14-10-2022, 16:24
Türk Dövlətləri Təşkilatı birgə Fond yaradırTürk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddə keçiriləcək sammitində birgə investisiya Fondunun yaradılması təsdiqlənəcək. Bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev bildirib. TDT-nin sammiti noyabrın 11-də Səmərqənddə keçiriləcək."Biz Türk İnvestisiya Fondunun yaradılması üzrə işi başa çatdırdıq, bu məsələ sammitdə təsdiqlənəcək və işə salınacaq. Bu, iqtisadi inteqrasiyamız sahəsində irəliyə doğru böyük addımdır", - Amreyev “Özbəkistan 24” telekanalına müsahibəsində deyib. Baş katib bildirib ki, sammit iştirakçıları həmçinin nəqliyyat dəhlizləri, gömrük prosedurlarının sadələşdirilməsi, güzəştli ticarətlə bağlı bir sıra sənədlər imzalayacaqlar."Biz xidmət və investisiya sektorlarında azad ticarət rejiminin yaradılması üçün səylər göstəririk", - B.Amreyev vurğulayıb. 2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında adını dəyişdirərək Türk Dövlətləri Təşkilatı edib. Təşkilatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daimi, Türkmənistan və Macarıstan isə müşahidəçi qismində təmsil olunur.
14-10-2022, 16:11
Bakıda kütləvi dava - Dostlar bıçaqlandıBakının Nərimanov rayonunda kütləvi dava olub.
Butov.az xəbər verir ki, Yusif Vəzir Çəmənzəminli küçəsində qeydə alınan hadisə zamanı iki nəfər ağır bədən xəsarətləri alıb. Məlumata görə, 1981-ci il təvəllüdlü Sadıqov Elməddin Kamal oğlu və onun dostu 1994-cü il təvəllüdlü Ağabalayev İdris Nazim oğlu kütləvi dava zamanı bıçaqlanıb. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilərək cərrahi əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.
14-10-2022, 15:16
Avropa İttifaqının müşahidəçiləri İrəvandaAvropa İttifaqını təmsil edən müşahidəçilərindən ibarət qrup İrəvana gəlib. Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tviter hesabında məlumat paylaşıb."27 üzv dövlət Ermənistanın müraciətinə cavab vermək üçün sürətlə hərəkətə keçdi. Avropa İttifaqının missiyasının yerləşdirilməsinin məqsədi vəziyyəti izləmək, Ermənistan və Azərbaycan arasında münasibətlərin sabitləşməsinə kömək etmək olacaq", - deyə Klaar əlavə edib.
14-10-2022, 15:14
Məktəblərdə şagirdlərə telefon qadağası qoyulduSon günlər məktəblərdə baş verən neqativ halların şagirdlər tərəfindən telefonla çəkilərək sosial şəbəkələrdə paylaşılır. Məktəblərdən yayılan görüntülərdən sonra bir sıra ümumtəhsil müəssisələrində şagirdlərin dərsə mobil telefon gətirməsinə qadağa qoyulduğu bildirilir. Buna səbəb olaraq da mobil telefonların tədris prosesinə mane olduğu göstərilir. Bəs mobil telefon tədris prosesinə mane olduğu üçün yoxsa məktəblərdəki xoşagəlməz halların çəkilib yayılmasına səbəb olduğunu üçün qadağan olunur? Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, direktorlar şagirdlərin məktəbə smartfonla girişinə qadağa qoyublar. Əslində belə bir qadağanın heç bir əsası yoxdur. "Bu kimi halların baş verməsindən xəbərdaram. Ümumiyyətlə, valideynlər şagirdlərə mobil telefon vermə kimi ənənələrdən müəyyən qədər uzaq olmalıdır. Bu kimi vasitələr şagirdin həm fikrini yayındırır, həm də internetə çıxışı olduğu üçün müəyyən zərərli informasiyaları görə bilirlər. Bu baxımdan əlbəttə ki, valideynlər diqqətli olmalıdırlar. Bizim həqiqətən direktor problemimiz var. Əlbəttəki, nümunəvi, peşəkar direktorlarda az deyil. Lakin xeyli sayda direktorlar var ki, onlardan bizə də şikayətlər daxil olur. Direktorlar özlərini məktəbin ağası kimi yox, məktəbin bir parçası kimi hiss etməlidir. Şagirdlərə mobil telefonlardan uzaq durma tövsiyyə oluna bilər. Məktəbdə negativ halların qarşısının alınması üçün belə bir qadağa olması doğru deyil. Ümumiyyətlə, məktəbdə negativ hal olmamalıdır. Məktəb təlim və tərbiyə ocağıdır və hər hansı bir xoşagəlməz hadisələr olmamalıdır. Bu cür qadağalar çıxış yolu deyil. Biz şagirdlərə mobil telefonların zərərlərini izah etsək, bəlkə də onlar özləri telefondan istifadən imtina edəcək”, - deyə o bildirib. Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, məktəblərdə telefonun istifadəsi ilə bağlı rəsmi qaydada qadağa mövcud deyil. Məktəb rəhbərliyi tərəfindən təhsil müəssisəsində telefon istifadəsi tənzimlənə bilər.
