Göyçəliləri bir araya gətirə bildi. 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunmasının, bunun yüksək səviyyədə keçirilməsinə gecikmədən başlanılmasının vacibliyini, sosial şəbəkələrdə, mətbuatda, televiziyada təbliğata başlanılmasını lazım bildi. Elə son nəticə də onun dediyi kimi oldu. Keçən il Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi ilə bağlı respublika prezidenti İlham Əliyev sərəncam imzaladı. Pandemiya olmasına baxmayaraq, tədbirlər qaydalara uyğun yüksək səviyyədə keçirildi. Bakı şəhərində Aşıq Ələsgərin heykəlinin də ucaldılması üçün ayrıca sərəncam verildi.
2017-ci ilin 29 mayında Ələddin Allahverdiyevin 70 illik yubileyi anasının və bir çox doğmalarının yaşadığı qədim Gəncə şəhərində təntənəli qeyd olunmuşdu. Bundan sonra iyunun 3-də Bakı şəhərində də yubiley mərasimi Monte Kristo restoranında keçirildi. Tədbirdə Ələddin Allahverdiyevin yaxınları, həmkəndliləri, ürək dostları iştirak edirdi. Tədbir çox möhtəşəm keçdi. Hamı ürək dolusu Ələddin müəllimdən söz açdı, sağlıq dedi, köhnə xatirələr çözələndi. Xoş bir gün yaşadıq.
Bu günlərdə artıq Ələddin müəllimin 75 illik yubileyi qeyd olunacaq. İstədim onun haqqında nəsə yazım. Yazmağa çətinlik çəkirəm. Çünki onun haqqında yazmaq bir məsuliyyətdir. Asan deyil.
Elvin Musayev, Araz Yaquboğlu və Ələddin Allahverdiyev
2017-ci ildə Ələddin Allahverdiyevdən 70 illik yubileyi ərəfəsində çalışdığım “karabakhmedia.az” saytının baş redaktoru Ramil Cəbrayıl ilə birlikdə müsahibə götürmək fikrimiz olsa da, bu müxtəlif səbəblərdən 2018-ci ildə baş tutdu. “Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı” başlıqlı müsahibə Azərbaycanın bir neçə aparıcı saytlarında və “Türk dünyası ağsaqqalları” qəzetində dərc olundu. 2019-cu ilin sonlarında isə şair-jurnalist Arif Məmmədli ilə Ələddin müəllimin Bakıda qonaq olmasından istifadə edib onunla görüşdük. Bu görüşün nəticəsi də “Azərbaycanı ləyaqətlə təmsil edən böyük alim” adlı maraqlı bir məqalənin yaranmasına səbəb oldu. Bu məqalə “Xalq qəzeti”nin 12 yanvar 2020-ci il tarixli sayında çap olundu. Hər iki yazıda Ələddin müəllimin həyat və fəaliyyəti ilə bağlı xeyli açıqlamalar vermiş, keçmiş SSRİ və Rusiya kimi dövlətlərin elmi ictimaiyyətində kifayət qədər tanınan bir alim haqqında Azərbaycan cəmiyyətinə az da olsa məlumat verməyə çalışmışıq.
Ələddin müəllimin maraqlı həyat tarixçələri var. Məsələn, o, IV-V siniflərdə oxuyarkən Moskva Dövlət Universitetinin (MDU) qülləli binasının şəklini görmüş, xoşuna gəlmiş, “Mən burada oxuyacam” fikri xəyalından keçmiş və bu arzusu illər sonra reallaşmışdır. Digər bir nüans. Göyçədə ataya müraciətin ən çox işləndiyi müraciət forması Qağa və Dədə idi. O da atasına Dədə deyə müraciət edərmiş. Birinci sinfə, özü də yaşıdlarından da bir il tez orta məktəbə gedərkən əlifba dərsliyində oxuyur ki, valideynə ata deyirlər. O həmin gündən başlayaraq dədəsinə ata deyə müraciət edir. Bu dediklərim kiçik detallar olsa da, onun iti zəkasından, gələcəkdə böyük bir şəxsiyyət olacağından xəbər verirdi.
Hələ orta məktəbdə oxuyarkən şeir yazmağa başlamış, şeirləri “Bolluq uğrunda” adlı Basarkeçər rayon qəzetində dərc olunmuşdur. Özü də ilk şeiri IV sinifdə oxuyarkən çap olunub. Sonralar ədəbiyyat müəllimi olan Qəşəm Aslanovun məsləhəti ilə o da rayon qəzetinin redaksiyasında keçirilən ədəbi məclislərin ən kiçik yaşlı üzvü olur. Poeziya vurğunu Ələddin müəllimin Moskvada oxuyarkən yataqxana otağından iki şeir dəftəri oğurlanır. Bu hadisə ona pis təsir edir, şeir yazmaq həvəsini “öldürür”. Poeziyanın vurğunu Ələddin müəllimin son illərdə Göyçəyə həsr etdiyi şeirini oxuculara təqdim etmək istədim:

