Gəncə Şəhər Baş Polis İdarəsinə yetkinlik yaşına çatmayan şəxsin kəsici-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub. Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. O bildirib ki, hazırda araşdırmalar davam etdirilir. Hadisəni törədən şəxsin kimliyi müəyyən edilib istintaqa təhvil verildikdən sonra əlavə məlumat veriləcək. Qeyd edilib ki, hadisə məktəbdən kənarda baş verib.
Cənub Qaz Dəhlizi ilə əlaqədar yaradılan Dövlət Komissiyası ləğv edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə yaradılan Dövlət Komissiyası ləğv edilib. Bununla əlaqədar “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” sərəncamda müvafiq dəyişikliklər edilib. Başqa sözlə, Dövlət Komissiyası artıq təyin etdiyi nümayəndələr vasitəsi ilə SOCAR-a məxsus olan “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasında təmsil olunmayacaq.
Bələdiyyə seçkilərində 263 nəfərin namizədliyi qeydə alınıb
Bələdiyyə seçkilərində 6 min 218 nəfər namizədlik üçün müraciət edib. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, hələlik heç bir qanun pozuntusu qeyd alınmayıb: "685 bələdiyyə üzvlər seçilir. 5 734 seçki məntəqəsi üzrə 5 milyon 876 mindən çox seçici iştirak edəcək. 263 nəfərin namizədliyi qeydə alınıb".
Məhkəmə Qubad İbadoğlunun ölkədən çıxışı ilə bağlı qərar verdi
Bakı Apellyasiya Məhkəməsi Qubad İbadoğlunun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı şikayətinə baxıb. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Nərimanov rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Qeyd edək ki, dekabrın 3-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı şikayətini təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib. Q. İbadoğlu bu ay Avropaya səfərlə bağlı qadağanın götürülməsi üçün məhkəməyə növbəti dəfə müraciət edib. Qeyd edək ki, Qubad İbadoğlu ötən ilin iyul ayında həbs edilib. O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pulların satışı), 167-3.1-ci (dini ekstremizmyönlü materialların saxlanması və ya yayılması) maddələrilə ittiham irəli sürülüb. Bu il aprelin 22-də məhkəmə onun barəsində qətimkan tədbirini dəyişərək ev dustaqlığına buraxılmasına qərar verib.
Suriyanın devrilmiş Prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin saxlanılması barədə iddialar yayılıb. Xəbər bir sıra ərəb KİV-lərində paylaşılıb. Onun Livanla Suriya sərhədində saxlanıldığı bildirilir. Qeyd edək ki, Mahir Əsəd 4-cü zirehli diviziyanın rəhbəri olub.
Salyan sakini dəm qazından boğularaq ölüb. Hadisə rayonun Xələc kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü Bəşirova Aynur Müşfiq qızı hamamda olarkən dəm qazından boğulub. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Britaniyada 10 yaşlı qızı Sara Şərifin qətlində təqsirli bilinən atası və ögey anası ömürlük həbs cəzasına məhkum ediliblər. Urfan Şərif azı 40 il, Beinaş Batul isə 33 il həbsdə qalmaqla ömürlük həbs cəzasına məhkum ediliblər. Sara Şərifin əmisi, Feysəl Malik qətldə təqsirli bilinməsə də, uşağın ölümünə səbəb olma və ya buna yol vermə ittihamı ilə 16 il həbs cəzası alıb. Sara 2023-cü il avqustun 8-də Surrey qraflığının Vokinq şəhərindəki evində vəfat edib və cəsədi iki gün sonra çoxsaylı xəsarətlərlə tapılıb. Məhkəmə prosesində məlum olub ki, Sara uzun müddət ərzində fiziki zorakılığa məruz qalıb və bu, onun ölümünə səbəb olub. Hakim cəza təyin edərkən təqsirləndirilən şəxslərin əməllərinin ağırlığını və uşağın çəkdiyi əzabları nəzərə alıb.
Polis Akademiyasına qəbul üçün müsabiqə elan edilib - VİDEO
Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Daxili İşlər Nazirliyi Polis Akademiyasına əyani təhsilə III qrupdan “Hüquqşünaslıq” ixtisasına 500, I qrupdan “İnformasiya təhlükəsizliyi” ixtisasına 25 kursantın qəbuluna dair müsabiqə elan edir. Müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm-dən az olmayan, yaşı 16-dan 18-dək, 11-ci sinifdə oxuyan, və ya tam orta təhsilli, həqiqi hərbi xidmətə yararlı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər. Xüsusi təyinatlı təhsil müəssisəsinə sənədlərin qəbulu 2025-ci il fevralın 23-dək namizədin daimi qeydiyyatda olduğu yer üzrə polis idarə və ya şöbələrində həyata keçirilir. “Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisas fənləri üzrə müsabiqədən keçən abituriyentlərin siyahısı Dövlət İmtahan Mərkəzinə göndərilir. İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyevu qəbul edib. Bu barədə Yuri Husyev “X” platformasındakı paylaşımında bildirib. "Hikmət Hacıyev ilə məhsuldar bir görüş oldu. Biz əlaqələrin gücləndirilməsi, iqtisadi əməkdaşlıq və investisiya imkanlarını müzakirə etdik. Göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq və biz strateji tərəfdaşlığımızın inkişafı üzərində işləyirik" - deyə o, paylaşımında qeyd edib.
Paşinyan Fransanın yeni baş nazirini Ermənistana dəvət etdi
Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Respublikasının yeni baş naziri Fransua Bayruya təbrik məktubu göndərib. Paşinyan erməni və fransız xalqlarının möhkəm dostluğuna əsaslanan xüsusi münasibətlərin genişləndirilməsi istiqamətində sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Paşinyan Ermənistan və Fransa arasında strateji əməkdaşlığın, xüsusən də iqtisadi əməkdaşlıq çərçivəsində inkişafı üçün birgə səylər göstərmək əzmində olduğunu bildirib. “Sizi yaxın gələcəkdə Ermənistanda rəsmi səfərdə qəbul etmək mənim üçün böyük şərəf olacaq”, - erməni baş nazir qeyd edib.