Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
14-03-2024, 13:36
“Avroviziya”da tətbiq olunacaq bir sıra dəyişikliklər açıqlandı


“Avroviziya”da tətbiq olunacaq bir sıra dəyişikliklər açıqlandı

İsveçin SVT yayım şirkəti 2024-cü ildə Malmödəki "Avroviziya" Mahnı Müsabiqəsini daha da maraqlı etmək üçün tətbiq ediləcək bir sıra dəyişiklikləri açıqlayıb.
Eurovision.tv bununla bağlı məlumat yayıb. İlk dəfə olaraq "Böyük beşlik" ölkələri - Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya və müsabiqənin ev sahibi İsveç təmsilçiləri mahnılarını yarımfinal zamanı canlı ifa edəcəklər.
Əvvəlki illərdə yarımfinal zamanı yuxarıda adları çəkilən ölkələrin hər birinin məşqindən yalnız qısa bir fraqment nümayiş etdirilirdi. İndi “Böyük beşlik” və İsveç “Avroviziya” səhnəsinə çıxaraq öz işlərini canlı yayımda tamaşaçılara nümayiş etdirə biləcəklər.
Mayın 7-də ilk yarımfinalda Almaniya, İsveç və Böyük Britaniya təmsilçiləri, mayın 9-da isə ikinci yarımfinalda Fransa, İtaliya və İspaniyadan olan iştirakçılar səhnəyə çıxacaqlar.
Finalda səsvermə qaydaları da dəyişir: indi bu, daha uzun sürəcək, çünki tamaşaçılar “Avroviziya 2024”ün ilk iştirakçısı səhnədə çıxış etdikdən dərhal sonra öz səslərini favoritə verə biləcəklər. Əvvəlki illərdə səsvermə tamaşadan sonra başlayırdı.
Səsvermədə "Avroviziyanın" iştirakçısı olmayan ölkələrdə olan mahnı müsabiqəsinin pərəstişkarları da iştirak edəcək. Onlara səs vermək üçün 24 saat vaxt veriləcək. Bunlar üçün onlayn səsvermə hər yarımfinal və finalın ikinci məşqi başa çatdıqdan dərhal sonra başlayacaq, canlı yayım başlayana qədər davam edəcək.
Müsabiqənin təşkilatçıları "Avroviziya 2024" zamanı tətbiq olunacaq daha bir böyük dəyişikliyi də açıqlayıblar: bu, daha sonra açıqlanacaq, eyni zamanda müsabiqənin bəzi aspektləri dəyişməz qalacaq, məsələn, münsiflər heyəti və tamaşaçılar tərəfindən səsvermə.
Hər bir iştirakçı ölkədəki milli münsiflər hələ də yalnız finala səs verəcək (yekun nəticənin demək olar ki, 50%-ni təşkil edir, 50%-dən bir qədər çoxu ictimai səsvermədən gəlir) və hər yarımfinalda ilk 10-luq ictimai səsvermə yolu ilə müəyyən ediləcək. Həmçinin həm yarımfinalda, həm də finalda nəticələrin təqdimatında heç bir dəyişiklik olmayacaq.
Qeyd edək ki, ölkəmizi yarışmada Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov təmsil edəcək.
12-03-2024, 20:58
“BİR İL NƏ TEZ ÖTÜB KEÇDİ...”


BİR İL NƏ TEZ ÖTÜB KEÇDİ...


Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında rektorun müşaviri, Tarix kafedrasının professoru, Əməkdar müəllim, Azərbaycan Yazıçı¬lar Birliyinin üzvü, ləyaqətli insan Musa Quluza-dənin vəfatından bir il ötür. Unudulmaz dostumuzun əziz xati¬rə¬sinə ehtiramla...