Nur alıb nurundan işıqlanmışam,
Səndən başlayıbdır talem, a Göyçə!
İllərdi qürbətdə səni anmışam,
Hicrinlə inləyir naləm, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Sən ömür bəzəyim – müqəddəs Anam,
Mən sənin övladın, qərib oğlunam.
Daim səcdəndəyəm, sadiq qulunam,
Adım çağrılsa da alim, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Qartal yaraşığı əngin göylərin,
Dağın əzəmətli, bulağın sərin.
Saz sənin zinətin, söz sənin zərin,
Onlarla açılıb dilim, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Dillərdə əzbərdi SÖZ ərənlərin,
Halal zəhmətiylə bar dərənlərin.
Dosta süfrəsini gen sərənlərin,
Onlarla tanınır elim, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Tarix dalğalanır Göyçə gölündə,
Qəlb coşur Ələsgər adı gələndə.
Alının sazlarda sözü güləndə,
Min rəngə boyanır halım, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Güc alıb gücündən pöhrələnmişəm,
Sazından, sözündən bəhrələnmişəm.
Adınla daima qürrələnmişəm,
Çətin anlarımda Qalam, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Gecələr yuxumun həmdəmi sənsən,
Qərib həyatımın gündəmi sənsən.
Nisgili, sevinci, sitəmi sənsən,
Sənsən gərdişimdə haləm, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Qəlbimdə izi var hər günün, ayın,
Başı qarlı dağın, çağlayan çayın.
İlkin göz açdığım ətirli mayın,
Bir an xəyalına dalım, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!

Cismim qucağından uzaq olsa da,
Hicran qəm sazında hava çalsa da.
Ələddin yad eldə yuva salsa da,
Daim səninlədir, könlüm, a Göyçə!
Səndən başlayıbdır talem, a Göyçə!


