“20.04.2025-ci il tarixində saat 08:50 radələrində 1992-ci il təvəllüdlü, Muxax kənd sakini 34 həftəlik hamiləliklə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Baş gəlişi, uşaqlıqda çapıq, idiopatik trombositpenik purpura diaqnozları təyin edilən qadın dərhal əməliyyata alınıb, cinsi oğlan, çəkisi 2.700 qram, boyu 50 sm. olan ölü döl xaric olunub”. Bu barədə TƏBİB-in açıqlama verib. Məlumata görə, hazırda ananın vəziyyəti stabildir.
20 aprel 2025-ci il tarixində, saat 11:32-də Türkiyədə Egey dənizində 4,1 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin episentri dənizin 7 kilometr dərinliyində yerləşib. Hazırda zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib. AFAD və digər aidiyyəti qurumlar vəziyyəti yaxından izləyir və əlavə məlumat olduqda ictimaiyyətə təqdim ediləcək.
Hindistanın paytaxtı Nyu-Dehlidə binanın uçması nəticəsində 11 nəfər həlak olub, daha 5 nəfər isə xəsarət alıb. Bu barədə yerli "NDTV" telekanalı məlumat yayıb. Bildirilir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib, lakin onların vəziyyəti barədə məlumat verilmir. Qeyd olunur ki, dağıntılar altından daha 11 nəfər sağ olaraq çıxarılıb. Binanın təhlükəsizlik qaydaları pozularaq tikildiyi bildirilib.
2025-ci il aprelin 20-də Orta və Şərqi Qara dəniz bölgəsində müşahidə olunan qatı duman hava nəqliyyatında ciddi çətinliklərə səbəb olub. Bu barədə "TRT Haber" məlumat yayıb. Bu səbəbdən bəzi uçuşlar ləğv edilib, bəziləri isə təxirə salınıb. Dumanın təsirini itirməsindən sonra uçuşların normal rejimə qayıtması planlaşdırılır.
ABŞ-də Prezident Donald Trampın siyasətinə qarşı etiraz aksiyası keçirilib. Bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Etirazçılar hesab edirlər ki, Tramp vətəndaş azadlıqlarını və hüququn aliliyini heçə sayır, miqrasiya siyasətində həddindən artıq sərt addımlar atır, federal iş yerlərini ixtisar edir və bu davranışları ilə ölkə iqtisadiyyatına zərər vurur.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin paytaxt İrəvanın Şenqavit rayonunda keçirdikləri əməliyyat nəticəsində iki vəzifəli şəxs saxlanılıb. Bu barədə erməni KİV-i məlumat yayıb. Onlar rüşvət almaqda şübhəli bilinirlər. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi faktı təsdiqləyib. İstintaq hərəkətləri komitədə başlanmış cinayət işi çərçivəsində həyata keçirilib. Məmurların adları və vəzifələri açıqlanmır.
Oğlum həbs edilməyib, yanımdadır - Şərurlu İsfəndiyar
“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) oğlunun həbs edilməsi ilə bağlı məlumatlar yayılıb. O, oğlunun həbs edilmədiyini bildirib: “Oğlum yanımdadır, həbs edilməyib. Əgər tutulsaydı rəsmi qurum məlumat yayardı”.
Ermənistanın paytaxtı İrəvanda silahlı qarşıdurma zamanı yeniyetmə öldürülüb. Nəşrin məlumatına görə, hadisə ötən gün axşam saatlarında paytaxtın Kanaker rayonunda baş verib. Hadisə zamanı zərərçəkənlərdən biri Tibb Mərkəzinə aparılarkən yolda dünyasını dəyişib. Daha iki yaralı müxtəlif xəsarətlərlə başqa klinikaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qətldə şübhəli bilinən iki şəxsi müəyyən edərək saxlayıblar.
Sumqayıt şəhərində hündürlükdən yıxılan kişi ölüb. Hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb. 4-cü mərtəbədən yıxılan 51 yaşlı Mübariz Tağıyev hadisə yerində ölüb. Fakt araşdırılır.
DİN-dən antinarkotik təbliğatı ilə bağlı sosial çarx
DİN-dən daha bir çağırış: “Narkotik təkcə səni yox, ailəni də məhrumiyyətə düçar edir”. Daxili İşlər Nazirliyi (DİN) antinarkotik təbliğatın daha da gücləndirilməsi məqsədilə növbəti sosial çarx hazırlayıb. Sosial çarxda narkotikin təkcə ondan istifadə edənlərin yox, doğmalarının da həyatını necə məhv etdiyi göstərilir.