“Bir il nə tez ötüb keçdi...” Bu, Sizin sözünüzdür, Musa müəllim. “Dünyasını dəyişmiş həyat yoldaşım Zemfira xanım üçün “Sənsizlik” silsiləsindən esselər” başlıqlı yazınızı “Söz” jurnalında oxumuşdum. Nisgilli sözləriniz, səmimi etiraflarınız insanın ürəyini göynədir... “Hardasan” başlıqlı essenizdə təbiətinizə uyğun sakit, məsum halda itirdiyiniz ömür-gün yoldaşınızı haraylayırsınız. Bu “sakitlik” eyni zamanda ülvi, saf bir məhəbbətlə sevən, sevdiyinin qəfil itkisindən sarsılan həssas insan qəlbinin harayıdır, səssiz hayqırtısıdır...
Təəssüf... Çox təəssüf ki, bu gün eyni sözlər xətrinizi əziz tutan dostlarınızın dilində səslənir: “Bir il nə tez ötüb keçdi...”, “Hardasan?”, “Sizsiz çox darıxmışıq Musa müəllim! Yeriniz elə görünür ki...”
Bilirəm ki, ən əziz dostlarınızdan olan Xalq şairi Nəriman Həsənzadə, professor İbrahim Quliyev üçün də çox ağır itki oldu sizin yoxluğunuz. Bir-birinizə necə doğma, bağlı idiniz... Dəfələrlə aramızda bu barədə söhbət olmuşdu... “İbrahim müəllim çox etibarlı dostdur” deyirdiniz... “O cür insanları qorumaq lazımdır”.
Nəriman Həsənzadə də ömür-gün yoldaşı Sara xanımı itirdikdən sonra ona çoxlu şeirlər həsr etmişdi. Qınamışdılar ki, həyat yoldaşına şeir yazır. Nə qədər cahil, duyğusuz olmalısan ki, bu cür nümunə olası bir addımı rişxəndlə qarşılayasan.
Azərbaycanın tarix yazan şəxsiyyətləri, sərkərdələri, hökmdarları öz həyat yoldaşlarına abidələr ucaldıblar. İstər Nəriman müəllimin şeirləri, istərsə də Sizin esseləriniz ailə dəyərlərinin “can üstə” olduğu indiki zamanda gəncliyə böyük örnəkdir. Həm də bir xəbərdarlıqdır. Sağlığınızda bir-birinizin qədrini bilin, sevdiklərinizə çox zaman ayırın, deyirsiz bu etiraflarınızla...
Doğmalar yanımızda olanda onları vaxtsız, qəfil itirməyi ağlımıza gətirmirik, bəlkə də gətirməkdən qorxuruq. Onlara olunası diqqəti, sevgini çox vaxt arxa plana keçiririk. Qəfil bu itki səssiz, səmirsiz sənin başının üstünü alanda yanıb-tökülürsən. Yoxluqları ilə barışa bilmirsən. Onlar üçün edəcəklərini zamanın axarına buraxdığın üçün bir ömür əzab çəkirsən...
Deyirlər, torpağın üzü soyuqdur, heç kim ölənlə ölmür. Vallah boş söhbətdir. Doğmalar itkiləri ilə əzizlərinin ömründən bir parçanı da qoparıb özü ilə aparır. Və o yer daim göynəyir, sızıldayır...

Siz də bizə çox doğma idiniz. Yeriniz elə görünür ki... Təmkinli, səmimi, mehriban, qayğıkeş Musa müəllim!
Bizi 90-cı illərdə Xalq şairimiz Nəriman Həsənzadə tanış etmişdi. Nəriman müəllimin “Prometey” jurnalını işləyirdim, orada sizin esseniz də gedirdi. Şəklinizi ilk dəfə onda gördüm. Doğma insan təsiri bağışladınız görən kimi. Sanki illərdir tanıyırdım sizi. Bir gün də Nəriman müəllimlə mənim “Elm və həyat” jurnalı redaksiyasındakı darısqal iş otağıma gəldiniz. Nəriman məllim:
- Aliyə, bu mənim Musa qağamdı, tanış ol.
- Musa qağa, bu da bizim Aliyə.

İkimiz də güldük. Dedik biz artıq “tanışıq”. Siz bizdən biri-birimizə o qədər danışmısınız ki, sanki biz illərdir tanışıq. Beləcə doğmalaşdıq. Sizin bir kitabınızı da bir yerdə işlədik. Razı qalmışdınız.

