Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
Tarix : 29-01-2016, 13:49
Milli poeziyamızın göy qurşağına çevrilən şair


Həyatım və mühitim
Müsahibimiz sevimli şairimiz Musa Yaqubdur

Çağdaş Azərbayjan ədəbiyyatının dəyərli simalarından olan Musa Yaqubun hər misrasında öz torpağına, Vətəninə, təbiətə və insanlara sonsuz məhəbbət çağlayır. O, doğma diyarın hər daşını, ağajını, çiçəyini, bulağını, çayını şeirə çevirən poetik söz ustasıdır. Bu əzəli və ədəbi müqəddəs mövzu Musa Yaqub yaradıjılığının da əsas qayəsini təşkil edir.

Xalq yazıçısı Mirzə İbrahimov yazırdı: "Musa Yaqubun şeirlərində düşünən və düşündürən təbiət, yaşayan insan, sevən və sevilən bir qəlbin çırpıntıları var". Doğrudan da, onun istedadı qayaların köksündən jar olan bulaqlara bənzəyir və oxujularının qəlbinə xoş bir sərinlik gətirir. Musa Yaqubun şeirləri öz ahəngini qaynar bulaqların zümzüməsindən, joşğun dağ çaylarının şaqqıltısından, ildırımlı göylərin nərəsindən alır. Onun poeziyası da, özü də elə təbiətin bir parçasıdır. O, kövrək, gözütox və halal bir şair taleyi yaşayır. Şair dostları dəfələrlə etiraf ediblər ki, Musa Yaqub qədər şeirinə, sözünə oxşayan və poetik məninə sadiq qalan başqa bir şair tapmaq çətindir. Ona görə də onun şeir rubabı belə pak, jazibəli və çoxrənglidir.
Dostlarının fəxrlə, "dağlardan qopmuş və mamırlanmış qaya"ya bənzətdikləri, oxujuların bütövlük və mərdlik nümunəsi kimi qəbul etdikləri, şeirləri qədər səmimi bir insan olan sevimli şairimizlə üz-üzə oturmuşuq. Söhbətimizi onun uşaqlıq xatirələrindən başladıq.
Milli poeziyamızın göy qurşağına çevrilən şair


-- Musa müəllim, başqa yaşıdlarınız kimi, sizin də uşaqlığınız ağır illərə düşüb...


-- Mənim uşaqlığım daşlarla, qayalarla, ağaclarla, çaylarla, bulaqlarla ünsiyyətdə keçib. Birinci sinfə 6 yaşında getmişəm. Oxumağa böyük həvəsim vardı. Rəhmətlik Məcid müəllimin dilindən çıxan hər kəlmə beynimə həkk olunurdu. Bir dəfə bərk yağış yağırdı. Məcid müəllim demişdi ki, üzürlü səbəb olmadan dərs buraxmaq olmaz. Mən də dərsə getdim. Köhnə məsciddə yreləşən sinifimiz bomboş idi. Məcid müəllim dedi: "A bala, belə yağışda da məktəbə gələrlər?" O söz yaddaşıma elə həkk olunub ki, indi də yağış yağanda evdən çıxmağa tərəddüd edirəm...
Atamı tez itirmişəm -- 9 yaşında. Onun dəfninin səhəri günü yuxudan oyananda gördüm ki, anam hönkür-hönkür ağlayır. Biz tərəfdə əri ölən qadındar ağlamağı özlərinə ar bilərdilər. Ancaq anam ağlayırdı. Dörd yetim körpəni necə böyüdəcəyini, o ağır illərin aclığından onları necə xilas edəcəyini düşünərək göz yaşı tökürdü. Amma anam özündə güc tapıb, bütün çətinliklərə mərdliklə sinə gərərək bizi böyütdü. Böyük bacım və mən bu yolda onun yaxın köməkçiləri olduq. Uşaqlıq oyunlarını, əyləncələrini atamla birlikdə basdırdım. "Atamın xatirəsinə" şeirimdə o vaxktı hisslərimi belə təsvir etmişəm.

Qar yağırdı atamın da
məzarına, birinci qar...
Oyuncağım, uşaqlığım
O gün qaldı qar altında.
İşdən-gücdən qaçaqlığım
O gün qaldı qar altında.
Ondan sonra neçə dəfə
Haçalanıb təzə-təzə
Qar altından
Yaşıl otlar çıxdı üzə.
Amma mənim daha heç vaxt
Oyuncağım göyərmədi,
Mənim uşaq istəklərim
göyərmədi.
Atamın öz əlləriylə
alınacaq
Köynəklərim göyərmədi;
Elə qaldı qar altında...

