Şuşa ilə Xankəndi arasında kanat yolu - Prezident AÇIQLADI .....                        “Öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq .....                        Hindistanla Pakistan silahları susdurdu - Müharibə ehtimalı hələ də qalır... .....                        Xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər .....                        Ulu Öndərin bütün həyatı Azərbaycan xalqına həsr edilib .....                        Yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var .....                        Hindistan və Pakistan arasında atəşkəs əldə olundu .....                        Bu gün bərpa olunan Qarabağı görürük - Prezident .....                        Gənc əsgərlər and içdilər - FOTO .....                       
2-11-2024, 10:22
Heydər Əliyev Mərkəzində məşhur heykəltəraşın sərgisi açılıb


Heydər Əliyev Mərkəzində məşhur heykəltəraşın sərgisi açılıb

Noyabrın 1-dən Heydər Əliyev Mərkəzində tanınmış italiyalı monumental heykəltəraş Lorenso Kuinnin (Lorenzo Quinn) sərgisi təqdim olunur.
Sərginin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunması təsadüfi deyil.
Belə ki, “Təbiətdə tarazlıq” (Equilibrium in Nature) ekspozisiyası ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəldir.
Bakı sərgisinin konsepsiyasının əsasını ətraf mühitin dərk olunması, təbiətə qayğı ideyası təşkil edir.
Sərginin açılışında çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qısa müddət ərzində öz sərgisinin Azərbaycanda keçirilməsi üçün göstərdiyi dəstəyə görə Lorenso Kuinnə təşəkkürünü bildirib. O, Heydər Əliyev Mərkəzində cari il ərzində bir neçə italyan heykəltəraş və rəssamın təqdimatlarının keçirildiyini bildirib, hazırkı sərgidə çox gözəl heykəltəraşlıq nümunələrinin nümayiş olunduğunu deyib.
Anar Ələkbərov L.Kuinnin əsərlərinin COP29 tədbiri çərçivəsində Azərbaycana gətirildiyini, yaxın günlərdə ölkəmizdə keçiriləcək COP29 konfransına gələn qonaqların da bu incəsənət nümunələrini bəyənəcəyinə ümidvar olduğunu bildirib. Eyni zamanda, Heydər Əliyev Mərkəzində də çoxsaylı tədbirlərin təşkilinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
"365 Art” şirkətinin təsisçisi, sərginin kuratoru Olqa Daniele tədbirin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib.O qeyd edib ki, Lorenso Kuinn öz əsərlərində eşqə, məhəbbətə, planetimizə olan vurğunluq hisslərini əsas tutur. Bu baxımdan, müəllifin qeyri-adi bacarıqlarını özündə əks etdirən fikirləri məhz onun incəsənət əsərlərində hiss olunur.
Sərginin müəllifi Lorenso Kuinn Bakının çox gözəl şəhər olduğunu deyib, paytaxtımızda keçiriləcək COP29-a çox az vaxt qaldığını bildirib. Möhtəşəm bir məkanda sərgisinin keçirilməsindən şad olduğunu söyləyən L.Kuinn əsərlərinin təbiətin gücünü təcəssüm etdirdiyini bildirib.
“Biz Yer kürəsini sevməliyik. Necə ki, ana övladına o cür yanaşır, biz də elə yanaşmalıyıq. Yer kürəsinə hörmət etməliyik, necə ki, öz anamıza hörmət edirik. Bizim yaşamaq üçün başqa məkanımız yoxdur. Bunu mütləq nəzərə almalıyıq. Çünki başqa yolumuz yoxdur”, - deyə Lorenso Kuinn diqqətə çatdırıb.
Sərginin açılışı ilk olaraq “Sevgi birliyi” əsərinə baxışla baş tutub. Həmin kompozisiya dünyaya qarşılıqlı sevgi və dəstək çağırışıdır. Çünki bəşəriyyətdə mükəmməl harmoniya içində əbədi bir əlaqə qurmaq imkanı məhz bu hisslər sayəsində mümkündür.
Lorenso Kuinnin əsərləri 2025-ci il mayın 11-dək Heydər Əliyev Mərkəzinin parkında və foyesində təqdim ediləcək.
Bakı sərgisində ziyarətçilər italiyalı heykəltəraşın “Balanslaşdırılmış dünya” (Balanced World), “Təbiətin gücü” (Force of Nature), “Tanrının əli” (Hand of God), “Bəxş et və al” (Give and Take) və “Birlikdə” (Together) əsərləri ilə Mərkəzin park ərazisində, “Eros”, “Paralel dünya” (Pharalel Universe), “Özünü sev” (Love Yourself) və müəllifin digər əsərləri ilə Mərkəzin foyesində tanış ola biləcək. Ümumilikdə Bakı sərgisində müəllifin 15 incəsənət nümunəsi təqdim edilir.
Heykəltaraşın “Özünü sev” (Love Yourself) əsəri özünə sevgi vasitəsilə sevgini əks etdirmək, bu hissi dünya ilə paylaşmaq, düzgünlük yoluna işıq saçmağa çağırır.
“Perspektivdə” (İn Perspective) adlı heykəltəraşlıq nümunəsi isə dünyamızın nə qədər zərif və kainatla müqayisədə çox kiçik olduğunu əks etdirir. Bununla Lorenso Kuinn insanları yaşadığımız dünyanı perspektivdə qiymətləndirməyə çağırır.
Eksponatlar arasındakı “Tanrının əli” (Hand of God) heykəltəraşlıq nümunəsi müəllifin şedevrlərindən hesab olunur. Əsərdə bükülmüş halda olan adam yorğun şəkildə qollarını aşağı salaraq, onu dəstəkləyən nəhəng bir əlin ovucunun içərisində oturur. Lorenso bu əsərini oğluna həsr edib. “Tanrının əli” ziyarətçilərin diqqətini uşaqların real həyatda üzləşdiyi təhlükələrə cəlb edir. Bu əl sonradan Kuinnin digər monumental işlərində mərkəzi elementə çevrilib. Həmin əl sevgi, nifrət, yaratmaq hissi və məhv etmək gücünü təsvir edir.
Lorensonun Bakıya gətirilən digər işi isə “Birlikdə” (Together) adlanır. Məhz bu kompozisiyanın Gizada nümayişi ilə ilk dəfə müasir incəsənətin piramidaya yaxın olmasına icazə verilmişdi. Sözügedən monumental kompozisiya 2021-ci ildə Kann şəhərində, 2023-cü ildə isə Dubayda sənətsevərlərə təqdim olunub. İndi isə bu əsər 6 ay ərzində Bakı sərgisində Heydər Əliyev Mərkəzinin parkında yer alacaq. Əsərdə insana həm yaratmağa, həm də məhv etməyə imkan verən əllər təsvir edilib. Bununla rəssam hər şeyin öz əlimizdə olduğuna inanır.
Müəllifin Bakıda sərgilənən digər əsəri isə “Təbiətin gücü”dür (Force of Nature). Əsər kövrək, lakin çox güclü qadın obrazını təcəssüm etdirir. Burada ana təbiətin özü canlandırılır. Ümumiyyətlə, rəssamın yaradıcılığında “Təbiətin gücü” heykəllər silsiləsi mühüm yer tutur. Bu seriyadan bir çox kompozisiya dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək böyük şəhərlərin görməli yerlərini bəzəyib.
“Balanslaşdırılmış dünya” (A Balanced World) əsəri də müəllifin həssas bir ideyasının daşıyıcısıdır. Eksponat “bəzən dünyalarımız bir-birinə əks qütblərdə görünsə də, mən həyatımda yalnız səninlə mükəmməl tarazlıqdayam” söyləyir.
Heydər Əliyev Mərkəzinin binasının önündə dünya sənətsevərlərini heyran edən “Bəxş et və al” (Give and Take) əsərini də izləmək mümkündür. Həmin əsərlə heykəltəraş diqqəti həyatda, o cümlədən təbiətdə tarazlığın önəminə yönəldir.
Oskar mükafatına layiq görülmüş aktyor Entoni Kuinn və geyim dizayneri, aktrisa İolanda Addolorinin ailəsində doğulan Lorenso Nyu-Yorkda İncəsənət Akademiyasında təhsil alıb, rəssam olmağı planlaşdırsa da, enerjisini və orijinal ideyalarını daha yaxşı ifadə etmək üçün taleyini heykəltəraşlıqla bağlamaq qərarına gəlir. Lorenso Kuinn aktyor kimi də tanınaraq filmlərdə rol alıb.
“Hisslərin yaradıcısı”, “emosiyaların rəssamı” kimi tanınan Lorenso son dövrlərdə ən çox tələb olunan heykəltəraşlardan biridir. Lorenso Kuinnin əsərləri dünyaya sülh, harmoniya, “yaratmaq və ya məhv etmək yalnız öz seçimimizdən asılıdır” kimi ismarıcları çatdırır. Əsərləri insan təbiətinin müsbət və mənfi cəhətlərinin tarazlığını nümayiş etdirir.
2-11-2024, 06:12
Bədii zövqün radial simmetriyası...