Bu sözü sizin xətrinizi əziz tutan, sizin də ona böyük hörmət bəslədiyiniz, bir yerdə işlədiyiniz tarixçi-alimimiz Firdovsiyyə xanım üçün də demişəm, bu gün sizin üçün də deyirəm, Musa müəllim. Həyat qəribədir... İnsanları biri-birinə yaxınlaşdıran, doğmalaşdıran qan qohumluğu deyilmiş sən demə. Mənim üçün doğmadan-doğma insanlar var ki, onların uzaqdan-uzağa varlığı, hətta itirdiklə¬rimizin xatirəsi belə bəs edir ki, yaşamaq üçün stimulun olsun. Onların həyat yolunu, məsləhətlərini, tövsiyələrini həyat yoluna məşəl edib irəliləyəsən.
Akademik Cəmil Quliyevi, uzun illər “Respublika” qəzetinin baş redaktoru olmuş Teymur Əhmədovu, yazıçı Cəmil Əlibəyovu, “Elm və həyat” jurnalından mərhum Binnət Süleymanı həmişə ehtiramla xatırlayıram...
Bu gün Nəriman Həsənzadə, Firdovsiyyə Əhmədova, Ülkər Hüseynova, Sevda Əlibəyli, Şirindil Alışanov, Şəddat Cəfərov, Tərlan Əkbərov, Xatirə Həsənzadə, Şamil Qurbanov və b. qan qohumlarım deyillər, amma dar günümün dostu, məsləhət, güvənc yerimdirlər... Tək mənə yox, hamıya qarşı belədilər...
Siz də belə idiniz, mənə həmişə doğma olan Musa müəllim! Sizi daim hörmətlə, ehtiramla xatırlayacağam.
Əziziniz, “Hardasan” deyib harayladığınız Zemfira xanımla qovuşduğunuz yeni dünyanızda rahat uyuyun. Ruhunuz şad olsun!

Aliyə CAVANŞİR
12 mart 2024
11-03-2024, 16:47
Sabah Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olacaq


Sabah Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olacaq

Sabah Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olacaq.
Bunu Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında deyib.
Qazaxıstan Prezidentinə Qarabağın bərpasında göstərilən qardaş köməyinə, məhz qazax xalqının Azərbaycan xalqına hədiyyəsi və Prezident Tokayevin təşəbbüsü olan Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə görə təşəkkürünü bildirdiyini deyən dövlətimizin başçısı, həmçinin qeyd edib: “Azərbaycanın suverenliyinin bərpası məsələsində həmrəylik sözlərinə görə minnətdarıq. Əlbəttə, zənnimcə, Azərbaycanda hamı bilir ki, Qazaxıstan bizim etibarlı dostumuz və müttəfiqimizdir”.
11-03-2024, 14:45
Sertab Erener 21 ildən sonra yenidən “Eurovision”a hazırlaşır


Sertab Erener 21 ildən sonra yenidən “Eurovision”a hazırlaşır

“Eurovision” mahnı müsabiqəsi tarixində Türkiyəyə birincilik gətirən Sertab Erener 21 ildən sonra müsabiqənin şou hissəsində yenidən səhnə almağa hazırlaşır.
2003 "Eurovision" qalibi Sertab Erener İstanbulda verdiyi konsertdə 2024 "Eurovision" Mahnı Müsabiqəsini təşkil edəcək İsveçdən dəvət aldığını və müsabiqə gecəsi üçün hazırlıqlara başladığını açıqlayıb.
59 yaşlı Erener mayın 11-də İsveçin Malmö şəhərində keçiriləcək yarışmanın şou hissəsində "Everyway That I Can" mahnısını fərqli versiyada oxuyacağını açıqlayıb.
Türkiyənin sonuncu dəfə qatıldığı "Eurovision" Mahnı Müsabiqəsində ölkəni təmsil edən Can Bonomo 2012-ci ildə "Love Me Back" mahnısı ilə yeddinci olmuşdu.
Türkiyə 2013-cü ildə bal sistemindəki ədalətsizliyi əsas gətirərək "Eurovision"dan çəkilib.
7-03-2024, 21:39
Azərbaycanı "Avroviziya-2024"də bu il o təmsil edəcək


Azərbaycanı "Avroviziya-2024"də bu il o təmsil edəcək

İctimai Televiziya və Radio Yayımları Şirkəti "Avroviziya-2024" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adını açıqlayıb.
Bu il ölkəmizi İsveçin Malmö şəhərində Fahree - Fəxri İsmayılov təmsil edəcək.
Xatırladaq ki, bu il seçim prosesi 2 əsas mərhələdən ibarət olub. Birinci mərhələdə iştirakçılar yerli musiqi və səhnə peşəkarlarından ibarət jüri qarşısında mahnılarını canlı olaraq ifa ediblər. Yerli jüri səsverməsi nəticəsində 15 ifaçıdan 6-sı beynəlxalq jüri səsverməsinə keçə bilib. Fahree səsvermənin lideri olmaqla 2024-cü ildə Azərbaycanın Avroviziya təmsilçisi adına layiq görülüb.
Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq, bu ilki seçimlərdə hər bir ifaçı məhz Avroviziya səhnəsində ifa etmək istədiyi mahnı ilə iştirak edib. Qalib mahnıda müasir pop və ənənəvi etno elementlərinin sintezi əksini tapir.
İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək.
2-03-2024, 09:13
KİM ÜZR İSTƏMƏLİDİR KİTABININ MÜƏLLİFİ...