Milli poeziyamızın göy qurşağına çevrilən şair

O illərdə evləri meşədən gətirilən odunla isidirdik. Odun şələsi daşımaqdan belim əyilmişdi. Gecələr ağrıdan yata bilmirdim. Kolxozda işçi qüvvəsi də çatmırdı. Məni və yaşıdlarımı kotançıların sırasına qatdılar. Hər dəstə iki cüt öküzü kotana qoşur, şumu onunla qaldırırdı. Mən çubuqçu idim, boyunduruğun üstündə oturub öküzləri sürürdüm. Həmişə çalışırdım ki, bizim kotana qoşmaq üçün Boz və Güzək adlı öküzləri götürüm. Çünki onlar çilovu daha yaxşı götürür və rəddi korlamadan şumu yaxşı salırdılar. Kotanın dəstəyini tutan adama dəstəçi deyirdilər. O illərdə ən böyük arzum dəstəçi olmaq idi. Çünki bütün əmrləri, göstərişləri o verir, dəstə üzvləri canla-başla onun qulluğunda dayanırdılar. Biz çubuqçuların işi isə zülüm idi. Öküzlər kotandan açılıb hamı dincələndə biz onları aparıb otarmalı idik.
Yadımdadı, kəndimizdən 40 kilometr aralı Bozavənd düzündə gecə hamı yatanda mən öküz otarırdım. Anam üçün, evimiz üçün qəribsəmişdim, həm də bərk yorulmuşdum. Özümdən asılı olmayaraq gözümdən yaş yaxırdı... Qəribə idi ki, o illərdə bir adamın başqasına yazığı gəlmirdi. Əmək günü alırsan, balacasan, ya böyüksən -- dəxli yoxdu, boynuna düşən işi görməlisən. Bu etinasızlıq, yaxud da zülmkarlıq deyildi, bir növ sınaq idi. Hamı bu sınaqdan çıxmağa çalışırdı. Bir də o illərdə insanlarda qəribə bir ümid və inam vardı. Nə qədər ağır olsa da həmin ümid və inam onları sınmağa qoymurdu.
1 Mayı hamımız böyük səbirsizliklə gözləyirdik. Bayrama görə şumu yarımca gün dayandırmaq olardı. Hərə öz yaşına görə dəstələrə ayrılardı: valideynlər ayrı, qızlar, yeniyetmələr, uşaqlar da ayrı-ayrılıqda öz kampaniyalarını təşkil edərdilər. Hərə bir stəkan düyü, bir stəkan lobya, bir çətvər də yağ gətirərdi. Həmin o yarım günün istirahəti adamlara bütün ağrı-acıları unutdurardı...
1953-cü ildə yenə iş üstündə idik -- yer şumlayırdıq. İki nəfər yanımıza gəlib, bir siyahı oxudu. Dedilər ki, adı siyahıda olan uşaqlar Topçu məktəbinə oxumağa getməlidirlər. Buynuz kəndi ilə Topçunun arası 7 kilometrdir. Səkkiz nəfər uşaq bu yolu hər gün piyada gedib qayıdırdıq. Çətinliklərə baxmayaraq hamımız böyük həvəslə oxuyurduq. Aramızda elə uşaqlar var idi ki, heç əlifbanı bilmirdilər. Ancaq onlar da inadkarcasına çalışır, yoldaşlarından geri qalmağı özlərinə ar bilirdilər.

--Deyəsən, ilk misraları da o illərdə qoşmusunuz...


--Mənim adım məktəbin əlaçıları sırasında idi. Lakin bir gün VII sinifdə oxuyan Sabir adlı oğlanın Stalinə həsr etdiyi şeirini eşidəndə özümü heç nəyə yaramayan və aciz insan hiss etdim. Onu da deyim ki, o vaxt mənim adım Musavat idi. Balaca olanda atamdan adımın mənasını soruşmuşdum, o da demişdi ki, müsavat bərabərlik deməkdi. Öz-özümə dedim: “Yaxşı, Musavat, sən əlaçı ola-ola şeir yaza bilmirsənsə nəyə lazımsan”? O gündən başladım şeir yazmağa. O vaxt çoxlu kitab oxuyurdum. Səməd Vurğunun kitabları isə əlimdən düşməzdi. İndi müxtəlif fikirlər səsləndirirlər, ancaq mən öz taleyimdən danışıram: o illərdə Səməd Vurğunun şeirləri bizim qanadımız idi.

Babək, Moskva, Bakı haqqında tərənnüm şeirlərimi və kiçik məqalələrimi “Azərbaycan pionerii” qəzetinə göndərdim. Bir gün redaksiyadan mənə üstüşəkilli bir məktub gəldi. Sevincimin, fərəhimin həddi-hüdudu yox idi. Yaşıdlarım, elə müəllimlərim də mənə həsədlə baxırdılar ki, Musavata Bakıdan məktub gəlib... Məktubda şeirlərimin çap olunmamasının səbəbləri göstərilir, sonra da hansı mövzuda və necə yazmaq barədə məsləhətlər verilirdi.
Milli poeziyamızın göy qurşağına çevrilən şair

-- Sizin şeirləriniz gərək ki, ilk dəfə yerli mətbuatda-- Göyçayın "Qabiliyyət bayrağı" qəzetində çap olunub...

-- Bəli, Topçu kənd yeddiillik məktəbini bitirəndən sonra Göyçay Pedaqoji Texnikumuna daxil oldum. Dolanışıq yenə də ağır idi. Dostum Comərdlə həftəlik azuqəmizi kənddən aparır, birtəhər dolanırdıq. Ancaq əvvəldə dediyim o ümid və inam yenə də köməyimizə çatırdı. Həvəslə oxuyur, imkan düşdükcə şeirlər yazırdım. Bir hadisə isə məni ömürlük poeziyaya bağladı.
Bir gün Göyçaya Bakıdan bir dəstə sənət adamı gəlmişdi. Onlar pedaqoji texnikumun tələbələri qarşısında da çıxış etdilər. Gözəl aktyorumuz Müxlis Cənizadə Səməd Vurğunun "Şair, nə tez qocaldın sən?" şeirini elə şövqlə, elə vurğunluqla oxudu ki, mən uzun müddət onun təsirindən çıxa bilmədim. Bir-birinin ardınca xeyli şeirlər yazdım və onların ikisi -- "Ana və Vətən" və "Sülh işi haqdır" 1957-ci ildə Göyçayda çıxan "Qalibiyyət bayrağı" qəzetində çap olundu.

--Bəs, mərkəzi mətbuata nejə çıxdınız?


