28-09-2022, 19:46
Ankarada şəhidlərimiz anıldıAzərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən 27 Sentyabr - Anım Günü ilə əlaqədar Ankara şəhərində anma proqramı təşkil olunub.
Butov.az xəbər verir ki, 700 nəfərin iştirak etdiyi tədbir Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin tarixi binasında “Qarabağ Azərbaycandır!” şüarı ilə keçirilib. Mərasim Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Şəhidlərimizin ruhuna dualar oxunub. Azərbaycanın qəhrəmanlıq tarixini, işğalçı Ermənistana qarşı xalqımızın birləşərək mübarizə aparmasını, Azərbaycan Ordusunun qəhrəman əsgərlərinin şücaətini əks etdirən video nümayiş olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbədən danışan Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışında Ermənistanın 30 ilə yaxın davam edən işğal siyasəti nəticəsində Azərbaycana vurulmuş zərərdən, 1 milyona yaxın soydaşımızın məcburi köçkün olmasından danışıb. Səfir qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan heç bir zaman qələbə əzmini itirmədi və Ermənistanın növbəti provokasiyasına cavab olaraq 27 sentyabr 2020-ci il tarixində başlayan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edib. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım çıxışında Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarındakı dağıdıcı fəaliyyətlərindən bəhs edib. O xüsusilə vurğulayıb ki, Türkiyə hər zaman olduğu kimi Azərbaycanın yanında olmağa davam edəcək. Atası ilə onun keçdiyi şərəfli döyüş yolu ilə qürur duyduğunu ifadə edən Vətən müharibəsi şəhidi İlqar Vəlizadənin oğlu Fuad Vəlizadə bildirib ki, Qarabağ işğaldan azad olunduğu üçün bu gün bütün şəhidlərimizin ruhu şaddır. Vətən müharibəsi qazisi İlkin Rüstəmli bildirib ki, möhtəşəm Zəfərimizdən danışmaq qürurvericidir. Qazi bundan sonra da Vətən uğrunda döyüşməyə hazır olduğunu bildirib. Polkovnik Erhan Altunok iştirakçılar qarşısında çıxış edərək şəhidlərin qəhrəmanlığının mənəvi önəmini xüsusi qeyd edib. 27 Sentyabr - Anım Günündə göstərdikləri həmrəyliyə görə, iştirakçılara səmimi minnətdarlığını ifadə edən Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov əminliklə bildirib ki, məhz şəhid və qazilərimizin rəşadəti sayəsində doğma vətənimizin adı hər zaman zirvələrdə olacaq. Tədbir çərçivəsində Azərbaycan Ordusunun igidliyini tərənnüm edən fotoşəkillərdən ibarət sərgi təşkil olunub. Anım mərasimi şəhidlərin əziz xatirəsinə həsr olunmuş bədii proqramla yekunlaşıb. Tədbir Türkiyənin aparıcı media qurumları tərəfindən geniş işıqlandırılıb.
28-09-2022, 19:39
Ruslar Ukraynadakı qohumlarına qarşı döyüşəcəklərRusiya hökuməti qismən səfərbərliklə bağlı vətəndaşları narahat edən bəzi məqamlara aydınlıq gətirib.
Butov.az xəbər verir ki, hökumətin yaydığı məlumatda çağırış yaşında olan kişilərin ölkədən və yaşadığı regiondan çıxışına, habelə hərbi xidmətə çağırılmış şəxslərdən başqa digərlərinin xarici pasport almasına qadağa qoyulmadığı bildirilib. Qeyd olunub ki, oktyabr ayında müddətli hərbi xidmətdən ehtiyata buraxılacaq şəxslər qismən səfərbərliklə yenidən hərbi xidmətə çağırıla bilərlər. Bundan əlavə, müqavilə ilə hərbi xidmət keçmiş hərbçilər, 35 yaşınadək əsgər və çavuşlar, 50 yaşınadək kiçik rütbəli zabitlər, 55 yaşınadək yüksək rütbəli zabitlər, ilk növbədə, səfərbərliyə cəlb olunacaqlar. Hərbi xidmətə cəlb olunan əsgər və zabitlərin yuxarı yaş həddi 50, kiçik zabitlərin 60, yüksək rütbəli zabitlərin isə 65 yaş həddində müəyyən olunub. Məlumata görə, xaricdə və Ukrayna hərbçiləri arasında qohumları olanların səfərbərlikdən yayınma hüququ, könüllülər üçün sağlamlıq və yaşla bağlı məhdudiyyət yoxdur. Rəsmi açıqlamada o da qeyd olunub ki, ikili vətəndaşlığı olan şəxslər də səfərbərliyə cəlb olunacaqlar.
28-09-2022, 19:24
“Real Madrid”dən Ukraynaya 1 milyonluq dəstəkİspaniyanın "Real Madrid" futbol klubu Ukraynaya 1 milyon avrodan çox yardım ayırıb. Bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib. Vəsait Ukraynadakı müharibənin ağır fəsadlarının aradan qaldırılmasına xərclənəcək. Belə ki, ərzaq, dərman, çarpayı və digər humanitar ehtiyaclar alınacaq.
