Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
5-01-2022, 15:24
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli həmvətənlər!

İsa peyğəmbərin mübarək mövludu — Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Min illərdir ki, Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları qarşılıqlı hörmət və etimad mühitində, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Çoxəsrlik tolerantlıq ənənələrinin mövcud olduğu cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin, dini-mənəvi irsin və multikultural dəyərlərin qorunub-saxlanılması və daha da inkişaf etdirilməsi həyata keçirdiyimiz dövlət siyasətinin başlıca məqsədlərindəndir. Bu gün ölkəmiz, haqlı olaraq, dünyada konfessiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır.

Sivilizasiyaların qovşağında yerləşən Azərbaycan, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs üçün doğma vətəndir. Məmnuniyyət hissi ilə vurğulamaq istəyirəm ki, ölkəmizdə yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri, o cümlədən pravoslav etiqadlı həmvətənlərimiz ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edərək vətəndaşlıq borcunu layiqincə yerinə yetirir, ümumi evimiz Azərbaycanın çiçəklənməsi və tərəqqisi naminə qüvvə və bacarıqlarını əsirgəmirlər.

Əziz dostlar!

Milad bayramı yeniliyin, əmin-amanlığın, insanlar arasında mərhəmət və şəfqət duyğularının rəmzi kimi hər il ölkəmizdə qeyd olunur. Bu müqəddəs bayram münasibətilə bir daha hamınıza səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!”

Bütöv.az
5-01-2022, 15:09
Eldar Mahmudovun bandasının tanınmış ismi ilə bağlı sensasion məlumatlar

Vəkillər Kollegiyasına ən son üzv olan 113 yeni vəkildən biri Eldar Mahmudovun mütəşəkkil cinayətkar quldur dəstəsinin ən fəal üzvü olub. MTN-də işlədiyi 7 il ərzində dövlətin, vətəndaşların mənafelərinə vurduğu ziyanla əlaqəli hazırda təqsirləndirilən şəxs olaraq məhkəmə qarşısına çıxarılıb. Onun epizodu üzrə zərər çəkmiş şəxslərdən biri özünü öldürüb, daha bir zərərçəkənin anası oğlunun şərlənməsinə dözməyərək ürəyi partlayıb, dünyadan köçüb.

Təzə vəkil MTN-də “mahmudovçu”ların sırasında olarkən onun əli ilə zərərçəkənlərə vurulan ziyan 10 milyon manatı aşır!

Kimdir təzə vəkil – “mahmudovçu” Yasin Məmmədov?

Yasin Seyfulla oğlu Məmmədov 2021-ci il dekabrın 26-da Vəkillər Kollegiyasının vəsiqəsinialıb, cibinə qoyub və rəsmən vəkil kimi fəaliyyətə başlayıb.

Yasin Seyfulla oğlu Məmmədov 2008-ci ildə Milli Təhülkəsizlik Nazirliyinin(MTN) İstintaq Baş İdarəsinin İbtidai İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi vəzifəsinə təyinat alıb. Eldar Mahmudov milli təhlükəsizlik naziri postunda olduğu müddətdə Yasin Məmmədovun adı ağlasığmaz vəzifə cinayətlərinə qarışıb. 2015-ci ilin oktyabrında MTN-də xüsusi əməliyyat keçiriləndən 1 ay sonra Yasin Məmmədov qurumdan xaric olunub.

MSK-nın sədr müavinin qardaşı olması...

Həmin dövrdən sonra zərərçəkənlər Yasin Məmmədovun cinayətləri barəsində və həbsi tələbi ilə dövlət orqanlarına şikayətlər yazıblar. Onun uzun müddət istintaq kənar qalmasını isə o zamanlarda Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini olan qardaşı Natiq Məmmədovun əlaqələri ilə izah edirdilər.

2018-ci ildə Natiq Məmmədov vəzifədən uzaqlaşdırılandan sonra da, Yasin Məmmədov istintaqdan kənar qalmışdı.

Nəhayətdə, Yasin Məmmədov 2021-ci ildə istintaqa cəlb edilib. Hazırda o, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, MTN-in İstintaq Baş İdarəsinin sabiq rəis müavini Sahib Ələkbərov və MTN-in İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovla birgə məhkəmə qarşına çıxarılıb.

Yasin Məmmədov və digərilərinin əməlləri ilə bağlı 5 ilə yaxın Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb. Cinayət dosyesi 2021-ci ilin oktyabrında Bakı Hərbi Məhkəməsinə göndərilib və hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Özgənin külli miqdarda əmlakını tələb etmiş, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində...

İttiham aktının Yasin Məmmədova aid hissəsində oxuyuruq:

-MTN Baş İdarəsinin İbtidai İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi vəzifəsində xidmət etdiyi dövrdə vəzifəli şəxs kimi qabaqcadan cinayət əlaqəsinə girib əlbir olduğu digər vəzifəli şəxslərlə mütəşəkkil dəstə tərkibində təkrarən tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etmək, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla müntəzəm olaraq fiziki şəxslərin hüquqlarına və qanunlarına mənafelərinə, həmçinin cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə,

zərərçəkmişlərin müflisləşməsi, psixi təsirlərə və digər məhrumiyyətlərə məruz qalması, tələb olunan vəsaitin əldə edilməsi üçün ayrı-ayrı şəxslər və kommersiya bankların qarşısında külli miqdarda borc və kredit öhdəliklərinin yaranması, daşınar və daşınmaz

əmlaklarını dəyərindən olduqca aşağı qiymətə satmağa məcbur qalmaları kimi ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuş, hədə-qorxu ilə tələb etmək yolu ilə qanunsuz üstünlük, yəni külli miqdarda maddi sərvət əldə etmək üçün yaradılan sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib zərərçəkmiş şəxslərin və onların yaxın qohumlarının, şəxsiyyətləri üzərində zor göstərmək, barələrində rüsvayedici məlumatları

yayma hədəsi ilə təkrarən ayrı-ayrı şəxslərin - özgənin külli miqdarda əmlakını tələb etmiş,

vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə

əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) və qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və üçüncü şəxslər olan mütəşəkkil dəstənin üzvləri üçün birbaşa və dolayı yolla, şəxsən və mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə təkrarən külli miqdarda maddi, nemət olan pulu hədə-qorxu tətbiqi etməklə rüşvət kimi istəyib almışdır.