--Respublika mətbuatında isə ilk dəfə poema -- "İki qəlb, iki dünya" ilə çıxış etmişəm. Poema 1957-ci ildə Moskvada keçirilən Ümumdünya Gənclər Festivalının iştirakçısı olmuş iki gəncin -- bakılı Azadla, təbrizli Gülşənin sevgisinə həsr olunmuşdu. Əslində, bu iki gəncin məhəbbəti fonunda Təbriz və Araz həsrətini qabartmağa çalışmışdım.
Poemanı Yazıçılar İittifaqının o vaxtkı sədri, Xalq şairi Məmməd Rahimə göndərdim. Bir aydan sonra cavab məktubu gəldi. Məktubda yazılan "poema çox xoşuma gəldi" sözləri sadə kənd müəlliminin yaradıcılığına verilən böyük qiymət idi. O, poemada bir sıra düzəlişlər etməyi və bəzi yerləri təzədən işləməyi məsləhət görmüşdü. Məmməd Rahimin tövsiyə etdiyi düzəlişləri aparandan sonra poemanı yenidən ona ünvanladım. Şair cavab məktubunda poemanı respublika komsomol təşkilatına göndərdiyini və onun "Azərbaycan gəncləri" qəzetində çap olunacağını bildirdi. 1959-cu ilin mart ayında 1350 sətirlik poema "Azərbaycan gəncləri" qəzetinin dörd nömrəsində hissə-hissə çap olundu.
"İki qəlb, iki dünya" poeması məni ədəbi ictimaiyyət arasında tanıtdı, ünvanıma çoxlu oxucu məktubları gəldi. Lakin həm də mənə mane oldu. Bu poemada bir az ritorika, köhnə ədəbi üslub üstünlük təşkil edirdi. Ötən əsrin 60-cı illərinin başlanğıcında ənənələr arasında çarpışma gedirdi. Köhnə ədəbi formalarla yeni ədəbi formalar arasında bəziləri, o cümlədən də mən var-gəl edirdim. Redaksiyalara göndərdiyim əksər şeirlər çap olunmur, geri qaytarılırdı. Başladım təbiət mövzusunda şeirlər yazmağa. Təbiət mövzusu yenidən məni ədəbiyyata qaytardı.

-- Siz anaların ömrünü "ömrümüzə səpələnmiş bir ömür" adlandırmısınız. Bəs öz ananızı necə xatırlayırsınız?


-- Atamın sağlığında anam ev, həyət-baca işlərini görən, uşaqlarını sevib-əzizləyən bir qadın idi. Kəndimizin başqa qadınlarından heç nə ilə fərqlənməzdi. Atam rəhmətə gedəndən sonra isə anam bir müddət mənim gözümdə yazıqlaşmış, çərxi-fələyin gətirdiyi dərdi-sərdən, müsibətdən beli əyilmiş aciz adam təsiri bağışladı. Gözümüzün ağı-qarası bir inəyimiz vardı. Onu da vermişdi ətliyə, demişdilər ki, təmiz əti cəmi 46 kiloqram olub. Anam ağlayırdı ki, yaxşı, bunu da verdik ətliyə, bəs bu uşaqları necə saxlayacam?
Anamın bu ümidsizliyi, ağlayıb-sıtqaması çox uzun sürmədi. O, günbəgün dəyişir, daha qətiyyətli və inamlı olurdu. Anam gözümün qabağındaca kişiləşir, həm evin qadını, hər də kişisi olurdu. Mənə elə gəlirdi ki, əvvəlki illə müqayisədə anamın boyu da bir qədər artıb. O, əmək günü qazanmaq üçün kolxoz işinə gedir, ən ağır tapşırıqları belə yerinə yetirməkdən çəkinmirdi. Uşaqları ac qalmasın deyə hər əzaba qatlaşırdı.
Bir də mən anamdan ona görə razıyam ki, 36 yaşında dul qalmış bu qadın öz təmiz adını qoruyub saxlaya bildi. O illərdə də özünü yaxşı aparmayan qadınlar vardı. Qəribədi, 10-12 yaşımız ancaq olardı. Amma hamımız qadınların hərəkətini, davranışını diqqətlə izləyirdik. Anası əyri yola düşən uşaqlara hamı həqarətlə baxırdı ki, sənin anan belədi. Şükürlər olsun ki, heç kimdən anamız haqqında başımızı aşağı edəcək bir kəlmə belə eşitmədik.
Həm də nə qədər çətinliklərlə, əzablarla üzləşsək də sınmırdıq, ruhdan düşmürdük. Bilirdik ki, qabağımızda dağ kimi anamız var. Anam ömrünü şam kimi əritdi, o ağır illərdə bizi böyüdüb boya-başa çatdırdı. Sonra da ev-eşik, oğul-uşaq sahibi elədi. Həmin illərdə əksər analar beləydi, onlar həm evin kişisi, həm də qadını idi. "Anamın məzarına layla" şeirimdə bu hissləri qələmə almağa çalışmışam.

Qürub yanar üfüq boyu,
Cilvələnir arxın suyu.
Uyu anam, şirin uyu
Layla dedim məzarına,
Bu qəbiristan güzarına.
Xeyri alqış, şəri alqış,
Bir yuvaydı, tək qaranquş.
Burda çarpış, orda çarpış --
Dincəl əzabkeşim, laylay,
A qeyrətli kişim, laylay.


"Sevgi ildırım kimi çaxır". -- Bu misra sizindir. İldırım sizin üçün nə vaxt çaxıb və sizcə, ilk sevgi niyə belə əlçatmazdır?