KİM ÜZR İSTƏMƏLİDİR KİTABININ MÜƏLLİFİ...

Mansurov Elçin Bilal oğlu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin həkimi, tibb üzrə fəlsəfə doktoru, əməkdar həkimdir.
İllərdi tanıdığım, pərəstiş etdiyim, böyük ürək sahibi, bütün insani keyfiyyətləri ilə sevilən, seçilən, həkimlik peşəsinin yüksək bilgili bilicisi, sadə, mehriban, iradəsi və peşəkarlığı ilə neçə-neçə xəstələrin şəfa tapmasında fədəkarlıq edərək, onların sağalmasına səbəb olan, qayğıkeş, cəfakeş bu vətən oğlu ilə sizlər də tanış olun...
Bu tanışlıqla, onun yazdığı kitabı əldə etməklə siz, Azərbaycanımızın ulu keçmişindən gələn və bu günə kimi böyük keşməkeşli yollar keçən millətimizin, xalqımızın, ölkəmizin, dövlətimizin çox ağrılı-acılı, zülmü yararaq qələbəyə çatan bu günkü tariximizi daha yaxşı mənimsəyib, gələcək nəsillərə çatdıra biləcəksiniz.

Çox sayda tarixi kitablar çap olunsa da Elçin Bilal oğlu Mansurovun yazdığı bu tarixi salnamə olan böyük həcimli, çəkili, zinətli, zəngin kitaba bənzəri yoxdur, demək əzmindəyəm...
Çünki bu kitab bütün qaranlıqlardan keçərək bu günkü Azərbaycanımızın Azadlıq işığı ilə nurlanıb, 44 günə qələbə sevincinin hadisələriylə üç rəngli bayrağımız Şəhidlərimizin sevərək canlarını qurban verməsi və qazilərimizin fədakarlığı nəticəsində ucaldığı və Dəmir Yumruqlu, Ali Baş Komandanımızın xalqımızla birgə Zəfər Bayramını qürurla qeyd etməsi haqqında yazılıb, əbədiləşdirilib…
Buna görə ölkəmizin zəkalı, ziyalı, müdrik oğlu Elçin həkim Mansurova ürəkdən, səmimi qəlbdən "Tanış olaq"jurnalının təsisçisi, 6 dildə "Yurdu talan xarıbülbül" kitabının müəllifi, vətənpərvər şairə olaraq təşəkkür edir və var ol Vətən oğlu deyirəm...
Allahdan uzun ömür, can sağlığı arzulayıram. Xalqımız üçün təmənnasız, gecə-gündüz dincəlməyən, xidməti ilə ucalan, xəstələrinin mehriban atası Elçin həkimimiz, Allah Sizi QORUSUN!!!

VERƏN ALLAH, QORUYANDI BİR HƏKİM...

İnsan oğlu, gəl anla bir sözümü,
Mən kəşf etdim yaşadıqca özümü.
Bu dünyaya baxan bir cüt gözümü,
Verən Allah, qoruyandı bir həkim..

Ol! Əmriylə yaradan O, Allahdı
Həkim ömrə ümid dolu sabahdı.
Hər ikisi inam, guman, pənahdı,
Verən Allah, qoruyandı bir həkim.

Əmanətdi can evimiz bizlərə
Taqət verib yaşamağa dizlərə,
Açıqlasam sığmaz fikrə, sözlərə
Verən Allah, qoruyandı bir həkim.

Naxoş oldun tələs dostum, qaça get!
Heç düşünmə, qapıları aça get!
Hərdən ona, sən də çalış dua et!
Verən Allah, qoruyandı bir həkim.

Gecəsi də, gündüzü də narahat,
Onun üçün çox ağırdı bu həyat.
Sənə deyər, əziz xəstəm, rahat yat…
Verən Allah, qoruyandı bir həkim…


YAŞA, AY HƏKİM

Əllərin qızıldı, zərdi, zinətdi,
Sözlərin məlhəmdi, minbir hikmətdi,
Baxışın ilahi, sanki xilqətdi,
Öz gözəl ömrünü yaşa, ay həkim.

Gülüşün süzülən şəfa bulağı,
Qayğılı cəmalın əridər dağı,
Yaranan hər bəndə dünya qonağı,
Öz gözəl ömrünü yaşa, ay həkim.

