“Yarımçıq qalmış arzular”Agentliyin dəstəyi ilə çap olunmuş “Yarımçıq qalmış arzular” kitabı təqdim olundu
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin cari təqvim ili üçün elan etdiyi qrant layihələri müsabiqəsində qaliblərdən biri olmuş və “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilmiş layihə “Yarımçıq qalmış arzular” kitabının nəşri ilə başa çatıb.
Birliyin sədri Ruhiyyə Məmmədova Fact-info.az- a bildirib ki, Agentliyin maliyyə dəstəyi ilə işıq üzü görmüş kitabın təqdimatı məlum hadisələrə təsadüf edən 22 sentyabr tarixində Azərbaycan Dövlət İqtisad Universitetində keçirilib: “İgidlikləri ədalətsizliyə qarşı mübarizliyin parlaq nümunəsinə çevrilmiş qəhrəman şəhidlərin ömür-gün yoldaşlarının igid ərləri ilə bağlı xatirələrini, duyğu və düşüncələrini əks etdirən nəfis tərtibatlı kitabın təqdimatı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri, QHT rəhbərləri və təmsilçiləri, şəhid anaları və xanımları, universitet müəllimləri və tələbələr, media nümayəndələri və könüllülər, İctimai Birliyin rəhbərliyi və üzvləri iştirak ediblər. Şəhidlərin əziz xatirəsi yad edildikdən sonra layihə barədə geniş məlumat verilib. Qeyd edilib ki, “Mütərcim” nəşriyyatında nəşr olunmuş kitabın unikallığı onun müəlliflərinin məhz şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının ömür-gün yoldaşlarının olmasıdır. Yazıları oxuculara olduğu kimi, məzmuna heç bir əlavə və dəyişiklik edilmədən təqdim etməyə çalışdıq. Nə qədər çətin də olsa, öz qəhrəman həyat yoldaşları haqqında fikirlərini oxucularla bölüşdüklərinə görə şəhid xanımlarına təşəkkürümüzü bildiririk”.
Çıxış edənlər rəşadətli Ordumuzun parlaq qələbəsində əvəzsiz xidmətləri olan əsgər və zabitlərimizin igidliyindən, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, şəhidlərin xatirəsini yaddaşlarda yaşada biləcək bu cür tədbirlərin zəruriliyindən, təqdimatı keçirilən kitabın gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edə biləcəyindən söz açıblar. Xatirələri kitabda yer almış gənc xanımın bu fikri xüsusi ehtiramla qarşılanıb: “Bir çox arzularımız yarımçıq qalsa da, ən böyük arzumuz çin oldu – Vətənimiz bütövləşdi”.
Tədbirin sonunda kitablar şəhid ailələrinə təqdim edilib və universitetin Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə olunub. Təqdimat iştirakçıları universitet ərazisində yerləşəm “Şəhidlər ölməz, Vətən bölünməz” abidəsi önündə xatirə şəkli çəkdiriblər.
Ruhunuz şad olsun, şəhidlər!