Bədii zövqün radial simmetriyası...

Qrupumuzun Universitetdə ilk dərs günü "Qəzet laboratoriyası" adlanan otaqda olmuşdu. Onda Jurnalistika fakültəsi üçüncü mərtəbədə yerləşirdi (əsaslı təmirdən sonra dördüncü və beşinci mərtəbəyə dəyişdi). Professor Akif Rüstəmov "Jurnalistikaya giriş" fənnindən mühazirə deyirdi. İkinci dərs günü də həmin fənnin tədrisi eyni otaqda keçirildi. Laboratoriyada müəllim və tələbələrdən savayı kimsə yox idi. Akif müəllim otağın tən ortasındakı oval stolun yuxarıbaşında, tələbələr də ətrafında əyləşmişdilər. Laboratoriyada bir-birinə baxan iri kitab şkaflarının yanında müəllimlərin iş masaları yerləşirdi. Otağın sol küncündə pəncərəyə bitişik yazı stolu vardı. Məni maqnit kimi özünə çəkən həmin iş masası Akif Rüstəmovun idi. Jalüzün arasından stola düşən günəş şüaları altında Akif müəllimin sanki xəttat dəqiqliyilə işlənən yazıları gözümə dəydi. Maraqlıdır ki, hər masada xüsusi qələm və kitab-dəftər qoymaq üçün hissə vardı. Dəyirmi masanın ətrafındakı stulların kürək hissəsi də setkalı idi.
Əlqərəz. Sonradan yerimi rəhmətlik Ayaz Musayevin iş masasına dəyişdim. Ayaz müəllimin yazı-pozu stolundakı səliqə-sahman çox diqqətimi çəkdi. Ümumiyyətlə, Ayaz Musayev oturuşu-duruşu ilə seçilən, geyimi həmişə yerində olan ziyalı alim, tədris etdiyi sahənin kamil bilicisi idi. Sağda Diləfruz Şahbazovanın iş masası yerləşirdi. O, iş stolunda kompüter və klaviatura, dəftər və qələmdən eyni anda istifadə edir, klassika ilə müasirliyin vəhdətin yaradırdı. Üzbəüzdə gözəl pedaqoq, yüksək ləyaqət sahibi, xanım-xatınlığı ilə seçilən, abır-həyalılığı ilə nümunə olan Rəhilə Kəsəmənlinin iş masası yerləşirdi. Düzünü desəm, müəllimlərimin iş masasında əyləşmək çox xoş və qürurlu idi. Mən Akif Rüstəmovun "Jurnalistikaya giriş" fənninin mühazirəsini dinləyə-dinləyə xəyal gücümü işə salır, gözlərim önündə şəkillərdə gördüyüm, yaradıcılığını sevərək oxuduğum Nəsir İmanquliyevi də canlandırmağa çalışırdım. Bir vaxtlar bu fənnin tədrisini həm də Nəsir müəllim edərmiş. Hər zaman Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında nəhəng söz, fikir adamları çalışıb və çalışmaqdadırlar. Onlardan biri də kafedra müdiri Ustad Cahangir Məmmədlidir. Və Ustadın otağı "Qəzet laboratoriyası"ndan solda yerləşirdi.