Yanaşıb, xəstənin sorsa halını,
Unudar ağrını, dünya malını,
Dərd etmə dövranın qalmaqalını,
Öz gözəl ömrünü yaşa, ay həkim.

Adınla vətənin öyünsün gərək,
Borcunu verməyə nələr eyləyək,
Tanrıdan canına sağlığ diləyək,
Öz gözəl ömrünü yaşa, ay həkim.


Nüyvər Şərifova
"Tanış Olaq"jurnalının təsisçisi,
6 dildə "Yurdu talan Xarıbülbül"poemasının müəllifi,
şairə, publisist.
24-02-2024, 16:21
Xocalıdan bəhs edən “13” adlı filmin təqdimat mərasimi keçirildi


Xocalıdan bəhs edən “13” adlı filmin təqdimat mərasimi keçirildi

Fevralın 24-də Nizami Kino Mərkəzində “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin ərsəyə gətirdiyi “13” adlı bədii-sənədli filmin təqdimat mərasimi keçirilib. Xocalı itkinlərindən 13 nəfərin naməlum taleyini araşdıran film QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Agentliyin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, əsir, girov və itkinlər mövzusuna müvafiq QHT layihələrində geniş yer verilməsi əsas prioritetlərdən biridir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi Eldar Səmədov itkinlərin axtarışı ilə əlaqədar işlərin son itkinin taleyi müəyyən edilənədək davam edəcəyini və artıq işğaldan azad edilən ərazilərdə 13 kütləvi məzarlığın aşkarlandığı bildirib.
Bədii-sənədli filmin müəllifi “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, telejurnalist və ssenarist Mübariz Əsgərov film üzərində peşəkar komandanın aylarla gərgin iş apardığını diqqətə çatdırıb.
Filmin rejissoru Elçin Elxanlı Xocalı soyqırımı mövzusunun ağırlığı və tarixi Zəfərin gətirdiyi təsəlli, ümid barədə danışıb.
Film 1992-ci ilin fevralında Xocalıda baş verən hadisələrə işıq salır. Belə ki, Xocalı soyqırımı zamanı 2 gün meşədə gizləndikdən sonra Dəhraz kəndi istiqamətində mühasirəyə düşərək girov götürülən bir qrup dinc əhali həmin kənddəki fermaya aparılır. Orada Ermənistanın müharibə cinayətkarları dinc insanlara amansız işgəncələr verir, fermada saxlanılan girovların içərisindən 13 nəfər gənc seçilərək naməlum istiqamətə aparılır. Həmin 13 nəfərdən bu günə qədər də xəbər yoxdur.
Təqdimat mərasimində çıxış edənlər itkinlər mövzusunda bu cür peşəkar işlənilmiş QHT layihələrinə, audiovizual əsərlərə, bədii və sənədli fimlərə böyük ehtiyac olmasından danışıblar.
Filmi fevralın 26-da saat 21:00-da AzTV-də izləmək mümkündür.
Bundan başqa, filmin ingilis dilindəki versiyası bu günlərdə xarici ölkələrdə də nümayiş olunacaq.
20-02-2024, 19:31
Mehriban Əliyevanın dəstəyi olmasaydı, mən bu gün əlil ola bilərdim - Cavanşir Quliyev


Mehriban Əliyevanın dəstəyi olmasaydı, mən bu gün əlil ola bilərdim - Cavanşir Quliyev

Azərbaycan dövləti, xüsusilə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi olmasaydı, ən yaxşı halda mən bu gün əlil ola bilərdim. Səhhətimdə yaranan problemlər məhz Mehriban xanımın yüksək diqqət və qayğısı, dövlətimizin dəstəyi nəticəsində aradan qaldırıldı. Bunun üçün Mehriban xanıma xüsusi təşəkkürümü bildirirəm.
Bu fikirləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev AZƏRTAC-a açıqlamasında ifadə edib.
Səhhəti ilə bağlı danışan bəstəkar deyib: “Sağlamlıq hər kəs üçün çox vacibdir, lakin, bəzən bunu unuduruq. Səhhətimdəki narahatlıq eyni vaxtda üç problemin yaranmasından irəli gəldi. Hazırda səhhətim qaydasındadır. Müalicə müddəti çox ağır idi. Bu müddət ərzində üç əməliyyat keçirdim. Mənim üçün ən sevindirici hal o oldu ki, əməliyyatlar nəticəsində hansısa qalıcı problem yaranmadı, hətta əvvəlki narahatlıqlarım da aradan qaldırıldı. Burada da əsas olan yardımın vaxtında edilməsi idi. Bu çətin vaxtda mənə dəstək olanlara minnətdaram”.
17-02-2024, 17:28
Cavanşir Quliyevin səhhəti normallaşıb


