“Azərbaycan Film Komissiyasının yaradılmasında əsas məqsəd xarici şirkətləri Azərbaycana gətirmək və bununla yerli biznesə dəstək olmaqdır. Bu siyahıya təkcə bədii və sənədli filmlərin istehsalı yox, həmçinin televiziya filmlərinin və seriallarının, musiqi kliplərinin və reklamların çəkilişləri aiddir”.
Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, layihə “Azərbaycanfilm” kinostudiyası və Prodüserlər Gildiyası tərəfindən hazırlanıb Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib. Hazırda layihə 12 fəsil 40 maddədən ibarət “Kinematoqrafiya haqqında yeni qanun”da öz əksini tapıb. Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub. Təklif etdiyimiz “Kinematoqrafiya haqqında yeni qanun”un qəbul olunduğu halda, yəni komissiyanın qanunvericilik modeli təsdiqləndiyi halda, Azərbaycanın xarici kinoindustriyanın çəkiliş meydançasına çevrilməsi realdır.
Həmçinin, bir neçə aspekt ölkəmizi xarici prodüserlərin gözündə cəlbedici məkana çevirir. Bu, birinci növbədə böyük ekranda hər zaman yeni görüntü tələbidir. Azərbaycanın nisbətən kiçik ərazidə, yəni ərazicə böyük ölkələrlə müqayisədə bir-birindən fərqli, təzadlı mənzərələri var. Bu mənzərələr xarici tamaşaçıların gözündə tamamilə yenidir. Həmçinin, yerli aktyorların xarici kinoindustriya üçün yeni simaları. Bütün bu sadaladıqlarım, digər, əlbəttə ki, maliyyə təklifləri ilə birgə, əcnəbi filmlərin, həmçinin franşizaların, blokbasterlərin məkan seçimində böyük rol oynayır. Franşizaların, blokbasterlərin çəkildiyi məkanlar isə bir qayda olaraq turist axınına gətirib çıxarır”.
Layihə uğurlu əcnəbi film komissiyalarının strukturu və iş prinsipi əsasında hazırlanıb. Komissiya “bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərəcək. Bu prinsip xarici prodüserə yalnız bir orqana müraciət etməklə Azərbaycan ərazisində film istehsalı üçün tələb olunan bütün prosedurları həll etməyə imkan verəcək.
Film komissiyaları, əsas etibarilə, dövlət himayəsi altında, xüsusən mədəniyyət, turizm və iqtisadi inkişaf dövlət orqanları dəstəyi ilə fəaliyyət göstərir. Azərbaycanda da bu modeldən istifadə olunacaq. Kinokomissiya publik hüquqi şəxs olacaq.
Komissiyanın qarşısında duran əsas vəzifələrindən biri AFCI (Fİlm Komissiyaların Beynəlxaq Birliyi)nə üzv olmaqdır. Bu beynəlxalq birlik özündə rəsmi olaraq 300-dən çox komissiyanı əhatə edir və bu komissiyaların daxili təşkilati məsələlərinin, müxtəlif yerli dövlət orqanları ilə iş xüsusiyyətlərinin, fəaliyyətinin iqtisadi tərəflərinin tədrisini həyata keçirir.
Film Komissiyası elektron müraciətlər sistemində fəaliyyət göstərəcək. Vebsaytda geniş lokasiya qalereyası ilə birgə yerli mütəxəssislər, ölkədə mövcud çəkiliş avadanlığı haqqında məlumatları kataloqlar şəklində mövcud olacaq və əlbəttə ki, mütəmadi yeniləcək. Əlbəttə ki, vebsaytda xarici vətəndaşların ölkəyə səfəri, çəkilişlər üzrə mövcud qanunvericilik haqqında əhatəli məlumat ingilis dilində yer alacaq.