Zaman ötəcək professor Cahangir Məmmədlinin mətbuat janrları, praktiki fəaliyyətin beynəlxalq prinsipləri, qəzet istehsalında standartlara yaradıcı münasibət və digər məsələləri özündə əks etdirən olduqca sanballı “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” dərsliyini imzalı şəkildə ən böyük mənəvi hədiyyə kimi müəllimimdən qəbul edəcəkdim. Bir mərtəbə aşağıda "İnternet jurnalistikası" auditoriyası, ondan öndə sağ tərəfdə Zaur Babayev və Mirakif Babayevin iş otağı yerləşirdi. Kiçik otaq tələbələrin ən doğma məkanı idi. Və hər iki müəllimimiz darısqal otaqda yüksək səmimiyyət və mehribanlıqla çalışırdılar. Bu doğmalıq və soyadların eyniliyindən o zaman belə bir qənaətə də gəlmişdim: elə bilirdim, müəllimlərim doğmaca qardaşdırlar. Bu təəssüratlardan sonra yenidən qayıdaq "Qəzet laboratoriyası"na.
Beləcə, ilk qırx beş dəqiqənin tamamında laboratoriyanın şam ağacından olan parlaq laklı qapısı ehmalca açıldı. Qapının kandarında zabitəli xanım göründü. Xüsusi kübarlıqla Akif Rüstəmovdan içəri keçməsi üçün izin istəyən xanım sonradan bizim müəlliməmiz olacaqdı. Özü hiss etdirməsə də, anladıq ki, Gülnarə Sadıqova dərsin gedişatını pozmamaq üçün yarıdakı fasiləni gözləyibmiş. Əvvəlcə özünün yazı masasına əl gəzdirdi. Sonra otağa nəzər yetirdi. Pencəyimi stulun söykənəcəyindən asıb, köynəyimin qolunu dirsəyəcən çırmalayıb, ovcumla yanağımı dirsəklənib tutmuşdum. Gülnarə Sadıqova otaqdakı havasızlığı hiss edib, jalüz pərdəni yuxarı qaldırdı. Ağ rəngli plastmas pəncərəni açdı. İçəri dolan təmiz hava tələbələrin üzünə dəyərək onlara toxtaqlıq gətirdi. Tədrisin ikinci günü özünü dərsə güclə yetirən qrup yoldaşlarımdan birinin beyninə oksigen çatandan sonra "dili açıldı" və boynunu mənə tərəf buraraq, sanki özünü Sartrın "Bağlı qapılar arxasında"kı kimi hiss edərək Estelfason sual verdi:
"Bizi nəyə görə bura yığıblar?" Tələbə yoldaşımın "əndirəbadi" sualına həmin gün heç cürə cavab tapa bilmədim. Yadıma hindlilərin "kanjus makkhiçus" ifadəsi düşdü. Yoxsulluğun maddi tərəfini anlamaq olar, vay o gündən ki, mənəvi tərəfdən boşluğun, kasadlığın ola. Dərd ondadır. Ancaq tələbədən fərqli olaraq pəncərə önündəki iri yarpaqlı, qırmızı reyhana bənzəyən gül gündoğana tərəf boylanırdı. Üzərində asılı qalan nübar qönçəsi sağa-sola yellənərək, elə bil səbəbkara təşəkkürünü bildirirdi. Dibçəkdəki güllər də, laboratoriyadakı tələbələr də ciyərlərinə hava çəkdikdən sonra dərsin ikinci yarısı başladı. Akif müəllim yazı bacarığımızın inkişafı üçün esse yazmağı tapşırmışdı. Yoxladığı yazılarda hansı nöqsanlarımızın olduğunu bir-bir qeyd etdi. Mövzu "Mənim ilk müəllimim" idi. Akif Rüstəmov yazımı bəyənsə də, ancaq mövzudan kənara çıxdığımı xüsusi vurğuladı. Dərsin gedişində Gülnarə Sadıqova əvvəlcə üzünü Akif Rüstəmova tərəf tutdu:

-Üzr istəyirəm, Akif müəllim, dedi. Sonra sözünə əlavə etdi: -Görəsən, indiki tələbələr vaxtilə fakültədə dərs demiş müəllimləri tanıyırlar? Sualdan sonra otaqda yaranan sakitliyi pozdum. -Bəli, müəllimə, tanıyıram, -dedim. Düzü Gülnarə Sadıqovanın tələbələrə ünvanlı sualına hədsiz sevindim. Çünki dərs mövzusu olaraq tapşırılan essedə məhz Gülnarə Sadıqovanın dediyi müəllimlərdən -Qulu Xəlilov, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Famil Mehdi, Əliş Nəbili... yazmışdım. Sonra zaman ötəcək və biləcəkdim ki, müəlliməmiz Gülnarə Sadıqovanı Bakı Dövlət Universitetinə uzun illərin doğmalığı bağlayırmış. O, gənclik illərindən, fakültədə təhsil aldığı müddətdən ta bu günədək elmi, yaradıcı fəaliyyətlə məşğuldur. Elə ilk gündən hiss etmişdim ki, Gülnarə Sadıqova özünə və başqalarına münasibətdə hədsiz tələbkar, işində səliqəli, məsuliyyətli, həm də güzəştsizdir. Sözdə və əməldə bütöv olduğu kimi, ona verilmiş sözün də arxasında dayanmağı istəyir. Dərs müddətində istisna halları çıxmaq şərtilə tələbəyə güzəştə getmir. İki dəfə fakültəmizin ənənəvi Quba səfərində müəllimimiz Gülnarə Sadıqovayla yol-yoldaşı olmuşam. O zaman tələbəyə valideyn qayğısını, doğma münasibətini görmüşəm. Onda anladım ki, müəllim-tələbə tam başqa, müəllim-dost bir başqa. Rusların "cлужба" və "дружба" məsəli kimi.
Gülnarə Sadıqovanın tədris metodikası fərqli və maraqlıdır. Fərqli ona görə ki, dərs situasiyasını təlim-tədris prosesinin tərkib hissəsi hesab edir. Dərsin ümumi gedişatında müəllim nüfuzundan istifadə eləmir. Tələbənin potensialının tam üzə çıxması üçün münbit şərait yaradır. Maraqlı ona görə ki, dərs müddətində hansısa tələbə vaxt azlığına görə kənarda qalmır. Ümumi gedişat, aparılan sorğu-sual kifayət edir ki, tələbənin dərsə münasibəti, hazırlıq səviyyəsi müəyyənləşsin. Bu gedişat həm də görkəmli pedaqoq Mehdi Mehdizadənin "Müasir dərs" haqqında söylədikləri ilə tam uyğun gəlir ki, dərs müddətindəki tələbə fəallığının əsas amillərindən biri diqqətin eyni nöqtəyə yönləndirilməsindən ibarətdir. Ancaq bu nöqtədə hər bir tələbənin şəxsi düşüncə, mülahizə aparmaq, yeni fikir ortaya qoymaq bacarığı olmalıdır. Gülnarə Sadıqova bu mənada görkəmli pedaqoq Adolf Disterveqin, psixoloq və ədəbiyyatşünas Lev Semyonoviç Vıqotskinin nəzəriyyəsinə -təfəkkürü ön plana çəkməyin vacibliyinə əsaslanır. Tələbənin şablon cümlədən, çeynənmiş ifadələrdən istifadə etməsinə heç vaxt güzəştə getmir.
Yadımdadır: onlayn dərsdə tələbə yoldaşlarımızdan biri müəllif fikirlərini öz qələm məhsulu kimi ortaya qoymaq cəhdinin qarşısını Gülnarə Sadıqova anındaca alır və bunun bütün hallarda yolverilməz olduğunu bildirir. Həmin onlayn günlərin birində dərs mövzusu kimi, iki esse yazmışdım. Bu onun səbəbi idi ki, müəllim dərsi bütün gücü ilə öyrədir və sevdirirdi. Həm də Gülnarə Sadıqova rus və yerli ədəbiyyatı, həmçinin milli və xarici jurnalistikanın nəzəri tərəflərini yaxşı bildiyi üçün ondan nəyisə gizlətmək çətin məsələdir. Bir də ona dərs deyən nəhəng müəllimləri də nəzərə alsaq, o zaman məsələ lap müşkülə çevrilir.

Gülnarə Sadıqova çalışır ki, tələbənin yaradıcı təfəkkürü, tədqiqatçılıq qabiliyyəti tərəqqi etsin: qələmə alınmamış kəlmələr yaratmağa, çeynənmiş ifadələrdən saqınaraq yeni sözlər axtarışına yönəlsin. Tələbə kiçik də olsa öz fikir məhsulunu ortaya qoysun, beləcə, Uşinskinin yaradıcılığındakı şəxsiyyət obrazını öz yetirmələri üzərində inkişaf etdirsin. Əbəs yerə deyildi ki, onun bir çox tələbələri zaman ötdükcə televiziya, radio, qəzet və jurnal materialı üzərində işləyərkən vaxtilə bu səpkidə yazıların hazırlanması üsulunu öz müəllimlərindən öyrəndiyini qeyd edirlər. Düşündüm ki, vaxtilə bizə yazı qaydalarını öyrədən müəllim haqqında bu dəfə tələbəsi olaraq əlimə qələm götürüb ürək sözlərimi yazım. Yazını hazırladıqca gözlərim önündə Gülnarə Sadıqovanın rəsm əsərləri canlandı. O, həqiqətən də yaradıcı insandır: ruhu və cismi ilə. Kağız üzərində qələmi ilə söz xalısı yaradan Gülnarə Sadıqova, həmçinin parça üzərində muline saplarla sənət əsəri toxuyur. Bədii zövq duyğuların, hisslərin tərənnümçüsünə çevrilir. Bu yaradıcılıq nümunələrində həssaslıq, təxəyyül və səbirlə bərabər, həm də elm görünür. Çünki rənglərlə işləməyin özü də bir elmdir. Leonardo da Vinçinin dediyi kimi, "rəsm köklü mədəniyyət" və "metod üzərində çalışmaq" deməkdir.
Gülnarə Sadıqovanın tələbələrə öyrətdiyi elm bizlər üçündürsə, ərsəyə gətirdiyi yaradıcılıq məhsulu bütün bəşəriyyətə xidmət edir. Bu əsərlər "dil açıb" dünyanı və insanı təmizliyə çağırır. Azərbaycan qadınının mənəvi ucalığından "danışır". Biz bu ucalığı fransız yazıçı Dümanı şahmat taxtası arxasında zəkası ilə mat qoyan Qarabağ xanlarının nəslindən olan şairə Xurşudbanu Natəvanın əl işlərində görmüşük. Şairə ikinci dəfə Aleksandr Dümanı öz əli ilə tikdiyi pul kisəsini bağışlamaqla heyran qoyur. Gülnarə Sadıqovanın yaradıcılığı onun daxili dünyasının, saf mənəviyyatının təzahürüdür. Çünki onun sözü və fırçası təkcə kağız və parça üzərində gözəllik yaratmır, o, həmçinin həyatda da hər işi həssaslıq və təmizliklə görür. Bunu ən azından əyani şəkildə anamın anasında görmüşəm. O, ixtisasca həkim olmağına baxmayaraq, həmçinin kətan parça üzərində rəsmlər çəkir, ipək saplarla rəsmlər ərsəyə gətirirdi. İlk baxışdan estetik görünsə də, mahiyyət tikmə sənətinin yaşadılması idi.
Bu gün Gülnarə Sadıqova bütün fəaliyyətilə ərsəyə gətirdiyi işləri fonunda milliliyi və kübarlığı qoruyur. Gül-çiçək rəsmləri bizə Tanrının cənnətini, zamanın yaxşılıq axarını, kainatın paklıq rəmzini xatırladır. Əl işlərindəki başlıca amil rəng ahənginin incəliyidir. Bu incəlik, ələlxüsus rəng həllindən asılıdır. Musiqidə qamma üzərində işləmək nə qədər vacibdirsə, rəsmdə də rəng qammasını yaratmaq bir o qədər əhəmiyyətlidir. Burada da muline sapların birləşməsi ahəngdar rəng qamması yaradır. Bu ahəngdarlıqda bəzən bizim təbiətdə müşahidə etmədiyimiz rəng çalarları gözə dəyir və ən əsası da Gülnarə Sadıqovanın bədii təxəyyül yaradıcılığındakı hər məqam onun yaşam tərzindəki kimi, riyazi sintezə, simmetriyaya, təmizliyə və günəşli günlərə - səadətə və sədaqətə bağlıdır.