28-09-2022, 18:27
Kərim Vəliyev Gürcüstanın müdafiə naziri ilə görüşdüGürcüstana rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də bu ölkənin müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan müdafiə nazirinin salamlarını Gürcüstanın müdafiə nazirinə çatdıran general-polkovnik K.Vəliyev iki ölkə arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğu, dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrimizin daha da güclənməsinə təkan verdiyi qeyd edilib. Qarşılıqlı maraqlara cavab verən bu münasibətlərin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət etdiyi bildirilib. Tərəflər Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini xüsusi qeyd edib, maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. Görüşdən sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanını ziyarət edib və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklil qoyub.
28-09-2022, 18:23
Dövlət aqroparkının yaradılması planlaşdırılırAzərbaycanda dövlət aqroparkının yaradılması planlaşdırılır. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin departament rəhbəri Əmir Məmmədov "Kənd təsərrüfatında innovasiyalar: aqroparklar" adlı tədbirdə deyib. Onun sözlərinə görə, Yevlaxda yerləşəcək aqroparkın yaradılması üzrə pilot layihə artıq hazırdır. "Aztəminatlı ailələrə dəstək məqsədilə bağların yaradılması üçün 60 ailəyə 60 hektar torpağın verilməsi nəzərdə tutulur. Aqropark "ağıllı" texnologiyalar əsasında tikiləcək. Onun ərazisində aqroturizmin inkişafı üçün zəruri infrastrukturun yaradılıması planlaşdırılır", - deyə o bildirib.
28-09-2022, 18:21
Səbuhinin qardaşı şəhid ailəsi sayılmır - NazirlikSəbuhi Əhmədovun qardaşı şəhid ailəsi statusuna aid deyil. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Haşımov bildirib. Nazirlik rəsmisi şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun ona dövlət tərəfindən təqdim edilən mənzildən imtina etməsi ilə bağlı sualı cavablandırıb. M.Haşımov deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə ona imtiyazlı şəxs kimi mənzilin verilməsi üçün bir neçə dəfə əyani, bir neçə dəfə telefonla danışılıb, qanunvericilik izah edilib."Sənana qanunvericilikdə şəhid ailəsi statusunun kimlərə şamil edildiyi, bu statusun hansı qurum tərəfindən verildiyi izah edilib. Həmçinin həssas qruplardan olan internat məzunlarının mənzillə təmin edilməsi üçün meyarlar haqqında da onunla danışılıb. Sənanın təlim və tərbiyə aldığı “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Buna baxmayaraq, dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Fuad oğlu Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edib. Sənan bundan imtina edərək 2 otaqlı mənzil istədiyini bildirib. Sənana qanunvericiliyin tələbləri barədə bir daha ətraflı məlumat verilib", - deyə M.Haşımov qeyd edib.
28-09-2022, 18:18
Bu heyvanların ovlanması qadağan olunduDağıstan və Şərqi Qafqaz turunun builki ov mövsümündə ovlanmasına icazə verilməyəcək. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda deyib. Onun sözlərinə görə, həmin heyvan növlərinin sayımı aparılıb: “İlkin müşahidələr onu deməyə əsas verir ki, həmin növlərin sayında nisbətən azalma var. Ona görə də həmin heyvanların ov predmeti sayılması məqbul hesab edilməyib”.
28-09-2022, 18:16
Ukraynadan ən çox qaçqın Rusiyaya gedib - BMT2022-ci ilin fevralın 24-dən sentyabrın 27-dək Ukraynadan Avropaya ümumilikdə 7,53 milyondan çox qaçqın gəlib. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) hesabatında qeyd edilib. BMT QAK-a daxil olan məlumata görə, ən çox qaçqını Rusiya qəbul edib. Bundan əlavə, Polşa, Almaniya, Çexiya, İtaliya, Türkiyə, İspaniya, Bolqarıstan, Böyük Britaniya, Fransa kimi ölkələr Ukrayna vətəndaşlarını qəbul edib.
28-09-2022, 18:13
İranda etirazçılar polkovniki öldürdü İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Mohsen Dalvənd öldürülüb.
Butov.az xəbər verir ki, təcrübəli zabit etirazçılar tərəfindən qətlə yetirilib. Məlumata görə, hadisə Mohsen Dalvənd Sərdəşt şəhərində baş verib. Polkovnik bir neçə güllə yarası alıb və yerindəcə keçinib. İnsident zamanı onun 4 cangüdəni də yaralanıb. Qeyd edək ki, ötən həftə İranda “Əxlaq” polisi tərəfindən hicab bəhanəsilə 22 yaşlı Məhsa Əminin qətlə yetirilməsindən qəzəblənən xalq küçələrə axışaraq hökumət əleyhinə aksiyalar keçirir. Nümayişlər zamanı 80-ə yaxın dinc etirazçı polislər tərəfindən öldürülüb.
28-09-2022, 18:10
Almaniya Ukraynaya yeni hərbi yardım ayırdıAlmaniya Ukraynaya ayırdığı yeni hərbi yardım paketini açıqlayıb. Bu barədə Almaniya hökuməti məlumat yayıb. Yardım paketinə 10 körpü sistemi, 90 ağır qoşqu, 6 MG3 pulemyotu, 20 min 40 mm-lik qumbaraatan daxildir. Qeyd edək ki, daha əvvəl Almaniya kansleri Olaf Şolts rəsmi Berlinin Ukraynaya tanklar verməməyinin səbəbini izah etmişdi. O bildirmişdi ki, bu addım müharibənin daha da genişlənməsinə şərait yaratmamaq üçündür. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında savaş bu il fevralın 24-də başlayıb.