12-06-2023, 14:09
Ərdoğan Şimali Kiprə səfərə getdiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın Şimali Kipr Türk Respublikasına səfəri başlayıb. Bu barədə TRT məlumat yayıb. Onu səfərdə xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, prezidentin kommunikasiya direktoru Fahrettin Altun, MİT rəhbəri İbrahim Kalın, Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün və Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik müşayiət edir.
12-06-2023, 13:59
Taksi sahəsində yeni qanununun tətbiqindən sonra qiymətlər qalxacaqTaksi sahəsində yeni qanunun tənzimlənməsindən sonra qiymətlər qalxacaq. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib. “Dünyanın heç bir yerində bu qədər taksi xidməti yoxdur. Ona görə də artım gözlənilir”,- deyə nazir vurğulayıb. "Təxminən ilin sonuna qədər 60-a yaxın qısa zolaqların çəkilməsi və istifadəsinin təmin edilməsini hədəfləyirik. Bizim hazırda əsas məqsədimiz sərnişinlərin A nöqtəsindən B nöqtəsinə rahat və təhlükəsiz çatdırılmasıdır", - Rəşad Nəbiyev əlavə edib.
Xatırladaq ki, komitənin iclasında “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər müzakirə edilir.
12-06-2023, 13:44
Məqsədimiz taksilərin sayının deyil, taksi gedişlərinin azaldılmasıdır - NazirYeni qanunla taksilərin sayının azaldılması məsələsinə aydınlıq gətirilib. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev danışıb. “Bizim əsas məqsədimiz taksilərin sayının deyil, taksi gedişlərinin azaldılmasıdır. Bizdə olan statistikaya görə, ümumi taksi gedişlərində həcm 1,5-3 km ətrafındadır. Bunu ya ictimai nəqliyyatla, ya da piyada getmək olar”, -deyə nazir bildirib.
Xatırladaq ki, komitənin iclasında “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər müzakirə edilir.
12-06-2023, 13:38
Tanınmış meyxanaçı narkotik vasitəyə görə tutulduBakıda meyxanaçı saxlanılıb, ondan narkotik vasitə götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Mahir Qonşuyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, onun üzərində şəxsi axtarış aparılan zaman yüksək təsiredici xassəyə malik külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilib. Araşdırmalarla M.Qonşuyevin sosial şəbəkələrdə “Mahir Ay Brat” adlı səhifə yaradaq əsasən gənclər və yeniyetmələr arasında cinayətkarlığı, eləcə də narkotik maddələrin istifadəsi kimi zərərli vərdişləri təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib. Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. M.Qonşuyev barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. "Sonda sosial şəbəkə istifaçilərinə, gənclərə, yeniyetmələrə, özündə cinayətkarlığı və zərərli vərdişləri ehtiva edən videolar, musiqilər, həmçinin digər bu tipli mövzularda olan məlumatları paylaşmamağı tövsiyyə edirik", - nazirlikdən bildirilib.
12-06-2023, 13:24
Prezident Putinin köməkçisini qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitini qəbul edib. Prezident İlham Əliyev 12 İyun - Rusiya Günü münasibətilə təbriklərini çatdırıb. İqor Levitin təbriklərə görə təşəkkür edib. O, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş edib. İqor Levitin Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, Ulu Öndərin 100 illiyinin Rusiyada geniş şəkildə qeyd olunduğunu məmnunluqla vurğulayıb. Görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi qeyd olunub. Söhbət zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə qarşılıqlı səylərin davam etdirilməsi, yük həcmlərinin artırılması, Azərbaycan ərazisində müvafiq infrastrukturdan istifadə imkanları, müasir nəqliyyat habına çevrilən ölkəmizin ərazisindən Bakı-Tbilisi-Qars və Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə daşımalar barədə fikir mübadiləsi aparılıb. Gələcəkdə Zəngəzur dəhlizinin potensialından Rusiyanın istifadə imkanlarının araşdırılması ilə əlaqədar məsələlər müzakirə olunub. Azərbaycanda müasir gəmiqayırma sahəsinin imkanlarından istifadə edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
12-06-2023, 13:19
Azərbaycanla müxtəlif fasilələrlə 4 dəfə danışıqlar aparılıb - İran XİNAzərbaycan və İran xarici işlər nazirləri arasında müxtəlif fasilələrlə 4 dəfə danışıqlar aparılıb. Bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani deyib. O bildirib ki, sonuncu danışıqlar zamanı gərginliyi idarə etmək və mübahisələri həll etmək üçün iki ölkə arasında texniki nümayəndə heyətlərinin mübadiləsi və digər addımlar razılaşdırılıb. Kənaninin sözlərinə görə, Tehranda Azərbaycan səfirliyinin yenidən açılması üçün danışıqlar aparılır. Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi mövcud problemlər və onların həlli məsələləri müzakirə edilib. Qeyd edilən istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilməsinə dair razılıq ifadə olunub. Telefon danışığı zamanı həmçinin bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İyunun 5-də Ceyhun Bayramov bildirib ki, İran Azərbaycan səfirinin geri qayıtmasını istəyir: “İran tərəfinin verdiyi məlumata görə, cinayət işi ilə bağlı istintaq hələ davam edir və ona görə də konkret nəticələr barədə hələ danışmaq tezdir. Biz hesab edirik ki, bu hadisə iki ölkə arasında münasibətlərə çox mənfi təsir edən amildir. Eyni zamanda, bizə bir neçə dəfə İran tərəfindən diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı müraciətlər daxil olub. Ancaq təbii ki, bu məsələlər bir-birindən asılıdır və Azərbaycan tərəfi tam əmin olmalıdır ki, cinayətkarlar, sifarişçilər məsuliyyətə cəlb olunmalı, sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfinə bununla bağlı bütün zəmanətlər sözdə deyil, əməldə verilməlidir”. Xatırladaq ki, bu ilin mart ayında Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra rəsmi Bakı diplomatik nümayəndəliyin fəaliyyətinin dayandırılmasına qərar verib. Başda səfir Əli Əlizadə olmaqla, bütün diplomatlar və onların ailə üzvləri İrandan təxliyə olunub.
