Ceyhun Bayramov iranlı həmkarıyla telefon danışığı aparıb
7 və 8 aprel 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Azərbaycan XİN-dən verilən məlumata görə, tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər. Telefon danışığı zamanı iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb. Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub. Nazir Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb. Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.
Televiziya əməkdaşları İran səfirliyi qarşısında təyziqə məruz qaldı
AzTV əməkdaşları İranın Azərbaycandakı səfirliyinin qarşısında hücuma məruz qalıb. QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən verilən xəbərə görə, AzTV əməkdaşları iranlı diplomatların hələ də Azərbaycan ərazisini tərk edib-etmədiyi ilə bağlı məlumat əldə etmək məqsədilə İran səfirliyinin önünə gəlib. Obyektivliyi təmin etmək üçün məlumatı dəqiqləşdirmək istəyən AzTV əməkdaşları səfirliyin tərcüməçisi olduğunu bildirən şəxsin hücumuna məruz qalıb. Qeyd edək ki, İran səfirliyinin 4 əməkdaşı rəsmi Bakı tərəfindən persona non qrata elan edilib. Həmin şəxslərin 48 saat ərzində ölkəni tərk etməsi tələb olunub.
İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə “persona non grata” elan edilməsi ilə bağlı İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 7 aprel tarixli şərhi qərəzli və emosionaldır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib. "Azərbaycan tərəfindən görülmüş tədbirin qonşuluq prinsiplərinə zidd olduğu barədə İran tərəfinin iddiası ilə bağlı bildiririk ki, Azərbaycan ərazisində qanunsuz fəaliyyət qonşuluq əlaqələri ilə uzlaşmır və cavab olaraq atılan addımlar Vyana Konvensiyası çərçivəsindədir. İslam həmrəyliyi dindən siyasi məqsədlər üçün istifadəni, müsəlman qonşuların daxili işlərinə müdaxiləni istisna edir, eyni zamanda digər müsəlman ölkənin ərazilərinin hərbi işğalına dəstəyi ehtiva etmir. Azərbaycan öz qonşuları ilə münasibətləri daim qarşılılıq prinsipi əsasında qurub və bu münasibətlərin pozulmasında heç zaman maraqlı olmayıb. Azərbaycan tərəfindən görülən adekvat tədbirlər hər zaman təxribatçı və təhrikçi addımlara cavab olub", - deyə XİN rəsmisi qeyd edib.
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-10° isti olacaq.
“Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Ağdaban soyqırımından 31 il ötür”. Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə bu barədə "Twitter" hesabında paylaşım edib. “130 evdən ibarət Ağdaban tamamilə yandırılıb, 779 dinc sakin işgəncələrə məruz qalıb. 39 nəfər xüsusi amansızlıqla qətlə yetirilib (8 nəfər 90-100 yaş arası qocalar, 2 körpə və 7 qadın diri-diri yandırılıb, 2 nəfər itkin düşüb”, - deyə XİN sözçüsü qeyd edib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə inşa edilən növbəti hərbi obyekt istifadəyə verilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azad edilmiş ərazilərə səfər edən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni istifadəyə verilən hərbi hissəyə baxış keçirib, burada yaradılan şəraitlə tanış olub. Müdafiə nazirinə məruzə edilib ki, şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün burada qərargah binası, yataqxana, xidməti otaqlar, tibb məntəqəsi və digər infrastruktur obyektləri tikilib, müasir avadanlıqlarla təchiz olunub. Bildirilib ki, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün yeni qərargahda müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş rabitə qovşağı və server otağı mövcuddur. Yaradılan şəraitlə tanış olan müdafiə naziri qərargah zabitlərinin və komandir heyətinin fərdi bacarıqlarının, eləcə də bölmələri idarəetmə qabiliyyətinin daha da artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə göstərişlər verib.
Azərbaycan Qazaxıstana 2023-cü ildə Bakı-Supsa kəməri ilə 5 milyon ton neftin öz ərazisindən nəql edilməsini təklif edib. Bu barədə "Reuters" agentliyi özəl mənbələrə istinadən məlumat yayıb. Mənbələrdən biri bildirib ki, razılıq əldə olunarsa, neft Xəzər dənizinin Qazaxıstan şelfindəki nəhəng Kaşaqan yatağından tədarük edilə bilər. Nəşr qeyd edib ki, Azərbaycan, həmçinin Gürcüstanın Qara dəniz limanları vasitəsilə də neft nəqlini təklif edib. Məlumata görə, tərəflər hazırda detalları müzakirə edir.
Azərbaycan Qazaxıstana 2023-cü ildə Bakı-Supsa kəməri ilə 5 milyon ton neftin öz ərazisindən nəql edilməsini təklif edib. Bu barədə "Reuters" agentliyi özəl mənbələrə istinadən məlumat yayıb. Mənbələrdən biri bildirib ki, razılıq əldə olunarsa, neft Xəzər dənizinin Qazaxıstan şelfindəki nəhəng Kaşaqan yatağından tədarük edilə bilər. Nəşr qeyd edib ki, Azərbaycan, həmçinin Gürcüstanın Qara dəniz limanları vasitəsilə də neft nəqlini təklif edib. Məlumata görə, tərəflər hazırda detalları müzakirə edir.
Aprelin 7-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələ şəhəri ilə tanış edilib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri Qəbələ regional “ASAN xidmət“ mərkəzində və Qəbələ Qida şəhərciyində olublar.
İşğaldan azad olunmuş Ağdam rayonunda aparılan qazıntı işləri zamanı tapılmış insan sümüklərinin görüntüsü yayılıb. Ağdam rayonu, Ergi düzü adlanan ərazidə qazıntı işləri aparılan zaman insan skeletinə bənzər sümüklər aşkar edilib. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. Daha əvvəl də işğaldan azad edilmiş torpaqlarda kütləvi məzarlıqlar aşkarlanıb. Belkə ki, azad edilmiş ərazilərdə, o cümlədən Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Ağdam rayonunun Sırxavənd kəndləri, eləcə də Xocalı rayonunun Fərrux kəndində və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqlar aşkarlanıb.