24-05-2023, 13:31
İldırım vuran hərbiçimizə şəhid statusu veriləcəkAzərbaycan Ordusunun ildırım vurması nəticəsində vəfat edən əsgəri Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. "Qanunvericiliyə əsasən, xidmət vaxtı ildırım vurması nəticəsində vəfat edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək", - rəsmi açıqlamada deyilir.
24-05-2023, 13:14
Edilli ərazisindən tapılan sümük qalıqlarının kriminalistik müayinəsi bitir“Hazırda Xocavənd rayonunun Edilli, Füzuli rayonun Yuxarı Əhmədbəyli kəndləri ərazisində tapılan sümük qalıqları ilə bağlı müayinələr aparılır. Edilli ərazisindən tapılan sümük qalıqlarının kriminalistik müayinəsi bitmək üzrədir”. Bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tibbi Kriminalistika şöbəsinin rəisi Nuranə Hüseynova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sümük qalıqlarının kriminalistik müayinəsi zamanı torpaqda qalma müddəti müəyyən ediləcək və ultrabənövşəyi şüalardan istifadə olunacaq: “Daha sonra DNT nümunələri götürülərək müvafiq şəkildə təqdim ediləcək. Qarşımızda duran vacib məsələlərdən biri onların şəxsiyyətinin müəyyənləşdirilməsi və yaxın qohumlarına təhvil verilməsidir”.
24-05-2023, 12:33
Sabahın hava proqnozuAzərbaycanda mayın 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30°, bəzi yerlərdə 33°-dək isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17°, bəzi yerlərdə 20-24° isti olacaq.
23-05-2023, 18:19
Türkiyədə yaşayan azərbaycanlı bədbəxt hadisə nəticəsində öldüTürkiyədə yaşayan azərbaycanlı bədbəxt hadisə nəticəsində vəfat edib. 27 yaşlı Emin Orucovun yaşadığı mənzildə vəziyyəti pisləşib. Yardıma gələn üç nəfər onu birinci mərtəbəyə düşürərkən Emin Orucovun başı pilləkənin kənarına dəyib. Başından ağır xəsarət alan Emin Orucov xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Səhlənkarlıqdan Emin Orucovun ölümünə səbəb olmaqda təqsirləndirilən şəxslər həbs olunublar.
23-05-2023, 17:42
Hərbi xidmətə daxilolmayla bağlı yeni qərarAzərbaycan Ordusunun qoşun (qüvvə) növlərində siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmiş vəzifələrdə həqiqi hərbi xidmətini davam etdirmək üçün seçilmiş hərbi qulluqçularla (kadr zabit heyətinə keçirilmiş şəxslər istisna olmaqla) tərəflərin razılığı ilə yenidən bağlaşma bağlanıldıqdan sonra onlar həmin vəzifələrə təyin ediləcəklər. Bununla bağlı Nazirlər Kabinetinin qərarı ilə “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilib. Qərara əsasən, həmin qaydada yenidən bağlaşma bağlanıldıqda, qüvvədə olan bağlaşma ləğv olunmuş hesab ediləcək.
23-05-2023, 16:59
Prezident Naxçıvana yeni prokuror təyinatıyla bağlı Sərəncam imzaladıSənan İsa oğlu Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
23-05-2023, 16:47
Peskov: “Nəticələrin nə qədər səmərəli olacağını zaman göstərəcək”“Kreml Azərbaycan və Ermənistan liderlərinin mayın 25-də Moskvada keçiriləcək görüşlərinin səmərəli olacağına ümid edir”. Bunu açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Azərbaycan, Rusiya və Ermənistan liderlərinin mayın 25-də Moskvada keçirilməsi planlaşdırılan görüşünü şərh edərkən deyib. “Cümə axşamı həm Prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan burada olacaq. Prezidentimizlə təmasların olacağına da ümid edirik. Hazırda bununla bağlı hazırlıq gedir və təbii ki, nəticələrin səmərəli olacağına ümid bəsləyirik. Nəticələrin nə qədər səmərəli olacağını isə zaman göstərəcək”, - o vurğulayıb. Qeyd edək ki, mayın 25-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçiriləcək.
23-05-2023, 15:00
Şəkidə baş vermiş kütləvi zəhərlənmənin səbəbi bəlli olduŞəki-Zaqatala regional təhsil idarəsi orta məktəbdə baş verən zəhərlənmə faktı ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Şəki rayon Qudula kənd orta məktəbində zəhərlənmə halları qeydə alınmışdır. Hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər mərkəzi xəstəxanasına çatdırılmışdır. Bununla bağlı olaraq Şəki-Zaqatala regional təhsil idarəsinin məsul əməkdaşları xəstəxanada uşaqlara baş çəkmiş və prosesi davamlı olaraq müşahidədə saxlamaqdadırlar. Narahatçılıq keçirmiş şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir. İlkin araşdırmalara görə zəhərlənməyə məktəbdə 19 may 2023-cü il tarixində aparılmış dezinfeksiya işi səbəb olmuşdur. Belə ki, 23 may tarixində hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir.
23-05-2023, 14:49
Şəkidə 24 şagird kütləvi şəkildə zəhərləndiBu gün günorta saatlarında Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, qeyd olunan faktla bağlı araşdırmalara başlanılıb və hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq. Qeyd edək ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır.
23-05-2023, 14:14
Zəngilanda iki növ yeni Xarıbülbül cinsi tapılıb Zəngilanda iki növ yeni Xarıbülbül cinsi tapılaraq "Qırmızı kitab"ın lll nəşrinə əlavə edilib. Bunu jurnalistlərə açıqlamasında Botanika İnstitutunun direktoru Səyyarə İbadullayeva deyib. Onun sözlərinə görə, son dövrlərdə bitkilərin məhvi ən çox qlobal istiləşmə ilə əlaqələndirilsə də, alimlərin fikrincə, əsas səbəb antropogen faktorlardır: "Xüsusilə bitkilərin erkən yazda çiçəklərinin qoparılması, kök boğazından qoparılması, kökümsov bitkilərin kökündən qoparılması, dərman məqsədilə bitkilərin kütləvi toplanılması məsələlərinin ciddi rolu var. Bununla bağlı da müəyyən tədbirlər hazırlanmalıdır". Direktor bildirib ki, "Qırmızı kitab"ın lll nəşri üçün Qarabağda təftiş aparılıb: "Topxana meşəsini ANAMA-nın iştirakı ilə təftiş etdik. Oranın vəziyyəti, oranın müasir florasını qismən də olsa "Qırmızı kitab"ın lll nəşrinə əlavə etdik. Zəngilandan iki yeni növ aşkar etmişik ki, onlar indiyəcən Azərbaycan florası üçün göstərilməyib. Əməkdaşlarımız 86 ildir toplanılmayan Azərbaycan florasında olan bitkiləri toplayıblar, şəkilləri çəkilib, yerləri müəyyən edilib. Zəngilandan iki yeni növ Xarıbülbül cinsi tapsaq da, ən çox itməkdə olan Xarıbülbül növləridir".