12-06-2023, 13:07
Sabahın hava proqnozuBakıda və Abşeron yarımadasında iyunun 13-də əsasən yağmursuz hava şəraiti gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında əsasən gündüz saatlarında bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
12-06-2023, 12:14
Xəzər TV-nin aparıcısı artıq bu sahənin rəhbəri kimi fəaliyyət göstərəcəkXəzər TV-nin aparıcısı Rüstəm İbadov 13 ildən sonra kanaldan ayrılıb. Bu barədə aparıcı özünün Facebook səhifəsində məlumat yayıb. O bildirib ki, bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dost İş Mərkəzində İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri olaraq fəaliyyət göstərəcək.
12-06-2023, 12:02
Aşıq Ələsgərin Göyçədəki məzarı ermənilər tərəfindən dağıdılıbAşıq Ələsgərin Göyçədəki məzarı erməni vandalları tərəfindən dağıdılıb, məhv edilib. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə keçirilən “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmədə deyib. “Qərbi Azərbaycan İcması Ermənistan tərəfinin tarixi-mədəni irsimizə qarşı törətdiyi bu kimi vandalizm halları barədə, eyni zamanda, öz yurdlarından qovulmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi istiqamətində beynəlxalq təşkilatlara, o cümlədən UNCESO-ya müraciətlər ünvanlayıb”, - deputat vurğulayıb.
12-06-2023, 11:53
Prezident “Starwood Capital Group” şirkətinin rəhbərini qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də dünyanın aparıcı investisiya şirkətlərindən biri olan alternativ investisiyaların idarə edilməsi üzrə “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktoru Berri Sternlixi qəbul edib. Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərini və qısa zaman ərzində əldə olunan uğurları qeyd edən Berri Sternlix ölkəmizin regionda böyük rola malik olduğunu dedi. Qonaq vurğuladı ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə çoxillik və möhkəm əməkdaşlıq rəhbərlik etdiyi şirkət üçün böyük önəm daşıyır və onlar gələcəkdə bu əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdırlar. Prezident İlham Əliyev dünyanın nəhəng və qabaqcıl maliyyə təsisatları ilə əməkdaşlıq edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun “Starwood Capital Group” şirkəti ilə sıx əlaqələrinin olmasını müsbət qiymətləndirdi və mövcud tərəfdaşlığın daha da gücləndirilməsi üçün səylərin davam etdirilməsinin önəmini vurğuladı. Prezident İlham Əliyev qeyri-sabit maliyyə bazarları dövründə də Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin artmasının müsbət hal olduğunu dedi. Görüşdə Azərbaycanda münbit investisiya şəraitinin mövcudluğu qeyd edildi, energetika sahəsi, xüsusilə alternativ enerji, logistika, turizm sahələrinə əlverişli investisiya qoyuluşu üçün yaxşı imkanların olduğu vurğulandı və bununla bağlı fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın aparıcı investisiya şirkətlərindən biri olan “Starwood Capital Group” 1991-ci ildə təsis edilib. Şirkətin daşınmaz əmlak, kredit və enerji infrastruktur strategiyaları üzrə idarə etdiyi vəsaitlərin ümumi dəyəri hazırda 120 milyard ABŞ dolları təşkil edir. Şirkətin baş ofisi Amerika Birləşmiş Ştatlarında yerləşir və 35-dən artıq ölkəyə investisiya həyata keçirib. Hazırda portfel şirkətlərində 5 mindən artıq əməkdaş çalışır.