Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq - Ərdoğan
Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Bu sözləri ölkəmizdə dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən geniş tərkibdə görüşdə deyib. “Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. İnşallah, Şuşadakı baş konsulluğumuz açılsa, bu, təbii ki, başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaq”, - deyə Türkiyə Prezidenti bildirib.
Qardaşlığımız hər zaman olduğu kimi yüksək səviyyədə olacaq - Prezident
Əminəm ki, növbəti illərdə bizim dostluğumuz, qardaşlığımız hər zaman olduğu kimi yüksək səviyyədə olacaqdır. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən geniş tərkibdə görüşdə söyləyib. Yeni hökumət üzvlərini də ürəkdən təbrik edən dövlətimizin başçısı, həmçinin qeyd edib: “Hər zaman olduğu kimi, bizim görüşlərimiz həm görülən işlərə bir yekun vurur, eyni zamanda, növbəti illərdə görüləcək işlərlə bağlı bir yol xəritəsi cızır. Əminəm ki, bu səfərdə də belə olacaq”.
Türkiyənin tanınmış siyasətçisi, ATA ittifaqının prezidentliyə namizədi olmuş Sinan Oğan Bakıda səfərdədir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, Oğan ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Bakıya gəlib. O, Ərdoğanın Bakıda rəsmi qarşılanma mərasimində Türkiyə nümayəndə heyətinin tərkibində yer alıb. Oğan öncə Azərbaycan Prezidenti İlham Əliyev ilə, daha sonra Ərdoğanla salamlaşıb.
Azərbaycanda iyunun 14-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 31-36° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək. Azərbaycanın rayonlarının bəzi yerlərində əsasən səhər saatlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacağı bildirilir.
Azərbaycan Respublikasında dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Şəhidlər xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğan “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Sonra Türkiyə Prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb. Ali qonaq Xatirə kitabına ürək sözlərini yazıb.
Təhsil naziri “Son zəng” tədbiriylə bağlı əmr imzaladı
Elm və təhsil naziri Emin Əmrullayev ümumtəhsil məktəblərində ənənəvi "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı əmr imzalayıb. Bu barədə nazirlikdən xəbər verilib. Əmrdə qeyd olunub ki, “Son zəng” tədbiri 14 iyun 2023-cü il tarixdə hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunmalıdır. “Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin dəvət olunması ümumi təhsil müəssisəsinin rəhbərlərinə tövsiyə edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərlərinə “Son zəng”in keçirilməsi müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görürlməsi tapşırılıb.
Stoltenberq Ukraynanın NATO-ya üzvlüyü tarixini açıqlamaq istəmədi
NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın NATO-ya daxil olma vaxtını açıqlamaqdan imtina edib. Bu barədə ona PBS telekanalına müsahibəsində sual ünvanlanıb. "Mən başa düşürəm ki, Zelenski NATO-ya daxil olmaq üçün dəqiq vaxt cədvəlində israr edir. Eyni zamanda, hesab edirəm ki, müharibənin ortasında olduğumuz zaman dəqiq tarixlər söyləmək mümkün deyil. Və hesab edirəm ki, bütün müttəfiqlər də bunda çox maraqlı olacaqlar. Aydındır ki, indi ən aktual vəzifə Ukraynanın suveren, müstəqil dövlət kimi qələbəsini təmin etməkdir. Suveren, müstəqil, demokratik Ukrayna NATO-ya üzv ola bilər”, - alyansın baş katibi bildirib. Qeyd edək ki, Ukrayna lideri “The Wall Street Journal”a müsahibəsində belə bir sual verib: “Ukraynalıların həyatı nə qədərdir ki, müharibədən sonra, təhlükəsiz olduqdan sonra NATO-da olacaq?”.
Gənc cüdoçunu qətlə yetirən şəxs 19 il azadlıqdan məhrum edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində Şağandakı Olimpiya idman kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun məhkəməsi başa çatıb. Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ruslan Səfixanov 19 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib. Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ruslan Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.
İran Rusiya Federasiyasına kamikadze dronlarının ixracını artırıb. Bu barədə Böyük Britaniya kəşfiyyatının hesabatında deyilir. Məlumata görə, Rusiya İran PUA-larını hava yolu ilə qəbul etməklə yanaşı, Xəzər dənizi vasitəsilə İrandan gəmi ilə daha böyük yüklərin qəbulunu həyata keçirir. "Beynəlxalq Şimal-Cənub Tranzit Dəhlizi" işğaldan sonra daha çox əhəmiyyət kəsb edib. Bu, Rusiyaya beynəlxalq sanksiyalardan yayınmaqla Asiya bazarlarına, o cümlədən silah transferini həyata keçirmək üçün çıxış imkanı verir",- hesabatda qeyd edilib. Britaniya kəşfiyyatının hesabatına əsasən, Rusiya həm də İran PUA-larının istehsalına başlamağa hazırlaşır.
İyunun 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşıladılar. Ziyafət konsert proqramı ilə davam edib. Konsert proqramında ölkəmizin tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında Azərbaycanın və Türkiyənin xalq mahnılarından və klassik musiqilərindən nümunələr səsləndirilib.