Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 31-08-2021, 10:40
Ulu Öndərin Şuşaya olan məhəbbətinin ifadəsi


Ötən əsrin 80-ci illərini Şuşa tarixinin qızıl dövrü adlandırsaq, heç də yanılmarıq. Həmin illərdə şəhərin şeiriyyətlə, musiqi ilə dolu mədəni həyatında dərin iz qoyan, bu yurda yeni həyat verən, onu zinətləndirən iş, böyük ədəbi hadisə Heydər Əliyevin adı ilə bağlıdır: Böyük şair Molla Pənah Vaqifin məqbərəsinin açılışı və Vaqif Poeziya Günləri.

1981-ci ilin axırlarında Molla Pənah Vaqifin məqbərəsinin tikintisi başa çatdırıldı və bununla da şəhərin müasir memarlığına əzəmətli bir abidə daxil oldu. Bir neçə aydan sonra isə məqbərənin, eyni zamanda, Poeziya evinin və bir sıra mədəniyyət obyektlərinin təntənəli açılışı oldu.
Butov.az AZƏRTAC-a istinadla xəbər verir.

Tədqiqatçı-jurnalist Vasif Quliyev ötən əsrin 80-ci illərində baş verən həmin hadisələri xatırlayaraq AZƏRTAC-ın müxbirinə deyib: “1982-ci ilin yanvarın 14-nü şuşalılar hələ də unutmayıblar və həmin tarix onların xatirəsindən heç vaxt silinməyəcək. Xalqımızın böyük oğlu Heydər Əliyevin gəlişini səbirsizliklə gözləyən minlərlə insan öz əziz qonağını layiqincə qarşılamaq və yerləşdirmək üçün böyük hazırlıq işləri görmüşdü. Şuşalılar küçələrdə, yol kənarlarında, ağacların altında, evlərin eyvanlarında özlərinə yer eləyir, bu böyük şəxsiyyətə sonsuz məhəbbət və ehtiramlarını bildirirdilər. Bu, heç də səbəbsiz deyildi. Axı, o, Şuşanı həmişə özünə doğma sayırdı. Vaqifin məqbərəsinin açılışında iştirak etmək üçün Bakıdan Şuşaya Mərkəzi Komitənin Büro üzvlərindən, çoxsaylı ədəbiyyat və incəsənət xadimlərindən ibarət böyük bir heyəti də özü ilə gətirmişdi.

… Şuşa “qar çiçəyi”nə bələnmişdi. Lopa-lopa güclü yağan qar şəhərə xüsusi bir gözəllik verirdi. Amma buz bağlamış yollar maşınların gediş-gəlişinə imkan vermirdi. Bunu görən yerli camaat Heydər Əliyevin əyləşdiyi maşını “Xan qızı bulağı”nın qarşısından “Güllü bağ”ın qabağınadək qucaqlarında çıxarmışdılar. Maşın karvanı Cıdır düzü tərəfə istiqamət götürdü. Şuşadakı qarlı havaya baxmayaraq tədbir yüksək səviyyədə keçdi. Ölməz Səməd Vurğunun

Qalxacaq, şairim, bir gün heykəlin,

Bizim Qarabağın Cıdır düzündə.

Vaqif canlanacaq onun üzündə...-

misraları yazılmış lövhə məqbərənin görümlü yerindən asılmışdı. Alqış səsləri altında dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası dağlarda, daşlarda, dərələrdə əks-səda verdi, əsrarəngiz Qarabağ çöllərinə yayıldı. Heydər Əliyev məqbərənin qarşısındakı lenti kəsdi, sonra nitq söylədi və dərin məzmunlu çıxışının sonunda bunu əlavə etdi: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir azərbaycanlı üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir abidədir. Şuşanı çox sevirəm. Mən hər hansı bir rayona yox, yalnız Şuşaya tez-tez gələ bilərəm və özü də ailə üzvlərimlə birlikdə. Çünki bu şəhər mənə doğmadan doğmadır. Və sizə söz verirəm ki, tez-tez gələcəyəm, heç vaxt da köməyimi əsirgəməyəcəm. Şuşa abidələr şəhəridir. Diyarın zəngin tarixi ilə bağlı hər şeyi qorumaq, qədim tikililəri bərpa etmək lazımdır”.

Bu kəlamlar onun Şuşa qalasına və şuşalılara ünvanladığı ürək sözləridir.

Sonra Heydər Əliyev bildirdi ki, bu qarlı havada şəhəri maşınsız, piyada gəzəcək. Elə də oldu. O, bir neçə obyektin, o cümlədən Poeziya evinin açılışında iştirak etdi. “Vaqif məqbərəsi” ədəbi birliyinin üzvləri ilə görüşdü, onların şeirlərini dinlədi. Elə oradaca gənc yazarlar hər il Şuşada Vaqif poeziya günlərinin keçirilməsini təklif etdilər. Bu təklifi çox yaxşı qarşılayan Heydər Əliyev onunla tədbirə gələn yazıçılara - Mirzə İbrahimova, İsmayıl Şıxlıya məsləhət gördü ki, şuşalı gənclərin bu arzusunu nəzərə almaq və bu ənənəni hər il davam etdirmək lazımdır. Hər il Şuşada Vaqif Poeziya Günləri keçirilməlidir. Sonra əlavə etdi ki, özü də gəlib iştirak edəcək.

Həqiqətən də, o gündən böyük bir mədəni tədbirə start verildi və Heydər Əliyev həmin il iyulun 29-da Şuşaya gəldi. Şuşaya yenidən öz şərəfli gəlişi, elm, ədəbiyyat, incəsənət xadimlərini, ailə üzvlərini - həyat yoldaşı Zərifə xanımı və oğlu - indi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi də gətirməsi onun bu diyara və milli ədəbiyyatımıza, tariximizə diqqətinin daha bir təzahürü idi.

Minlərlə şəhər sakini qonaqları salamlayırdı”.

Tədqiqatçı-jurnalist həmin günün yaddaqalan bəzi epizodlarını xatırlayaraq deyib: “Tədbir keçirilən vaxt Şuşanın qocaman sakinlərindən biri, 86 yaşlı el ağsaqqalı “Dağ İsmayıl” ləqəbli çayçı İsmayıl Əlişov addım-addım tribunaya sarı gələrkən mühafizə xidmətinin əməkdaşları onun qarşısını kəsmək istədilər. Bu, Heydər Əliyevin gözündən yayınmadı. Tədbir başa çatandan sonra o, İsmayıl kişini yanına çağırtdıraraq soruşdu: “Bəlkə, mənə bir sözün var?” İsmayıl kişi dedi ki, Heydər müəllim, əvvəla Şuşaya xoş gəlmisiniz! Sizdən bir təvəqqem var ki, bura tez-tez gələsiniz, həm də əlidolu gələsiniz. Burada belə xeyirxah işlər görmək üçün çoxlu vəsait də ayırasınız. Heydər Əliyev gülə-gülə dedi: “İsmayıl əmi, sizə söz verirəm ki, tez-tez gələcəyəm, heç vaxtda köməyimi Şuşadan əsirgəməyəcəm”. Çayçı İsmayıl kişi onun əllərindən bərk-bərk yapışaraq evinə qonaq dəvət etdi. Bu təklifi çox səmimi qəbul edən Heydər Əliyev “sağlıq olsun, sonra gələndə qonaq olaram” dedi.

Azərbaycanın görkəmli şair və yazıçılarının, tanınmış müğənni və musiqiçilərinin Cıdır düzündəki çıxışları və konsertləri də unudulan deyil. Lütfiyar İmanov, Zeynəb Xanlarova, Arif Babayev, Ədalət Nəsibov, Teymur Mustafayev, Amaliya Pənahova, Əliabbas Qədirov və başqalarının iştirakı poeziya bayramına daha bir gözəllik və rəngarənglik bəxş etdi.

Sonra Cıdır düzündə böyük konsert oldu. Zeynəb Xanlarova oxuyanda bərk yağış yağmağa başladı. Buna baxmayaraq, Heydər Əliyev ailəsi ilə birlikdə onu axıradək dinlədi, ağsaqqallardan kimsə dedi ki, yoldaş Heydər Əliyev, siz Şuşaya gələndə sanki təbiət cuşa gəlir. Birinci dəfə qar yağmışdı, indi isə leysan yağdı. Xahiş edirəm bir də gələndə elə edin ki, günəşli hava olsun. Heydər Əliyev gülümsəyərək “söz verirəm ki, bundan sonra Şuşaya günəşli gündə gələcəyəm!” dedi.

Qonaqların növbəti tanışlığı Saatlı məscidində fəaliyyət göstərən “Vaqif çeşməsi” ədəbi birliyinin üzvləri ilə oldu. Bura Heydər Əliyevlə birlikdə Süleyman Rüstəm, Lətif Kərimov, Mirzə İbrahimov, Niyazi, İsmayıl Şıxlı, Süleyman Ələsgərov, Nazim Axundov, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Söhrab Tahir, Qabil, Fikrət Sadıq, Xəlil Rza, Nəriman Həsənzadə, Məmməd Araz, İlyas Tapdıq, Cabir Novruz, Tofiq Bayram, Fikrət Qoca, Anar, Elçin və başqa şair, yazıçı, incəsənət xadimləri də gəlmişdi. Onlar poeziya evi və dərnək üzvləri ilə yaxından tanış oldular. Heydər Əliyev bir neçə şairin söylədiyi şeirləri məmnunluqla dinlədi.

Qonaqlar getmək istəyərkən çayçı Süleyman milli geyimdə üst-üstə yığdığı çayla dolu on-on beş stəkanı çox cəldliklə əvvəlcə Heydər Əliyevə, sonra digər qonaqlara təklif etdi və “yoldaş Əliyev, sənə qurban olum, çay içməmiş hara gedirsiniz?! Kəkotu çayıdır, heç olmasa bir stəkan için!”

Heydər Əliyev çayçı Süleymana zarafatla dedi: “Ay qalalı, kəkotu yox, kəklikotu!” Onun bu yaddaqalan şirin zarafatı nə şuşalıların, nə də qonaqların yadından çıxmayıb.

İyulun 29-dan avqustun 2-dək Heydər Əliyev Şuşada qaldı, bir sıra tədbirlərdə - xalça muzeyinin, rəsm qalereyasının, şəhər parkında Natəvanın büstünün açılışında iştirak etdi. Həmin günlərdə Şuşanın tarixinə daha şanlı səhifələr yazıldı.

Heydər Əliyevin Şuşaya bu qədər diqqət və qayğı göstərməsi heç də adi məsələ deyildi. Bu, ilk növbədə Ermənistana, ermənilərə xəbərdarlıq idi ki, Qarabağdan gözlərini çəksinlər. Respublika rəhbərinin Şuşa şəhərinə xüsusi qayğıkeşliklə yanaşması, bir ildə iki dəfə ən məşhur azərbaycanlı ziyalılarla bura gəlməsi Heydər Əliyevin kölgəsini daim qılınclayan, paxıl, xəbis, kinli düşmənlərin gözünə ox kimi batırdı. Sonralar, 1988-ci il fevralın 3-də Stepanakertdə (sovet dövründə belə adlandırılıb – red.) Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Razumovski və Moskvanın rəsmi nümayəndəsi Solomentsevin də iştirak etdikləri partiya fəalları yığıncağında Qarabağ ermənilərinin Azərbaycandan ayrılması məsələsi müzakirə olunarkən şəhər mətbəəsinin direktoru Yuri Nersesyan belə demişdi: “Heydər Əliyev bizim pionerlərə saray tikmək əvəzinə, hansısa bir xanın vəziri olan mollaya Şuşada mavzoley tikdirdi. Məgər bu ölkədə Leninin mavzoleyindən başqa da mavzoley tikmək olar?!”

1982-ci ilin payızında Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin olunması ilə əlaqədar Moskvaya köçdü və bir daha Şuşaya gələ bilmədi.

Heydər Əliyev 1996-cı il mayın 6-da Şuşa və Laçın rayonlarının ictimaiyyəti ilə görüşündə Şuşanın, ümumiyyətlə, Qarabağın Azərbaycan üçün müstəsna əhəmiyyəti olduğunu bildirərək demişdi: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanılması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının yaratdığı böyük bir abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıb. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün vətənini, millətini sevən hər bir vətəndaş üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Müsahibimiz söhbətinə belə yekun vurub: “Artıq həmin günlərdən 39 il keçib və 29 il idi ki, Şuşada poeziya və mahnı bayramları keçirilmirdi, 29 il idi ki, Molla Pənah Vaqifin məqbərəsi və Şuşanın digər tarixi abidələri erməni vəhşiliyinin qurbanına çevrilmişdi. Şuşanın nə mədəniyyət və istirahət parklarından, nə də Cıdır düzündən tar, kaman, dəf səsləri eşidilmirdi…

Lakin vaxt gəldi, Heydər Əliyev siyasi kursunun ləyaqətli davamçısı, Prezident İlham Əliyevin Ali Baş Komandan olduğu qüdrətli və şanlı ordumuz öz sözünü dedi. Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Şuşada Molla Pənah Vaqifin məqbərəsi bərpa edildi, bu yurdun şöhrət bayrağı kimi yenidən ucaldıldı. Poeziya bayramı ənənəsi təzədən davam etdirilməyə başladı. “Qarabağ şikəstəsi” Xan Şuşinskinin zəngulələrində yenə də Cıdır düzünün dörd-bir tərəfini dolaşır, Topxanada əks-səda verərək ətrafa yayılır”.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!