Ukraynanın NATO-ya üzvlüyünə rəsmi dəstək verən dövlətlərin sayı 20-yə çatdı
Şənbə günü Kanadanın müvafiq bəyannaməni imzalanmasından sonra Ukraynanın NATO-ya üzvlüyünə rəsmi dəstək verən dövlətlərin sayı 20-yə çatıb. Bunu Ukrayna Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva deyib. Məlumata görə, Kanadanın baş naziri Castin Trüdo şənbə günü elan olunmamış səfərlə Kiyevə gəlib. O, prezident Volodimir Zelenski ilə Ottavanın “şərtlər imkan verən kimi” Ukraynanın NATO-ya daxil olmasını rəsmən dəstəklədiyi bəyannaməni imzalayıb. Həmçinin, Kanada NATO - Ukrayna Şurasının yaradılmasına da tərəfdar çıxıb. Bu, Ukrayna və Alyans arasında yeni qarşılıqlı fəaliyyət mexanizmi üçün ilk belə ictimai dəstək olub. Qeyd edək ki, may ayında Avropa paytaxtlarına səfəri çərçivəsində prezident Zelenski İtaliya, Almaniya və Fransa liderləri ilə də Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyən bəyannamələr imzalayıb.
Dənizkənarı Milli Park ərazisində 1 nəfər özünü dənizə atdı
Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfər özünü dənizə atıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1988-ci il təvəllüdlü Kurkin Aleksandr Aleksandroviç dalğıclar tərəfindən xilas edilərək, ilkin yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib.
Kahramanmaraşda 111 minə yaxın bina inşa ediləcək - Nazir
Kahramanmaraşda 110 681 bina tikiləcək. Bunu Türkiyənin yeni daxili işlər naziri Əli Yerlikaya Kahramanmaraşda səfərdə olarkən deyib. Nazir bildirib ki, onların əsas məqsədi müvəqqəti sığınacaq mərkəzlərində qalan vətəndaşları konteynerlərə daşımaq və daimi yaşayış yerlərini tamamlamaqdır. Kahramanmaraşda zərərin qiymətləndirilməsi işlərinin tamamlandığını qeyd edən Yerlikaya 6 fevralda baş verən 100 illik fəlakətdən 125 gün keçdiyini vurğulayıb: "O gündən bu yana görülən işləri araşdırmaq üçün buradayıq. Koordinasiya toplantımızı keçirdik. Kahramanmaraşda zərərin qiymətləndirilməsi işləri artıq tamamlanıb. Zərər dəymiş ümumi 558 min 219 bina sökülüb. Növbəti 4 ay ərzində isə ağır ziyan dəymiş 29 min 601 binanın söküntüsü tamamlanmalıdır”. Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
İranın 17 bölgəsi sel və daşqına məruz qaldı - 7 ölü, 72 yaralı var
İranda leysan yağışları nəticəsində 17 bölgədə sel və daşqın baş verib. Bu barədə İranın xilasetmə qüvvələrinin rəhbəri Babək Mahmudi məlumat yayıb. O, leysan yağışları nəticəsində 7 nəfərin öldüyünü, 72 nəfərin isə yaralandığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya məktub ünvanlayıb. Məktubda deyilir: “Hörmətli Aleksandr Qriqoryeviç. Sizi və Sizin simanızda dost Belarus xalqını Azərbaycan Respublikası və Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə son üç onillikdə xalqlarımızı birləşdirən mehriban dostluq ənənələrinə, qarşılıqlı hörmətə və etimada əsaslanan, faydalı tərəfdaşlıq ruhunda ardıcıl olaraq genişlənən və dərinləşən Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyəsini bir daha qeyd etmək istərdim. Bizim böyük inkişaf yolu keçmiş, fəal siyasi dialoqla, intensiv təmaslarla, ikitərəfli və çoxtərəfli formatlarda iqtisadi-ticari, humanitar və bir çox başqa sahələrdə məhsuldar əməkdaşlıqla xarakterizə olunan dövlətlərarası əlaqələrimiz xüsusi məmnunluq doğurur. Siz Azərbaycan-Belarus münasibətlərinin ardıcıl inkişafına, onların strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə sanballı şəxsi töhfə vermisiniz. Əminəm ki, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq birgə səylərlə gələcəkdə də hərtərəfli möhkəmlənəcək, xalqlarımızın və ölkələrimizin maraqları naminə yeni məzmunla zənginləşəcəkdir. Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Belarus xalqına isə sülh və firavanlıq diləyirəm”.