-- İlk sevgi çox qəribə hissdir. Yəqin ki, hamı bu hissi yaşayıb. Gəncliyin ilk illərində bütün yeniyetmələrdə qeyri-adi bir vurğunluq baş qaldırır. Göyçayda oxuyanda mən də vurulmuşam. İlk sevgi qədər müqəddəs və pak bir hiss yoxdur, adamı doğrudan da ildırım kimi çaxır. Süleyman Rüstəm yazırdı ki, başqadır sevdası ilk məhəbbətin. Şəhvət hissindən uzaq olan bu sevgi yeniyetməni sanki yuxudan oyadır. Ancaq bir pis cəhəti var ki, uzun müddət unudulmur və başqa sevgiyə mane olur. Ona görə də bəzi cavanlar illərlə ailə qurmağa tələsmirlər.
İlk sevgiyə qovuşmamaq isə yəqin ki, təcrübəsizliklə bağlıdır. Ağılın yerini ancaq hiss tutur. Hisslə, duyğu ilə qaydasında hərəkət etmək isə qeyri-mümkündür. Həm də yeniyetmələr həmin məqamda çox cəsarətsiz olurlar. Onlara elə gəlir ki, "yox" cavabını eşitsələr elə durduqları yerdə əriyəcəklər. İlk sevgi mərhələsində "yox" cavabı qorxusu dəhşətlidir. Bu dəhşət səddini keçmək mümkün olmadığı üçün ilk sevgiyə də qovuşmaq çox müşgüldür. Şimşək də ilk sevgi kimi yaşamır, bir çay daşına düşür, həmin daşda ancaq qızartısı qalır.
Anamın təkidi, yaxın qohumlarımın məsləhəti ilə mən ilk sevgi sindromundan tez çıxa bildim. Bu da səbəbsiz olmadı. Uşaqlıq dostlarım -- Rəhim, Xalid, Novruz, Ağahüseyn... tez-tez bizə yığışardılar. Onlar ataları olduqları üçün öz evlərində bizdəki kimi sərbəst ola bilmirdilər. Bir dəfə yuxarı mərtəbədə o qədər oynadılar ki, ayaqları düşdü aşağı mərtəbəyə. Anam dedi: "A bala, daha mənim gücüm qalmayıb. Evlən, qoy arvadın qonaqlarını yola versin". Anamın məsləhəti ilə ailəmizə uyar bir kəndçimizlə evləndim. Qabil yazırdı:

Mən səni görməyə adət etmişəm,
Adət məhəbbət deyil!
Səni görməyəndə xiffət etmişəm,
Xiffət məhəbbət deyil!
Sənə min ehtiram, hörmət etmişəm,
Hörmət məhəbbət deyil!
... Hanı iqtidarım,
Məhəbbət tufanına sinə gərən
Gəncliyimi
Sənə qurban vermək üçün
Geri qaytarım?!
Geri qaytarım...

Milli poeziyamızın göy qurşağına çevrilən şair

İldırımı geri qaytarmaq mümkün olmasa da onun yerində hörmət qalır, darıxmaq qalır, bir-birinə sevgi qalır. Bunlar həm də ildırımdan qalan buluddu, yağışdı, sonralar insanı yaşadır...
Bəzən mənə sual verirlər ki, şair xanımı olmaq elə də asan deyil. Yoldaşınızdan razıydınızmı? Bizim ev həmişə qonaq-qaralı olub. Narazılıq olsaydı ancaq qonaq qarşılayıb yola salmaq üstündə ola bilərdi. Nə qədər çox qonağımız olsaydı, yoldaşım heç vaxt narazılıq etməzdi. İnsafən, hər işi də bacarırdı. Bir ondan narazı idim ki, yeməklər tam hazır olmayınca süfrə açmazdı. Deyirdim ki, arağı tez gətir, mən qonaqların başını qatım, sən də arxayın xörəyini hazırla. Deyirdi, yox, qoy xörəklər hazır olsun, sonra. Axıra qədər də o günah qaldı boynumuzda. Bilirdi şair adamam, mənə hər cür güzəştə gedər, günahlarımı bağışlayardı. Həyatdı da, ömrün elə bir məqamında itirdim ki, indi hamıdan çox ona ehtiyacım var...

Dünyanın zəmisi heç imiş demə,
Dəryanın gəmisi köç imiş demə,
Heçimi, köçümü indi bilmişəm
İndi bilməyim də gec imiş demə.


Bir təsəllim var ki, mən də ona pis ömür-gün yoldaşı olmamışam. Haqqımda heç vaxt nə yaxşı, nə də pis danışmazdı. Telekanallardan çəkilişə gələndə deyərdilər ki, bir kəlmə də sən danış. Utandığından heç nə deməzdi. Ancaq hiss edirdim ki, bütün uğurlarıma hamıdan çox sevinən, fərəhlənən elə odur...

-- Nejə oldu ki, Bakıya gəldiniz və qəribə olsa da, yenidən İsmayıllıya qayıtdınız?