Əsgər İSMAYILOV
31-10-2024, 21:12
Mehriban Əliyeva Pantomim Teatrında - FOTO


Mehriban Əliyeva Pantomim Teatrında - FOTO

Oktyabrın 31-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri Azərbaycan Dövlət Pantomim Teatrının binasında mövcud vəziyyətlə tanış olublar.
Mədəniyyət naziri Adil Kərimli Birinci vitse-prezident Mehriban Əliyevaya və ailə üzvlərinə teatr haqqında məlumat verdi.
Bildirildi ki, respublikamızın tanınmış teatr kollektivlərindən olan Azərbaycan Dövlət Pantomim Teatrı 1994-cü ildə teatr-studiya kimi yaradılıb. Studiya altı il müddətində Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərib. 2000-ci il martın 6-da kollektivə dövlət statusu verilib. 2005-ci ildən isə Azərbaycan Dövlət Pantomim Teatrı keçmiş “Şəfəq” kinoteatrının binasında yerləşdirilib.
Otuz ildən artıq dövrdə Pantomim Teatrında bir çox müəlliflərin əsərləri səhnələşdirilib. Teatrın bu növünün əsas üstünlüklərindən biri onun üçün dil baryerinin olmamasıdır. Ötən müddət ərzində kollektiv Almaniya, Avstriya, Bolqarıstan, İsveçrə, Gürcüstan, Qazaxıstan, Mərakeş, Rusiya və digər ölkələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil edib.
Bu gün Pantomim Teatrı ən çox ziyarət olunan və böyük tamaşaçı məhəbbəti qazanan mədəniyyət ocaqlarımızdan biridir.
Qeyd edildi ki, Azərbaycan Dövlət Pantomim Teatrının hazırda yerləşdiyi bina 1900-cü ildə inşa olunub və yerli əhəmiyyətli memarlıq abidələri siyahısındadır.
Mövcud vəziyyətlə tanışlıq zamanı binada görülməli olan zəruri təmir işləri barədə də məlumat verildi.





31-10-2024, 15:55
İçərişəhərdə sərgi açılıb - FOTO


İçərişəhərdə sərgi açılıb - FOTO

Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Şirvanşahlar Sarayı Kompleksində “Qurama Art: Zamanın vəhdəti” adlı sərginin açılışı keçirilib.
Sərgi xüsusilə qurama sənətinin ekoloji məsuliyyət və dayanıqlılıq aspektinə diqqət çəkərək, təbiətə hörmət və resursların səmərəli istifadəsini vurğulayır.
Sərginin açılış mərasimində çıxış edən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev sərginin məqsədinin yalnız qurama sənətinin milli irs kimi yaşadılmasının əhəmiyyətini deyil, həm də bu “eko-dost” sənət növü vasitəsilə ekoloji şüurun genişləndirilməsi və ətraf mühitin mühafizəsinə diqqət yetirilməsi istiqamətində töhfə verilməsi olduğunu qeyd edib:
"Qurama sənəti qalıq parça materiallarından təkrar istifadə etməklə sıfır tullantı və dayanıqlığı təşviq edir. Tullantı hesab olunan parça qalıqlarına “ikinci həyat” verərək, həm ekoloji məsuliyyət, həm də yaradıcılıq baxımından müsbət təsirlər yarada bilərik. Bu yanaşma, yalnız sənət sahəsində deyil, eyni zamanda cəmiyyətin ekoloji davranışlarının formalaşmasında da əhəmiyyətli rol oynayır".
Daha sonra qonaqlar, qurama sənətinin qədim texnikalarını qoruyaraq müasir dövrə adaptasiya edən sərgidə, dayanıqlılıq və ənənənin müasir texnologiya ilə vəhdətini əks etdirən XIX-XXI əsrlərə aid qurama nümunələri və bu sənət növündə yenilik sayılan rəqəmsal qurama nümunələri ilə tanış olublar.






