Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 12-02-2016, 15:49
"Azərbaycan ürəyimdə bir şah damardır"

Gülayə


Davamlı olaraq 42 illik əmək fəaliyyətinin 19 ilini qardaş Türkiyənin İstanbul şəhərində vəkillik peşəsinə həsr etmiş Dr.Nc. Çengiz Güneşin İstanbulda nəfis tərtibatla yenicə işıq üzü görən “Bilirkişilik mesleginde rapor düzenleme yönetimi və örnekleri” kitabını oxuduqca Artur Rembonun böyük uzaqgörənliklə söylədiyi bir fikrini xatırlamaqdayam: “Bəşəriyyət dahi bir körpənin, tərəqqinin qarşısında baş əyib, səcdə edir...” Bu, bütün sahələrdə belədi. Bütün sahələrdə əsl həqiqətin qapısını cəmiyyətin üzünə açan çalışmalar, elmi-nəzəri mənbələr həmişə xüsusi maraq doğurur. Belə çalışmalar əməllərin xeyirxah olması naminə xüsusi bilgi və məlumat verir. Bunun üçün biliklərə yiyələnmənin, bilikləri tətbiq etmtəyi öyrənmənin, xüsusi hüquqi və əxlaqi təcrübə toplamağın böyük əhəmiyyəti var. Çengiz Güneşin barəsində söz açdığım kitabı məhz bu dəyərləri, münasibəti özündə əks etdirir, oxucunu ilk növbədə faktların, həqiqətin üzünə dik baxmağa, həqiqətə hörmət etməyə hazırlayır. Həqiqətə xidmət isə ən başlıca əxlaq qanunudur. Bu qanunlar ilk növbədə normativliyi, yəni, gərəkli olmaları ilə diqqət çəkir. Bizcə, Çengiz bəyin sözügedən kitabı da ilk növbədə normativ dəyərləri, deməli, gərəkliliyi ilə dəyərli və faydalıdır.
"Azərbaycan ürəyimdə bir şah damardır"
"Azərbaycan ürəyimdə bir şah damardır"

Hələ XVIII əsrdə yaşayıb-yaratmış fransız materialisti Pol Anri Holbax faydalı olmağı ən böyük xoşbəxtlik adlandırırdı. Yazırdı ki, faydalı olmaq fəzilətli olmaq deməkdir, bu, başqalarının xoşbəxtliyinə cəhd etmək faktıdır.
Hesab edirik ki, Ç.Güneşin müəllif olaraq böyük zəhmət hesabına araya-ərsəyə gətirdiyi və hüquq sahəsində əldə etdiyi bilikləri ümumiləşdirən kitabının başlıca məziyyəti də onun faydalı olmasında, başqalarının xoşbəxtliyinə xidmət etmək cəhdindədir.
Böyük peşəkarlıq sayəsində araya-ərsəyə gəlmiş kitabda ekspert, mütəxəssis və ya ixtisasçıların öz sənətləri sahəsində mükəmməl hesabatlar hazırlamaları üçün nümunəvi örnəklərə müraciət etmələrinin vacibliyi xüsusi olaraq önə çəkilib. Çengiz bəy bu istiqamətdə iş prinsinlərindən sözün yaxşı mənasında bəhrələndiyi həmkarlarına sayğısını da dərin ehtiramla qeyd edir, təmsil etdiyi qurumun başkanı (Oda başkanı) Yahya Arıkana, ustadları Prof. Dr Münir Şakraka, Orkon Yılmaza, eləcə də həmkarları Emine Kalemə, Alican Sezerə, Tayyor Gülerə və başqalarına minnətdarlığını bildirir. Eyni zamanda vəfalı ömür-gün yoldaşı Gülsene xanıma bu çalışmalarını yapmaq üçün ona hər cür şərait və imkan yaratdığına görə təşəkkürünü bildirir. Müəllif bütün dəyərləri ilə Vətən, dövlət, millət və can-qan doğmaları olan övladları Saadet, Pinar, Cevale və ən kiçik nəvəsi olan Ali Samed Erdem üçün yaşamağının şükranlığını da xüsusilə qeyd edir.
İSMİMO Başkanı Dr. Yahya Arıkan kitaba yazdığı qısa tanışlıq yazısında qeyd edir ki, Odamız qurulduqdan sonra, TÜRMOV olaraq, Türkiyədə ilk dəfə 1996-cı ildə Bilirkişilik (ekspert, mütəxəssis, ixtisasçı) Egitim (təhsil) seminarı düzənləndi. Sonrakı illərdə, xüsusilə 2015-ci ildə mütəxəssis təhsili ilə bağlı məşğələ və seminarlar davamlı şəkildə faliyyətə başladı. Qurumun başlıca amacı ədalətə yön vermək, haqqın yanında olmaqdır. Bu istiqamətdə yorulmadan çaba göstərmək Odanın başlıca məramıdı. Dr. Yahiya Arkın sözügedən kitabın Türkiyədə bu istiqamətdə ilk araşdırma olmasını da önə çəkir. Faydalanılması mütləq lazım olan belə bir nəşrin mövcudluğunu təcrübəli qurum başkanının nəzərindən qaçmır.
"Azərbaycan ürəyimdə bir şah damardır"