Ələddin Allahverdiyevin Bakıda keçirilən 70 illik yubileyində mənə iki nüans çox maraqlı gəldi. Bu onun Azərbaycan musiqilərinə çox qəşəng rəqs etməsi və danışarkən bir kəlmə belə qeyri dildə olan sözləri işlətməməsi oldu. Təxminən o tədbirdən bir il sonra ondan müsahibə alanda o mövzuda da ona sual verdik. O isə sualı belə cavablandırdı: “Hər bir insanın, xüsusən elm adamının bir neçə dil bilməsi yaxşıdır, bəlkə də zəruri və vacibdir, bu onun şəxsi qazancı, inkişafı, qarşıya qoyduğu məqsədin reallaşması üçün köməkdir. Öz ana dilini olduğu kimi qoruyub saxlamaq isə onun özünü olduğu kimi saf, tərtəmiz qoruması deməkdir. Əks halda, dilini unutması, qarışdırması milli mənsubiyyətini itirməsi deməkdir. Bağışlayın, bir qədər pafosla səslənsə də, mənim üçün ana dilim, dinim və milli mənsubiyyətim qanıma keçərək həyatımın varlığının mənasına çevrilmişdir. Ana dilimizdə danışarkən əcnəbi sözlər işlətməmək dilimizin çox zəngin olduğunu göstərir, sübut edir. Musiqi və rəqsə gəlincə, elə dünyanın ən gözəl musiqisi də, rəqsi də bizim xalqa məxsusdur. Ad günümdə iştirak edən bütün dostlara bir daha təşəkkür edirəm. Deyim ki, bir çox yuvarlaq ad günü məclisləri Moskvada həm qohum-tanışlarla, həm də qeyri dostlarla, həmkarlarla birgə qeyd olunub, orda da elə bizim milli musiqi və rəqslərimiz və sözsüz ki, saz havaları olub. Moskva Dövlət Biznesi İdarəetmə Akademiyasında prorektor işlədiyim dövrdə keçirilən ayrı-ayrı bayram şənliklərində iştirak edən həmkarlarım həmişə məclisin kulminasiya zirvəsini – Azərbaycan oyun havalarının səslənməsini gözləyərdilər. Bu anda məclis xeyli canlanar, xüsusi bir rövnəq alardı. Mən isə qürur içində hər bir həmkarımla, xüsusilə qadın həmkarlarımızla rəqs etməkdən və onların gündən-günə bizim oyun ritmlərini öyrənmələrindən zövq alardım”.
Ələddin müəllim ilk növbədə böyük alimdir. MDU-nu bitirdikdən sonra elə həmin universitetin aspiranturasında saxlanılmışdır. Bundan sonra çox ciddi elmi yeniliklərə imza atıb. Özü də onun bir çox elmi işləri məxfi sayılır və onların geniş ictimaiyyətə açıqlanması yasaqdır. O, məxfi elmi-texniki işləri də daxil olmaqla 450-dən çox monoqrafiya, ixtira, elmi məqalə, dərslik və dərs vəsaitinin müəllifidir. Dərslikləri Rusiya Federasiyası Ali Təhsil Nazirliyi tərəfindən dərslik kimi qəbul edilmişdir. Bu əsərlər Moskva Dövlət Universitetinin, Rusiyanın digər müvafiq ali təhsil məktəblərinin nüfuzlu alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Bu dərsliklər əsasında uzun illər professor Ələddin Allahverdiyev özü də işlədiyi Akademiyada tələbələrə mühazirə oxumuş, məşğələlər aparmışdır. Ələddin müəllim 30-a qədər beynəlxalq, ümumittifaq elmi konfrans, simpozium və qurultaylarda 60-dan çox, o cümlədən 12 sifarişli, plenar məruzələrlə çıxış etmişdir. Oxucularımıza professor Ələddin Allahverdiyevin elmdə əldə etdiyi bir neçə yenilik haqqında qısaca məlumat vermək istərdim.

Professor Ələddin Allahverdiyev dostlarla.

O, tələb olunan tezliklə rəqs edən və əvvəlcədən müəyyən olunmuş ayrı-ayrı fiziki xarakteristikalara cavab verən, minimum kütləyə və ya həcmə malik olan pyezoelektrik elementlərin optimal formasını təyin etmək məsələsini həll edən ilk alimdir. Bu tipli məsələlərin həllində Ələddin Allahverdiyev riyaziyyatda məşhur olan Pontryaginin maksimum prinsipini ilk dəfə tətbiq etmişdir. Bu məsələlərin həlli süni peyk və kosmik gəmilərdən vacib elmi-texniki məlumatların uçuşları idarəetmə mərkəzinə verilməsi üçün yaradılan pyezoelektrik ötürücülərdə uğurla istifadə olunmuşdur. O, elektroelastiqiyyət nəzəriyyəsinin iki və üçölçülü dinamika məsələlərinin həllinə ümumiləşmiş variasiya prinsipi əsasında sərhəd və sonlu elementlər metodlarını ilk dəfə uğurla tətbiq edən alimlərdəndir. Variasiya prinsipinin tətbiqi pyezoelektrik elementlərin rabitəli rəqslərinin çoxsaylı məsələlərinin həllinə də uğur gətirmişdir. Disk formalı pyezokeramik membranlarda mexanikanın dinamika məsələlərində çox mühüm olan “kənar effekti”nin mövcudluğunu nəzəri cəhətdən ilk dəfə Ələddin Allahverdiyev aşkar etmişdir.
Ələddin müəllimin insani keyfiyyətlərini, mənəvi dünyasını əks etdirən bir nüansa da xüsusi diqqət yetirmək istərdim. Yüksək elmi nəticələr əldə etmiş, böyük həyat təcrübəsinə malik alim öz memuarlarını ona orta məktəbdə dərs keçmiş müəllimləri haqqında xatirələrdən başlayıb. Belə ki, “Müəllimlərim haqda xatirələr” silsiləsindən olan 3-4 məqalədə 10-dan çox müəllimi ilə olan xatirələrini peşəkar publisist kimi axıcı bir dillə qələmə almışdır. Bu xatirələrin hər biri özü-özlüyündə çox informativ məqalələrdi.

