19-10-2021, 23:29
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində fəaliyyətlər davam edir. Oktyabrın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni yaradılmış əməliyyat (komando) hərbi hissəsində olub.
Bu barədə Müdafiə Nazirliyi xəbər verir. Açılış mərasiminə dəvət olunan Vətən müharibəsi qaziləri ilə görüşən Müdafiə naziri onların problemləri və istəkləri ilə maraqlanıb. Sonra Türkiyədə uzun müddətli “Komando hazırlığı kursu” keçmiş şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimi keçirilib.
Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla hazırlanmış hərbi qulluqçulara beretlər təqdim olunub. Mərasimdə çıxış edən Müdafiə naziri Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə böyük töhfə verən belə kursların davam etdiriləcəyini bildirib.
Hərbi hissənin ərazisindəki təlim mərkəzinə baxış keçirən nazir komandoların nümunəvi çıxışlarını izləyib. Sonda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birgə nahar edib.
19-10-2021, 21:40
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 060 vaksin vurulub.Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 604, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 456 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 226 083, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 976 945, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 249 138 təşkil edir.
Bütov.az
19-10-2021, 21:29
Bakıda şəhərdaxili marşrut avtobuslarında gediş haqlarının bahalaşacağı ilə bağlı məlumatlar yayılır.Məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev yayılan məlumatları təkzib edib.
O bildirib ki, bununla bağlı təmsil etdiyi qurum heç bir müraciət etməyib:
“İctimai nəqliyyatda gediş haqlarının tənzimlənməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətində deyil. Bu məsələlər Tarif Şurasının səlahiyyətindədir. Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı Tarif Şurasına heç bir müraciət etməyib”.
Xatırladaq ki, sonuncu dəfə Tarif Şurası 2018-ci ildə ictimai nəqliyyatda gediş haqlarının tənzimlənməsi ilə bağlı qərar verib. Qərara əsasən, Bakıda ictimai nəqliyyatda gediş haqları 20 qəpikdən 30 qəpiyə qaldırılıb.
Bütov.az