Təzə vəkil Yasin Məmmədova hansı maddələrlə ittiham verilib?

Yasin Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin

182.3.1. - hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə;

182.3.2. - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;

rüşvət alma (passiv rüşvətxorluq)

311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən;

311.3.2. təkrar törədildikdə;

311.3.3. külli miqdarda törədildikdə;

311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə

– vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma

341.2.1. bir qrup şəxs tərəfindən törədildikdə;

341.2.3. ağır nəticələrə səbəb olduqda

maddələri ilə ittiham verilib.

Qeyd etdiyimiz kimi onun ittiham olunduğu epizodlar üzrə vurulmuş ziyan 10 milyon manatdan artıqdır.

MTN-ə aparıldı, Yasin Məmmədov istintaq etdi, özünü öldürdü!

Ən dəhşətlisi isə odur ki, Yasin Məmmədovun istintaqa cəlb etdiyi şəxslərdən Cahangir Məmmədov MTN-də qarşılaşdığı qanunsuzluqlara dözməyərək özünü öldürüb.

Zərərçəkən Cahangir Məmmədovun dəhşətli intiharı haqda o zaman mətbuatda məlumat verilmişdi. Bu həmin Cahangir Məmmədovdur ki, ailəsi onun heç bir günahı olmadan MTN tərəfindən həbs olunduğunu, 100 min ABŞ dollar verib canını qurtardığını, borcları ödəyə bilmədiyinə görə də evinin satıldığını demişdi. Ailəsinin ağır vəziyyətə düşdüyünü görən Cahangir Məmmədov əvvəlcə damarlarını doğrayıb, ikinci dəfə ürək nahiyəsindən özünü bıçaqlayıb. Bu dəfə xəstəxanada gözünü açıb sağ qaldığını görəndə, özünü xəstəxananın 5-ci mərtəbədən atıb intihar etmişdi.

Cahangir Məmmədov 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum olaylardan 3 ay əvvəl intihar edib. Ailənin tələbi odur ki, Cahangir Məmmədovun ölümünə səbəb olanlar cəzalandırılsın.

“Konkret mənim oğlumdan 100 min dollar pul istəmişdilər. Yasin Məmmədov oğluma deyib ki, bu qədər gətirməlisən”

Cahangir Məmmədovun anası 85 yaşlı Nərgiz Məmmədova 2017-ci ilin martında ölkə rəhbərliyinə müraciət ünvanlamışdı.

Həmin müraciətdən sitat:

“Oğluma və onunla birlikdə həbs elədiklərinə dedilər ki, dediyimiz pulu düzəldin, məhkəmədən şərti cəza ilə buraxılacaqsız. Konkret mənim oğlumdan 100 min dollar pul istəmişdilər. Yasin Məmmədov oğluma deyib ki, bu qədər gətirməlisən. Bir az qohum-əqrəbadan borc aldıq, bir az bankdan kredit götürdük. O biri oğlum Məzahir Məmmədov aparıb pulu Yasin Məmmədova verdi. MTN ləğv olunub, nə qədər adam işdən çıxarılıb, həbs olunub, amma mənim oğlumla bağlı saxta iş düzüb-qoşanlar, bizdən 100 min dollar alanlar, beləliklə də balamın ölümünə səbəb olanlar hələ də öz işindədir. Deyirlər ki, Yasin Məmmədov MSK-nın sədr müavininin qardaşıdır, buna görə ona toxunmurlar”.

Borcları qaytara bilməyib və özünü öldürməklə həyatına son qoyub!

Bu günə qədər də Cahangir Məmmədovun ailəsi, 2 övladı evsiz-eşiksiz ağır maddi vəziyyətdə yaşayırlar.

İttihama görə Yasin Məmmədov Cahangir Məmmədovun həbsindən sonra onun qardaşı Məzahir Məmmədovdan 100 min dollar pul alıb. 61 gün MTN-in İstintaq Təcridxanasında saxlanılan Cahangir Məmmədov həbsdən azad ediləndən sonra borcları qaytara bilməyib və özünü öldürməklə həyatına son qoyub.

“Mən qorxudan Yasin Məmmədova 300 mini toplayıb çatdıracağıma söz verdim”

Bu günə qədər mətbuatda Yasin Məmmədovun barəsində zərərçəkmiş şəxslər xeyli ittiham səsləndiriblər.

2018-ci ildə MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, polkovnik Füzuli Əliyev və digərlərinin cinayət işi üzrə məhkəmə araşdırması aparılarkən Yasin Məmmədovun adı zərgər Rauf Həsənovdan hədə-qorxu ilə 300 min dollar alınması epizodundada hallanırdı.

Dubaydan və Türkiyədən qızıl-zinət əşyaları gətirib, Bakıda Mərkəzi Univermaqda onların satışı ilə məşğul olan Rauf Həsənov o zaman demişdi ki, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini olmuş Füzuli Əliyev onu nazirliyə çağırıb, qızıl qaçaqmalçılığında günahlandırıb. Həbs olunmamasından ötrü 100 min dollar pul istəyib. Onun sözlərinə görə, ortada heç bir fakt, sübut olmasa da, qorxduğu üçün həmin pulu çalışıb verəcəyini deyib və buraxılıb. Amma pulu düzəldə bilməyib. İki-üç həftə sonra hüzr mərasimindən qayıdanda, quldurcasına onu ogurlayıb MTN-in Səbail şöbəsinə gətiriblər. Oradan da Füzuli Əliyev və işçiləri onu MTN-nin əsas binasına, İstintaq İdarəsinin müstəntiqi Yasin Məmmədovun yanına aparıblar. Müstəntiq də ona sənəd göstərərək həbs olunduğunu bildirib.

