Ukraynanın Xerson vilayətində Rusiyaya məxsus helikopter vurulub. Bu barədə Ukraynanın "Cənub" əməliyyat komandanlığı məlumat yayıb. Qeyd olunub ki, Rusiyanın helikopteri raket və artilleriya bölmələri tərəfindən məhv edilib.
Rusiyadan dəyəri 10 min dollardan çox olan xarici valyutanın çıxarılmasına qoyulan qadağa ləğv edilir. Bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. Qeyd edək ki, bu il mart ayında Rusiyadan 10 min dollardan çox xarici valyutanın çıxarılması qadağan edilib. Prezident Vladimir Putinin bu gün imzaladığı fərmanla Rusiya Mərkəzi Bankına dəyəri 10 min dollardan çox olan xarici valyutanın ölkədən çıxarılmasına icazə vermək səlahiyyəti verilib.
Bakıda bir qrup Azərbaycan vətəndaşı Fransanın ölkəmizdəki səfirliyi qarşısında etiraz aksiyası keçirib. Butov.az xəbər verir ki, etirazçılar Fransa prezidenti Emmanuel Makronun ölkəmizin guya Ermənistana qarşı təxribat törətməsi ilə bağlı açıqlamalarına etirazlarını bildiriblər. Daha ətraflı videomaterialda:
Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib. "Sabah" komandası evdə "Zirə"ni qəbul edib. Butov.az xəbər verir ki, "Bank Respublika Arena"da təşkil olunan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarını 25-ə çatdıran "Sabah" liderliyə yüksəlib. 16 xalı olan "Zirə" isə 4-cü sırada qalıb. Qeyd edək ki, turun əvvəlki iki oyununda "Şamaxı" evdə "Qəbələ" ilə 1:1, "Səbail" isə səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib. Tura oktyabrın 16-da keçiriləcək "Kəpəz" - "Neftçi" və "Qarabağ" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.
ABŞ Avropadan Ukraynaya daha çox yardım etməsini istəyir
ABŞ rəsmiləri Avropa İttifaqının (Aİ) Ukraynaya daha çox maliyyə yardımı göstərməsini istəyir. Bu barədə "The Washington Post" nəşri öz mənbələrinə istinadən yazıb. Bildirilir ki, ABŞ Maliyyə Nazirliyi Aİ-nin Ukraynanın maliyyə vəziyyəti ilə bağlı üzərinə götürdüyü məsuliyyətin miqyası ilə işlərin real vəziyyəti arasındakı uyğunsuzluqdan narazıdır. “Nazir Yellen Ukrayna iqtisadiyyatına kömək etmək üçün ödənilməli olan kreditlərin deyil, birbaşa nağd ödənişlərin tez ödənilməsinin vacibliyini vurğulayıb", - nəşr qeyd edir.
Ceremi Hant Böyük Britaniyanın maliyyə naziri təyin edilib. Butov.az xəbər verir ki, maliyyə naziri Kvasi Kvartenqin vəzifəsindən azad edilməsindən sonra sabiq xarici işlər naziri Ceremi Hant onun yerinə gətirilib. Hant bu il ərzində təyin olunan dördüncü maliyyə naziridir. Ötən gün vəzifəsindən uzaqlaşdırılan Kvartenq 38 günlük fəaliyyəti ilə Britaniya tarixində ən qısa müddətdə vəzifə tutan ikinci maliyyə naziri olub.
Zelenski əsirlikdən buraxılan azərbaycanlını təltif etdi
Ukrayna prezidenti Volodimir Zelenski daha bir azərbaycanlını təltif edib. Butov.az xəbər verir ki, dövlət başçısı bu günlərdə Rusiya əsirliyindən geri dönən Mariupolun müdafiəçilərindən biri - 1999-ci il təvəllüdlü Babayev Rüstəm Arif oğlunu ikinci dərəcəli "İgidliyə görə" ordeninə layiq görüb.
İran Ermənistanda avtomobil zavodu açmağa hazırlaşır
İranın ən böyük avtomobil istehsalçılarından biri Ermənistanda avtomobil buraxacaq müəssisə yaratmağı planlaşdırır. Bunu İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əliriza Peyman Pak bildirib. Peyman Pak bu məsələ ilə bağlı Ermənistanın İqtisadiyyat Nazirliyi ilə İran Ticarət Nazirliyi arasında müzakirələr aparıldığını deyib. İranın ticarət nümayəndə heyəti yaxın günlərdə Ermənistanda İran ticarət mərkəzinin açılışı üçün İrəvana səfər edəcək.
Bakıda 22 yaşlı oğlan polis avtomobilinin üzərinə benzin tökərək yandırmaq istəyib. Butov.az xəbər verir ki, hadisə 2 gün öncə Ağ şəhərdə yerləşən hotellərdən birinin qarşısında baş verib. Belə ki, “Saipa” markalı avtomobilin sürücüsü yolda "ziqzaqvari" hərəkətləri dəfələrlə təkrar edərək sonda əl əyləcindən istifadə edib maşını yolun hərəkət hissəsinin qarşısında saxlayıb. İttihama görə, ərazidə xidmət aparan yol patrul xidmətinin əməkdaşları bunu sürücüyə irad tutub və avtomobilin duracağa aparılacağını bildirib. Lakin avtomobildə olan sürücünün dostu Famil Alxasov (şərti) buna etiraz edərək polislərlə mübahisə etməyə başlayıb. Polis əməkdaşları onu sakitləşdirmək istədikdə o, maşından benzin götürüb. Benzini onların və xidməti polis avtomobilinin üzərinə töküb yandırmaqla hədələyib. Polis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirib. Daha sonra əraziyə gələn PPX əməkdaşları F.Alxasovu Xətai Rayon 37-ci Polis Şöbəsinə aparıblar. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələblərinə tabe olmama) protokol tərtib olunaraq Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmə F.Alxasovun 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə qərar verib.
Zakir Həsənov döyüş hazırlığı ilə bağlı tapşırıq verdi
Oktyabrın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti təlim mərkəzlərindən birində olub. Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir təlim mərkəzinin yeni istifadəyə verilmiş ümumqoşun atış meydanında hərbi qulluqçuların atəş hazırlığı üzrə keçirilən məşğələlərini izləyib. Məruzə edilib ki, atış meydanında şəxsi heyətin döyüş texnikası və müxtəlif növ atıcı silahlardan atış çalışmalarının, həmçinin atəş hazırlığı üzrə normativlərin yerinə yetirilməsi üçün atış sahələri və taktiki siniflər mövcuddur. Müdafiə naziri hərbi qulluqçuların vəzifə borclarının dərindən mənimsənilməsi, atəş hazırlığı üzrə normativlərin dəqiq yerinə yetirilməsi, o cümlədən döyüş hazırlığının daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıqlar verib.