26-10-2024, 10:52
Şəhid ailə üzvlərinin əl işlərindən ibarət sərgi


Şəhid ailə üzvlərinin əl işlərindən ibarət sərgi

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlığı çərçivəsində şəhidlərin ailə üzvlərinin əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilib.
Çəhid ailələrinin həyat keyfiyyətinin yaxşılaşdırılması və sosial inteqrasiyasına dəstək məqsədi daşıyan tədbir nazirlikdə üçüncü dəfə təşkil olunub.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov, nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Renat Rüstəmov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova açılış mərasimində çıxış ediblər. Çıxışlarda Zəfər bayramı ərəfəsində təşkil olunan tədbirin şəhidlərə minnətdarlığın bir ifadəsi olduğu bildirilib və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyəti vurğulanıb.
Sərgi-satış yarmarkasında 10 şəhid ailəsi üzvünün 215 rəsm və əl işi təqdim edilib. Nazirlik və tabeliyindəki qurumların əməkdaşları həmin məhsulları alaraq onların fəaliyyətlərinə dəstək olublar.
Tədbir çərçivəsində 55 şəhid övladına robototexnika və təsviri sənət növləri üzrə master-klaslar da keçirilib. Sonda uşaqlara hədiyyələr təqdim olunub.






23-10-2024, 17:59
Gürcüstanda Azərbaycana qarşı mədəniyyət təxribatı


Gürcüstanda Azərbaycana qarşı mədəniyyət təxribatı

“Basqalı” rəqsi və "Bu qala, daşlı qala" Azərbaycan xalq mahnısı bəzi Gürcüstan kanallarında “erməni şalaxosu” kimi təqdim edilib.
Bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
Bildirilib ki, ötən il l noyabrın 3-də Gürcüstanın “1TV.GE” telekanalında yayımlanmış “Natalia & Datuna” şou proqramında Azərbaycan Respublikasının xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur “Basqalı” rəqsi ilə müşayiət olunan mahnı “Somxuri şalaxo”- “erməni şalaxosu” kompozisiyası kimi təqdim olunub.
Bu il sentyabr ayının 14-də isə Gürcüstanın digər televiziya kanalı “İMEDİ”də yayımlanan “Çveni şou” proqramında da “Basqalı” Azərbaycan rəqsinə (musiqisinə) yazılmış və Dodona Namoradzenin ifa etdiyi mahnı yenə “erməni şaloxosu” adı altında təqdim olunub.
Qeyd edilib ki, bu faktlar Gürcüstanın müxtəlifteleviziya kanalları vasitəsilə Azərbaycanın mədəni irs nümunələrinə, o cümlədən Azərbaycan musiqisinə münasibətdə növbəti erməni oğurluğunun nümayişi təsəvvürü yaradır və ciddi narahatlıq doğurur:
"Bu ilin 24 may tarixində “Rustavi” telekanalında yayımlanan “Paatas da Nikas şou” proqramında isə "Bu qala, daşlı qala" adlı Azərbaycan xalq mahnısı “Sənə sevgi söz verirəm” adı altında gürcü dilində təqdim olunub. Amma mahnının Azərbaycan xalq mahnısı olduğu qeyd edilməyib. “Bayatı-Şiraz” muğamı əsasında yaradılmış bu mahnı bütün Yaxın Şərqdə məşhurdur və çox geniş yayılıb, hətta Türkiyədə əhalinin əksəriyyəti şənliklərdə bu mahnını çalıb-oxuyur və onu Azərbaycan xalq mahnısı kimi ifa edirlər".
Vurğulanıb ki, “Rustavi” telekanalında "Bu qala daşlı qala" adlı Azərbaycan xalq mahnısı “Sənə sevgi söz verirəm” adı altında gürcü dilində təqdim olunarkən Azərbaycanın və Gürcüstanın üzv olduqları ÜƏMT-nin “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 15-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmayıb:
"Yuxarıda göstərilən faktlar eyni zamandaÜƏMT-nın Müəlliflik hüququna dair Müqaviləsinin, habelə“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında əqli mülkiyyətin qorunması sahəsində əməkdaşlıq haqqında Saziş”in tələblərinin də pozulması deməkdir".
Əqli Mülkiyyət Agentliyi yuxarıda göstərilənlərlə əlaqədar Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi "SAKPATENTİ"nin rəhbərliyinə məktub göndərib.
"Məktubda Gürcüstanın 1TV.CE, “İMEDİ” və “Rustavi” telekanallarında Azərbaycana məxsus olan “Basqalı” rəqsinin “Somxuri şalaxo” - erməni şalaxosu” kimi təqdim edilməsinin və “Bu qala, daşlı qala" adlı Azərbaycan xalq mahnısından istifadə olunarkən onun mənbəyinin və mənsub olduğu xalqın adının göstərilməməsinin səbəblərinin araşdırılaraq müvafiq tədbirlərin görülməsi, bu barədə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə məlumat verilməsi və bir daha belə halların təkrarlanmaması üçün məsələnin daim nəzarətdə saxlanılması xahiş edilib. Həmçinin bildiririk ki, hüquq pozuntularını təsdiq edən müvafiq materiallar da “SAKPATENTİ”-yə təqdim edilib", - deyə məlumatda qeyd edilib.
22-10-2024, 17:10
Muğam Mərkəzinə beynəlxalq status verildi


Muğam Mərkəzinə beynəlxalq status verildi

Beynəlxalq Muğam Mərkəzinə beynəlxalq status verilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Mədəniyyət Nazirliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
16-10-2024, 15:14
'' Kəlağayı yaşıl dünyaya töhfədir''

'' Kəlağayı yaşıl dünyaya töhfədir'' adlı tədbir və sərgi keçiriləcək.