Zərərçəkən istintaqa ifadəsində deyib ki, Yasin Məmmədov ondan cinayət məsuliyyətinə cəlb olunmaması və sərbəst buraxılmasından ötrü bu dəfə 500 min dollar tələb edib. O, günahsız olduğunu, deyilən pulu ödəməyə maddi imkanı çatmadığını deyəndə isə, müstəntiq məbləği bir qədər də artırıb – 600 min. Rauf Həsənovun sözlərinə görə, bir neçə saat davam edən təzyiq, hədə-qorxudan sonra Yasin Məmmədov rəisinin 300 min dollara razılıq verdiyini söyləyib: “Yasin Məmmədov hədə tonunda dedi ki, evimizdə axtarış aparacaqlar. Dedim ki, anam xəstədir, xahiş edirəm, belə şey eləməyin. Söhbət əsnasında Yasin dedi ki, səhər tezdən banklar açılan kimi gedib 300 min dollar kredit götürüb çatdırım. Biz Yasinlə söhbət eləyəndə Füzuli Əliyev də dəfələrlə gəlib-gedir, söhbətin nəticəsi ilə maraqlanırdı. Mən qorxudan Yasin Məmmədova 300 mini toplayıb çatdıracağıma söz verdim və MTN-dən çıxdım”.

“Yasin Məmmədov zəng eləyib dedi ki, puldan 200 dollar çatmır”

Zərərçəkənin dediyinə görə, həmin gecə dost-tanışdan pul toplayıb, 300 min dolları düzəldib və Yasin Məmmədova zəng edərək, pulun hazır olduğunu deyib. Onlar nazirliyin binasının yanında – Mərkəzi Klinik Xəstəxananın qapısında görüş təyin ediblər. Görüşə Yasin Məmmədov və Füzuli Əliyev birlikdə gəlib. Zərərçəkən deyir ki, 300 min dolları manata çevirib, pul dolu sellofan torbanı şəxsən Yasin Məmmədova özünə verib: “Qayıdıb evə çatandan təxminən yarım saat sonra Yasin Məmmədov zəng eləyib dedi ki, puldan 200 dollar çatmır. Yenidən ora qayıdıb Yasin Məmmədova 200 dolları verdim”.

Bu hadisə 2010-cu ildə baş versə də, o vaxt götürdüyü borcları hələ də verib qurtara bilmədiyini deyən Rauf Həsənovun sözlərinə görə, həmin olaydan sarsılan anası bir qədər sonra dünyasını dəyişib.

İttihamın Yasin Məmmədova aid hissəsində onun İbrahim Zeynalovdan 10 milyon dollar, Rauf Həsənovdan 300 min dollar, Orxan Abdullayevdən 50 min manat, Sərdar İsmayılovdan 55 min dollar, Əfsəl Həsənəliyevdən 50 min dollar, Azad Rəşidovdan 50 min dollar, Məhəmməd Hüseynovdan 20 min manat və Ağasalam Ağamalıyevdən 50 min manat aldığı, mütəşəkkil cinayətkar quldur dəstənin üzvləri arasında bölüşdürüldüyü qeyd olunur.

Və sonda

Dünyaca məşhur “Xaç atası” romanının müəllifi, tanınmış amerikalı yazar və ssenarist Mario Pyuzonun vəkillərlə bağlı məşhur deyimi var: - Vəkil çatnasındakı sənədlərin köməyi ilə min əli silahlı, üzü maskalı banditdən artıq pul qamarlaya bilər.

Mario Pyuzo Azərbaycan Vəkillər Kollegiyasına üzv qəbul edilən Yasin Seyfulla oğlu Məmmədovun ittihamnaməsini nəzərdə keçirsə, fikirlərinə - üzü maskalı banditlərin qazancı ilə bağlı hissəsinə heç şübhəsiz ki, yenidən baxmalı olar.

(“Yeni Müsavat”)

Bütöv.az
5-01-2022, 10:28
 Azərbaycan nədən taxıl ixracatçısına çevrilə bilmədi...

Yeni ilin ilk günlərində dünya iqtisadiyyatında ötən il başlayan bahalaşmaya buğda qiymətlərinin artması da əlavə olundu.

Mütəxəssislər hesab edir ki, əsas buğda istehsalçıları olan Aİ və Avstraliyada keyfiyyətin aşağı düşməsi, Argentinada inflyasiya ilə mübarizə üçün ixracın məhdudlaşdırılması ilin birinci yarısında yüksək proteinli buğda mənbəyi kimi Rusiyaya üstünlük verəcək.

Bununla belə, ölkənin ixracına tətbiq edilən vergi bir neçə ay əvvəl rekord həddə çatan Qara dəniz buğdasının qiymətinin daha da artmasına səbəb ola bilər.

Bütöv.az cebhe.info-ya istinadən xəbər verir ki, təxminlərə görə, Rusiyanın buğda ixracını məhdudlaşdırmaq, eləcə də ərzaq təhlükəsizliyini təmin etmək üçün təzyiqlərin artması və digər bazarlarda yüksək proteinli buğda tədarükünün azalması kimi səbəblər, bu il Qara dəniz regionunda buğda qiymətlərinin artmasına zəmin yaradır.

