Gürcüstanla imzalanmış əməkdaşlıq Sazişinin detalları açıqlandıAzərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq Sazişinin detalları məlum olub.
Bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunda əksini tapıb.
Sazişə görə, həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar Azərbaycan Respublikası Hökuməti adından Müdafiə Nazirliyi və Gürcüstan Hökuməti adından Müdafiə Nazirliyidir.
Tərəflərin səlahiyyətli orqanları Sazişin həyata keçirilməsi məqsədilə əlavə razılaşmalar və illik əməkdaşlıq planlarını imzalaya bilərlər. Sənəddə tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edəcəklər:
- hərbi təhsil, treninq və təlimlər;
- müdafiə və təhlükəsizlik siyasəti;
- sülhməramlı və humanitar əməliyyatlar;
- NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq;
- silahlara nəzarət və tərk-silah;
- hərbi qanunvericilik;
- maddi-texniki təminat;
- mülki-hərbi əməkdaşlıq;
- müdafiə sahəsində kibertəhlükəsizlik;
- hərbi xəritəçilik;
- hərbi tibbi xidmətlər;
- sosial, idman və mədəni tədbirlər;
- humanitar minatəmizləmə;
- qarşılıqlı maraq kəsb edən digər sahələri.
Tərəflər arasında əməkdaşlıq aşağıdakı formalarda həyata keçiriləcək:
- rəsmi səfərlər və işçi görüşləri;
- ikitərəfli danışıqlar, məsləhətləşmələr və təcrübə mübadiləsi;
- treninq və təlim tədbirlərində iştirak;
- qarşılıqlı maraq kəsb edən məlumatın mübadiləsi;
- konfrans və seminarlarda iştirak;
- mədəni və idman tədbirlərində iştirak;
- birgə razılaşdırılmış digər əməkdaşlıq formaları.