Çengiz Güneş ana tərəfdən Borçalının bəylər bölgəsinə bağlıdır. Baba nəsli qədim, köklü Azərbaycan torpağı olan Borçalıda yaşayıb. Gürcüstanın Çaxmaq bölgəsinə bağlılıqları var. Bilinən odur ki, ötən əsrin əvvəllərində azərbaycanlılar dədə-baba torpaqlarından didərgin salınmağa başlayanda – köçhaköç deyilən böyük köç başlayanda ailələri qardaş Türkiyənin Qars şəhərində məskunlaşıb. O dönəmdə burada da yaşanan daxili və xarici problemlər səbəbindən Ərzurumdan köç etməli olublar. Ailə indinin özündə də varlığını qoruyan qədim Ədliyyə binasında yerləşib. Binanın pəncərə şüşələri olmadığından ana-nənələri şallarını pərdə tutarmışlar. Rahatlıq yox, problem və qarğaşalar isə başdan aşan bir durum... Demək olar ki, hər gün atəş, top səsi eşidilir. Rusların tezliklə Ərzuruma da daxil olacağından ehtiyat edən ata ailəsini götürüb Arpaçay qəzasındakı Kürac kəndinə köçməli olur, Çengiz Güneş 1950-ci ildə bu kənddə dünyaya göz açıb. Burada heyvandarlıqla məşğul olmağa başlayan ailənin 9 övladından ikincisidi. Qəriblik səbəbindən iç acısı çəkə-çəkə burada orta məktəbə gedib. Elə bir məktəbə ki, yazı lövhəsini rəngləmək üçün əli öpüləsi müəllimlərinin öyrətdiyi üsulla soba qurumuna yumurta ağı qatmaqla alınan boyanı çəkərmişlər. Alınan zəif boya ilə yazı lövhəsi qismən qara rəng alarmış... İndi təsəvvür eylə bu ömrün çəkdiklərini. Ağır, sıxntılarla dolu təhsil illəri, Qars Ticarət Liseyində 1970-1971-ci illərdə tamamlanan tələbəlik dönəminin sınaqları, hərbi xidmətdə keçən aylar, 1973-cü ilin Qars Süd fabrikində başlanan əmək fəaliyyəti Ankara Ticarət və Turizm Yüksək Öyretmen Okulunun mühasibat bölümünün məzunu olduğu zamanların sevinci indi onun üçün unudulmaz xatirələrə dönüb. Müdir yardımçısı, mühasib, mühasibat üzrə müdir kimi çalışdığı çeşidli anlar onu Qars, Bolu, İsmir, Çorum və nəhayət İstanbul sınırlarının yolçuluğundan keçirdi. Bütün hallarda şərəf və ləyaqətini qorumaq, halallıqla yaşamaq, dövlətə sədaqət hissini qorumaq Çengiz Güneşin həyat amalı, prinsipi olub. Özəl təşkilatların ən yüksək əmək haqqı verməklə onu işə dəvət etmələrini belə yaxına buraxmayıb. Ömrü boyu təhsilini artırmağa səy göstərib. Mərmərə Universitetinin Bank və Sığorta işləri şöbəsində katib kimi çalışmışdı. 1996-cı ildə həsrətlə gözlədiyi Mali Müşavirlik bürosu fəaliyyətə başlaması onun həyatında yeni və daha miqyaslı bir yolun başlanmasına rəvac verdi. Bu yöndən o, İstanbul Mali Müşavirlər Odasının qurucularından biri olan, belə deyək ki, öz fəaliyyəti boyunca bütöv bir mühasibat akademiyası kimi fəaliyyət göstərən Yahya Arıkanı həmişə özünə ustad, Oda Başkanı olaraq böyük hami hesab edir. O biri yöndən də ömrün 42 illik sənəsində ona arxa-dayaq olmuş ömür-gün yoldaşı Gülsene xanımın haqqını daim uca tutur. Azərbaycan sevdalısı olan Çengez bəy bütün həyatı boyu fəal, çalışqan bir tərəkəmə balası olmağının fəxarətini yaşayıb. İmkan tapdıqca canı kimi əziz tutduğu Azərbaycanımızı ziyarət edib, saz-söz məclislərinin, mədəniyyətyönümlü tədbirlərin iştirakçısı olub. Oturub-durduğu məclislərdə yorulub-usanmadan Azərbaycan insanının qonaqpərvər, qədirbilən olmasından söz açıb. Fəaliyyətində birmənalı olaraq haqqa, halallığa tapınıb. Yaxşı bilir ki, rüşvətlə və hər cür dolayı yolla qurulan işlərin nə dövlət idarəçiliyində, nə də dində yeri yoxdu. O, bütün qəlbi ilə Azərbaycan aşiqidi. İstanbulda və Bakıda olan dost-qardaş görüşlərimizdə, halal süfrə başında, çoxsaylı mədəniyyət tədbirlərində Çengiz Güneşi etibarlı və sayğılı görmüşük. Azərbaycan adı gələn yerdə ürəyinin nanə yarpağı kimi titrəməsinin şahidi olduğumuz nə çoxdu... Elə bu doğmalıqla, əzizliklə başlayıb həmişə söhbətlərimiz. Deyir ki, bütün dünyada yaşayan canlılar doğulduğu yerdən daha çox doyduğu yerdə yaşayırlar. Bunsuz ötüşmək mümkün deyil. Ancaq qarşılığında çox dəyərli bir atalar sözümüz də var; deyir, bülbülü atın qəfəsə, dayanıb-durmadan “Ah, Vətən!” – deyə ötəcək. Deyir ki, İstanbulda yaşayan qarslıyam, ən önəmlisi Azərbaycan kökənli Qafqaz uşağıyam, bu durumumla fəxr edirəm. Deyir ki, bizdə nanə yarpağı çox qiymətlidir. Bu, elə bir bitkidir ki, baxçamızda 20 ildən artıqdı nə qədər torpağı əkib, altını üstünə çeviririk, üzərinə əlavə torpaq daşıyırıq, baxırıq ki, o nanə yarpağı yenə ortaya çıxır. Deyirlər ot kökü üstə bitir. İndi bu nanə yarpağı kimi qəlbimin titrəməsi torpağımı sevməyimdəndir. Bu torpaqlar Qafqazdı, özəlliklə Qarabağdır, Gəncədir, Bakıdır, Borçalıdır; Ata-babaların at üstündə, səfalı dağlarda, yaylaqlarda dolaşdığı, qayalar altında barındığı, qaçhaqaç adlanan zülümdən qurtulub gəldiyi torpaqlardır. İndi mənim Can Azərbaycana olan sevdam, sevgim buradan gəlməkdədi... Bütün Qafqaz kökənli türklərin tək bir ünvanı var; adı Azərbaycan türkləridi. Bu papağın altındakı yeganə yer Azərbaycandır. Bunun başqa tərəfi yoxdur. Azərbaycanı yalnız Bakıya gəlişimlə, Qız qalasını, Dövlət Opera və Balet Teatrını ziyarət edərkən, Şəki, Kəlbəcər pitisini yeyərkən sevmədim... Azərbaycanı dünyaya göz açdığım, yeriyib-yürüməyə başladığm anlarda, radio dalğalarında dinlədiyim şərqilərdə, babamın sazına havalanan “Atüstü zarıncı”, “Koroğlu”, “Qaraçı” havalarını ruhuma hava kimi çəkdiyim anlarda, anamın “bu uşağın ayağı yalındır, üşüyəcək” deməsində, telimi daramasında, təknədə çimdirməsində sevdim... Azərbaycanı radio dalğalarının “Danışır Bakı” səslənişilə sevdim. Azərbaycan radiosu o zaman o səslənişi dinləmək üçün bəklənirdi. Eşq, sevgi oradan başlanmışdı. Mən yurd-yuvasından didərgin düşmüş eski qaçqın törəməsiyəm. Bizlərə Marangöz (Xarrat) Həmidin cocuqları deyərlərmiş. Belə söyləyir, belə xəyallanır Abduləziz kişinin yadigarı Çengiz Güneş. Deyir ki, “hər bacarıqlı, qalib kişinin arxasında bir mərd qadn dayanır” söyləyənlərlə qəlbən şərikəm. Qadının sənə dəstək olmazsa, ürəyin istəyən yerə havalana bilməzsən. Həyat yoldaşım Gülsene bu baxımdan həmişə qolum-qanadım olub. Çoxsaylı dost-tanışlarıma ürəyimcə süfrə açıb. Həyat yoldaşm və mənim özümün qonaqpərvərliyimiz ata-baba ənənəsindən gəlir. Gözümüzü açıb eşitmişik ki, əgər iki otağın varsa, onun birini mütləq qonaq üçün ayır. Dostluq önəmli və zor bir işdi. Bu, mənəviyyat işidir. Daha çox dar gündə bəlli olar. Dostluq içində sevgi dəyərlərini barındıran bir dəyərimizdir. Dostluq paylaşmaq, fədakarlıq deməkdir, yanında olanı hiss etməkdir. Gerçək dostluq bitən deyil. Biz dostluğu sizlərdən öyrəndik.
"Azərbaycan ürəyimdə bir şah damardır"