19 oktyabr, 2024-cü il, 11:00 - dan 19:00- a qədər Bakı Xətai Sənət Mərkəzində Xətai Rayon İcra Hakimiyyətinin, Xətai Sənət Mərkəzinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılıgı ilə ''Sazlı, sözlu kəlagayı günləri'' layihəsi çərçivəsində '' Kəlagayı yasıl dünyaya töhfədir'' adlı tədbir və sərgi keçiriləcək. Sərgidə rəssam Gülnarə Məmmədovanın kəlağayıdan bəhs edən rəsm əsərləri, Güllü Eldar Tomarlının yaşıl dünyanı özundə əks etdirən əl işləri, yaşı əsrlərə söykənən qədimi kəlağayıları sərgilənəcək. Müasir
Basqal kəlağayıları da sərgidə nümayiş olunacaq.
#mirvariddilbazipoeziyaməclisi
7-10-2024, 17:00
COP29 dialoqlarına həsr olunmuş film nümayiş edilib


COP29 dialoqlarına həsr olunmuş film nümayiş edilib

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində “Əriyən qar üzərində” adlı film nümayiş edilib.
Film ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinə və COP29 dialoqlarına həsr olunub.
Filmdə belçikalı rəssam Sofie Kauvinin yaradıcılığı, əsərlərindəki təbiəti təsviri, sənətlə təbiətin vəhdəti əks olunub.
Qeyd edək ki, filmin müəllifi və prodüseri Mojtaba Bahadori, səs rejissoru Hassan Şabankareh, bəstəkarı isə Cavad Safaridir.
3-10-2024, 23:36
Klassik ziyalılığın müasir nümunəsi


Klassik ziyalılığın müasir nümunəsi

Azərbaycan tarixində elə nümunəvi, xeyirxah, vətən-millət qayğısına qalan qadın simalarımız olmuşdur ki, onlar bu günkü gənc nəslimizin qızlarına, qadınlarına ideal örnəkdirlər. Hənifə xanım Məlikova, Həmidə xanım Məmmədquluzadə, Şəfiqə xanım Əfəndizadə, Sona xanım Hacıyeva və s. adlar bu kateqoriyanın ən başda gələn simalarıdır. Elə bu günümüzdə də xalqa, vətənə bağlı qadın ziyalılarımız çoxdur. Bu yazıda haqqında söhbət açacağımız Azərbaycan qadını adının layiqli daşıyıcısı Nuranə Həsənovadır. Nuranə xanım torpağı bərəkətli, təbiəti bəzən dəniz kimi coşqun, bəzən də axar su kimi həlim, şəffaf, əhalisi mehriban olan Samux diyarının yetirməsidir.
Nuranə xanım 1984-cü ildə Samux rayonunun Çobanabdallı kəndində dünyaya göz açıb. Orta təhsilini həmin kəndin Həsən bəy Zərdabi adına tam orta məktəbində alıb. 2001-ci ildə 11-ci sinfi bitirib, Gəncə Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. Bakalavr və magistratura pilləsində təhsil alıb. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının “Etnologiya və Etnoqrafiya” ixtisası üzrə dissertantura pilləsində təhsilini davam etdirməkdədir.

Paytaxtımızda olduğu kimi, Samux şəhərində də 2013-cü ildən Heydər Əliyev Mərkəzi istifadəyə verilmişdir. Nuranə xanım 2018-ci ildə bu mərkəzə direktor təyin edilib. Bu günə qədər də o, ciddi məsuliyyət tələb edən vəzifənin öhdəsindən məharətlə gəlir. Heydər Əliyev irsinin, Azərbaycan tarixində yer almış görkəmli şəxsiyyətlərin xidmətlərinin, yaradıcılığının çatdırılmasını, xüsusilə də, yeni nəslin bu istiqamətdə maarifləndirilməsini Nuranə xanım özünün kredosuna çevirmişdir. O, bu maarifləndirici təbliğatı sadəcə bir vəzifə kimi deyil, bəzən sadə, sıravi vətəndaş kimi, lakin vətənpərvər, tarixinə, millətinə, milli ideologiyasına bağlı bir vətəndaş kimi şəxsi həyatının müxtəlif sferalarında: sosial media platformalarında şəxsi hesablarında qürurla aparır. Milli tarixi ilə bu qədər fəxr edən bir vətəndaşı görmək onun bir həmyerlisi kimi məni necə qürurlandırır, ifadə etməkdə çətinlik çəkirəm.
Vəzifəsinin öhdəsindən uğurla gələn Nuranə xanım Azərbaycanın ulu şairi Nizami Gəncəvinin yubileylərinə, anım günlərinə müxtəlif illərdə həsr olunmuş “Nizaminin sehrli dünyası”(2021), “Söz mülkündə sahib mənəm – Nizami Gəncəvi”(2022), “Nə qədər şair var, söz var, şeir var... Dünyada onlardan mənəm yadigar”(2024) və s. elmi-bədii konfransının, habelə tədbir və layihələrinin əsas təşkilatçısı olmuşdur. Bu layihələrdə Samux rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Könüllü teatr”ın könüllüləri xəmsədən səhnələr tamaşaya qoyublar. Qeyd etmək lazımdır ki, bu müəssisə ölkədə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri içərisində yeganə Mərkəzdir ki, "Könüllü teatr" fəaliyyət göstərir. Teatr 2020-ci ildə Nuranə xanım tərəfindən yaradılmışdır. Səhnəyə qoyulan bütün tamaşaların bədii rəhbəri elə Nuranə xanımdır. O, tamaşaçılara daha professional səviyyədə teatr tamaşaları təqdim etmək üçün bəzən bir əsərin üzərində yorulmadan aylarla çalışır. Bununla iş bitmir. Tamaşada rolların geyimlərini də özü hazırlayır.
Teatr fəaliyyətə başladığı gündən Azərbaycan və dünya mütəfəkkirlərinin əsərləri səhnəyə qoyulub. Teatr bölgədə gənclərin, rayon və kənd məktəbləri şagirdlərinin bədii zövqünün formalaşmasında böyük rola malikdir. Qeyd etməliyəm ki, vaxtilə mən özüm də o “Könüllü teatr”ın könüllüsü olmuşam... Bizim bu səmimi münasibətimiz də elə o zamandan yarandı. Cəmiyyət üçün maksimal faydalılığın təzahürlərini bu qadının simasında görə bilirdim... Bu baxımdan Nuranə xanım mənim təəssüratlarımda ideal bir vətəndaş, ictimai xadim və Azərbaycan qadınıdır...

