Ukraynada nüvə fəlakətinə hazırlıq: Əhaliyə həblər paylanır
Ötən həftə Rusiya prezidenti Vladimir Putinin nüvə hədəsindən sonra Ukrayna hakimiyyəti nüvə fəlakətinə hazırlıq məqsədilə xalqa yod həbləri paylamağa başlayıb. Butov.az xəbər verir ki, paytaxt Kiyevdə Rusiyanın mümkün nüvə hücumuna hazırlıq məqsədilə evakuasiya mərkəzlərinə kalium yod həbləri paylanmağa başlayıb. Kalium yod həblərinin nüvə radiasiyasına məruz qalmadan dərhal əvvəl və ya dərhal sonra qəbul edildiyi təqdirdə, tiroid bezi tərəfindən zərərli radiasiyanın udulmasının qarşısını almağa kömək etdiyi deyilir. Kiyev şəhər şurasının bəyanatında bildirilir ki, evakuasiyaya ehtiyac yaranarsa, həblər nüvə radiasiyasından zərər çəkmiş rayon sakinlərinə paylanacaq. Məlumata görə, Rusiya ordusunun Ukraynadakı son məğlubiyyəti Putinin Ukraynanı ram etmək üçün dağıdıcı nüvə zərbəsinə əl atacağı ilə bağlı qorxuları artırıb. Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsindən və Zaporojya Atom Elektrik Stansiyasını ələ keçirdikdən sonra baş verə biləcək nüvə fəlakəti ilə əlaqədar Ukraynaya 5,5 milyon kalium yodid həb göndərdiyini açıqlayıb.
Polşada saxlanılan Qubadlı rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin nədə ittiham olunduğu məlum olub. Butov.az xəbər verir ki, Elxan Nuriyev 5 nəfərin qətlə yetirilməsində, 1 nəfərin qətlinə cəhd etməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. İttihama görə, Elxan Nuriyev icra başçısı işləyərkən faktiki rəhbərlik etdiyi “Qaranquş” dəstəsinin üzvləri ilə birgə Qubadlı şəhərinin işğalının kökündə xəyanətin durduğunu iddia edərək rayonun polis rəisi Evarist Paşayevi, polis rəisinin sürücüsü Xanlar Nuriyevi, rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu qətlə yetiriblər. Bundan başqa, Elxan Nuriyev daha bir vəzifəli şəxsi öldürməyə cəhddə ittiham olunur. O, həmçinin Qubadlının işğalı dövründə vəzifə səlahiyyətlərini aşaraq İcra Hakimiyyətinə məxsus sənədləri yandırmaqda təqsirləndirilir. Onu da qeyd edək ki, bu qətllərlə bağlı “Qaranquş” dəstəsinin bir neçə üzvü vaxtilə saxlanılıb və ömürlük azadlıqdan məhrum ediliblər. Baş Prokurorluğun yaydığı məlumata görə, Qubadlı rayonun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanıb və Elxan Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib. Məlumatda deyilir ki, Elxan Nuriyev 2 oktyabr 2022-ci ildə Polşa Respublikasının ərazisində saxlanılıb. Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib.
Qarabağın minalardan təmizlənməsi ilə bağlı planlar
Bu gün bizdə azad edilmiş ərazilərdə 390 709 tank və piyada əleyhinə mina, eləcə də digər partlayıcı qurğular barədə məlumatlar var. Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin sədr müavini Samir Poladov Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib."Amma bu məlumatlar tam deyil. Onların dəqiqliyi 25 faizə yaxındır", - deyə o bildirib. Onun sözlərinə görə, təxminən 147 988 hektar ərazi yüksək səviyyəli minalanmış, 675 570 hektar isə az səviyyəli minalanmış bölgə hesab olunur. "2022-2026-cı illər üçün planlaşdırılmış birinci mərhələ Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Kəlbəcər, Xocavənd, Laçın, Şuşa və Zəngilan rayonlarında 83 yaşayış məntəqəsinin minalardan təmizlənməsini nəzərdə tutur. Cari planlar 33 795 hektar ərazisinin yaşayış yeri üçün təmizlənməsini nəzərdə tutur. Birinci mərhələyə uyğun olaraq bu rayonlarda evlərin tikintisi üçün 14 713 hektar ərazisinin təmizlənməsi nəzərdə tutulur", - S. Poladov deyib. O əlavə edib ki, müharibə başa çatdıqdan sonra 257 nəfər minaya düşüb ki, onlardan 44 nəfəri həlak olub.
Paytaxtın Nəsimi rayonu Füzuli küçəsində yerləşən "Baku Electronics" mağazasında gecə saatlarında yanğın hadisəsi baş verib. Butov.az xəbər verir ki, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən operativ reaksiya göstərilib. Hadisə yerinə gələn polislər obyektə baxış keçirən zaman mağazanın mobil telefonların satıldığı hissəsində yanğının baş verdiyini müşahidə ediblər. Mühafizə polisləri xüsusi yanğınsöndürmə avadanlıqları vasitəsi ilə alovun qarşısını alaraq daha geniş miqyasda yayılmasına imkan verməyiblər. Yanğının baş vermə səbəbləri digər dövlət orqanları tərəfindən araşdırılır.
