"BAYATI-ŞİRAZ"I HEÇ BELƏ DUYMAMIŞDIQ
Bayatı-Şiraz! Azan səsi qədər doğmadır bu bayatı bizə. Bu nəğmədə Şəhidlərimizin ruhu dincəlir, illərdir həsrətində olduğumuz o cənnnətməkan torpaqlarımız dərindən bir nəfəs alır. Ən əziz insanımız qədər sevirik bu bayatını biz. Çox yox, bundan 4-5 ay əvvəl yazıya "Bayatı-Şiraz"la başlasaydım, ifadənin sonunda üç nöqtə qoymağa məcbur olacaqdım. Tacir Şahmalıoğlunun hələ kiçik yaşlarında ifa etdiyi o qəmli, həsrət dolu "Bayatı-Şiraz"ı beynimdə canlandırıb elə yazının ardını da üç nöqtənin ifadə etdiyi sonsuzluq qədər sonsuz həsrətlə gətirəcəkdim.
Ancaq bir neçə ayın içində hadisələr öz mahiyyətini elə dəyişdi ki, bu gün görməyəcəyimizi düşündüyümüz müqəddəs günləri yaşayırıq. Şuşada verilən o ilk konsertin möhtəşəm ab-havasını iliklərimizə qədər ruhumuzda hiss edirik. Konsertin açılışında səslənən Vətən himnimiz "Bayatı-Şiraz"ı isə fərqli duyğular içində, fərqli nəfəsdən duyuruq. Gənc istedad Kənan Bayramlının səsində Qarabağda səslənən Vətən himnimiz bizim üçün hələ uzun illər yaddaqalan olacaq. Səsini atasının doğma torpaqlarından - Ağdamdan alan Kənan qələbə günlərini, 27 il sonra ona layla oxuyan Vətən də bu övladını unutmayacaq.
Deyirlər, "Bayatı Şiraz"ın dinləyənlər üzərində yaratdığı emosional təsir qüvvəsi rəngarəng və dəyişkəndir. Həqiqətən də elə oldu, bir vaxtlar dinlədikcə sızlayan qəlbimizə, indi hər dinləyəndə məlhəm olur bu notlar. Öz anasından ayrı düşən Qarabağın həsrətini bu muğam qədər başqa heç nə ifadə edə bilməzdi. Bir vaxt bəmə düşəndə sızlayan yaralar, zilə qalxdıqca qaynayırdı. Cıdır düzünün aşırımlarından göz yaşı tək qan damırdı. Bu gün isə o torpaqlarda qan töküb, qan axıdan igidlərimiz sayəsində hərdən qəmlənir, hərdən sevinirik. İndi 27 il əvvəlki məğrur duruşlu, qan ağlayan xalq yoxdur. İndi gözünün birindən Şəhidi üçün, o birindən Qarabağın azadlığı üçün yaş süzülən qürurlu Azərbaycan Xalqı var. İndi bu qüdrətli Xalqın daim güvəndiyi, arxalandığı zəfərdən-zəfərə iri addımlarla irəliləyən Milli Ordusu var.
Bizi bütün arenalarda qalib edən daha bir üstünlüyümüz var. Bu bizim Vətən müharibəsində göstərdiyimiz müstəsna birliyimizdir. Tariximizi təzələyən yeni nəsil Vətən sevgisi ilə böyüdü deyə, biz bu müharibədə qalib gəldik. Bayatını ana laylası bilən igidlər minamyotun səsinə layla dedi, deyə biz bu savaşdan alnı açıq çıxdıq. Dünənimizi də, bu günümüzü də borclu olduğumuz şəhidlərə ağı deyən tək biz deyildik, bu gün Şuşasına qovuşan "Bayatı-Şiraz" da öz övladlarına ağı deyirdi. Hərdən kövrəlib hönkürərək hayqırırdı Bayatımız. Övladlarının ruhu nakam qalmadı deyə bu qədər kövrək və sevincli idi Bayatımız. "Bayatı-Şiraz"ı heç belə duymamışdıq. Bu gün Bayatımız yeniyetmə bir oğlanın ürəyindən dodaqlarına süzülən ən böyük həqiqətdir. Bu həqiqətə sona qədər inanmaq isə bizim borcumuzdur.
Günel ABBAS
Bölmə: Ana seife / Tələbə sözü / Xəbər / Köşə / Karusel / Manşet / Slayd / Xəbər lenti