Məsələn, məktəb direktoru İskəndər Hacıyevlə olan dialoqunu bir nəfəsə oxumamaq olmur. Yazını oxuduqca adamın ürəyinə yağ kimi yayılır. Digər müəllimləri Musa Kərimov-Şair Musa, eləcə də Murğuz Novruzov haqqında olan xatirələr də eyni ruhla qələmə alınıb. Doğulduqları kənddə və Moskvada dostluq, yoldaşlıq etdiyi Məmmədhəsən Qafarovla bağlı xatirələri də səmimi qəlbdən yazılıb. Məhz bu səmimiyyətdəndir ki, xatirələr şirin alınıb. Ələddin müəllimin xatirələr seriyasının zirvəsi Qəşəm Aslanov haqqında olanıdır desəm, səhv etmərəm. Bu bir oxucu fikri olsa da, xatirəni oxuyan digər şəxslər də mənimlə həmfikir olarlar. Çünki, bu xatirədə hələ sovetlər birliyinin kəshakəs dövründə o cür fikirlərin olması və bu fikirlərin Bakı ilə Moskva arasında məktubla göndərilməsinin nə qədər qorxulu olduğunu çox yaxşı anlayıram.
Ələddin müəllim kimi şəxsiyyətlərin hər zaman maraqlı memuarları olur. Belə memuar-xatirələr geniş oxucu kütləsinin mütəmadi diqqət dairəsində olub. Bir neçə dəfə Ələddin müəllimlə söhbətlərimizdə təklif etmişəm ki, bu mövzuda bir kitab yazsın.

Professor Ələddin Allahverdiyev haqqında nə qədər danışılsa, nə qədər yazılsa da hesab edirəm ki, azdır. Ələddin müəllim elmi fəaliyyətinə görə dəfələrlə Rusiya dövləti tərəfindən mükafatlandırılıb. “Moskvanın 850 illiyi” dövlət medalı, Ümumrusiya Sərgi Mərkəzinin qızıl medalı, “M.V. Lomonosov adına MDU-nun 250 illiyi” yubiley medalı və digər çoxsaylı təltiflər bu qəbilbəndir. Professor Ələddin Allahverdiyev 2019-cu ildə daha iki möhtəşəm medalla təltif olunmuşdur. Bunlar, elm və texnika sahəsində yüksək nəticələr əldə etmiş alimlərə verilən Rusiya Elmlər Akademiyasının nəzəri və tətbiqi mexanika komitəsinin təsis etdiyi Sosialist Əməyi Qəhrəmanı, akademik Xəlil Əhmədoviç Raxmatulin adına və Rusiya Kosmonavtika Federasiyasının təsis etdiyi Sosialist Əməyi Qəhrəmanı, kosmik proqramlar rəhbəri, general-leytenant, professor Georgi Aleksandroviç Tyulin adına medallardır.

Ələddin müəllim böyük alim olmaqla yanaşı, həm də nümunəvi ailə başçısıdır. O, 1978-ci ildə Məhsəti xanımla ailə həyatı qurub. MDU-nun məzunu Məhsəti xanım kimya elmləri namizədidir. Onların Toğrul və Aytən adlı bir oğlu, bir qızı var. Toğrul iqtisad elmləri namizədidir, Amsterdamda öz ixtisası, riskləri idarəetmə üzrə, “Eurasian Resources Group” kompaniyasında icraçı direktor vəzifəsində çalışır. Qızı Aytən isə həkimdir, Qətərin paytaxtı Doha şəhərində cərrah işləyir. Ələddin müəllimin hər iki övladı ailəlidir, dörd nəvəsi var.
Bu yazını professor Ələddin Allahverdiyevin 2022-ci il may ayının 29-da qeyd olunacaq 75 illik yubileyi münasibətilə qələmə aldım. Onu bu yubileyi ilə əlaqədar səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı arzulayıram. İnanıram ki, Göyçə bulaqlarının gözündən su içən, Göyçənin təmiz havasını udan Ələddin müəllim sağlıqlı və uzun bir ömür yaşayacaq.

Araz Yaquboğlu,
Tədqiqatçı-jurnalist





����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!