Dost, müsafir ağırlamağa hər zaman vaxt ayırmağı ləyaqətlə bacaran Çengiz Güneş həm də vaxt qədri bilən bir insandı.

Yaxşı bilir ki, zamanın dini yoxdu. Zaman bütün yaranmışlar içində tartışmasız bir yaşam tərzidir. Kəpənəyin ömrü bir gündür. Demək ki, sənin boş keçirdiyin bir günlük vaxt ərzində bir canlı dünya bir günlük vaxt ərzində gəlir, yaşayır və ölür. Vaxtın qiyməti bundadır. Vaxtı boşuna keçirmək öz hüququnu qorumamaq kimidi. Bizlərdə deyərlər: “Gec gələn ədalət deyildir”. Uzada bilmədiyin bir ömrü qısaltmağa haqqın, hüququn varmı? Əlbəttə yox! Yoxsa, deməli, vaxt çox qiymətlidir. Hər vaxtın öz hüququ
var. Sizlər “hər vaxtınız xeyir” deyərsiniz... Çox qiymətli deyimdi. Burada vaxtın qiymətini söyləyirsiniz, vaxtın qiymətinə sayğılı olursunuz. Gözəl bir işdi...
Coşğun, yenilməz bir Atatürk sevdalısı kimi görüb-tanıdıq Çengiz bəyi. Bu səbəbdən daha çox doğmalaşdıq. Heç bir halıyla o böyük insanın ölümünü qəbul etmir Çengiz bəy. Bu fikri sevimli övladlarına, nəvələrinə də dərindən-dərin şəkildə aşılayıb.
Çengiz Güneşin fikrincə ədəbiyyata, saza-sözə yaxın olmayanlardan ünlü hüquqşünas, hüquq müdafiəçisi ola bilməz. Hüquqdan bəhs edənlər özləri də bilmədən ədəbiyyatdan, şeirdən söz açmış olurlar. Hansı hüquq müdafiəçisi danışmadan, yazmadan icraat yapa bilər.. Onun yapdığı icraatın təməli ədəbiyyatdır, maddələri şeirdir. İnsan haqqını qorumaq əsl ibadət işidi. İnsan haqları ədəbiyyat və mədəniyyət sahələri ilə sıx bağlıdı. Analarımız beşik başında bizə layla çalarkən söyləyərlər:
Şirin-şirin yat, ay bala,
Boya-başa çat, ay bala.
Sən də bir gün öz səsini
El səsinə qat, ay bala...