Cavanşir Quliyevin səhhəti normallaşıb

Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb.
Bu barədə “Report”a şəhid Mübariz İbrahimov adına məktəbin rəhbəri Aygün Həsənoğlu məlumat verib.
O bildirib ki, Cavanşir Quliyev müalicə olunduğu İstanbul Acıbadəm xəstəxanasında intensiv şəraitdən stasionar müalicəyə köçürülüb: “Reanimasiyadan palataya gətirlib. Bir neçə dəfə əmliyyat olunub, hazırda həkimlər səhhətinin yaxşılaşdığını və müalicələrə çox müsbət reaksiya verdiyini bildiriblər”.
Qeyd edək ki, fevralın 5-də İstanbulda işgüzar səfərdə olan sənətkarın səhhəti qəflətən pisləşib və o, Etfal Araşdırma Xəstəxanasına aparılıb, sonradan Acıbadəm Xəstəxanasına nəql edilib.
Bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.
10-02-2024, 14:24
Bir ata tanıdım…


Bir ata tanıdım…

REKVİEM
Bir ailə vardı. Bir-birinə bağlı olan, bir-birini ülvi hisslərlə sevən iki gəncin illər öncəsi qurduğu bir ailə. Ülvi sevgiləri yolunda hər kəsi qarşılarına alaraq əl-ələ tutan, ayaqlarını yerə möhkəm basan və bu ayaq izlərinin cığırına düşüb özləri üçün yeni bir cığır açaraq orada hər kəsin qibtə ilə baxdığı bir dünya qurdu bu iki gənc. Sevgi dolu dünyalarında xəyallar quran və bu xəyallarının gerçəkləşməsi üçün bir-birinə inanaraq yola çıxarkən bir məqsədləri vardı: nümunəvi bir ailə olmaq. Və beləcə illər keçdi və onların bir-birindən gözəl, ay parçası olan 4 qız övladları dünyaya göz açdı.
Sevgi və qayğı ilə böyüyən bu fidan balalar böyüdükçə aldıqları gözəl tərbiyə ilə hər zaman valideynlərinin başını uca tutdular. Kənardan hər zaman övladlarını seyr edərkən onlara qürurla baxan ata-ananın dillərində yalnız bir söz bitdi: “şükür!”.
Ot öz kökü üstə bitər deyirlər. Hər bir addımın təməlində doğru yol, düzgün tərbiyə, əxlaq dayanar. Təbii ki, 4 qız böyütmək, onlara gözəl tərbiyə, təhsil vermək asan bir iş deyildir. Lakin onlar bunu bacara bilmişdi. Bu ailənin xüsusi bir özəlliyi vardı. Qarşılıqlı hörmət, anlayış. Atdıqları hər bir addımda, verəcəkləri hər bir qərarda istər evin böyüyü, istər kiçiyi, fərq etməz, hər kəsin fikrini öyrənər, məsləhətləşər və daha sonra qərar verərdilər. Axşamlar süfrə hazırlanar, ata işdən evə gəlməyincə hec kim süfrəyə yaxın durmazdı. Ata gəlincə birlikdə əyləşib mehribanlıqla şam yeməyini yeyərdilər. Bu ailəni bir –birinə bağlayan xüsusi bir bağ vardı.