14-10-2022, 15:09
ABŞ-da atışma: Ölənlərdən biri polisdirABŞ-ın Şimali Karolina ştatının Roli şəhərində baş verən atışma zamanı biri polis əməkdaşı olmaqla azı 5 nəfər həlak olub. Bu barədə ABC telekanalı məlumat yayıb. Bildirilib ki, hadisəni törədən şəxs ərazidən qaçaraq gizlənib. Atışma zamanı xəsarət alan azı daha üç nəfərin müalicə üçün xəstəxanaya aparıldığı bildirilir. İnsidentin səbəbi hələ məlum deyil. Faktla əlaqədar araşdırma aparılır.
14-10-2022, 11:23
“Səhhətimi Vətənə qurban vermişəm” deyən Qarabağ qazisi vəfat etdiCəbrayıl rayonundan olan Qarabağ qazisi, 1-ci qrup əlil Nofəl Sərməst oğlu Salahov vəfat edib. Yaxınlarının verdiyi məlumata görə, uzun müddət yataq xəstəsi olan N.Salahov ağır xəstəlikdən əziyyət çəkirdi.
Butov.az-ın məlumatına görə, Nofəl Salahov Qarabağ hadisələri başlayandan bir müddət sonra, 1991-ci ilin noyabr ayında Vətənin müdafiəsinə qoşulan məşhur “Şıxov batalyonu”na yazılan ilk könüllülərdən olmuşdu. O, I Qarabağ müharibəsi zamanı Şuşanın müdafiəsində, Kərkicahan və Daşaltı əməliyyatlarında, Tərtər və Goranboy ətrafında gedən döyüşlərdə, dogma Cəbrayıl rayonunun qorunmasında fəal şəkildə iştirak etmişdi. 1994-96-cı illərdə - atəşkəs rejimi dövründə Tərtər rayonunun Talış kəndi yaxınlığında gənc əsgərlərə döyüş təlimləri keçmişdi. 1996-cı ildə səhhətindəki ciddi problemlərlə əlaqədar müalicə üçün hospitala göndərilən Nofəl bir müddət sonra dəfələrlə yenidən döyüşən orduya qayıtmağa çalışsa da, buna icazə verilməmişdi. Ağır yataq xəstəsi olduğu vaxtlarda keçmiş döyüş yoldaşları Nofəldən xəbərsiz onun vəziyyəti barədə informasiyanı sosial şəbəkələrdə ictimaləşdirəndə, o bundan xəbər tutub etiraz etmiş və yazmışdı:“1-ci qrup əliləm. Amma heç vaxt öz səhhətimlə bağlı hər hansı dövlət qurumuna müraciət etməmişəm. Heç vaxt da belə fikirdə olmamışam. Döyüş əməliyyatlarında aldığım yaranı və səhhətimdə yaranmış ciddi problemləri Vətənimə və Dövlətimə xidməti borcumun nəticəsi kimi qəbul etmişəm. Eyni əqidə ilə də yaşayacam”. Mərhum qazi bu gün Sulutəpə qəbirastanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin.