11-05-2023, 16:39
Kılıçdaroğlu: “Cənab İnceni Türkiyənin süfrəsinə gözləyirik”Türkiyədə "Millət İttifaqı"nın prezidentliyə namizədi, CHP sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri, bu gün prezidentliyə namizədliyini geri götürən Muharrem İnceyə müraciət edib. Kılıçdaroğlu İnceyə görüşdükləri zaman etdiyi çağırışın qüvvədə olduğunu xatırladıb. "Mənim çağırışım hələ də qüvvədədir. Köhnə küskünlükləri bir kənara qoyaq artıq. Cənab İnceni Türkiyənin süfrəsinə gözləyirik. Buyursun lütfən, gəlsin", - o deyib. Qeyd edək ki, bu gün partiyasının qərargahından ictimaiyyətə müraciət edən İnce namizədlikdən çəkildiyini açıqlayıb. Bununla da Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə düşüb. Bundan əvvəl İnce və Kılıçdaroğlu arasında Məmləkət Partiyasının qərargahında görüş olmuşdu. İnce görüşdən sonra namizədlikdən çəkilmək məsələsinin müzakirə olunmadığını bildirmişdi. Lakin kulis məlumatlarına görə, CHP-dən bir neçə dəfə vasitəçilərlə İncedən bu xahiş edilmişdi. Xatırladaq ki, Muharrem İnce 2018-ci ildəki prezident seçkilərində CHP-nin namizədi olaraq, 2-ci yeri tutub. O, 2021-ci ilin mayında Məmləkət Partiyasını təsis edib.
11-05-2023, 16:11
Taxıl müqaviləsinin uzadılmasıyla bağlı razılığa gəlindiTürkiyə, Rusiya Federasiyası, Ukrayna və BMT yaxın gələcəkdə taxıl müqaviləsinin uzadılması ilə bağlı danışıqları davam etdirmək barədə razılığa gəliblər. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2 gün davam edən toplantılarda tərəflər konstruktiv mövqe sərgiləyiblər. Ukrayna limanlarında qalan gəmilər və ekipaj üzvlərinin geri qayıtmasının təşkili ilə bağlı müsbət yanaşmalar olub. Taxıl sazişinin imzalanmasının dünya ərzaq bazarında qiymətlərin stabilləşməsinə gətirib çıxardığı vurğulanıb.
11-05-2023, 16:03
Mina təhdidləri məcburi köçkünlərin yurdlarına qayıtmasına maneədir - NazirAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov minaların təmizlənməsi sahəsində humanitar fəaliyyət göstərən ABŞ-ın “Sülhün kökləri” humanitar təşkilatının təsisiçisi və rəhbəri Haydi Kün ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüş zamanı, nazir Ceyhun Bayramov Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın davam etmiş təcavüzü nəticəsində Azərbaycana qarşı yaranmış mina təhdidləri barədə barədə müqabil tərəfə ətraflı məlumat verib. Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən kütləvi şəkildə basdırılmış minaların qurbanına çevrilməsi və minaların təmizlənməsi sahəsində Ermənistanın Azərbaycanla əməkdaşlıq etməməsi diqqətə çatdırılıb. Mina təhdidlərinin 44 günlük Vətən müharibəsindən sonra bərpa və yenidənqurma işlərinə və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması prosesinə maneə olduğu vurğulanıb. “Sülhün Kökləri” beynəlxalq humanitar təşkilatının rəhbəri xanım Heidi Kün də öz növbəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün region üçün əhəmiyyətini vurğulayaraq, eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və bu istiqamətdə birgə əməkdaşlığa dəstək göstərmək niyyətini bəyan edib. Tərəflər daha sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
11-05-2023, 15:10
"Mercedes-Benz" zavoduna silahlı hücum oldu Almaniyanın Ştutqart şəhərindən (Baden-Vürtemberq) 15 kilometr aralıda yerləşən Sindelfingendəki "Mercedes-Benz" zavoduna silahlı hücum olub. Region polisinin sözçüsü bildirib ki, hadisə nəticəsində iki nəfər ölüb. "Atəş açan şəxs saxlanılıb. Hazırda zavodun işçiləri üçün heç bir təhlükə yoxdur", - o qeyd edib. Logistika firmasının əməkdaşı olan 53 yaşlı şübhəli dindirilir. Ölənlərin hər ikisi 44 yaşında olub. Məlumata görə, hücum edən şəxs fabrik işçiləri tərəfindən zərərsizləşdirilib. O, polis gələnə qədər saxlanılıb.
11-05-2023, 14:49
Muharrem İnce namizədlikdən çəkildiyini elan etdiTürkiyədə CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və prezidentliyə namizəd Muharrem İnce namizədlikdən çəkildiyini elan edib. O, ictimaiyyətə müraciətində qərarını açıqlayıb. İnce digər prezidentliyə namizədlərdən heç birinə dəstəyini ifadə etməyib. Belə ki, partiya sədri bu addımı müxalifətin seçkilərdə məğlub olacağı təqdirdə onu günahlandıra bilməməsi üçün atdığını deyib. Bununla da Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə düşüb. Onu da qeyd edək ki, seçki bülletenlərinin çapı yekunlaşdığı üçün İncenin adı seçki günü bülletenlərdə qalacaq. Həmçinin ölkə xaricində səsvermə 9 mayda başa çatdığına görə bu dövrdə ona verilən səslər boşa getmiş sayılır.
11-05-2023, 13:53
Yeni gərginlik fonunda təmkinli davranış gözləyirik - Peskov"Böyük Britaniya tərəfindən Ukraynaya uzaqmənzilli raketlərin tədarükü Rusiya ordusundan adekvat cavab tələb edəcək". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Gürcüstanla viza rejiminin ləğvi ilk növbədə humanitar qərardır. Gürcüstanla diplomatik münasibətlərin bərpası perspektivləri ilə bağlı “çox uzağa getməyə” dəyməz. Rusiya iqtisadiyyatında vəziyyət tamamilə idarəediləbiləndir, lazımi təhlükəsizlik marjası var", - Putinin mətbuat katibi bildirib. O, həmçinin Ermənistan və Azərbaycan sərhədində baş vermiş silahlı toqquşmaya da toxunub. "Ermənistanın baş nazirinin 9 Mayla bağlı Moskvaya səfəri zamanı Putinlə Paşinyan arasında ayrıca söhbət olub. Ermənistan və Azərbaycan arasında yeni gərginlik fonunda Putinin Paşinyan və Əliyevlə təmasları hazırda planlaşdırılmır. Rusiya Federasiyası Ermənistan və Azərbaycandan yeni gərginlik fonunda təmkinli davranış gözləyir. Kreml taxıl müqaviləsinin uzadılması ilə bağlı danışıqların gedişini şərh etmir, İstanbuldan xəbər gözləmək lazımdır. Putinin cədvəlində hələ ki, Ərdoğanla telefon danışığı planları yoxdur", - deyə Peskov qeyd edib.
11-05-2023, 11:52
Şəhid olan hərbiçimizin kimliyi müəyyənləşdiBu gün Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu əslən Ağstafa rayonundandır. O.Novruzəlizadə Ağstafanın Vurğun qəsəbəsində anadan olub. Yaxınlarının verdiyi məlumata görə, 1998-ci il təvəllüdlü hərbi qulluqçu subay olub. Onun 1 qardaşı, 2 bacısı var. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.
11-05-2023, 11:35
Ölkəmizdə peyklərin istehsalı planlaşdırılırAzərbaycanda yaxın illərdə peyklərin istehsalı planlaşdırılır. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərkosmos (Azərbaycan Respublikasının Kosmik Agentliyi) İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib. “Ölkədə kifayət qədər ixtisaslaşmış kadrlar var. Həmin kadrlar artıq 10 ilə yaxındır ki, öz təcrübələrini genişləndirirlər. Həmin şəxslərin təcrübələrindən istifadə etməklə Azərbaycanda yaxın illərdə peyklərin istehsalına başlanıla bilər”,- deyə o vurğulayıb.
11-05-2023, 11:23
Erməni təxribatı nəticəsində hərbiçimiz şəhid olduErmənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
11-05-2023, 11:10
Paşinyan Brüsselə getmək qərarını dəyişməyibErmənistanın baş naziri Nikol Paşinyan sərhəddəki toqquşma fonunda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar üçün Brüsselə getmək qərarını dəyişməyib. Paşinyan bu barədə hökumətin iclasında bildirib. O, çıxışı zamanı sülh müqaviləsindən də danışıb. Belə ki, Paşinyan mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanacağını çətin hesab etdiyini söyləyib. Bundan əvvəl Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan mayın 14-də Brüsseldə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında görüş keçiriləcəyini təsdiqləyib. Qeyd edək ki, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü olacaq.