2021-ci ildə mövcud quraqlıq Rusiya, Kanada və ABŞ kimi əsas buğda tədarükçüləri üçü əlverişli olmayıb, məhsuldarlıq və istehsal aşağı düşüb.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi son hesablamalarında 2021-22 marketinq ilində (iyul-iyun) Rusiyanın buğda istehsalının 75,5 milyon ton, ixracının isə 36 milyon ton olacağını gözləyir. Bu, ölkədə hasilatın 12 faiz, transsərhəd satışın isə 6 faiz azalmasından xəbər verir. İstehsalın azalması Qara dəniz buğdasının qiymətini bahalaşdıra bilər.

ABŞ Kənd Təsərrüfatı Departamenti 2021-22 marketinq ilində Ukraynanın buğda istehsalının 33 milyon tona çatacağını və bunun təxminən 24,2 milyon tonu xaricə göndəriləcəyini təxmin edir.

2021-22-ci illərdə Ukraynanın buğda istehsalı və ixracı illik olaraq müvafiq olaraq 30 faiz və 44 faiz artacaq. Rütubətli şərait də builki bazar tendensiyasının formalaşmasında mühüm rol oynayıb, Qara dənizin əsas buğda ticarəti rəqibi olan Aİ-də buğda məhsullarına təsir edib.

Qərbi Avropada məhsul yığımından əvvəl rütubətli və soyuq hava məhsul yığımının gecikməsinə və buğdanın keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Digər böyük istehsalçı Avstraliyada, La Nina effekti ilə əlaqədar artan yağıntı buğdanın keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salıb və 2020-21-ci il mövsümündə üyüdülə bilən məhsulun nisbətini 65-70 faizdən 2021-22-ci ildə təxminən 35-45 faizə endirəcək.

Argentinanı nəzərə alaraq, buğda ixracına qoyulan məhdudiyyətlər diqqət çəkir. Buğda istehsalının 2021-22-ci illərdə 13 faiz artımla 20 milyon tona çatacağı gözlənilir. Normal şəraitdə bu, rekord buğda ixracı ilə nəticələnəcəkdi, lakin Kənd Təsərrüfatı Nazirliyi inflyasiya ilə mübarizə aparmaq üçün keçən ay 2021-22-ci il buğda ixracını 12,5 milyon tona qədər məhdudlaşdırdığını açıqlayıb.

Rusiyanın həm yükdaşımadakı artımı, həm də istehsal keyfiyyətinin pisləşməsi səbəbindən Rusiya ilə rəqabətdə çətinlik çəkəcəyi, xüsusilə ilin birinci yarısında yüksək proteinli buğda tədarükünün ən mühüm mənbəyi kimi Rusiyanın ön plana çıxacağı bildirilir. Qeyd edək ki, 1970-1990-cı illərdə Sovet İttifaqında heyvandarlıq sənayesini dəstəkləmək üçün çoxlu miqdarda taxıl və soya idxal edilirdi. Lakin Sovet İttifaqının dağılmasından sonra Rusiyada bazar iqtisadiyyatına keçid həyata keçirildi və dövlət bir çox sahələrdə təşviqləri maliyyələşdirə bilməyərək dayandırmalı oldu.

Yem üçün lazımi dəstəkdən məhrum olan ölkənin heyvandarlıq sektoru 1990-cı illərin sonunda yarıbayarı kiçildi. Bunun üzərinə Rusiya 2000-ci illərin əvvəllərində ət istehsalı ilə özünü təmin etmək siyasətini həyata keçirdi və taxıla, xüsusən də buğdaya olan tələbatı artırdı və istehsalı stimullaşdırdı. 1990-cı illərdən bəri Rusiyanın kənd təsərrüfatı siyasətinin əsas məqsədi heyvandarlıq sektorunu dirçəltmək və ölkəni kənd təsərrüfatı sahəsində mümkün qədər özünü təmin etməkdir. Rusiya o vaxt 3 milyon tondan çox ət idxal edirdisə, hazırda bunun onda birini xaricdən alır.

Beləliklə, buğda istehsalçıları inkişaf edən heyvandarlıq sahəsini dəstəkləmək üçün hərəkətə keçdilər. Rusiya buğda və günəbaxan kimi məhsullar üçün əkin sahələrini 30-50 faiz artırsa da, buğda ticarətini sürətləndirmək üçün limanlarına böyük sərmayələr qoyaraq taxıl infrastrukturunu da inkişaf etdirib. 2000-ci illərin əvvəllərində ildə təxminən 30 milyon ton olan buğda istehsalı 150 faiz artaraq 80 milyon tona çatıb. Bütün bunlar Rusiyanı taxıl idxalçısından 20 il ərzində dünyanın ən böyük buğda ixracatçılarından birinə çevirib.
4-01-2022, 17:24
Zakir Həsənov xüsusi təyinatlılara “hər an hazır olun” göstərişini verdi - FOTO - VİDEO

Yanvarın 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olublar.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyulub.

Müdafiə naziri hərbi hissənin ərazisində tikintisi davam edən bir neçə hərbi obyektə baxış keçirib.

Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev hərbi hissədə aparılan işlər barədə müdafiə nazirinə məruzə edib.

Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Sonra general-polkovnik Z.Həsənov şəxsi heyətlə görüşərək xüsusi təyinatlıların Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqların ölkə başçısı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Nazir, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin istənilən əmrinin icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verib.

Sonda müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib və onlara gələcək xidmətlərində uğurlar arzulayıb.








Bütöv.az
3-01-2022, 16:37
Nazirlər həbsdən NECƏ YAYINDIRILIR?

Xəbər verdiyimiz kimi Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başa çatdı.

Hər iki şəxs vəzifədə olan zaman dövlət büdcəsindən ayrılan 2 milyondan artıq vəsaiti mənimsəmişdilər. Onların bu əməlləri videogörüntülər, şahid ifadələri və həmçinin özlərinin etirafları ilə sübuta yetirildi. Amma onlar zərərin böyük hissəsini ödəməklə həbsdən xilas ola bildilər.

Bütöv.az musavat.com-a istinadən xəbər verir ki, F.Mollazadə və S.Əlizadə əlbir olub çoxsaylı şirkətlər vasitəsi ilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədi ilə ümumilikdə 2 543 173 manat vəsaiti mənimsəyiblər. Bu mənimsəmə tenderlərdə süni şəkildə qalib olma yolu ilə həyata keçirilib. Səlim Əlizadə bütün tapşırıqları Mollazadədən alıb və faktiki olaraq fəaliyyət göstərməyən MMC-lər yaradaraq büdcədən ayrılan vəsaitləri həmin şirkətlərin hesabına köçürərək mənimsəyiblər.

Nağdalaşdırılan pulun 10 faizi Səlim Əlizadənin payına düşüb. 10 faizi isə Mollazadə özü götürüb və qalan məbləği də dediklərinə görə XİN-in digər xərclərinə sərf ediblər.

Prokurorluq təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan etmişdi. İş üzrə zərərçəkmiş qismində Xarici İşlər Nazirliyi də tanınmışdı.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən adı çəkilən şəxslərin ofisində əməliyyat keçirildikdən sonra hər iki şəxs həbs edilmişdi. Amma 26 dekabr 2020-ci ildə onlar barəsində həbs qətimkan tədbiri ləğv olundu və onlar ev dustaqlığına buraxıldılar.

Burada xüsusi ilə qeyd etmək lazmdır ki, F.Mollazadə və S.Əlizadə ölkədə DTX tərəfindən həyata keçirilən “məmur əməliyyatları” zamanı həbs edildikdən sonra məhkəmənin istintaq dövründə azadlığa buraxdığı yeganə məmurlar oldular. Nəticədə də şərti cəza aldılar. Düzdür, zərərin 92.9 faizi ödənildi. Amma həbs edilən başqa məmurlar da var idi ki, zərəri tam olaraq ödəslər də azadlığa buraxılmadılar və törətdikləri cinayətə görə həbs cəzası da aldılar. Dövlətə vurduqları ziyanı ödəmək isə sadəcə yüngülləşdirici hal kimi nəzərə alındı.

Bildirək ki, F.Mollazadə məhkəmədəki etirafedici ifadəsində bütün cinayətlərini boynuna aldı.

F.Mollazadə ifadəsində göstərdi ki, 2004-cü ildə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri vəzifəsinə təyin edilib. Xidməti vəzifələrinə nazirliyin təsərrüfat, təmir, nəqliyyat sahəsində fəaliyyətinin təmin edilməsi, eyni zamanda xarici ölkələrdəki nümayəndəliklərin müəyyən ehtiyaclarının təmin edilməsi daxil olub.

Onun rəhbəri olduğu İşlər idarəsində ümumilikdə 4 şöbə olub. Səlim Əlizadə Təsərrüfat şöbəsinin müdiri olub.

Onun sözlərinə görə əsas yük Təsərrüfat şöbəsinin üzərinə düşürmüş. Səlim Əlizadənin rəhbərlik etdiyi şöbənin əsas fəaliyyəti Nazirliyin bütün idarələrini dəftərxana ləvazimatları, kompüter avadanlıqları, təsərrüfat malları ilə təmin edilməsi, Nazirlik tərəfindən keçirilən müxtəlif növ tədbirlərin təşkili edilməsi olub. Hə, bir də nazirliyə bahalı hədiyyələr almaq...

F.Mollazadə əlavə edib ki, Xarici İşlər Nazirliyinin tender komissiyasının sədri vəzifəsini də özü icra edib. Yəni, sistem elə qurulub ki, bütün pul işi Mollazadənin əlinin altında olub.

İkitərəfli müqavilələr əsasında köçürülmüş pulların müəyyən məbləğinin özünə qaytarıldığını etiraf edən Mollazadə bildirib ki, bu işlərə şəxsən Səlim Əlizadə nəzarət edib.

“Səlim Əlizadə uyğun olan və bizim təkliflə razı olan şirkətlər tapırdı. Həmin şirkətlər tenderlərdə qalib olurdu. Köçürülmüş pul vəsaitləri şirkət direktorları tərəfindən nağdlaşdırılaraq Səlim Əlizadəyə verilirdi. Direktorların da payı verildirdi. Səlim Əlizadənin mənə verdiyi pulun 10 faizini ona verirdim. 10 faizini özümə götürürdüm. Qalan hissəsi isə bir qayda olaraq Nazirliyin cari xərclərinə sərf olunurdu” , - F.Mollazadə əməllərini etiraf edərkən deyib.

F.Mollazadə məhkəməmühasibatlıq ekspertizasının rəyində göstərilən maliyyə yoxlaması və ibtidai istintaqla müəyyən edilən büdcə vəsaitlərinin artıq silinmə hallarının həqiqət olduğunu məhkəmədə təsdiq edib.

Sabiq idarə rəisi Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı ofisində aşkar edilən 2041 manat, 500 manat, 2000 manat və 1000 dolların özünə məxsus olduğunu, seyfdəki 6500 manatın isə büdcədən oğurlanan pul olduğunu bildirib.

Ələ keçirilən pulları öz ehtiyaclarına sərf etdiyini deyən F.Mollazadə törətdiyi əməldən peşman olduğunu deyib. Dövlətə vurulan zərərin 92,9 faiz hissəsini ödədiyini, uzun illər ərzində dövlət orqanlarında qüsursuz xidmət etdiyini, istintaq orqanı ilə əməkdaşlıq edərək əməlini səmimi etiraf etdiyini, ürək-damar xəstəliyindən əziyyət çəkdiyini və yaşının 60-dan yuxarı olduğunu nəzərə alaraq ona şərti cəza verilməsini xahiş edən F.Mollazadənin xahişi nəzərə alınıb.

Prokuror F.Mollazadə və Səlim Əlizadənin həbs edilməsini, 7 il azadlıqdan məhrum edilməsini istəsə də məhkəmə onlara şərti cəza verdi.

Məhkəmədə həmçinin o da məlum oldu ki, dövlətə vurulan zərərin 167.932,02 manatı Səlim Əlizadənin payına düşsə də həmin məbləğ hələ də ödənilməyib. Bu məbləğin özü belə külli miqdar təşkil etdiyi halda Səlim Əlizadə şərti cəza aldı.

Bildirək ki, Səlim Əlizadə "Eurovision" mahnı müsabiqəsinin iştirakçısı Safurə Əlizadənin atası, mərhum alim, professor Əbdül Əlizadənin oğlu, BDU-nun Sosial Elmlər və Psixologiya fakültəsinin dekanı Hikmət Əlizadənin qardaşıdır. Safurə Əlizadə Sənaye və Energetika naziri olmuş mərhum Natiq Əliyevin gəlinidir.

F.Mollazadə isə XİN-də sabiq nazir Elmar Məmmədyarovun ən etibarlı adamlarından biri olub və əsas maliyyə işlərinə nəzarət edib. Onun bu qədər vəsaiti tək mənimsəməsi, tək də geri qaytarması real görünmür. Təbii ki, nazirlikdə maliyyə maxinasiyası qurmuş F.Mollazadə heç bir halda Elmar Məmmədyarovdan xəbərsiz iş görə bilməzdi.

F.Mollazadənin cinayət işi bilirsiniz hansı məhkəməni xatırlatdı? “Rabitə işi”ni yəqin ki, xatırlayırsınız. Həmin cinayət işi üzrə ləğv edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri həbs edilmişdi. Amma nazir Əli Abbasov azadlıqda idi. Necə ki, indi də Elmar Məmmədyarov azadlıqdadır.

O zaman “Rabitə işi”ndə kim günahkar kimi Əli Abbasovun adını çəkirdisə, sabiq nazir həmin şəxslərin dövlətə vurduğu zərəri özü ödəyirdi. Ödəyirdi ki, adı bu işdə hallanmasın. Həmin işdə dövlətə vurulan zərərin miqdarı 40 milyondan çox idi. Zərərin böyük hissəsi ödənildi. 11 nəfəərdən 5-i məhkəmə zalından şərti cəza ilə azadlığa çıxdı. Nazirliyin Aparat rəhbəri olmuş Vidadi Zeynalov və digərləri isə 14 ilə qədər həbs cəzası alsalar da Bakı Apelyasiya Məhkəməsi onların cəzasını 3-4 ilə qədər endirdi. Cəzlarının 2/3 çəkməklə azadlığa çıxdılar...
3-01-2022, 14:20
QMİ-də sədr müavinindən öz gəlininə qarşı dini və mənəvi dəyərlərə sığmayan “DƏRS” - ŞOK FAKTLAR...

Bu fikirlərin təməlində dayanan əsas faktorlardan biri də milli-mənəvi dəyərlərimizin timsalında dövlətçilik ənənələrimizin qorunması prinsipidir. Lakin bu prinsipə kölgə salan bəzi məqamlar yaşanır ki, bu yazıda onlardan biri haqda danışacağıq. Beləliklə, mövzumuz da ali dəyərlərimizi kölgədə qoyan bir problemlə bağlıdır. Keçək mətləbə…

Qəmər xanıma və anasına 30-40 min dollar nəyə gərəkdir?

Bütöv.az hurriyyet.az-a istinadən bildirir ki, bu günlərdə tvpress.az-ın redaksiyasına daxil olan şikayət məktubu həqiqətən də ürəkağrıdıcı bir hadisəni əks etdirir və bu barədə yazmamaq, cəmiyyəti, eləcə də müvafiq strukturları həmin hadisə barədə məlumatlandırmamaq ən azından mənəvi məsuliyyətsizlik sayıla bilərdi. O cümlədən, daxil olan şikayətin işıqlandırılması həm də jurnalistika prinsiplərimizə aid olan bir məsələdir və əfsuslar olsun ki, milli-mənəvi, eləcə də dini dəyərlərimizə xas olmayan bir hadisədən bəhs edir.

Şikayətçi Cavadlı Ülviyyə Səmədağa qızı bizlərə həmkar sayıldığına görə onun şikayətini işıqlandırmaq üzərimizə ikiqat məsuliyyət qoyur. Ülviyyə Cavadlı ömür-gün yoldaşı, 3 oğul övladının atası Cavadlı Lətif Aydın oğlunu bu ilin avqustunda itirib. 08.08.2021-ci ildə ailəsinin başı üzərini alan qara buludlar bir müddət onu sakit buraxmayıb. Belə ki, əkiz oğlanlardan biri sağ tərəfli iflic və epilepsiya xəstəsidir. Böyük oğlu isə Türkiyədə təhsil alir. Övladlari ilə çətin vəziyyətdə qalan Ülviyyə xanım təkbaşına, atasız qalan övladlarını necə saxlayacağı barədə, onların müqəddəratının necə olacağı haqqında düşüncələrə dalarkən ona daha bir zərbə də dəyib– öz baldızı və qayınanası tərəfindən.