Bəli, bu bizim ailəmiz idi. Saymaqla bitməyən o qədər özəllikləri var ki, hər biri şirin xatirəyə dönərək hər an anılır bizim evdə… Valideynlərimiz əl-ələ verib, zəhmət çəkmiş, 4 gül balanı böyütmüşlər. Hər ailə kimi bu ailənində çətin zamanları çox olmuşdur. Belə çətin zamanlarda ən böyük dəstəyi məhz bir-birindən alan valideynlərimiz, yalnız irəli addımladılar. Bütün o illəri qələmə alsam bəlkə də “nümunəvi bir ailə” adlı gözəl bir kitab ərsəyə gətirmək olar (Və nə bilmək olar, bəlkə də nə zamansa bunu həyata keçirə bildim).
Beləcə aylar, illər keçdi. Bütün çətin günlər yavaş-yavaş geridə qaldı. Bu çiçəklər sevgidən güc alaraq böyüyüb ətrafa işıq saçdılar. Bu gün hər biri ailə-uşaq sahibi olub, valideynlərinin qürur duyduqları ailə başçısı olublar. Belə bir deyim var ki, insan valideynlərini özü seçmir. Belə olsaydı tam fərqli olardı. Lakin elə insanlar da olur ki, kaş ki deyib onları dəyişmək istəyir.
Amma həyatımızda dəyişməyən bir gerçək var, bu ailənin övladı olmaq. Heç vaxt bunun üçün kaş ki, deməmişik. Bu həyata yenidən gəlsəydik yenə də eyni ata-ananın övladı olmağı arzu edərdik. Bu bizə bəxş edilən ən böyük var-dövlət, ən gözəl nemətdir. Dilimizdə kaş ki deyil, şükür olub hər zaman. Elə bu minvalla istəyərdim ki, bir az ailəmizin baş qəhramanı, bizim qürur yerimiz olan Atamızdan danışım….
Bir ata tanıdım, uca boylu, məğrur baxışlı. Bir ata tanıdım, oturuşu, yerişi, sözü-söhbəti ilə böyükdən kiçiyə hər kəsin qəlbini fəth edən. Və bir ata tanıdım övladlarına qoyduğu ən böyük miras doğru yol, gözəl əxlaq, düzgün tərbiyə. Elə bir ata ki, bir kəliməsi, bir baxışı ilə anlayardın nə dediyini.
Atam bizim bu həyatda ən güvəndiyimiz sirdaşımız, saatlarla oturub söhbət etdiyimiz ən etibarlı dostumuz idi. O, bizim söykəndiyimiz ən uca dağ, ən qoca çinar idi. Bu həyatdakı ən böyük xosbəxtliyimiz idi elə bir atanın övladları olmaq. Və nə xoşbəxt bizə ki, o da bizimlə hər zaman qürur duyardı. Bizə güvənərdi hər zaman. Ata qız arasında elə bir sevgi vardı ki ölümsüz bir Ata oldu bizim üçün. İlk o anlayardı bizi. Gözlərimizə bir dəfə baxmaq kifayət edərdi anlasın kədərimizi, sıxıntımızı. İlk cümləsi bu olardı: “Bugün nəsə xoşuma gəlmədin, nə olub, sıxıntın nədir?”. Sonra uzun uzadı söhbət edərdi. Həyatın hər üzünü danışardı. Hər şey düzələcək, sizə inaniram, siz güclüsüz, başınızı həmişə dik tutun, ayaqlarınızı yerə möhkəm basın, həyat belədir, bala, deyərdi… Elə gözəl başa salardı ki, həyatı, çətinlikləri və onları həll etməyin yollarını. O bizim ən böyük müəllimimiz idi… Mübariz, şeirlər qucaq-qucaqdı.
Hər misran, hər kəlmən xeyir duadır.
Qiymətli daş-qaş da dünyada qalar,
Çalış qiymətini biləsən, qızım…