-- Əvvəlcə Bakıya gəlişimdən danışdım. "İki qəlb, iki dünya" poeması "Azərbaycan gəncləri" qəzetində dərc olunandan sonra məni rayon maarif şöbəsinə çağırdılar. Müdir soruşdu: "Poemanın müəllifi sənsən?" Cavab verdim ki, bəli. Maarif şöbəsinin müdiri təəccüblə məni süzdü və dedi: "Bu işdən bəs mənim niyə xəbərim yoxdur?" Mən tutuldum və bu yersiz suala heç bir cavab vermədim. Belə çıxırdı ki, mən düşündüyüm mövzular, yazacağım şeirlər barədə əvvəlcədən maarif şöbəsinin müdirinə məlumat verməliyəmmiş.
Bu inciklik və bir də yaradıcı mühitdə olmaq arzum məni Bakıya çəkirdi. Həmin ərəfədə komsomol mükafatı laureatları İsa İsmayılzadə və Fikrət Qoca bir neçə şair və yazıçı ilə İsmayıllıya gəlmişdilər. Mənim yaradıcılığım haqqında xoş sözlər dedilər, müxtəlif ifadələri ədəbi tapıntı kimi qiymətləndirdilər. Özümü saxlaya bilməyib ürəiymdən keçənləri dedim: "Mən də Bakıda işləmək istəyirəm. Bir iş olsa..."
Aradan bir xeyli keçəndən sonra məni Yazıçılar İttifaqına çağırdılar. Böyük yazıçımız Mirzə İbrahimov otaqda tək idi. Rəhmətlik soruşdu: "A bala, kimsən?" Musa Yaqub olduğumu biləndə dedi: "İki aydı səni gözləyirəm, gəl çıx da". Mənə bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini vəzifəsini təklif etdi. Ərizəni yazdım və Mirzə müəllim üstünə dərkənar qoyandan sonra aparıb verdim kadrlar şöbəsinin müdiri Kübra xanıma. O da sənədlərimi alıb bir kənara qoydu və dedi: "Get, Bakıda pasport qeydiyyatına düşəndən sonra gələrsən". Mirzə müəllimin razılığından sonra onun bu cavabı məni əməlli-başlı təəccübləndirdi.
Əmim oğlu Suraxanı rayonunda yaşayırdı. Məni onun mənzilində qeydiyyata salmadılar. Dostların məsləhəti ilə getdim Bakı şəhər pasport qeydiyyatı şöbəsinin rəisi Azad Talışoğlunun yanına. Dedi: "Mən Bakıya cinayətkar-xuliqan qeydiyyata götürmürəm ki, şair götürürəm". Suraxanı rayonuna bir məktub yazdı, özləri məni tapıb qeydiyyata götürdülər. Bir müddət bədii ədəbiyyatı təbliğ bürosunda, sonra Şüvəlanda "Yazıçılar evi"ndə işlədim. 1974-cü ildə isə "Azərbaycan" jurnalının şeir şöbəsinə müdir dəvət etdilər. O vaxt jurnalın baş redaktoru İsmayıl Şıxlı, direktor müavini isə Qabil İmamverdiyev idi. Hələ mən Buynuzda olanda Məmməd İsmayıl, sonra da Fikrət Qoca demişdilər ki, bu vəzifəni onlara təklif ediblər. İndi onların başı üstündən həmin vəzifəni tuta bilməzdim. Jurnaldan isə məni tələsdirirdilər. Onların hər ikisinin xeyir-duasını alandan sonra jurnalda işləməyə razılıq verdim. Burada işləmək həm məsuliyyətli, həm də maraqlı idi. Hər nömrə üçün 20 min sətirlik şeir hazırlamalı idim.
İsmayıllıdan Bakıya gələndə bir bənd şeir yazmışdım:

Uğurlu günədir niyyətim, yolum,
Gələrəm, gəlmərəm bağışla məni.
Tutdun ətəyindən böyürtikan kolum,
Yox, dura bilmərəm, bağışla məni...


İsmayıllıya dönüşüm də adi bir təsadüf üzündən oldu. Şuşaya istirahətə gedəndə Qəşəm Aslanovla görüşdüm. Bizim rayona yenicə katib təyin olunmuşdu. Sözgəlişi dedim: "Qəşəm müəllim, bilsəydim İsmayıllıya gələcəksiniz, mən heç Bakıya getməzdim".

Məzuniyyətdən qayıdan günü məni Yazıçılar İttifaqının sədri İmran Qasımovun yanına çağırdılar. Salamlaşandan sonra dedi: "Sən niyə getmək istəyirsən? Bura sənin üçün pisdi bəyəm?" Təəccüblə soruşdum ki, hara getmək istəyirəm? Dedi: "Qəşəm Aslanov səni İsmayıllı rayonunun qəzetinə redaktor aparır". Sən demə, Qəşəm müəllim bizim Şuşadakı söhbətimizdən sonra İmran müəllimə zəng vurub mənim rayona qayıtmaq istədiyimi deyib. Getdim Qəşəm müəllimin qəbuluna. Dedi: "Hə, MK-da səni qəzet redaktorluğuna təsdiq ediblər, gəl işinin başına".

Beləcə qayıtdım İsmayıllıya. Doğrusunu deyim ki, Bakıda darıxırdım, amma təzə ev almışdım, uşaqlar orada oxuyurdular. İsmayıllıda isə hər şeyi təzədən başlamaq lazım idi. Həm də Qəşəm Aslanov kimi təcrübəli jurnalistin və tələbkar partiya işçisinin zövqüncə qəzet çıxarmaq asan məsələ deyildi. Rayon Partiya Komitəsinin büro üzvü seçiləndən sonra məsuliyyətim bir az da artmışdı. Qəşəm müəllim tez-tez deyirdi: "Hə, bala, özünü yaxşı apar ha..." Cavabında: "Vallah, əlimdən nə gəlirsə edirəm" -- deyərdim. Qəşəm müəllim olduqca təvazökar və müdrik, həm də ayıq insan idi. Rayona yenicə gəlmişdi, ancaq rəhbər işçilərin hamısını beş barmağı kimi tanıyırdı. Mənsə gözümü açandan onlarla bir yerdə olsam da yenə tanıya bilmirdim, kim nə deyirdisə inanırdım. Allah Qəşəm müəllimə rəhmət eləsin, onunla bağlı xatirələrim çoxdur. İsmayıllıdan gedəndən sonra da dostluğumuz uzun illər davam etdi.

-- Deyərlər ki, sizin həm də yaxşı ovçuluğunuz olub. Şeirlərimizin birində yazmısınız:

Sıldırımdan aşağı
Qorxa-qorxa baxmağım,
Bir qaya axarında
Dağ seliylə axmağım,
Qamarlayıb bir daşı
Güclə yana çıxmağım,
Sonra orda etdiyim
Tövbə qalıb yadımda.