Nuranə xanımın fəaliyyətində dil amili xüsusi həssaslıqla yanaşdığı bir məsələdir. Səlis danışmaq, dilin şəffaflığını, ədəbi dilin normalarını qorumaq və onun qaydalarına riayət etmək, dil mədəniyyətinə sahib olmaq, canlı danışıq dilinə malik olmaq onun işində vacib prinsiplərdəndir. Cəmiyyətdə dilin yerini – nüfuz dairəsini yüksək qiymətləndirən qadın ziyalımız Samux diyarının yeni nəslini həm milli dildə, həm də günümüzdə beynəlxalq dillər sırasında birinci yerdə duran ingilis dilində maarifləndirir. Samux rayon Heydər Əliyev Mərkəzində ilk dəfə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası ingilis dilində tamaşaya qoyulmuşdu. Mərkəzdə yaradılmış “Könüllü teatr”ın Samux rayon Tatlı kənd orta məktəbin şagirdləri bu çətin məsuliyyətin altından bacarıqla çıxa bilirlər. Və bu da həm şagirdlərin, həm də Mərkəzin ictimai fəaliyyətində uğurlu bir hadisədir...
Yuxarıda qeyd etdik ki, Samux rayon Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri ulu öndərin zəngin irsinin və məfkurəsinin təbliği ilə məşğul olur. Bu istiqamətdə Nuranə xanım bir çox özünəxas, maraqlı, orijinal tədbir və layihələrin təşkilatçılığını edib. Müxtəlif zamanlarda hazırlanmış “Azərbaycan mədəniyyətinin himayədarı-Heydər Əliyev” sərgisində, “100 şəkil-100 xatirə” layihəsində, “Heydər Əliyev və Azərbaycan gəncliyi” tədbirində və s. işlərdə Nuranə müəllimin xüsusi zəhməti var. Məsələn “100 şəkil-100 xatirə” layihəsində ulu öndərin 100 nəfərlə - alimindən tutmuş fəhləsinədək müxtəlif şəxslərlə fotoşəkli bir yerə toplanılıb. İdeyasının üzərində böyük həvəslə işləyən Nuranə xanım sonda əsrarəngiz bir sənət əsərinin ərsəyə gəlməsinə səbəb olur... Azərbaycan xalqının ümummili lideri Heydər Əliyev xalqın tərəqqisi üçün zəruri olan bütün sahələrin inkişafına öz töhfəsini verib, onların Azərbaycanda yüksələn dinamikasına ideal bir rəhbər kimi zəmin yaradıb. Bu, təhsil, səhiyyə, tarix, iqtisadiyyat, mədəniyyət, dil, din və milli məsələlər, eləcə də multikulturalizm və tolerantlıq kimi digər sahələrdə də belədir. Bütün bu şərəfli tarixi tədqiq və təbliğ etmək, gələcək nəsillərə ötürmək, onlara vətənpərvər ruh aşılamaq sevindirici haldır ki, məhz Nuranə müəllim kimi maarifçi qadının və onun simasındakı ziyalılarımızın vəzifə öhdəliyidir...

Azərbaycan fikir, milli ideologiya və mətbuat tarixində əhəmiyyətli yer tutan mütəfəkkir Əhməd bəy Ağaoğlu “Bəs bizim ziyalılarımız haradadır” məqaləsində yazır: “Siz peşələri ilə bağlı məsələlərdən başqa heç bir şey bilməyən, heç nə ilə maraqlanmayan insanları necə ziyalı adlandırırsınız? Məgər ictimai fəaliyyət ziyalılığın ümdə şərtlərindən biri deyilmi? Məgər cəmiyyət həyatı ilə bağlı məsələlərə nüfuz etmədən, ictimai işlərlə məşğul olmadan ziyalı sayılmaq mümkündürmü? Onda ən sıradan olan bir sənətkarla ziyalının nə fərqi var və s. və i.a.” Doğrudan da fərq nədədir? Yalnız diplomda? Əgər diplom öz sahibinə hər kəsə məlum olan borc hissi, ziyalını kütlədən fərqləndirən mənəvi və əxlaqi tələbat aşılaya bilmirsə, onun adi kağız parçasından nə fərqi var?”
Bu ibrətamiz cümlələri Ə.Ağaoğlu hələ XX əsrin əvvəllərində qələmə alırdı. O zamankı Azərbaycan cəmiyyəti inkişaf etmiş xalqlardan bir çox sahələrdə geridə idi və onu irəli aparacaq ziyalı ictimai xadimlər-milli kadrlar azlıq təşkil edirdi. Lakin dövrləri və faktları müqayisə edəndə bu gün aşkar fərq bizi sevindirir. Azərbaycan xalqının gələcəyi üçün narahatlıq və təlaşlarını ifadə edən dahi şəxsiyyətimizin bir əsr qədər ömrü olan məqaləsinə bu gün cavab vermək istəyirəm…
- Bizim ziyalılarımız buradadır, möhtərəm Əhməd bəy! Ziyalılarımız xalqımızı irəli aparmaq üçün əzmkar bir mübarizədədir. Elə fəaliyyətini kiçik bir yazıda qələmə aldığımız Nuranə xanım bu ziyalılığın mükəmməl nümunəsidir...

Lalə TURAN
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!