“Səsini el səsinə qat, ay bala” nə deməkdi bəs? Bu elə səsini haqq səsinə qoş deməkdi də! Xalqın səsi elə haqqın səsidi. Onu qorumaq, yanında olmaq gərəkdi. Xalq nəğmələri bizi həmişə saflığa, haqq-ədalətə çağırıb. Bu səbəbdən çoxları vəsiyyət edir ki, mənim tabutumu xalq musiqisi ilə götürün. Almaniyada yaşayan Güler Duman adlı şərqiçimiz oxuyur ki, “Məni türkülər ilə götürün”. Bu üzdən vəsiyyətim var; günlərin birində haqq dünyasına yola salarkən məni hər hansı bir xalq musiqisi ilə yola salsınlar; kaman, tar və balaban çalınsın üstümdə. Atam, babalarım vaxtilə İqdır televiziyasında Zeynəb Xanlarovanın oxumalarını dinləmək üçün Qarsdan İqdıra 204 kilometr yol qət edirlərmiş. Sevgimiz bu qədərdir... Bu bizim haqqımızdı, haqqımıza doğru getdiyimiz yoldu, haqlı olan insan ədalətin haqqını aldığı zaman özünü çox xoşbəxt hesab edir. Eyni zamanda bu, bir ibadətdi. Təbii ki, gördüyü işlərin qarşılığında haqqı müdafiə edən adam maddi olaraq qazanc da əldə edir. Ancaq məsələnin mənəvi tərəfi daha üstün, daha əhəmiyyətlidir. Çünki haqq edənin yanında ola bilirsən və o zaman xoşbəxt olursan...
Təbii ki, həyat ağrı-acısız deyil. Acı çəkməyən insan su içində günəş görməyən yosun kimidi. Belə hallarda insanın yanında olmalı, onun haqqını qorumalı, tərəfini saxlamalısan. Yoxsa insan əyilər, sınar, yaşamaq marağını qeyb edər. İnsansa yaşamaq istəyir, yaşamaq uğrunda mücadilə aparır. Yaxşı deyiblər ki, bir toplumda sevgi dolu duyğular ölkənin ədəbiyyatına, sənətinə, gündəlik fəaliyyətə, memarlığına daxil olmamışdısa, onlarda əksini tapmamışdısa o toplumda ədalətin zəfər çalması mümkün deyil. Gerçək ədaləti uyğulamayan toplum özünü cəzalandırmış olur.
Düşündüklərini belə anladır Çengiz Güneş.
Ölkəsində 57 ildən bəri fəaliyyət göstərən müstəqil vəkillik qanunlarına sədaqətlə yanaşan Çengiz bəy bu qanunun üstünlüklərini sevə-sevə şərh edir:
Eyni zamanda Sərbəst Vəkillər Odası başqanı Dr Yahya Arkının tərəfindədi ki, bu “sərbəst” kəlməsi aradan qaldırılmalıdı. Çünki heç bir məslək sahibi özbaşına, yəni sərbəst anlamda görəv yapmamaqdadır. Görülən işlər yalnız hüquq çərçivəsində həyata keçirilməlidir. Qanunlara söykənmədən fəaliyyət göstərənlər müşavir yox, söylənəni protokollaşdıran katib olur. Cəmiyyət bütün problemlərin hüquqi yolla çözülməsinə möhtacdır. Hüquq sahəsi həmişə, hər yerdə öndə olmalıdır. Hər bir hüquq işçisi öz ruhunu zədələmədən daim haqlı tərəfin yanında olmalı, xeyirə, haqqa xidmət etməlidir. Ölkəsinin azadlığı naminə ömrü boyu mücadilə edən Fələstin lideri Yasər Ərafat Kıbrıs Cümhurbaşkanı Rauf Denktaşa deyir ki, çox şanslısınız, çünki dünyadan köçəndə dəfn olunacağınız bir vətən torpağı var. Mən öləndə isə hara gömülə biləcəyim bəlli deyil... Bu rəhmətlik cinayətmi etmişdi? Suçumu vardı? Xeyir, sadəcə olaraq vətən mücadiləsi etmişdi. Qanun onun tərəfindəydi. Mütərəqqi bəşəriyyət onun tərəfində durmağa borcluydu. Bu gün Azərbaycan Dağlıq Qarabağ probleminə düçar olub. Dünyadan dəstək istəyir. Bu, onun haqqıdı. Bu haqqın bərqərar olması üçün mücadilə aparmalı, birləşməliyik. Dünya Xocalı soyqırımını tanımalıdı. Bu işdə Türkiyə həmişə Azərbaycanın yanındadı və bu, bizim qardaşlıq borcumuzdur. Bu. həm də haqqın yanında olmağımızdan irəli gəlir,
Doğru olanı, haqq olanı söyləyir Çengiz bəy. 1973-cü ildən bəri fasiləsiz olaraq fəaliyyət göstərdiyi sahədə həmişə haqq olanın tərəfində dayanıb, iş prosesində əldə etdiyi bilgiləri yuxarıda haqqında bəhs etdiyimiz kitabında əks etdirməyə çalışıb. Çengiz bəy böyük fəxarət hissiylə açıqlama verir ki, mən bu kitabı para qazanmaq üçün hazırlamadım. Məqsədim odur ki, 18 illik zəhmətimin bəhrəsi olan bu kitabdan məndən sonrakı müstəqil biliklə məşğul olanlar bəhrələnə bilsinlər, öyrənsinlər, ehtiyacı olanlar faydalansınlar. Nə qədər ömrüm var, sadəcə, “sağ ol” desinlər, ömrüm bitincə fatihəmi oxusunlar, ruhum dincəlsin. Bilim ki, haqla, ədalətlə yaşadım, pisliklərə qarşı mücadilə apardım. Həyatın, ömrün mənası, ləzzəti bundadı...

"Bütöv Azərbaycan" qəzeti
11 fevral 2016-cı il


Paylaş



Bölmə: Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!