Fransa Prezidenti Emmanuel Makron və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Bu barədə İran prezidentinin aparat rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi "Twitter" hesabında yazıb. Bildirilib ki, Fransa Prezidenti iranlı həmkarına zəng edib. Telefon danışığı 90 dəqiqə davam edib. Liderlər qarşılıqlı fəaliyyətin davam etdirilməsi, xüsusi ilə də sanksiyaların aradan qaldırılması və regional məsələlərlə bağlı danışıqlar barədə razılığa gəliblər.
İranın İlam vilayətində iki ziyarətgah yandırılıb. Bu barədə IRNA məlumat yayıb. Bildirilib ki, bu gün Abdanan-Dehloran yolunda yerləşən iki ziyarətgah naməlum şəxslər tərəfindən yandırılıb. İlam prokurorluğu ziyarətgahların yandırılması ilə bağlı araşdırma başlandığını bildirib. Hadisə ilə bağlı bir neçə şübhəli şəxs saxlanılıb.
Türkiyədə kimyəvi maddələr daşıyan yük maşını qəzaya düşdü - Ölənlər var
Türkiyənin Ərzincan vilayətində kimyəvi maddələr daşıyan yük maşını qəzaya uğrayıb. Yük maşını başqa bir yük maşını ilətoqquşub. Ərzincan-Sivas avtomobil yolunda baş verən qəza nəticəsində hər iki sürücü ölüb. Hadisə bağlı araşdırma başladılıb.
Olaf Şolts yaxın zamanlarda Putinlə danışmağı planlaşdırır
Almaniya kansleri Olaf Şolts yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır. Bu barədə o Nürnberqdəki çıxışında bildirib. "Mən bunu yaxın gələcəkdə yenidən etməyi planlaşdırıram", - Şolts deyib. O, əlavə edib ki, “danışıqlar normaldır, söhbət kimin kiminlə nə barədə danışıqlar aparmasından gedir”. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Olaf Şolts arasında telefon danışığının planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı sualına belə cavab verib: “Xeyr. Hələ yox".
Bakıda ermənilərə məxsus olan taksi şirkəti fəaliyyat göstərir
Ötən il Bakıda fəaliyyətə başlayan "Yango" taksi xidməti "Yandex.Taxi” şirkətinin törəməsidir. Qəribə səslənsə də, Bakıda milyonlar qazanan “Yandex.Taxi” şirkətinin rəhbəri Tiqran Xudaverdyan adlı etnik ermənidir. Sözügedən şirkətin rəhbərliyi məhz ermənilədən ibarətdir. Şirkət daha əvvəl Azərbaycanda fəaliyyət göstərmək üçün cəhdlər edib, lakin istəyinə nail ola bilməyib. Uzun cəhdlərdən sonra "Yango" 2022-ci ildə Azərbaycan bazarına daxil ola bilib. Müşahidələr göstərir ki, "Yango"nun Azərbaycanda fəaliyyəti qeyri-müəyyəndir və xidmətin birbaşa Rusiyadakı ofisdən idarə olunması şübhə doğurmur. Ümumilikdə "Yandex"in özündə çoxlu sayda erməni əsilli Rusiya vətəndaşı aparıcı vəzifələri tutur. Şirkətin əsas rəhbəri olan Tiqran Xudaverdiyan Ukrayna müharibəsinə görə "qara siyahı"ya salınıb. Onun idarəçiliyində olan şirkətin təsis etdiyi “Yandex.Taxi” və ya “Yandex Go” Rusiyada, eləcə də bir sıra ölkələrdə “Yango” (Yandex Go adından) adı ilə fəaliyyət göstərir. Onu da bildirək ki, “Yandex.Taxi” və “Uber” 13 iyul 2017-ci il tarixində Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan və Rusiyada taksi fəaliyyətlərini birləşdirmək üçün müqavilə imzalayıblar. Birləşmə qərarından sonra “Yandex” 100 milyon dollar, “Uber” isə 225 milyon dollar sərmayə qoyub və bu ortaqlıq nəticəsində ümumi dəyəri 3,8 milyard dollar olan yeni şirkət qurulub. Yeni şirkətdəki ortaqlıq payları; Yandex 59,3%; Uber% 36,6, qalan 4.1% işçilərə məxsusdur. Qeyd edək ki, birgə təsis edilən şirkət məhz Tiqran Xudaverdyan tərəfindən idarə olunur. 22 may 2019-cu il tarixində Tiqran Xudaverdyan MLU BV-nin yeni icraçı vitse-prezidenti vəzifəsinə Daniil Şuleykonun təyin olunduğunu elan edib.