-- Bəlkə də mənim Babadağ və Şahdağ ətrafında ayağım dəyməyən bir daş belə yoxdur. O yerləri qarış-qarış gəzmişəm. Ancaq bir heyvan atdığım yadıma gəlmir. Ovçu dostlarımın məsləhəti ilə mən həmişə bərədə oturardım. Onlar sıra eləyib meşəni dolanar və heyvanları bərəyə tərəf qovardılar. Ova gedənlər yaxşı bilirlər, meşə, illah da dağ ovçuluğu çox çətindir. Gərək son dərəcə diqqətli və ayıq-sayıq olasan ki, zülmlə bərəyə gətirilən ovu qaçırmayasan.
Bir dəfə yenə bərədə oturmuşdum. Gördüm ki, vallah, bir ana maral yerlə getmir e, ağaclardan da yuxarı göylə uçur. Tüfəngi çevirib nişan alınca baxdım ki, ən azı bir kilometr uzaqlaşıb. Dağ kəli ovu isə lap dəhşətdir. Meşə ovçularının əksəriyyəti dağa çıxa bilmir, onları dağ tutur. Mənsə dağlarda özümü quş kimi hiss edirdim, Qızıl qayadan, Havaxandan, Toğludərədən, Əsəd qayasından, Ağcadərədən keçib yüksəkliklərə qalxırdıq. Çox gözəl, həm də qəribə dağlar idi.
Mən dünyanın çox yerində olmuşam, vallah, belə gözəllikləri heç yerdə görməmişəm. Allah Azərbaycana çox böyük və qiymətli nemətlər bəxş edib. Təkcə İsmayıllının 76 min hektar meşə sahəsi var. Təəssüf ki, bu gözəlliklərin qədrini lazımınca bilmirik.
Bir dəfə üç nəfər qalxmışıq dağlara. Yoldaşlarımdan biri çevrilib dərəyə baxdı, sonra işarə elədi ki, mən də baxım. Dərə dağ kəli ilə dolu idi. Sürünün iki gözətçisi vardı -- biri arxada, biri də qabaqda. Dağ kəlləri qəribə heyvanlardı, gözətçilər işarə verməsə, o biri kəllərin belinə çıxsan da yerlərindən tərpənmirlər. Kərim kişi bizimlə müqayisədə daha təcrübəli idi. Məni bir daşın arxasında, o biri yoldaşımızı da başqa bir yerdə oturtdu və dedi: tərpənməyin! Özü fırlanıb sürünün arxa tərəfinə keçdi. "Tərpənmə!" sözü "meymunu yada salma!" kimi bir şeydi. Dözə bilməyib yerimdə qurcalandım, daş sürüşdü üzü aşağı. Kəllər hərəkətə gəldi, elə bil dənizdi, suyun da üstündə kəl buynuzları... 20-30 kəl düz üstümə gəlirdi. Nişan alıb tətiyi çəkincə dönüb gözdən itdilər. Yaxşı ki, o biri yoldaşlarım atmışdılar.
Ovçuluq çox maraqlı vərdişdi. Çətini bir-iki dəfə gedincədi. Sonra adamda elə qəribə bir həvəs yaranır ki, nə qədər yorulsan da o səni yenə meşəyə, dağlara çəkir. Ovçuluq həm də çox çətin, əzablı bir işdi. Ov ovlamağın əzab-əziyyəti öz yerində, ov ətini dağlardan, meşədən keçirib kəndə gətirməyin özü əsl müsibətdi. Yamacda ayağın sürüşəndə, ya meşədə qabağına qaban çıxanda özünü min dəfə söyüb, söz verirsən ki, bir də ova getməyəcəm. Əti gətirib yeyəndə isə (ov əti şirin olur axı) hər şey yaddan çıxır, deyirsən ki, ovdan gözəl məşğuliyyət yoxdur.
Yeri gəlmişkən, bizim tərəfin ovçularının yazılmamış bir qanunu da var: ov eləmisənsə, mütləq ova getməyən ovçulara və yaxın qonşulara pay verməlisən. Ov vurmasam da ovçu yoldaşlarım mənə də hər dəfə pay verərdilər. Minbir əziyyətlə gətirdiyimiz əti bölüşdürüb paylayırdıq. Bəzən elə olurdu ki, özümüzə heç nə qalmırdı.

-- Xalqımız sizi öz sifətini qoruyub saxlayan, haqq-ədalətə bağlı sadə və səmimi bir insan kimi tanıyır və sevir. Təəssüf ki, bu, tanınmış adamların bir çoxuna qismət olmur...

-- Sözün düzü, əvvəllər bu barədə heç düşünməmişəm. Nə vardısa o idi. Özümü dostların yanında daha rahat hiss edirdim. Ürəklə dil arasında sərhəd yox idi, nə düşünürdümsə onu da danışırdım. Bizim uşaqlıq, gənclik illərimizdə insanın sifətini qoruması çox asan idi. Çünki onların böyük əksəriyyəti elə olduqları kimi görünürdülər.
Sifət qorumaq, əslində, müasir dünyanın problemidir. Siyasətlə, müəyyən xoşagəlməz işlərlə məşğul olan insanların öz sifətlərini qoruması çox çətindir. Bəziləri deyir ki, Musa poeziyada necədirsə, həyatda da elədir. Nejə olur ki, insan ikiləşir, hər yerdə bir dona girir—bu mənə aydın deyil. Əgər sənin poeziyanda səmimiyyət yoxdursa və hər misranda ürək çırpıntıları duyulmursa, o nə poeziyadır? Yaxud, şeirdə bir şey deyirsən, həyatda onun əksinə gedirsən—bu, nejə ola bilər? Belə hallarla üzləşəndə dözə bilmir, sanki boğuluram. İmkan tapan kimi təbiətə üz tuturam. Şeirlərimin birində həmin anlardan birini belə təsvir etmişəm:

Ürək telim buz bağladı,
Dondurdu sırsıra məni.
Mən hara, bu yığnaq hara,
Kim gətirdi bura məni.
O zorbala, bu ərköyün,
Üz qırmızı, alın düyün.
Açması yox bu örtüyün,
Salajaqlar tora məni.
Bu oyundan xilas oldum,
Bir az susdum, bir az dedim,
Hey “üç badam, bir qoz” dedim,
Qoşdular bu xora məni.


Bir də mən insanlardan, o cümlədən dostlarımdan həmişə qayğı, səmimi münasibət görmüşəm. Bakıya işləməyə gələndə pasport qeydiyyatı ilə əlaqədar maaş almağım bir qədər ləngidi. Teleradio Komitəsindən, kinostudiyadan, qəzet və jurnal redaksiyalarından üst-üstə mənə 800-1000 manat qonorar yazdılar. O qayğının, o səmimiyyətin müqabilində mən sifətimi necə dəyişə bilərdim?
Nostalji hisslərinə görə bəziləri bəlkə də məni qınayacaq. Ancaq yenə deyirəm: o dövrdə hər şey səmimi idi. Əsas tələb yaxşı yazmaq, poeziyada öz yerini qoruyub saxlamaq idi. Mənim heç yaradıcılıq stolum da olmayıb, bütün şeirlərimi, poemalarımı fikrimdə yazmışam, sonra vərəqlərə köçürmüşəm. Ancaq qəlbimdə həmişə yaradıcılıq həvəsi, atəşi olub. Görkəmli yazıçımız Süleyman Rəhimov deyirdi ki, yaradıcı adamın şəhərdə, ya kənddə yaşamağının elə bir fərqi yoxdur. Bir şərtlə ki, o, həmişə yaradıcılıq əhval-ruhiyyəsində olsun. Bu əhval-ruhiyyə həmişə mənim canımda-qanımda olub.
Şəxsən mən sifətimin dəyişməməsinin səbəbini ədəbi qəhrəmanlarımın -- dağların, dərələrin, çayların, bulaqların paklığı və dəyişməzliyi, ululuğu ilə bağlayıram. Onlar şəhərdə də, kənddə də həmişə mənimlə olub. Ümumiyyətlə, təbiət mənim üçün insanlaşıb. Onun torpağı da, daşı da mənim üçün danışan, deyən-gülən, ağlayan, kədərli və pəjmürdə olan canlılardı:

Ömrümüz həyəcan, təlaş içində,
Könlüm bir şüşədir bu daş içində.
Belə vurhavurda, savaş içində
Məni barışıqda saxlayanım var.
Dostlar nə o gücdə, nə o dözümdə,
Üzlər gördüm əlim qaldı üzümdə
Adımı özümdə, haqqı sözümdə
Belə qarışıqda saxlayanım var.
Adam var əriyir, ağlaya bilmir,
Doğmasına da bel bağlaya bilmir.
Çoxu sarayda can saxlaya bilmir,
Məni alacıqda saxlayanım var.


Bu şeiri mən dostlarımı və həyat yoldaşımı, həm də təbiətin özünü nəzərdə tutub yazmışam.

--Böyük şairimiz Məmməd Arazın sizə bir müraciəti var: “Şair, qayalara, dağlara söykən...


--Sevimli şairimiz Məmməd Arazla çox yaxın münasibətimiz olub. Bu, birinci növbədə, tale yaxınlığı, mühit yaxınlığı idi. İkinjisi də, sıx ünsiyyətimiz vardı. Onunla tanış olmamışdan əvvəl yaradıcılığının vurğunu idim, şeirlərini sevə-sevə oxuyurdum. Məmməd Arazla ilk görüşümüz M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuduğu illərdə oldu. Azərbayjan Dövlət Tibb İnstitutunda tədbiri vardı, məni də dəvət etdi. Yaradıcılığının ən qaynar vaxtı idi. Tələbələrlə görüş çox yüksək səviyyədə keçdi. Sonra Məmməd Arazla tez-tez görüşdüm, hər dəfə Bakıya gələndə ona baş çəkirdim. O da İsmayıllıya gələn kimi məni axtarardı. İki-üç gün qonaq evində bir yerdə qalar, Buynuza gedərdik. Çalışardım ki, İsmayıllının bütün gözəlliklərini ona göstərim.

Bir dəfə “A dağlar, mənim tərcümanım siz olarsınız” adlı şeir yazmışdım. Göndərdim Məmməd Araza, onda “Azərbaycan” jurnalının məsul katibi idi. Şeiri oxuyandan sonra duyğulanıb bu misraları qələmə almışdı:

Şair, qayalara, dağlara söykən,
Mənim də arzumu sən yaşat barı.
Özülsüz şöhrətlər, uçurub tökən
Zamana bənzəyən dağ gürşadları
Min il də göz yumub açsa ağzını
Yuya bilməyəcək daş xınasını.
Bu dağlar özülü, özəyi möhkəm,
Şair, qayalara, dağlara söykən!

Bu şeir mənim taleyimdə böyük rol oynadı. Ən əvvəl ona görə ki, Məmməd Araz kimi böyük bir şair—qələminə, ruhuna inandığımız, yaradıcılığını diqqətlə izlədiiyimiz, şəxsiyyətinə qibtə etdiyimiz bir insan mənə şeir həsr etmişdi. Mənə məsləhət görmüşdü ki, sən elə özünlə, öz duyğularınla ol, dağlarınla, bulaqlarınla, meşə və çaylarınla yaşa. Məhz bu yolla arzularına qovuşar, poeziyada öz izini qoya bilərsən.

