İctimai Televiziya (İTV) Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qaragöl gölü yaxınlığında çəkiliş aparıb, gölün ilk görüntülərini paylaşıb. "İTV Xəbər Yekun" verilişinin hazırladığı reportajda Laçın rayonunda yerləşən gölün buz bağladığı görünür. Bu reportajla bir müddət əvvəl yaranmış Qaragöl mübahisəsinə son qoyulub, Ordumuzun tarixi Azərbaycan ərazilərində yerləşmiş Qaragölü də azadlığa qovuşdurduğu məlum olub. Qeyd edək ki, bir neçə ay əvvəl Azərbaycan və Ermənistan arasında Qaragöl ətrafında mübahisə yaranmışdı. Rəsmi Bakı bəyan etmişdi ki, torpaqlarımız işğaldan azad olunandan sonra beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz də bərpa edilib.
Güney Azərbaycanın Qəzvin şəhərində 22 yaşlı Sepehr İsmaili etiraz aksiyası zamanı öldürülüb. Bu barədə “Azad İran” teleqram kanalı məlumat verib. Azərbaycanlı gəncin İranın hökumət qüvvələri tərəfindən güllələnərək qətlə yetirildiyi bildirilib. Sepehrin yaxınları qətlin səbəbini gizlətmələri üçün hakimiyyətin onun ailəsinə təzyiq göstərdiyini qeyd edib.
İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi oldu
Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub. Butov.az xəbər verir ki, Azərbaycanın və Serbiyanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycanın və Serbiyanın Dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident Aleksandar Vuçiçə təqdim edilib.
Bakıda müəllim zəhərlənmədən dünyasını dəyişib. Bu barədə müəllimin işlədiyi Məktəb Lisey Kompleksi məlumat yayıb. Bildirilib ki, 1982-ci il təvəllüdlü Şəfəq Əliyeva pomidor turşusundan zəhərlənib. Səhhəti pisləşən müəllim xəstəxanaya yerləşdirib. Həkimlərin səyinə baxmayaraq, bir neçə gün sonra Ş.Əliyeva dünyasını dəyişib. Mərhum ailəli olub, iki övladı var.
Noyabrın 22-də daxil olmuş məlumat əsasında polis, prokurorluq və təhlükəsizlik xidməti əməkdaşlarının iştirakı ilə işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı oradan insan sümükləri aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Onların 1992-ci ildə öldürülərək basdırılması ehtimal olunur. Sümüklərin kimə aid olması müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib.
Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.
Paytaxtda Vətən uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən hərbi qulluqçulara verilən orden və medalları, hərbi geyimi, fərqlənmə nişanlarını qanunsuz əldə etməklə görüntü yaradan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Qeyd edilib ki, döyüşlərdə iştirak etməyən, 2-ci qrup əlil, 1986-cı il təvəllüdlü şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib. Ondan üzərində daşıdığı orden və medallar, hərbi geyim götürülüb.
Sosial şəbəkədə banklardan birinin adına saxta səhifə açaraq vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub. Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkədə vətəndaşa qarşı dələduzluq edən şəxs tutularaq istintaqa cəlb edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis şöbəsinə müraciət edən zərərçəkən kartında olan məbləği öyrənmək məqsədilə “Instagram” sosial şəbəkəsində banklardan birinin səhifəsinə yazdığını, kart məlumatlarını özünü bank işçisi kimi təqdim edən şəxsə göndərməsi nəticəsində hesabında olan 2000 manat pulun çıxarıldığını bildirib. Daxil olmuş müraciət əsasında aparılan ilkin araşdırma zamanı sosial şəbəkədəki həmin səhifənin qeyri-rəsmi, yəni saxta olduğu, vətəndaşların pullarını ələ keçirmək məqsədilə naməlum şəxs tərəfindən yaradıldığı müəyyən edilib. Keçirilmiş istintaq və əməliyyat-texniki tədbirlər nəticəsində dələduzluq cinayətini törədən Mingəçevir şəhər sakini, 23 yaşlı Asif Osmanov şübhəli şəxs qismində saxlanılıb və o, ifadəsində əməlini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir. Asif Osmanovun başqa vətəndaşlara qarşı da analoji cinayətlər törətməsi istisna olunmur. Əgər onun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in “102” Xidməti Zəng Mərkəzinə və Qəbələ Rayon Polis Şöbəsinə müraciət edə bilərlər.
Noyabrın 22-si saat 22:15-dən noyabrın 23-ü saat 01:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, noyabrın 22-si saat 15:48-dən 18:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri və Tərtər rayonu istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Gədəbəydə kişi arvadını bıçaqladı - Oğul da atasını öldürdü
Gədəbəy rayon sakini Vaqif Cəfərovun ailə münaqişəsi zəminində həyat yoldaşı Mehri Cəfərovaya bıçaq xəsarətləri yetirməsi, V. Cəfərovun ailə üzvləri tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi və orada dünyasını dəyişməsi ilə bağlı Gədəbəy rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları müvafiq araşdırmaya başlayıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. O bildirib ki, ilkin araşdırmalar nəticəsində V. Cəfərovun ölümündə şübhəli bilinən oğlu, Asəf Cəfərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hazırda rayon prokurorluğunda cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb araşdırmalar davam etdirilir.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!