Erməni silahlı qüvvələri Naxçıvanı intensiv atəşə tutdular
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Güclü yağışlar Göygöl və Gəncədə fəsadlara səbəb oldu
Ötən gündən başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə intensiv yağıntılar müşahidə olunub və güclü yağışlar bir sıra ərazilərdə fəsadlara səbəb olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, “112” qaynar telefon xəttinə intensiv yağıntılarla əlaqədar Göygöl rayonunun Xaqani kəndində və Gəncə şəhərinin Yeni Gəncə və Sadıllı qəsəbələrində bir sıra fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması, həmçinin Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin artması ilə ətraf ərazilərə təhlükə yaranması barədə məlumatlar daxil olub. Bununla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazilərə cəlb olunub, müvafiq qurumlar məlumatlandırılıb. Gecə saatlarında görülmüş operativ tədbirlərlə Göygöl rayonunun Xaqani kəndində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilib, digər istiqamətlərdə isə suçəkmə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir. Həmçinin, Yeni Gəncə qəsəbəsində subasma ilə əlaqədar köməksiz vəziyyətdə qalmış vətəndaş Nazirliyin əməkdaşları tərəfindən təxliyə olunub.
Azərbaycanla Ermənistan rəsmilərinin görüşü Brüsseldə baş tutacaq - Borel
"Azərbaycan və Ermənistan rəsmiləri arasında növbəti görüş Brüsseldə olacaq". Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borel Avropa Parlamentində keçirilən dinləmədə deyib. Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında sülh quruculuğu prosesinə dəstək verməyə çalışır: “Yeganə həll yolu diplomatiyadadır. Hər iki tərəf danışıqları davam etdirmək istədiyini bildirib”. Borelin sözlərinə görə, Avropa İttifaqı Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır: “Biz bu məqsədlə həm humanitar təşəbbüslər həyata keçirir, həm də sülhə yönəlmiş danışıqlara birbaşa töhfə veririk. Biz həmçinin müharibə zamanı itkin düşmüş insanların axtarışı və tərəflər arasında yeni toqquşmaların qarşısını almaq üçün işlərlə məşğuluq”.
Güləşçimiz erməni rəqibinə qalib gələrək finala yüksəldi
Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında yarımfinal görüşünə çıxıb. 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda ermənistanlı Yurik Mxitaryana 8:0 hesabı ilə qalib gəlib. 51 kq-da yer alan Əli Seyidəlili isə yarımfinalda macarıstanlı Peter Totokla bacarmayıb - 0:5.
Erməni silahlı qüvvələri Naxçıvan istiqamətində olan mövqelərimizi atəşə tutdu
İyunun 13-ü saat 17:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. "Bildiririk ki, bölgədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd olunub.
Növbəti dünya çempionatında oynayacağımı düşünmürəm - Messi
Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamaq fikrində olmadığını təsdiqləyib. Bu barədə Argentina mətbuatı məlumat yayıb. "Növbəti dünya çempionatında oynayacağımı düşünmürəm. Bu barədə fikrim dəyişməyib. Çempionata baxmaq istəyirəm, amma oynamağa hazırlaşmıram. Dünya çempionatında qalib gəldikdən sonra karyeramdan və onun gedişatından razıyam. Bu, mənim üçün çox vacibdir", - məşhur futbolçu bildirib. Qeyd edək ki, 2026-cı ildə futbol üzrə dünya çempionatına ABŞ, Kanada və Meksika birlikdə ev sahibliyi edəcək.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına dövlət səfəri iyunun 13-də başa çatıb. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı dövlətimizin başçısı İlham Əliyev yola salıb.
Türkiyənin yeni XİN başçısı Azərbaycanla əlaqələrindən danışdı
Bakıda rəsmi səfərdə olan Türkiyə Respublikasının yeni xarici işlər naziri Hakan Fidan Azərbaycanla əlaqələrdən danışıb. Nazir bundan sonra da iki ölkə arasında əlaqələri gücləndirəcəyinə söz verib. "Yeni vəzifəmdə də Türkiyə və Azərbaycan dostluğu, birliyi üçün əlimdən gələn hər bir şeyi edəcəm", - deyə XİN başçısı bildirib.
Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına iyunun 11 də keçirilmiş qəbul imtahanının (II cəhd) nəticələrini elan edib. İmtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 17 705 bakalavrdan 408 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 2 nəfərin nəticələri ləğv olunub. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 99 bal olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır (fənlər üzrə ayrıca minimal bal tələbləri də var). İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək). İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 16 iyun 2023-cü il tarixindən etibarən onlayn (telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 14 iyun saat 10:00-dan 16 iyun saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. İştirakçıların nəzərinə çatdırırıq ki, cavab kartı və sual kitabçasında qeyd etdikləri cavablar arasında uyğunsuzluqla bağlı olan müraciətlərə baxılmır. Qəbul qaydalarına uyğun olaraq, yalnız cavab kartındakı cavablar əsasında ballar hesablanır. Sual kitabçasındakı qeydlər heç bir hüquqi qüvvəyə malik deyil. Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Cari ilin yanvar-aprel ayları ərzində ölkədə 21 205 ölüm halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 7,2-dən 6,4-ə düşüb.