Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov rəhbərlik etdiyi qurumun dəstəyi və təşkilatçılığı ilə 2-5 dekabr tarixlərində baş tutacaq “Bakutel-2015” XXI beynəlxalq sərgi-konfransının təşkili məqsədilə hazırlanmış Tədbirlər Planını təsdiq edib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirlər planı, həmçinin “Digital Single Market” adlı konfrans və nazirlər toplantısının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elm və texnologiya sahəsində əməkdaşlıq üzrə nazirlər toplantısının, III Azərbaycan-Belarus İKT forumunun, informasiya cəmiyyətinin inkişafı üzrə yüksəksəviyyəli işçi qrupunun iclasının, II Azərbaycan-İsrail İKT forumunun, “İKT İnnovasiyalarının Regional İnkişaf Mühitinin Yaradılması” devizi altında III “Regional İnternet İdarəçilik Forumu Azərbaycan” (RİFAZ 2015) tədbirinin, “Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi layihəsi” və UNDESA-nın birgə təşkilatçılığı ilə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş “Təkmilləşmiş dövlət xidmətlərinin çatdırılması üçün e-hökumətin təbliği” adlı seminarın və RYTN və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Big data: imkanlar, multidisiplinar problemlər və perspektivlər” respublika elmi-praktiki konfransının təşkili məsələlərini də ehtiva edir.
Tədbirlər Planında Bakı Ekspo Mərkəzində sərginin keçirilməsi ilə əlaqədar 11 min kvadrat metrlə təchiz olunmuş sahənin, konfrans zallarının və təşkilati işlərin görülməsi üçün nəzərdə tutulan otaqların icarəyə götürülməsi, Bakı Ekspo Mərkəzində və tədbir ərəfəsində təşkil olunacaq digər iclasların keçiriləcəyi məkanlarda lazımi texniki və ofis avadanlıqlarının təşkili, tədbirlərin tərcüməçilərlə təmin olunması, eləcə də tədbirlərin təşkilinə nazirliyin şöbələri və istehsalat birliklərinin nümayəndələrinin cəlb olunması, tədbirlər üçün çap materiallarının hazırlanması nəzərdə tutulub.
Tədbirlər Planına görə, tədbir mətbuatda işıqlandırılacaq və tədbirə mətbuat nümayəndələri dəvət ediləcək.