Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ilin ən yaxşısı seçildi
ABŞ-da 2023-cü ilin ən yaxşı sərbəst güləşçilərinin adları açıqlanıb. ABŞ Güləş Federasiyasının tərtib etdiyi siyahıda ilk pilləni Azərbaycanın veteran güləşçisi Vüqar Orucovun oğlu Vitali Orucov (61 kiloqram) tutub. Həmyerlimiz ilk dəfə bu titula layiq görülüb. O, daha əvvəl ABŞ-ın ikiqat olimpiya və dördqat dünya çempionu Con Smitin adına daşıyan mükafata sahib çıxıb. Qeyd edək ki, ötən il dünya çempionatında debüt edən V. Orucov qızıl medal qazanıb. O, həmçinin Panamerika və ABŞ Açıq çempionatlarının qalibi olub. Azərbaycanlı güləşçi zədə səbəbindən “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışlarda iştirak edə bilməyib.
Tərtərdə məktəblinin ölümü ilə bağlı daha bir açıqlama
Tərtər şəhəri İ.Məmmədov adına 2 nömrəli məktəb liseyin şagirdinin vəfat etməsi ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırılma aparılıb. İdarədən bildirilib ki, araşdırma nəticəsində hadisənin məktəbin ərazisində olmadığı müəyyən edilib. "Məktəb rəhbərliyi və müəllimlərin izahatına əsasən qeyd edirik ki, 6 may 2024-cü il tarixində şagird 2-ci dərsdə iştirak edib, dərslərarası fasilə bitdikdən sonra sanitar-qovşaqdan istifadə etmiş və sinif otağına qayıtmadan məktəb ərazisini tərk etmişdir. Ərazini tərk etdikdən qısa müddət sonra şagirdin vəfat etməsi ilə bağlı məlumat yayılmışdır. Hazırda ölüm faktının səbəbi müvafiq orqanlar tərəfindən araşdırılır. Araşdırmanın nəticəsi barədə idarəyə rəsmi məlumat daxil olduğu təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - açıqlamada deyilir.
Azərbaycanda taksi sayına məhdudiyyət qoyulacaq - RƏSMİ
Azərbaycanda müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. "Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanununa əsasən avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilə bilər", - deyə qurum qeyd edib.
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
Azərbaycanda rəsmi səfərdə olan Slovakiyanın Baş naziri Robert Fitso mayın 7-də Şəhidlər xiyabanını ziyarət edib. Baş nazir Robert Fitso Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Bakıda hoteldə ölən dostlar nədən zəhərlənib? - DETALLAR
Bakının Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində baş verən hadisə ilə bağlı yayılan məlumatlar müvafiq qaydada araşdırılıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub. Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsindən Agentliyə verilən tibbi sənədə əsasən, həmin şəxslərin səhhətində yaranan problemin qida zəhərlənməsi ilə bağlı olmadığı öz təsdiqini tapıb.
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Prezident Volodimir Zelenskinin və ölkənin ali hərbi-siyasi rəhbərliyinin digər təmsilçilərinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb. Bu barədə UTX-nin məlumatında bildirilir. “Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna Prezidentinin qətlini hazırlayan RF Federal Təhlükəsizlik Xidmətinin 5-ci xidmətinin agent şəbəkəsini ifşa edib. Dövlət Mühafizə Xidmətinin iki polkovniki həbs olunub. Əks-kəşfiyyat və UTX Federal Təhlükəsizlik Xidmətinin Ukrayna Prezidentinin və dövlətin ali hərbi-siyasi rəhbərliyinin digər təmsilçilərinin qətlinə dair planlarını pozublar”, - deyə məlumatda bildirilir. UTX-nin məlumatına görə, Ukrayna Təhlükəsizlik Xidmətinin Dövlət Mühafizə İdarəsi rəhbərliyinin köməyi ilə vaxtında ifşa olunmuş agent şəbəkəsi planları həyata keçirməli idi. “Fəaliyyəti Moskvadan, Federal Təhlükəsizlik Xidməti tərəfindən yönləndirilən şəbəkənin heyətinə Dövlət Mühafizə İdarəsinin iki polkovniki daxil idi, RF-nin məxfi məlumatını onlar ötürüblər”, - deyə xidmətdə əlavə ediblər.
Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES - 2024” çoxmillətli təlimi davam edir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, Azərbaycan Ordusunun çoxmillətli təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən şəxsi heyəti Türkiyəyə yola salınıb. “EFES - 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mayın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşıladılar.
Azərbaycan Dillər Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Novruz Məmmədov vəzifəsindən azad edilib. Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb. Qeyd edək ki, o, 2019-cu ildən ADU-nun prorektoru idi. Xatırladaq ki, 77 yaşlı Novruz Məmmədov uzun illər Prezident Administrasiyasında şöbə müdiri çalışıb. 2018-2019-cu illərdə isə Baş nazir vəzifəsini icra edib.