23-08-2022, 21:40
Almaniya kansleri Moskvanı hədələdiQərb Rusiyaya qarşı sərt sanksiyalar kursunu davam etdirəcək, Kiyevə hərbi yardım göstəriləcək və Ukrayna ərazilərinin Rusiyaya qoşulmasını heç vaxt tanımayacaq. Bunu Almaniya kansleri Olaf Şolts Krım Platforması sammitində videoformatda çıxışı zamanı deyib. "Rusiyaya qarşı indiyədək görünməmiş miqyaslı sanksiyalara sadiq qalacağıq. Biz Ukraynanı maliyyə cəhətdən dəstəkləyəcəyik və silah tədarükünü davam etdirəcəyik. Hava hücumundan müdafiə sistemlərinin yeni tədarükü də daxil olmaqla, hərbi yardım paketi artıq işə salınıb. Bizim mesajımız ondan ibarətdir ki, hər hansı referendum və ya Ukraynanı ayırmaq üçün edilən digər cəhdlər heç vaxt tanınmayacaq. Bütün bu cür tədbirlər danışıqlar yolu ilə həllə imkan vermir və verməyəcək", - deyə Şolts qeyd edib.
23-08-2022, 21:38
Peyvənd olunanların bugünkü sayı
Azərbaycanda son sutkada koronavirus əleyhinə 1732 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 337, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 886, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 190 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 850 299, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 372 002, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 861 480, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 358 577, pozitiv nəticədən sonra buster doza olunanların sayı 258 240 təşkil edir.
23-08-2022, 21:27
622 yeni yoluxma - Daha iki nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 622 yeni yoluxma faktı qeydə alınıb, 678 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 2 nəfər ölüb. İndiyədək ümumilikdə 803 335 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 795 900 nəfər müalicə olunaraq sağalıb, 9795 nəfər vəfat edib, aktiv xəstə sayı 3640 nəfərdir. Son sutka ərzində 4442, hazırkı dövrədək isə 7 127 158 test aparılıb.
23-08-2022, 21:23
Tunisdə batan gəmidəki azərbaycanlılar azad olundu
Tunisdə qəzaya uğrayan gəminin azərbaycanlı heyət üzvləri azadlığa buraxılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, 16 aprel 2022-ci il tarixində Tunis Respublikasının Qabes şəhəri yaxınlığında Ekvatorial Qvineya bayrağı altında üzən “Xelo” gəmisi əlverişsiz hava şəraiti səbəbindən qəzaya uğrayıb. Gəminin 7 nəfərlik heyət üzvündən iki nəfəri - Səfərov Fədail Əhməd oğlu və Pənahlı Əli Mirzə oğlu Azərbaycan vətəndaşı olub. Gəminin heyət üzvləri hadisənin araşdırılması və hüquqi qiymət verilməsi məqsədilə həmin gündən etibarən Tunis Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Vətəndaşlarımıza zəruri konsulluq yardımının göstərilməsi məqsədilə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Tunis Respublikasının aidiyyəti dövlət orqanlarına rəsmi müraciətlər ünvanlanıb, Tunis Respublikasının aidiyyəti dövlət qurumlarında görüşlər keçirilib, gəminin saxlanılan heyət üzvləri ziyarət edilib. Eyni zamanda, gəminin sahibi olan şirkətlə əlaqə saxlanılaraq, çətin vəziyyətə düşmüş vətəndaşlarımıza hüquqi və maliyyə yardımının göstərilməsi məsələsi üzrə danışıqlar aparılıb. 10 avqust 2022-ci il tarixində Qabes şəhər İbtidai Məhkəməsində keçirilmiş son məhkəmə iclasında qəzaya uğramış gəminin heyət üzvlərinin azad olunmasına dair qərar qəbul edilib. 2022-ci ilin 21 avqust tarixində vətəndaşlarımız Tunis Respublikasının ərazisini tərk ediblər. Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq harada olmasından asılı olmayaraq, öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcəkdir.
23-08-2022, 21:20
Qəbələdə yanğın başlayıbQəbələ rayonunda dağlıq ərazidə yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 1 ədəd helikopter yanğınsöndürmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.
23-08-2022, 21:18
Delimitasiya üzrə komissiyaların görüşü keçiriləcək
Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyalarının növbəti görüşü keçiriləcək. Bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisindən bildirilib. Məlumata görə, iclas avqustun sonunda Moskvada baş tutacaq. Xatırladaq ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə dövlət komissiyalarının ilk görüşü 24 may 2022-ci il tarixində olub. Azərbaycan və Ermənistan tərəfdən komissiyalara Baş nazir müavinləri Şahin Mustafayev ilə Mher Qriqoryan rəhbərlik edir.
