Polis əməliyyat keçirdi, narkotacirlərin səs yazıları yayıldı - VİDEO
Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Xırdalan şəhəri, Masazır, Novxanı, Saray və digər qəsəbə ərazilərində silsilə əməliyyatlar həyata keçirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbirlər zamanı paytaxt sakinləri Əvəz Alışov, Rövşən Qurbanov, əvvəllər məhkum olunmuşlar Hacıəli İmanov, Orxan Vəliyev, Təbriz Cəfərov və Sərdar Əsgərov saxlanılıblar. Onlardan, idarə etdikləri avtomobillərindən, paytaxt və Abşeron rayonun müxtəlif ünvanlardakı mənzillərində 5 kiloqrama yaxın heroin, marixuana, metamfetamin və psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirilən narkotikləri satmaq məqsədi ilə əldə etdikləri müəyyən olunub. Qeyd edilib ki, saxlanılan şəxslər narkotiklərin bir qismini “izi” itirmək məqsədi ilə qəbirstanlıqda məzar daşlarının yanında gizlətməkdən belə çəkinməyiblər. Faktla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanda keçirilən Avropa çempionatının qalibi olub. Qrossmeyster bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. Azərbaycan yarışda 10 şahmatçı ilə təmsil edilib.
Müsavat Partiyasının mayın 4-də keçiriləcək qurultayında başqanlığa namizədlərdən biri İsa Qəmbər olacaq. Bu barədə Partiyanın mətbuat xidməti məlumat yayıb. İsa Qəmbər bu haqda qərarını qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin aprelin 29-da keçirilən iclasında açıqlayıb. Bundan əvvəl Natiq Ulubəy və Osman Kazımov başqanlığa öz namizədliklərini irəli sürüblər. 1957-ci il fevralın 24-də doğulan İsa Qəmbər Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, 1979-cu ildən elmi fəaliyyət göstərib. 2014-cü ildə başqan postundan gedən İsa Qəmbər partiya Məclisinin üzvüdür.
29.04.2024-cü il tarixində saat 10:10 radələrində 2004-cü il təvəllüdlü şəxs Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib. Bu barədə TƏBİB məlumat yayıb. Gətirilən zaman vəziyyəti-ağır, huşu aydın, sol ayağının pəncəsinin travmatik amputasiyası, yara yerinin arterial qanaxması, yara yeri çirkli olub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir. Qeyd edək ki, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlayıb. Məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda araşdırma aparılır.
Bakıda restoranda yanğın - İşçilər tüstüdən zəhərləndi
Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış 1 ədəd kompressor yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Yanğın zamanı 3 nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sədərək rayonunda sursat partlayışı nəticəsində 2 nəfər həlak olub. Bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında deyilir. Belə ki, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olub. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunmaqla zəruri prosessual hərəkətlər icra olunub. Faktla bağlı Sədərək rayon prokurorluğunda araşdırma aparılır.
Muxtar Babayev G7 nazirlər toplantısında iştirak etdi
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev G7-nin İtaliyanın Turin şəhərində keçirilən İqlim, Enerji və Ətraf Mühit Nazirlər Toplantısında iştirak edir. Bu barədə COP29 məlumat yayıb. “COP29 Turində G7-nin İqlim, Enerji və Ətraf Mühit üzrə Nazirlər Toplantısında iştirak edir”, – məlumatda bildirilib. COP29-un yaydığı şəkillərə əsasən, Muxtar Babayev tədbirdə çıxış edib, italiyalı həmkarı Cilberto Piketto-Fratinlə görüşüb.
Azərbaycana dəstəyinə görə minnətdarıq - Ukraynanın yeni səfiri
Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev ölkəsinin yenidən qurulmasında Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Bu barədə diplomat sosial şəbəkədə yazıb. “Bu gün [akademik] Zərifə Əliyevanın doğum günündə İrpin Azərbaycan Mədəniyyəti Gününü qeyd edir. Ukraynanın yenidən qurulmasında, xəstəxananın, məktəbin və s. bərpasında Azərbaycanın dəstəyinə görə minnətdarıq. Azərbaycan və Ukrayna arasında dostluğun möhkəmlənməsində əməyi olan hər kəsə təşəkkür edirik!”, – o yazıb.
Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır - Ermənistan XİN
Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi bildirib. Məlumata görə, Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşmaq üzrədir və yaxın vaxtlarda Türkiyə tərəfinə göndəriləcək. Marqara-Əlican keçid məntəqəsinə gəlincə, orada təmir işləri yekunlaşıb. Sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir.
Mikayıl Cabbarov “Saudi Aramco” prezidenti ilə görüşdü
İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanına səfəri çərçivəsində krallığın “Saudi Aramco” şirkətinin prezidenti və baş icraçı direktoru Amin Nasserlə görüşündə enerji sahəsində birgə fəaliyyət imkanlarını nəzərdən keçirib. Bu barədə nazir sosial şəbəkədə bildirib. “Səudiyyə Ərəbistanı Krallığına səfərimiz çərçivəsində "Saudi Aramco" şirkətinin prezidenti və baş icraçı direktoru Amin H. Nasser ilə görüşdə ölkəmizdə xarici sərmayədarlar üçün yaradılmış şərait, energetika sektorunda birgə fəaliyyət imkanları və hasilat layihələri üzrə əməkdaşlıq potensialı barədə müzakirələr apardıq.”, – iqtisadiyyat naziri qeyd edib. Xatırladaq ki, daha əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunun “Qlobal əməkdaşlıq, artım və enerji inkişafı” tədbirində iştirak edəcəyini bildirmişdi.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!