Hələ mərhum həyat yoldaşı Lətif sağ ikən dişləri-dırnaqları ilə topladıqları vəsait hesabına mənzil alan, ev sahibi olan bu ailənin xoşbəxtliyi uzun çəkməyib. Ülviyyə xanım çıxış yolunu aldıqları evi sataraq daha kiçik ev almasında və bu vasitə ilə övladlarının gələcəyini təmin etməsində görüb. Lakin sən saydığını say, gör fələk nə sayır, deyib atalarımız. Lətif haqq dünyasına qovuşduqdan sonra mərhumun bacısı- Cavadlı Qəmər Aydın qızı və anası- Cavadlı Nailə Bəybala qızı Ülviyyə xanımın qarşısında şərt qoyublar ki, əgər mənzili, evi satmaq fikrinə düşərsə, onlara da əldə ediləcək vəsaitdən pay düşür, özü də azı 30 min ABŞ dolları məbləğində.
Bu planı quran və 81 yaşında qayınanasını da bu planına alət edən tərəf isə şikayətçimizin dediyi kimi baldızı Cavadlı Qəmər xanımdır!

Qəmər Cavadlı kimdir?

İndi isə keçək mövzunun digər tərəfinə və görək Qəmər xanım kimdir və harada çalışır? Şikayətçimiz qeyd edir ki, Qəmər Cavadlı hazırda və uzun illərdir ki, Qafqaz Müsəlmanları İdarəsində (QMİ) hörmətli Şeyx həzrətlərimizin yanında çalışan və kifayət qədər tanınmış ictimai şəxslərdəndir. Onun haqqında Vikipediyadakı məlumatları araşdırarkən o da bəlli olur ki, Qəmər Cavadlı jurnalist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru olması ilə yanaşı, həm də QMİ-nin ictimaiyyətlə əlaqələr və ailə problemləri (?!) üzrə sədr müavinidir!

Vikipediya məlumatında o da xüsusi vurğulanır ki, Qəmər xanım müsəlman dini idarələri tarixində bu statusu qazanan ilk qadındır. Nə deyə bilərik, bu əslində xoş və qürurverici bir statusdur, amma... cəmiyyətdəki prestij və şöhrət öz yerində, bu prestijin ailədaxili sosial məsələlərdə hansı rol oynaması, daha dəqiq desək, bu gün gəlinləri olan Ülviyyə xanımın başına gələnlərin təhlilindən çıxarılan nəticələr kifayət qədər böyük təəssüf doğurmaqdadır. Yeri gəlmişkən, onun mərhum qardaşının həyat yoldaşı olan Ülviyyə xanımın övladlarından biri ağır xəstədir və onun davamlı şəkildə müalicə proseduru keçməsinə ehtiyac var.

Təsəvvürünüzə gətirin, tək ana, üç övlad və onlardan biri xəstə. Çalışdığı yerdə böyük gəliri olmayan Ülviyyə xanımın belə bir vəziyyətdə bəlkə də satmaq istəmədiyi evini satışa çıxarması məcburiyyətini anlamaq isə çətin deyil, böyük oğlu xaricdə təhsil alır və ana onun nəyin bahasına olursa olsun təhsilini davam etdirməsini təmin etmək istəyir. Və belə yerdə Qəmər xanımın ehtiyacı olmadığı (bu barədə daha aşağıda qeyd edəcəyik) halda yaratdığı pproblemin, maddi vəsait marağının qeyd edilən milli-mənəvi, eləcə də dini dəyərlərdən qat-qat, hətta kosmos məsafəsindən də uzaq olması necə deyərlər, göz önündə canlanır.

Qəmər xanım QMİ-nin, çox hörmətli Şeyximizin yanında çalışır və özü də məhz ailə problemləri üzrə sədr müavini statusunu daşıyır.

Maraqlıdır, görəsən çox hörmətli Allahşükür Paşazadə ailə problemləri üzrə müavininin öz ailəsində yaratdığı və dini, mənəvi dəyərlərə sığmayan problemləri barədə məlumatlıdırmı?

Hər halda hesab edirik ki, Şeyximiz bu hadisələrdən məlumatsızdır və məlumatlı olsaydı, bir an da olsun bu problemin yaşanmasına izn verməzdi, hətta bunu edənləri tənbeh də edərdi. Müdrik xalqımızın belə bir deyimi də var– dünya malı dünyada qalır, haqq dünyasına anadan gəldiyin kimi köçürsən…

Bəlkə də bu məsələnin hüquqi çərçivədə həll olunması baldız Qəmər xanımın, yaxud qayınana Nailə xanımın xeyrinə olardı, amma olsa da, belə bu məsələnin mənəvi, dini dəyərlərimizə qətiyyən sığmadığını bəri başdan vurğulaya bilərik. İslam dininə bağlılıq yalnız ibadətlə və s. ilə ölçülmür, bu dinin irfanı, tövhidi, elmi və helmi də mövcuddur ki, onlara riayət etmək hər bir müsəlmanın Allah qarşısındakı bilavasitə mənəvi borcudur!

Amma və Lakin…

Kiçik araşdırmalarımızdan sonra üzə çıxardığımız faktlar bizi daha da məyus etdi. Daha doğrusu, QMİ-nin, yəni Şeyx həzrətlərinin ictimaiyyətlə əlaqələr və ailə problemləri məsələləri üzrə sədr müavini Qəmər xanımın istər birbaşa, istərsə də dolayısı ilə, (yəni, ailə üzvlərinə məxsus) üzə çıxan bəzi mülklərinin, varidatlarının bir hissəsini diqqətinizə çatdırırıq:

1. Xırdalan şəhərində “Milyonerlər məhəlləsi” adlanan ərazidə 3 mərtəbəli villa.

2. Mərdəkan qəsəbəsində 2 mərtəbəli villa.

3. Həsən Əliyev (keçmiş İnqilab) küçəsində yeni yaşayış binasında oğlu Elturan üçün alınmış mənzil.

4. Riyad “Gənclik şəhərciyi”ndə qızı Selcan Qasımovaya aid mənzil.

5. Riyad “Gənclik şəhərciyi”ndə oğlu Elturan Qasımov üçün mənzil.

6. Yasamal rayonu, Mirəli Seyidov küçəsi 16-da qaynanası Cavadlı Nailənin yaşadığı 3 otaqlı mənzil. Bu mənzil də Qəmər Cavadlının qızı Selcanın adına alınıb.

