Sentyabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hospitalın həyətində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyulub. Ulu Öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı yaralanan və hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti və qayğıları ilə maraqlanıb. Müdafiə nazirinə məruzə olunub ki, hospitalda yaralı hərbçilərimizin müalicəsi üçün bütün tibbi personal yüksək peşəkarlıqla fəaliyyət göstərir. Nazir palatalarda müalicə olunan hərbi qulluqçulara baş çəkib, onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb. Müdafiə naziri antiterror tədbirləri zamanı ağır relyef şəraitində hərbçilərimizin qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək qısa müddət ərzində bütün istiqamətlər üzrə əldə etdiyi əhəmiyyətli dərəcədə hərbi uğurların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Sonda nazir yaralı hərbi qulluqçularımıza göstərilən xidmətin daha keyfiyyətli təşkil olunması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
“Millət vəkili Qənirə Paşayeva süni nəfəs aparatına qoşulub”. Bunu Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev bildirib. Onun sözlərinə görə, hazırda Qənirə xanımın ağır vəziyyətə düşməsinin səbəbləri araşdırılır: “Əsas məqsədimiz xəstəliyin şok klinikasının gedişatını dayandırmaqdır. Müalicələr nəticəsində cüzi də olsa stabillik əldə olunub. Lakin xəstənin çox ağır vəziyyəti davam edir”.
Baş həkim: “Qənirə xanım reanimasiya şöbəsindədir”
"Qənirə xanım reanimasiya şöbəsindədir və bütün lazımi tədbirlər görülür". Bunu Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev bildirib. Onun sözlərinə görə, bütün ixtisas həkimləri müalicə işinə cəlb olunub: "Əlimizdə mövcud olan bütün tibbi imkanların hamısından istifadə olunur. Qənirə xanımın müalicəsi üçün Türkiyədə olan həmkarlarımızla daimi əlaqədəyik və konsultasiyalar aparırıq. Müalicə davam edir. Qeyd edim ki, Qənirə xanımın vəziyyəti hazırda çox ağırdır”. Qeyd edək ki, millət vəkili sentyabrın 23-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib.
“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində gözləyən "yardım" karvanı geriyə, Ermənistana qayıdır. Karvana daxil olan yük avtomobilləri dönmə əməliyyatını həyata keçirə bilmədiyi üçün arxa-arxaya hərəkət edirlər. Qeyd edək ki, Laçın yoluna dirənmiş “humanitar yük”ün daşıyıcısı “Spayka” şirkətinin 19 TIR-ı iyulun 26-dan 400 tonluq "humanitar yardım"la ərazidə gözləyir.
Xocavəndin Veysəlli kəndidə silah-sursat müsadirə edildi
Azərbaycan Müdafiə Nazirliyi Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın görüntülərini yayıb. Butov.az həmin görüntüləri təqdim edir:
Təslim olmuş ermənilərin Qarabağdan çıxışı təmin olunacaq - DİN
20 sentyabrda əldə olunmuş razılaşmaya uyğun olaraq, silahı yerə qoyaraq tərksilah və tərxis olunan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Azərbaycanın Qarabağ bölgəsindən Laçın-Xankəndi və Kəlbəcər-Basarkeçər istiqamətində çıxışı təmin olunacaq. Bunu Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev deyib. Onun sözlərinə görə, keçidin təmin olunması üçün avtobuslar və şəxsi nəqliyyat vasitələrindən istifadə olunacaq.
Qənirə Paşayevanın əmisi jurnaslistlərə açıqlama verdi
Xəbər verdiyimiz ki, Milli Məclisin deputatı Qənirə Paşayeva komaya düşüb. Mərkəzi Klinik Xəstəxanada onun müalicəsi davam etdirilir. Millət vəkilinin vəziyyəti stabil ağırdır. Onun dərmandan komaya düşdüyü bildirilib. Deputatın əmisi Qəzənfər Paşayev açıqlamasında media mənsublarına çağırış edib. O qeyd edib ki, ötən gecədən çoxlu zənglər gəlir. "Kim nə deyir, yazırlar, bu, doğru deyil. Doğru olan həkimlərin dediyidir. Mən sadəcə mediadan xahiş edirəm ki, doğru olanları yazsınlar. Kimdən nə eşitdilər, yazmasınlar. Mən hər kəsə təşəkkür edirəm. Camaat axın-axın gəlir. Görünür ki, onun işinə hörmət, sevgi var. Maraqlanan, gələn hər kəsə təşəkkür edirəm. Ancaq xaiş edirəm, doğru olan məlumatları yazasınız”, - o deyib.
Rusiyayla tərəfdaşlıq İrəvanın xarici təhlükəsizliyi üçün kifayət etmədi
“Biz 2022-ci ilin dekabrında Roma statutunu ratifikasiya etmək qərarına gəldik, o zaman ki, hamımıza KTMT və Ermənistan-Rusiya strateji tərəfdaşlıq alətlərinin İrəvanın xarici təhlükəsizliyini təmini üçün kifayət etmədiyi aydın oldu”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan söyləyib. Onun sözlərinə görə, Roma Statutunun ratifikasiyası Ermənistana xarici təhlükəsizliyi təmin etmək üçün Beynəlxalq Cinayət Məhkəməsinin imkanlarından istifadə etməyə imkan verəcək. 2022-ci ilin sonunda Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statunun ratifikasiyası prosesinə başlayıb. 2023-cü ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutunun ölkənin əsas qanununa uyğun olduğunu tanıyıb.
Dünən gecədən komaya düşən Qənirə Paşayevanın Mərkəzi Klinik Xəstəxanada müalicəsi davam etdirilir. Millət vəkilinin vəziyyəti stabil ağırdır. Onun dərmandan komaya düşdüyü bildirilib. Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin sədridir.
Hərbi attaşelər müsadirə edilmiş silah-sursata baxış keçirdi
Bu gün Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra ilk dəfə ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər. Hərbi attaşelər ermənilərdən müsadirə edilmiş silah-sursata baxış keçiriblər. Səfərdə general-leytenant Mayis Bərxudarov ələ keçirilən hərbi qənimətləri şəxsən təqdim edib.