Məmməd Araz mənim qəlbimdə həmişə böyük şair, sədaqətli dost və əvəzolunmaz yoldaş kimi yaşayır. Sonrakı illərdə də sıx ünsiyyətdə olmuşuq. Xəstələnəndə tez-tez yanına gedərdim. O hər an mənim ruhumla, qəlbimlə birlikdədir.

-- Son 15-20 ildə ədəbiyyata gələn gənclərin çoxunun yaradıcılığında nəsə bir ağrı, sızıltı baş alıb gedir. Həm də bu ədəbi nümunələrdə yüksək ideyalar, ijtimai dəyərlər çox azdır. Sizcə, bunun səbəbi nədir?

-- Bəlkə də bunun səbəbi həmin gənclərdə bugünə ümidsizliklə, sabaha inamsızlıqla bağlıdır. On əsr əvvəl Ə.Xaqani Mədain xarabalıqlarına baxaraq yazırdı ki, bu ağıl- dərrakə ilə biz belə gözəl şəhəri bu günə qoymuşuqsa, görəsən, nadan və zalım tiranlar nə edərdilər? İndinin özündə Yaxın Şərqdə gedən qırğınlar, dağıntılar adamın qanını dondurur. Gözəl şəhərlər, tarixi abidələr xarabalıqlara çevrilir, günahsız insanlar qırılır. Səudiyyə Ərəbistanı Yəməni, Yəmən də onu bombalayır. Suriya, İraq, Liviya qan gölündə üzür. Bütün bunlar dəhşətdir. Bu dəhşətlər, ədalətsizliklər javan yazarların çoxunu istər-istəməz sarsıdır. Ümumiyyətlə, çox deyilib-danışılanlar reallaşmayanda, söz işə keçməyəndə, arzu-istək gerçəkləşməyəndə üst-üstə yığılıb kədərə çevrilir.

-- Sizin yaradıcılığınızda da kövrək-kədərli məqamlara rast gəlirik. Uzun müddət müzakirə və ədəbi polemikaya səbəb olan "Bu dünyanın qara daşı göyərməz" şeirinizdə yazırdınız:

Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb.
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.
Nə o ocaq közərəsi, sönəsi,
Nə o günlər bir də geri dönəsi...
Qəm eləmə, könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.
Ot göyərdib o cığırım, o izim,
Tufanlanıb çalxalanmaz dənizim.
Daha məndən sevgi umma, əzizim,
Bu dünyanın qara daşı göyəməz.

--Şairlər yaz buludu kimidir. Tez dolur, tez də boşalır. Mənim də kədərli anlarım az olmayıb. Ancaq bu kədərin yaradıcı adamın ruhuna hakim kəsilməsi qorxuludur. Mən belə cavanlara yenə də ümid və inam arzulayıram. Dünyanın ümidləri qıran məqamlarına çox da fikir verməsinlər. Taleyə inansınlar, üzlərini Allaha çevirsinlər. Səbr və inadla öz işləri ilə məşğul olsunlar. Landau kimi alim onun ünvanına deyilən tənqid və ittihamlara fikir vermədən ortaya böyük bir elmi kəşf qoydu. Həyatda gileylə, narazılıqla heç nə əldə etmək, millətə, xalqa nəsə vermək olmaz. Yaradıcı adam ümidin və işıqlı arzuların dalınca getməli, oxucularını da o istiqamətə aparmalıdır. Ən başlıcası, səmimi olmalı, işıqlı arzularla yaşamalıdır.
Milli poeziyamızın göy qurşağına çevrilən şair

Bir həqiqətdir ki, müasir dünyamızda xəyanətlər çoxalıb, insanların tamahkarlığı artıb. Cəmiyyəti və insanları nizama, ədalətə dəvət edən qanunlar qəbul olunsa da, o qanunları basıb-keçənlər tapılır. İnsanlıq ölçüləri isə həmişə olub və indi də var. Əsrlər boyu yaşayan ədalətli ölçülər bu gün də bəşər övladının, o cümlədən yaradıcı insanların ümidi və qanadıdır. Bir də cəmiyyətdə məhəbbət və mərhəmət hissi artırılmalıdır. İndi elm təsəvvürə gəlməyəcək dərəcədə inkişaf edib. Onun son nailiyyətlərindən insanlar arasında nifaq və nifrətin azaldılması, sevgi və məhəbbət hissinin artırılması istiqamətində istifadə edilməlidir.

--Elə isə gənclərə, yeni nəsilə sözünüz, tövsiyəniz...


--Mənim cavanlara tez-tez bir xatırlatmam olur: deyirəm ki, ən tərəddüdlü və ağır məqamda düzgün çıxış yolu tapmaq istəyirsinizsə, gedin oturun bir arı pətəyinin, ya da bir qarışqa yuvasının yanında. Onda bütün mətləbləri özünüz anlayacaqsınız. Bu kiçik canlılar öz işləri ilə sizə zəhmət fəlsəfəsini başa salacaq.
Kimsə etiraz edə bilər ki, Musa Yaqub elm və texnikanın indiki mərhələsində gör cavanları hara yönəldir. Mən inkişaf və tərəqqinin tərəfdarıyam. Ancaq bu inkişaf, ilk növbədə, cəmiyyətə və insanlığa xidmət etməlidir. Gənc yazarlarımız da bu bəşəri çağırışlarla yaşamalı, öz yaradıcılıqlarında həmin məqamlara üstünlük verməlidirlər.

Müsahibəni apardı:
Əlipənah Bayramov,
Əməkdar mədəniyyət işçisi


Paylaş



Bölmə: Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!