Biz onun həyatındakı ən gözəl bahar və o baharın ən ətirli çiçəkləri idik. O bizim ən qoca palıdımız, biz də o palıdın kölgəsində hər gün biraz daha böyüyən nazlı fidanlar idik. Atalar qızlarının qəhrəmanı və ilk sevgisi olur deyirlər. Sən bizi elə sevdin ki, əsla bir kimsənin sevgisinə sığınmadıq. Yaşanacaq ən böyük sevgini də, güvəni də səndə gördük, səndə yaşadıq. Sən bir şam oldun, hər zaman işiq saçan, biz də sənin pərvanələrin. Elə gözəl nazımızı çəkdin ki, sənin ərköyün, şıltaq qızların bu yaşda belə sənin başına yığılanda uşaq kimi oyunlar oynayar, sən də bizi izləyib gülümsəyərdin. Sənin yanında olmaq ayrica bir hüzur verirdi bizə. Amma hər baharın bir xəzanı olduğu kimi, bizim də baharımızın bir xəzanı varmış...
Təəssüf ki, bu xəzan bizim baharımıza çox tez gəldi. Bizim o vüqarlı, əyilməz, məğrur atamızı alıb apardı bizdən. Sakit səssiz. Bir sükut gəldi ömrümüzə. Bir hüzün çökdü çöhrəmizə. Baxışlarımız dəyişdi. Susqunlaşdıq. Hər şey donmuşdu sanki. Yavaş-yavaş anlayırdıq nələrin baş verdiyini. Qarşımızda uzun bir yol vardı. Sonsuzluga gedən, amma dönüşü olmayan bir yol. Təəssüf ki, bu yol bizim atamızı aparmaq üçün öz karvanını hazırlamışdı. Ürəyimizdə bir sim qırıldı. O simin qırılması ilə ciyərimizə bir od düşdü. Və o od alovlanıb bütün vücudumuza yayıldı. Həzin-həzin lay-lay dedik, yat dedik şirin-şirin. Biz çəkərik keşiyini. Süzüldü göz yaşlarımız yanaqlarımıza… Sonra alıb götürdülər yavaş-yavaş bizdən. Sonsuzluğun karvanında aldıq çiyinlərimizə, addım addım yeridik. Elə asta-asta addımlayırdıq ki, sanki vaxtı öldürürdük, biraz daha atamızın bizimlə qalmasın istəyirdik. Çox çətin və izah olunmaz duyğular yaşayırdıq. Son dəfə geri dönüb uzun-uzadı baxdıq. Gözün arxada qalmasın, Atam! Bundan sonra da sənin qürür duyacağın qızların olaraq yaşayacağıq deyib yola saldıq. Özünün də şeirində dediyi kimi:
Mübarizəm, başım uca istərəm.
Heç bir yerdə qalmaqalı sevmərəm.
Zəhmətimi sizə halal edirəm,
Allahı, Tanrını siz sevin qızım.


Sakit-sakit döndük evə. Ev sanki dəyişmişdi gedişinlə. Bir sükut çökmüşdü evin divarlarına. Evin hər yerində gözümüz ata axtarırdı. Hamı səndən danışırdı. İnsanların həyatında necə bir iz qoyduğundan, mərdliyindən, düzgünlüyündən, adın kimi həyatda hər şeyin yaxşısını əldə etmək üçün apardığın mübarizələrdən və ən əsası da insanlığından. Sənin yoxluğunu qəbul etmək çətin olsa da eşitdiklərimizlə qürur duyurduq. Hər kəs səni evdən yox, eldən getdi deyib ağlayırdı. Ölümsüzlüyünlə hər kəsin qəlbində dərin bir iz buraxmışdın. Sağlında qazandığın hörməti gedişinlə əbədiləşdirdin. Duyduqca qəhərlənir, sənsizliyin acısını iliklərimizə qədər hiss edirdik. Bir şeirində deyildiyi kimi:
Sənsizliyi zərrə-zərrə, damla-damla yaşayıram,
Acısını ayrı-ayrı hüceyrəmdə daşıyıram.
Könül yaram quruduqca, təkrar-təkrar qaşıyıram,
Bu dünyada ruh kimiyəm, bədənsizəm, çox sənsizəm.
Sakitcə bir kənara qısılıb hıçqıra-hıçqıra ata, deyib ağlayırdıq. Heç bir göz yaşı, heç bir təsəlli atasızlığımızı ovutmadı. Hicran odu yaman tez düşdü aramıza. Arzularımız, xəyallarımız yarımçıq qaldı. Nə biz səndən doyduq, nə sən bizdən doydun. Baxçanın heç solmayan güllərini soldurub getdin. Bizi çox tez böyütdün. Gedişinlə anladıq ki, böyümək necə olurmuş. Ömür kitabımızın səhifələrini vərəqlədikcə xatirələrimiz şirin bir nəğməyə çevrilib dilimizdən düşmür. Nə sözlər, nə də cümlələr kifayət etməz səni izah etməyə. Bir tək ümidimiz yuxulardı. Səni yuxuda görüb boynuna sarılmaq, danışıb səsini eşitmək. Yuxularımıza gəl, bizim nur üzlü atamız! Dəftərlərinin arasında bir vərəq tapdıq. Ağ vərəq və yazılan bir cümlə. O cümləni nə zaman və hansı hisslərlə, düşüncələrlə yazdığın bizə sirr olaraq qaldı. Yazımın sonunu sənin adından o cümlə və bir bənd şeirinlə bitirəcəm. “Əlvida həyatın ölən gün”…
Ulu Tanrım, budur səndən diləyim,
Mənim qızlarımın xətrinə dəymə!
Özün göndərmisən mələklər mənə,
Zəmilər əkdirib doldurdun dənə,
Verdiyin mələyin xətrinə dəymə!


Səni həmişə sevən, qızın AFAQ



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!