23-08-2022, 21:10
Qarabağ separatçıları Rusiya sülhməramlılarının komandanlığı ilə görüşdüAvqustun 23-də Xankəndidəki separatçı-terrorçu dəstənin qondarma “parlamentininin 5 nümayəndəsi” Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüşüb.
Butov.az xəbər verir ki, görüşün keçirilməsinə səbəb Rusiyanın Ermənistan Respublikasındakı səfirliyinin müşaviri Maksim Seleznyovun son bəyanatı, həmçinin avqustun əvvəlində Azərbaycanın həyata keçirdiyi “Qisas” əməliyyatından sonra yaranmış vəziyyət olub. Görüşdə Rusiya Federasiyasının sülhməramlı kontingentinin məsul şəxsləri qeyd olunan məsələlərlə bağlı izahat veriblər. Xüsusilə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata istinad edərək, Laçından yan keçən yeni yolun “Laçın dəhlizi” ilə eyni hüquqi statusa malik olacağını, 5 kilometrlik enində təhlükəsizlik zonasının müəyyənləşdirildiyini, bitən bütün təhlükəsizlik komponentlərinin qorunub saxlanacağını qeyd ediblər. Bildirilib ki, Xankəndini Ermənistanla birləşdirən 32 kilomeytrlik yeni yolda Rusiya sülhməramlı qüvvələrinin nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərəcək. Rusiya sülhməramlı kontingentinin komandanlığının nümayəndələri avqust hadisələri ilə bağlı lazımi nəticələr çıxardıqlarını qeyd edərək, gələcəkdə bu cür halların qarşısının alınması üçün əlavə səylər göstərəcəklərini və Qarabağdakı ermənilərin təhlükəsizliyini lazımi səviyyədə təmin edəcəklərini əmin ediblər.
23-08-2022, 21:07
27 ölkənin XİN başçıları Rusiyaya görə toplanırAvropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri avqustun 30-da Praqada qeyri-rəsmi keçiriləcək görüşdə bir araya gələcək. Bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının (AK) nümayəndəsi Dana Spinant bildirib. Onun sözlərinə görə, nazirlər Rusiya vətəndaşlarına vizaların verilməsi məsələsində vahid yanaşmanı müzakirə edəcəklər.
23-08-2022, 21:03
“İnanıram ki, Ukrayna qalib gələcək” - Polşa prezidenti
"Ukrayna nəinki özünü müdafiə edəcək, həm də inanıram ki, qalib gələcək". Bunu Polşa Prezidenti Anjey Duda Kiyevdə Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib. Duda bildirib ki, Ukrayna Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərini geri alacaq: "Ukrayna Polşanın dəstəyi ilə yenidən qurulacaq. Qərbi Avropa, Amerika Birləşmiş Ştatları və digər demokratik ölkələr, bütün vicdanlı dövlətlər və xalqlar Ukraynanı dəstəkləyir və dəstəkləyəcək”. O, qeyd edib ki, Ukrayna xalqı və hakimiyyəti Polşaya arxalana bilər.
23-08-2022, 20:56
Laçında hələ 4 erməni ailəsi qalıb
Hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan, ermənilərin qanunsuz məskunlaşdığı Laçın şəhəri, Zabux və Sus kəndləri bir neçə gündən sonra Azərbaycana təhvil veriləcək. Azərbaycan tərəfi ermənilərə həmin yaşayış məntəqələrini tərk etmək üçün avqustun 25-nə kimi vaxt verib.
Butov.az-ın məlumatına görə, Laçın şəhərindəki qanunsuz erməni icmasının başçısı Narek Aleksanyan bu gün “Hraparak” qəzetinə oradakı son vəziyyət barədə danışıb. O bildirib ki, ermənilərin əksəriyyəti artıq Laçın şəhərini tərk edib. “Hazırda şəhərdə yəqin ki, 20 nəfərə yaxın, bizimlə birlikdə 4 ailə var. Bu ailələrin də bir hissəsi bu gün, digər hissəsi sabah çıxacaq”. Onun sözlərinə görə, Laçını tərk edənlər əmlaklarını da çıxarıblar. Narek Aleksanyan təxliyə işləri zamanı hökumətdən pul və yanacaq şəklində birbaşa dəstək aldıqlarını qeyd edib. “Laçın şəhərini tərk edənlər hara köçüblər” sualına cavab verən icma başçısı deyib ki, 3 ailə Xankəndiyə və Qarabağın başqa yerlərinə köçüb, qalanları Ermənistanda yerləşib. Onlara yeni mənzillər veriləcəyi vəd olunub.