7. Şamaxı şəhərinin Mədrəsə kəndində bağ evi- oğlu Elturan Qasımovun adına.

8. Türkiyənin İstanbul şəhərində 4 otaqlı və daha bir mənzil (ümumilikdə 2 mənzil)

9. Quba rayonu ərazisində hektarlarla torpaq sahəsi.

Yəqin ki, Qəmər xanım bütün bunları bizdən də yaxşı bilir! Və, bütün bunlar yalnız öyrənə bildiyimiz ünvanlardır ki, onların hər biri Qəmər xanımın və həyat yoldaşının birgə əldə etdikləri mülkiyyətlərdir. Maraqlıdır, görəsən bu mülkiyyətləri bir araya toplayaraq qiymətləndirsək neçə milyon manat edər? Yaxud, QMİ-də əmək haqqı nə qədər yüksəkdir ki, Cavadlılar ailəsi bütün bunlara və hələ bilmədiklərimizə (!) sahibdirlər? Üstəlik, ağır və çıxılmaz vəziyyətdə 3 övladı ilə qalan və məcburiyyətdən əri ilə birlikdə aldıqları evi satmağa məcbur olan gəlinləri- Ülviyyə Cavadlıdan vərəsəlik payı tələb edirlər?

Onların 30-40 min manata bu qədərmi ehtiyacları yaranıb? Məgər uca Allah yerə göndərdiyi peyğəmbərləri vasitəsi ilə buyurmayıbmı ki, gözü tox olsunlar, acizləri və məzlumları incitməsinlər, acları doyursunlar, dünya malından özlərinə yetəcək qədər sahib olsunlar, çox olarsa artığını ehtiyacı olanlarla bölüşsünlər, ən nəhayəti isə İslamın buyurduğu mənəvi və irfani dəyərlərinə əməl edib imtahan dünyası üçün deyil, həqiqət dünyası üçün yaşasınlar və xilaslarını bu dünyada sığortalasınlar?

Görəsən, Şeyx Allahşükür Paşazadə hansı addımı atacaq? Yoxsa bu hadisəyə görə Qəmər xanıma mükafat verəcək?

Yəqin ki, Qəmər xanım bütün bunları bizdən də yaxşı bilir, amma əməl məsələsinə gələndə onları gözardı edir, üstəlik çalışdığı kifayət qədər nüfuzlu bir təşkilatda hansı vəzifəni daşıdığını da unudur. Və, çox hörmətli Şeyxülislam Allahşükür Paşazadə həzrətləri milli-mənəvi və dini dəyərlərimizə zidd təsiri bağışlayan bu ağrılı-acılı hadisədən məlumatlı olarsa, hansı tədbirləri görəcək ???

Bunu zaman göstərəcək. Bizi izləyin!

İddia olunanlarla bağlı Teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

ARDI VAR
3-01-2022, 09:56
DSX-nin hərbi qulluqçusu xidmət yoldaşlarını öldürüb - RƏSMİ - VİDEO

Bu gün saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində üç nəfər hərbi qulluqçunun öldürülməsi ilə bağlı məlumat daxil olub.

Bu barədə Bütöv.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Hərbi Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərə­findən hadisə yerinə baxış keçirilib, o cümlədən digər zəruri prosessual istintaq hərəkətləri həyata keçirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürmüş, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.

Hazırda E.Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir.

Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaqın gedişatı barədə əlavə məlumat veriləcək.

1-01-2022, 12:45
Dövlət başçısı: “Əminəm ki, 2022-ci il də uğurlu olacaq” - VİDEO

“Bildiyiniz kimi, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Əminəm ki, dünya azərbaycanlıları bu bayramı ruh yüksəkliyi ilə qeyd edirlər. Artıq ikinci ildir ki, ruh yüksəkliyi ilə qeyd edirlər. Çünki mən bilirəm ki, bu işğal dövrü və işğalla bağlı olan məsələlər xaricdə yaşayan azərbaycanlılara da böyük əzab-əziyyət verirdi. Çünki ermənilərlə müxtəlif ölkələrdə ünsiyyətdə olarkən onların təkəbbürlü baxışları əminəm ki, dünya azərbaycanlılarını incidirdi. İndi isə vəziyyət tam fərqlidir. Biz heç vaxt təkəbbürlü olmamışıq, amma hər zaman öz gücümüzü hiss etmişik. Bu gün əminəm ki, dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər”.

Bunları Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində deyib.

Dövlət başçısı bildirib:

“Əziz həmvətənlər, qeyd etdiyim kimi, bu il ölkəmiz üçün uğurlu olub. Əminəm ki, 2022-ci il də uğurlu olacaq. Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək. Mən isə Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Mən sizi ürəkdən təbrik edirəm. Bayramınız mübarək olsun!”



Bütöv.az
31-12-2021, 19:54
Təbrik edirik!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi münasibətilə və pedaqoji kadrların hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Müasir Azərbaycan dili kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Yeganə Qürbət qızı Qəhrəmanova Azərbaycan Respublikasının Təhsil nazirinin əmri ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif edilib.
"Bütöv Azərbaycan" qəzeti ilə əməkdaşlığını nəzərə alaraq, redaksiyamızın kollektivi də Yeganə xanımın uğuruna sevinir, ona pedaqoji fəaliyyətində və yaradıcılıq sahəsində uğurlar diləyir.
Hər yeni ili xoş xəbərlərlə qarşılamasını arzulayır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!