Rusiya səfirliyi qarşısında aksiyaya icazə verilmədi
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının oktyabrın 7-də saat 14:00-da Rusiya səfirliyinin qarşısında etiraz aksiyası təşkil etmək üçün müraciətinə baxıb. BŞİH-dən müraciətə verilən cavabda bildirilib ki, piketin keçirilməsi məqsədəuyğun sayılmayıb. Qeyd olunub ki, 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi Şanlı zəfərimizlə başa çatıb. 10 noyabr 2020-ci il tarixində bağlanılmış üçtərəfli bəyanatla Ermənistan hərbi kapitulyasiyaya uğradığını qəbul edib. Bəyanata əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan ərazisində qalma müddəti 5 ildir. BŞİH bildirib ki, yuxarıda qeyd olunanlar, həmçinin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 7-ci maddəsinin I hissəsi nəzərə alınaraq, 7 oktyabr 2022-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi qarşısında planlaşdırdığınız piketin keçirilməsi məqsədəuyğun sayılmır.
Qırğızıstanın birpalatalı parlamentinin (Joqorku Keneş) deputatları yeni spiker təyin ediblər və Nurlanbek Şakiyev bu vəzifəyə layiq görülüb. Ölkə parlamentinin mətbuat xidməti bu barədə məlumat yayıb.mSeçkilər gizli şəkildə keçirilib və parlamentin 80 deputatının lehinə səs verməsi nəticəsində Nurlanbek Şakiyevin yeni spiker vəzifəsinə təyinatı təsdiqlənib. Xatırladaq ki, Nurlanbek Şakiyev 2021-ci ildə parlamentin deputatı kimi seçilib.
Bakı Dövlət Sirkində təmir işləri başlayıb. Bunu sirkin direktor əvəzi Nahid Ağayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, restavrasiya işləri çərçivəsində sirkin oturacaqları əsaslı şəkildə yeniləri ilə əvəz olunub: "Təmir işləri zamanı sirkin zalının döşəmələri də tamamilə yenilənib. Yeni mövsümdə heyvanlarla xüsusilə də atlarla bağlı şou nümayiş olunacağı üçün onların saxlanılacağı ərazilər dünya standartlarına uyğun şəkildə də təmir olunub". N.Ağayev söyləyib ki, Bakı Dövlət Sirkində restavrasiya işləri mərhələli şəkildə davam edəcək.
Ermənilərin minalarla bağlı bizə verdikləri xəritə deyil!
Beynəlxalq təzyiqlərdən sonra Ermənistan tərəfi minalarla bağlı xəritə təqdim etsə də onun 25 faizi dəqiqdir, 75 faiz isə istifadəyə yararsızdır. Bunu Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı ANAMA-nın İdarə Heyətinin sədr müavini Samir Poladov deyib. O qeyd edib ki, əslində bizə təqdim edilənlər xəritə də deyil, erməni hərbçilərinin qeydə aldığı rəqəmlərdi və qeyri-dəqiqdir:"Son iki il ərzində mina partlayışlarında çoxsaylı itkilər olub. 390709 ədəd piyada və tank əleyhinə minalar və partlamamış sursatlarla bağlı məlumat var. Amma bu da tam dəqiq deyil. 2020-ci ilin noyabrın 10-dan bu günə qədər 257 mina qurbanı olub, 44 nəfər həlak olub, 213 nəfər xəsarət alıb. İndiyədək 54 841 hektar ərazi təmizlənib. 2 575 piyada əleyhinə, 12 547 tank əleyhinə mina tapılıb. 2022-ci il üçün plan 40000 hektardır. Hansı ki bunun 8 min hektarı yaşayış ərazisidir. Lakin məqsədimiz əlavə xarici resurslar da cəlb edərək illik planı inkişaf etdirmək və minalardan təmizlənəcək ərazini 65 min hektara çatdırmaqdır”.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentlərinin rahat fəaliyyət göstərmələri üçün mobil şəhərcikdə əlavə 8 ədəd modul tipli yataqxana (40 nəfərlik) quraşdırılıb. Bununla da, Sənaye Parkında modul tipli yataqxanaların sayı 16-ya (80 nəfərlik) çatdırılıb. Bununla yanaşı, Sənaye Parkının ərazisində inzibati binanın tikintisi üçün işlərə start verilib. İnzibati binada iclas otağı, müasir ofis sahələri, təlim mərkəzi, laboratoriya və s. olacaq, sahibkarlara sığorta, bank və gömrük xidmətləri göstəriləcək. Ağdam Sənaye Parkında, həmçinin əlavə olaraq 2 ədəd 400 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb və 40 MVA elektrik yarımstansiyasının tikintisinə başlanılıb. Qeyd edək ki, bundan əvvəl Sənaye Parkında 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılmışdı. Sənaye Parkı sürətli internetlə təmin edilib. Ümumiyyətlə, Ağdam Sənaye Parkında sahibkarlar üçün geniş biznes imkanları yaradılacaq. Sənaye Parkının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunacaqlar. Sənaye Parkının rezidentlərinə əlavə güzəştlərin (xüsusi güzəştli bank kreditlərinin təmin olunması, sosial sığorta ödənişlərin subsidiyalaşdırılması, kommunal xidmətlərin endirimli tariflə təklif edilməsi, xammal idxalında gömrük və ya ƏDV güzəştləri) də verilməsi nəzərdə tutulur.
Rusiyadan Azərbaycan və Ermənistanla bağlı önəmli mesaj
Rusiya Azərbaycan və Ermənistanla üçtərəfli formatda işləməyə davam edəcək. Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin bildirib. Onun sözlərinə görə, hamıya məlum olan, 2020 və 2021-ci il müqavilələrinə əsaslanan üçtərəfli mexanizmlər var:"Biz bu formatları yüksək qiymətləndirir və böyük əhəmiyyət veririk. Biz bu formatlarda işləməyə davam edəcəyik. Rusiya Federasiyasının sülhməramlıları, sərhədçiləri hər iki tərəflə əlaqə saxlayır, işləyirlər. Bu isə sabitliyin qorunmasında və vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasında mühüm amildir".